BACARIQLI "ÜÇLÜK" və HEÇ KƏSƏ İNANMAYAN "ALTILIQ"
Türkiyə, Braziliya və Iran arasında əldə edilmiş razılaşma Tehrana yeni sanksiyaların tətbiqi məsələsini gündəmdən çıxara bilərdi. bilərdi, amma çıxarmadı...
Müəllif: Mehman MİRZƏYEV Bakı
Belə təsəvvür yaranmışdı ki, İran məsələsində ciddi irəliləyiş əldə olunub. Çünki Türkiyə ilə Braziliyanın İran hökuməti ilə nüvə yanacağının mübadiləsinə dair razılaşması Tehrana yeni sanksiyaların tətbiqi məsələsini qlobal siyasətin gündəmindən çıxara bilərdi.
Bilərdi, amma çıxarmadı
Üstəlik, "İran məsələsi"nin taleyini həll edən böyük fövqəldövlətlər gözlənilmədən, mövqelərini daha da yaxınlaşdırmağa nail oldular.
Bacarıqlı "üçlük"
Türkiyə və Braziliya İranın nüvə proqramı ətrafında yaranmış problemlə əlaqədar, Tehrana bütün diplomatik təzyiqlərin nəticəsiz qaldığı bir vaxtda öz vasitəçilik səylərini irəli sürdü. Beynəlxalq vasitəçi "altılıq" (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) isə İrana qarşı daha sərt sanksiyaların tətbiqinə qərar verib. Məsələ ətrafında son müzakirələr göstərir ki, ABŞ və onun Qərbdən olan müttəfiqləri tədricən Rusiya və Çini də belə sanksiyaların vacibliyinə inandırır və əlbəttə ki, onların qəbulu İran iqtisadiyyatına öz mənfi təsirini göstərəcək.
Braziliya ilə Türkiyənin təşəbbüsü isə problemin ağıllı və qarşılıqlı şəkildə qəbul edilən həllinə nail olmaq üçün son şans sayıla bilərdi.
Bu məqamda Rusiya prezidenti Dmitri Medvedevin braziliyalı həmkarı Luis İnasiu da Silva ilə görüşdə səsləndirdiyi bəyanatına diqqət yetirməyə dəyər: "Braziliya prezidentinin İrana səfəri Tehranın nüvə proqramı ilə bağlı problemi sanksiyalar olmadan həll etmək üçün son şansdır. Mən Braziliya prezidentinin missiyasının uğurla nəticələnəcəyinə çox ümid edirəm". Medvedev bildirib ki, "İranı müvafiq əməkdaşlıq formalarına razı salmaq mümkün olmasa, beynəlxalq ictimaiyyət "altılıq" tərəfindən müzakirə olunan yanaşma əsasında addımlar atmalı olacaq".
Türkiyə ilə Braziliyanın təklifləri özündə İranın uranı zənginləşdirmək hüququnun tanınması, İran uranının bir hissəsinin xaricdə saxlanılması və Tehranın nüvə proqramının hərbi xarakterli olmadığını təsdiqləmək üçün, beynəlxalq inspeksiyaların keçirilməsini əks etdirir. Yəni, prinsipcə bu, MAQATE-nin İranın az zənginləşdirilmiş uranı Rusiya və Fransanın nüvə yanacağına dəyişməsi təklifinin təkrarıdır. Xatırladaq ki, MAQATE bu təşəbbüslə çıxış edən zaman Tehran təklifi rədd etmiş, mübadilənin yalnız İran ərazisində reallaşdırılmasının mümkünlüyünü bildirmişdi.
Türkiyə ilə Braziliyanın təklifinə isə İranın cavabı tam əksinə oldu. Tehranın "birdəfəlik mübadilə" tələbi qüvvədə qalsa da, İran Xarici İşlər Nazirliyi təşəbbüsü "real" adlandırıb. Görünür, mübadilədə Rusiya ilə Fransanın deyil, Türkiyə ilə Braziliyanın adının keçməsi öz sözünü deyib. Axı, bu ölkələr nəinki Tehrana qarşı sanksiyaların tətbiqinin əleyhinədir, hətta onunla strateji müttəfiqdirlər də.
Nəticədə, İran və Braziliya prezidentləri Mahmud Əhmədinejad və Lula da Silva arasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə keçirilən danışıqlarda İran istehsalı olan uranın Türkiyədən gələn yanacaqla dəyişdirilməsinə dair razılıq əldə edilib. Bununla yanaşı, razılaşmada Braziliyanın da iştirakı belə düşünməyə imkan verir ki, İran uranının zənginləşdirilməsi prosesi bu Cənubi Amerika ölkəsinin ərazisində həyata keçiriləcək və oradan nüvə yanacağı Türkiyə vasitəsilə İrana aparılacaq.
İran XİN-in rəsmisi Ramin Mehmanpərəst bildirib ki, Tehran 1,2 ton az zənginləşdirilmiş uranın Türkiyəyə göndərilməsinə razılıq verib. Məqsəd onun 20%-dək zənginləşdirilmiş 120 kiloqram nüvə yanacağına dəyişdirilməsidir.
Bu ilin fevralında İranın Atom Enerjisi Təşkilatının Natanz nüvə mərkəzində uranı lazımi dərəcəyədək zənginləşdirməyə start verdiyini xatırlatmaq yerinə düşər. Həmin vaxt İran rəhbərliyi bildirirdi ki, nüvə yanacağına mübadilə sahəsində razılaşma əldə olunarsa, bu proses dayandırılacaq.
Tehranın bu vədinə sadiq olub-olmadığı yaxın vaxtlarda bilinəcək. Hələliksə fakt odur ki, MAQATE və beynəlxalq "altılığ"ın bacarmadığını gözlənilmədən Türkiyə ilə Braziliya reallaşdıra bilib. Bununla əlaqədar olaraq, indi "altılıq"ın baş verənlərə rəsmi münasibətini gözləmək lazımdır.
Heç kimə inanmayan "altılıq"
Beynəlxalq vasitəçilər isə hələ ki, İran-Türkiyə-Braziliya razılaşması ilə bağlı yekun mövqeyini açıqlamağa tələsmirlər. Amma bir fakt da var ki, razılaşmaya əsasən, İranın öz ərazisində uranı zənginləşdirməkdən imtinasına baxmayaraq, "altılıq" Tehrana daha sərt sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsinin müzakirəsini davam etdirir. Bu, çox şeydən xəbər verir.
Üstəlik, Birləşmiş Ştatlar sənədi İran-Türkiyə-Braziliya razılaşmasından cəmi bir gün sonra müzakirəyə çıxarıb. ABŞ prezidenti Barak Obama bildirib ki, sözügedən razılaşmaya baxmayaraq, Tehrana qarşı sanksiyaların sərtləşdