26 Noyabr 2024

Çərşənbə axşamı, 00:21

QLOBAL ƏHƏMİYYƏTLİ REGİONAL BLOK

Şimali Atlantika alyansı XXI əsrdə yaşamağı öyrənir

Müəllif:

01.06.2010

Berlin divarlarının uçulması, SSRİ-nin dağılması və Varşava müqaviləsinin aradan qalxmasından sonra, "soyuq müharibə" termini tarixin arxivinə gedən zaman bir çox ekspertlər artıq NATO-ya daha ehtiyacın qalmadığı haqda danışmağa başlamışdılar.

Demək olar ki, alyansı, müəyyən mənada, həyata Balkanlarda yaşananlar qaytardı. 

Sonradan 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktı dünya tarixini birdəfəlik dəyişdi və İraqla Əfqanıstanda terrorizmə qarşı müharibə başladı. 

Daha sonra tam qanunauyğun olaraq, artıq bütün  gücü ilə ayağa qalxmağa çalışan müasir Rusiya ilə qarşıdurma başlandı. Əvvəllər SSRİ üzvü olmuş, sonradan müstəqil dövlətə çevrilmiş respublikalardan bəzilərinin NATO-ya üzv olmaq istəyi, Rusiya ilə alyansın maraqlarını toqquşdurdu.

Vaxt keçdi və İranın nüvə proqramı ətrafında böhran baş qaldırdı; yenə də Rusiya ilə Amerikanın Avropada hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirmək planı ilə bağlı yeni ziddiyyətlər başladı. Qlobal iqlim dəyişikliyi, nüvə terrorçuluğu, kibercinayətkarlıq və digər böhranlar da getdikcə şiddətlənməyə başladı. 

Adensk körfəzində isə XXI əsrdə dəniz quldurlarının ən ciddi fəallığı müşahidə olunmağa başladı.

NATO-nun 1999-cu ildən qüvvədə olan hazırkı strategiyasının təcili dəyişdirilməsi zərurətini yaradan səbəblər bunlarla da bitmir. Ötən illərlə müqayisədə sıralarını xeyli genişləndirmiş alyansın daxilən yenidən formalaşdırılmasına ehtiyacın olduğu şübhəsizdir. Çünki sabah ehtiyac yaranacağı təqdirdə, onun istənilən müasir çağırışlara hazır olması lazımdır. NATO-da islahatların vacib olduğunu ABŞ-ın vitse-prezidenti Co Bayden, həmçinin bir sıra digər Amerika və Avropa siyasətçiləri də dəfələrlə bəyan ediblər.

NATO-nun yeni strategiyası hələ ki 55 səhifəlik sənəd formasındadır. Onun hazırlanmasında "müdriklər qrupu" iştirak edib - buraya dünyanın bütün aparıcı tədqiqat mərkəzlərinin ekspertləri daxildir. 

Konsepsiya Brüsseldə ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt və NATO-nun Baş katibi Anders Foq Rasmussen tərəfindən təqdim olunub. Layihə noyabrın 18-də Lissabonda keçiriləcək sammitdə qəbulu nəzərdə tutulmuş əsas sənəd üçün baza sayılır.

Olbraytın sözlərinə görə, "XXI əsrdə - əvvəlcədən gözlənilməyən faktorların çox olduğu dövrdə alyans zirvə və elastik olmalıdır".

Şimali Atlantika Alyansına bunun üçün, ilk növbədə, Əfqanıstanda qələbə lazımdır. Buna şübhə yoxdur: NATO-nun gələcəyi məhz bundan birbaşa asılıdır. Amma bu Mərkəzi Asiya ölkəsində müharibə heç də həlliasan problemlərdən deyil. Hətta NATO üçün də. Axı sülhməramlı əməliyyatlarla mütəmadi olaraq hərbçilərin həyatına son qoyan real hərbi əməliyyatlar fərqli məsələlərdir. Əfqanıstandakı itkiləri hesablayan "France Press" agentliyinin məlumatına görə, 2010-cu ildə bu ölkədə ölən hərbçilərin sayı artıq 215 nəfərə çatıb. Müharibənin sonu isə hələ görünmür. Üstəlik, bir müddət əvvəl "Taliban" rəhbərliyi "bütün mücahidləri mübarizəni gücləndirməyə" çağırıb.

NATO-nun yeni strategiyasının müzakirəsindən cəmi bir neçə gün sonra, terrorçular raket və minaatanlar vasitəsilə alyansın Qəndəhradak? bazasını atəşə tutublar. Elə həmin gün Əfqanıstanın cənubunda yerləşən Uruzqan əyalətində kənardan idarə olunan mina vasitəsilə koalisiya qüvvələrinin Fransa və Hollandiyadan olan 2 əsgəri qətlə yetirilib. İnsident zamanı daha 4 hollandiyalı yaralanıb və onlardan 2-nin durumu ağırdır.

KİV dərhal bu ilin fevralında Niderlandın Əfqanıstandakı kontingentinin oradan çıxarılması məsələsinin müzakirəsi nəticəsində ölkə hökumətinin istefaya getməli olduğunu xatırladıb. Artıq məlumdur ki, Hollandiya ordusu hazırkı ezamiyyətin başa çatmasından sonra, Əfqanıstandan çıxarılacaq: bu müddət isə cari ilin avqustunda başa çatır.

Hollandlar 2001-ci ildən keçən dövr ərzində Əfqanıstanda 21 hərbçi  itirib və artıq hesab edir ki, kifayətdir.

Bütün bunlar bir daha göstərir ki, hətta Əfqanıstanda aparılan terrorla mübarizə də alyans ölkələri, xüsusilə, avropalılar arasında populyar deyil. Baxmayaraq ki bu terrorla mübarizənin hədəfləri heç kimdə şübhə doğurmur. 

Hollandiya ilə yanaşı, digər ölkələr də tezliklə Əfqanıstandan ordusunu çıxartmaq haqda düşünür və artıq müdafiə xərclərini artırmaq istəmədiklərini göstərir.

ABŞ prezidenti Barak Obama isə bildirir ki, terrorla mübarizə 11 sentyabr terrorundan sonra olduğu qədər, indi də aktualdır. Mayın 22-də Uest-Poyntdakı Hərbi Akademiyadakı çıxışında o, Əfqanıstan müharibəsində uğurun yalnız NATO-dakı bütün müttəfiqlərin dəstəyi ilə mümükün olduğunu bildirib. 

Beləliklə, Amerika lideri ABŞ-ın yeni təhlükəsizlik strategiyasının əsaslarını nümayiş etdirib, həm də bütünlükdə NATO-ya istiqamət verib.

"The Washington Post" yazır ki, ABŞ dünya ictimaiyyətindən kənar, təkbaşına döyüşün "çox baha başa gəldiyini" qəflətən anlayıb. Bu səbəbdən də beynəlxalq problemlərin həllinə çoxtərəfli yanaşmanın inkişaf etdirilməsi, bunun "artıq mövcud olan alyansların möhkəmləndirilməsi" və "yeni tərəfdaşlar axtarışı" ilə həyata keçirilməsinə qərar verilib. Obama, hətta nümunə də gətirib: ABŞ-ın uğurları məhz hansısa alyansın üzvü olduğu zaman daha ciddi olub - İkinci dünya müharibəsi və "soyuq müharibə" dövründə olduğu kimi.

NATO daxilində ABŞ-Avropa xəttindəki əsas ziddiyyətlər də burada özünü göstərir. "National Review" yazır ki, Avropa dövlətləri "xoşməramlı ittifaq" konsepsiyasına inanır. Yəni onlar ABŞ-ın zəmanətini xeyirxahlıqla qəbul etməyə hazırdırlar. Amma bununla yanaşı, böhranlı vəziyyət yarandıqda hər dəfə amerikalılara yardım etmək istəyib-istəmədiklərini həll etməyə çalışırlar.

Bu məqamda İqtisadi Strategiyalar İnstitutunun prezidenti Klayd Prestovitsanın fikirlərini xatırlatmaq yerinə düşər. Vaxtilə o bildirmişdi ki, "NATO Avropa masası ətrafındakı Amerika kreslosudur". "ABŞ-ın Avropadan alyansın, onun təşəbbüslərinin daha fəal dəstəklənməsini tələb etməsi, amma Avropanın real oyunçuya çevrilməsində maraqlı olmaması da bununla bağlıdır. ABŞ NATO-dan Aİ-yə qarşı oyunda kozır kimi istifadə edir", - deyə təcrübəli amerikalı ekspert demişdi.

Bir məqam da unudulmamalıdır ki, dünya üçün Aİ və ABŞ müttəfiq qismində görünsələr də, onlar bir-birləri üçün daha çox rəqibdirlər. İkinci dünya müharibəsindən sonra təhlükəsizliyini ABŞ-a etibar etmiş Avropa müstəqilliyə can atdıqca, Vaşinqtonun baxışlarını və təşəbbüslərini dəstəkləməyə meyl göstərmədikcə, Ağ Evin narazılığı  artır. Bununla da, alyans daxilindəki ziddiyyətlər getdikcə daha ciddi nəzərə çarpır.

Əfqanıstanla bağlı vəziyyətə gəlincə, NATO-ya daxil olan kiçik dövlətlər odla su arasında - ictimai rəy və böyük siyasət - var-gəl etməyə məcburdur. 

Bütün bunlarla yanaşı, NATO-nun yeni strategiya layihəsində alyansın məsuliyyət daşıdığı məkana daxil olmayan ərazilərdə də müxtəlif missiyaların hazırlanmasının vacibliyi vurğulanır. Söhbət təhlükəsizliyə qeyri-ənənəvi təhdidlərdən gedir. 

Sənəddə enerji təhlükəsizliyi təmininin vacibliyinə dair fikirlər də yer alıb.

Bundan başqa, "müdriklər"in fikrincə, alyans yeni HHM sisteminin yaradılması işini də üzərinə götürməlidir. Xüsusilə, Rasmussen bütün NATO ölkələri əhalisini qoruyacaq HHM sisteminin yaradılmasına tərəfdardır. 

Olbrayt da əmindir ki, HHM birgə iş olan zaman daha effektivdir. "Bizim hesablamalarımıza görə, bu sistemlərin birləşdirilməsi NATO-nun 28 üzvünə 10 il üçün ən azı 200 milyonq avroya başa gələcək. Bu, çox cüzi məbləğdir", - deyə alyansın baş katibi bildirib.

Amma "birgə iş" anlayışı səylərin Rusiya ilə də birləşdirilməsini nəzərdə tutur. Moskva bu təşəbbüsə özünəməxsus reaksiya verib. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya NATO rəhbərliyindən HHM sahəsində əməkdaşlıq, xüsusilə Bolqarıstanla danışıqlar haqda izahat gözləyir. Bununla yanaşı, Avropanın ümumi HHM "sipər"inin yaradılacağı təqdirdə Moskvanın yenə də kənarda qalması ehtimalı çoxdur.

Ümumiyyətlə, NATO-nun yeni strategiya layihəsində Rusiyaya kifayət qədər geniş yer ayrılıb. Sənəddə Moskva ilə NATO arasında qarşılıqlı inamın yaradılmasının vacibliyi fikrinə tez-tez rast gəlinir. "Müdriklər qrupu" əmin edir ki, Rusiya ilə xüsusilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlıq genişləndirilməlidir. 

Üstəlik, Rusiyanın alyansa qəbulunun mümkünlüyünə dair söz-söhbət hələ də yaşamaqdadır.

Amma əlbəttə ki, Rusiya məsələsi o qədər də sadə deyil. Qərb   KİV-i tez-tez bir məqamı xatırladır: Kreml maraq dairələri uğrunda mübarizədə 2008-ci ilin avqustunda Gürcüstanda olduğu kimi, hərbi müdaxilə də daxil olmaqla, istənilən vasitəyə əl atmağa hazırdır. O, əlbəttə ki, enerji sahəsində təzyiqlərə də əl atır. Ukraynanın "narıncı" olduğu dövrdə bu ölkə ilə bağlı yaşananlar deyilənlərə daha bir sübutdur. O zaman Rusiya ilə Ukrayna qazın qiymətilə bağlı heç cür razılığa gələ bilmirdi. Rusiyapərəst Viktor Yanukoviçin hakimiyyətə gəlməsindən və Qara dəniz donanmasının Krımda qalmasına dair razılaşmanı imzalamasından dərhal sonra isə Moskva ilə Kiyev arasında Brüsseli uzun müddətdir isterikaya salmış qaz razılaşması həllini tapdı.

Maraqlıdır ki, Rusiya elə Qərb analitiklərinin də etiraf etdiyi kimi, NATO-dakı fikir ayrılıqlarının daha bir səbəbidir. Məsələn, alyansın ABŞ, Böyük Britaniya və Fransa kimi üzvləri Moskva ilə münasibətlərin möhkəmləndirilməsinin əleyhinə olmadığı halda, NATO-nun yeni üzvləri olan Polşa, Baltikyanı dövlətlər və digərləri bunun qəti əleyhinə çıxış edir. Onlar Rusiyaya ənənəvi olaraq, şübhə ilə yanaşır, alyansadan özləri üçün zəmanət tələb edirlər. Bu məsələdə Şimali Atlantika Alyansı daxilində fikir ayrılığının olduğunu NATO-nun Avropadakı qüvvələrinin ali baş komandanı Ceyms Stavridis də təsdiqləyib. Onun fikrincə, blokun bəzi üzvləri Rusiyaya təhlükə kimi baxırsa, onlara özünəməxsus zəmanət verilməlidir.

Maraqlıdır ki, Olbraytın NATO-nun yeni strategiya layihəsini təqdim etməsi ilə demək olar ki, eyni vaxtda "The New York Times" ekspertlər qrupunun məruzəsinə istinadən yazıb ki, "NATO mərkəzi və Şərqi Avropadan olan üzvlərinin təhlükəsizliklə bağlı fikirlərini qulaqardına vurur": "Bu məsələyə o dərəcədə etinasız yanaşılır ki, həmin dövlətlərdən bəziləri ABŞ-la təhlükəsizlik sahəsində artıq ikitərfli razılaşma əldə etməyə çalışır". Qəzetin yazdığına görə, Londonda yerləşən müstəqil tədqiqat institutu - Avropa İslahatlar Mərkəzinin məruzəsində deyilir: əgər alyans bundan sonra da regionda təhlükəsizlik məsələsinə laqeyd yanaşmaqda davam edərsə, bölgənin bəzi dövlətləri NATO-nun Avropadan kənardakı missiyalarında iştiraka marağını itirəcək.

Bunun fonunda ABŞ Senatında keçirilmiş dinləmələr xüsusi maraq kəsb edir. Beynəlxalq məsələlər komitəsinin toplantısında demokrat senator Con Kerri alyansın Şərqi Avropa ölkələrinin müdafiəsinə qalxmasının vacibliyini bildirib. Bununla yanaşı, o, Rusiya ilə münasibətlərin qaydaya salınmasını da unutmamağa çağırıb.

Respublikaçı senator Riçard Luqar isə hesab edir ki, NATO Nizamnaməsinin 5-ci maddəsini dəqiq müəyyənləşdirmək lazımdır. Qeyd edək ki, həmin maddədə söhbət kollektiv müdafiədən gedir.

Rusiya XİN-nin rəsmisi Andrey Nesterenko isə Moskvanın alyansın yeni konsepsiyasındakı bir məqamdan təəccübləndiyini bildirib. Onun sözlərinə görə, sənəddə Rusiyanın Avropanın təhlükəsizliyinə dair müqavilə layihəsinin "antinato xarakteri" haqda yer almış fikirlər Moskvanın təəccübünə səbəb olub.

Rusiya NATO-nun Əfqanıstandakı narkotik daşımaları probleminin həllinə yanaşmasından da narahatdır. "The Christian Science Monitor" yazır ki, Rusiyanın narkotik dövriyyəsinə nazarət üzrə Federal Xidmətinin direktoru Viktor İvanov Əfqanıstana səfər etdikdən sonra NATO-nun əleyhinə sərt fikirlər səsləndirib. O, bildirib ki, son 3 ildə Əfqanıstandan Rusiyaya narkotik axını 16% artıb. Nəşrin yazdığına görə, rusiyalı analitiklər NATO-nun Əfqanıstanda tiryək istehsalına göz yumduğuna əmindir. Məqsəd isə yerli səhra komandirlərini öz tərəfinə çəkmək, kəndliləri alyansa qarşı qaldırmamaqdır. Bununla yanaşı, Rusiya ekspertlərinin bir hissəsi Kremlin özünün narkotiklərlə bağlı vəziyyəti şişirtdiyi qənaətindədir. Belə düşünənlər hesab edir ki, Kreml bununla Mərkəzi Asiyada daha fəal siyasət üçün şərait yaratmağa çalışır. 

Göründüyü kimi, bu məsələdə də rəqabət göz qarşısındadır.

Qərb analitiklərini arxayın salan isə odur ki, terrorla birgə mübarizə Rusiya ilə əməkdaşlığın özülü ola bilər. Axı Rusiya istinələn Avropa ölkəsi, həmçinin ABŞ-ın özü ilə müqayisədə də bu problemdən daha çox əziyyət çəkir.

İranla bağlı da vəziyyət eynidir. Hətta Vaşinqton-Tehran münasibətlərinin normallaşdırılması Rusiyaya sərf etməsə belə, sərhədlərində nüvə silahına malik İranın olması Moskva üçün daha arzuolunmazdır.

Ümumilikdə, NATO-nun yeni konsepsiyası reallığı özündə əks etdirməsi ilə fərqlənir. Sənəddə xüsusilə bildirilir ki, alyans "yerinə yetirə bilməyəcəyi missiyanı üzərinə götürməməlidir". 

Əksər ekspertlər əmindir ki, NATO yenidən təşkilatlanacaq, daha bacarıqlı ola biləcək, bəlkə də genişlənmə prosesini davam etdirəcək, qarşıya qoyulmuş vəzifələri sistemli şəkildə reallaşdıracaq. Hazırkı mərhələdə ən vacib olanı isə blokun öz vacibliyini və alternativsizliyini sübut etməsidir. Yaxın onillikdə NATO əvvəlkitək regional avratlantik blok olaraq qalacaq. Qlobal əhəmiyyət daşısa belə. 

Amma son zamanlar beynəlxalq durum elə sürətlə dəyişir ki, dünyanın ən nüfuzlu hərbi-siyasi blokunun konsepsiyasının yaxınlarda  yenidən dəyişdirilməsi zərurətinin yaranacağı da istisna olunmur.


MƏSLƏHƏT GÖR:

379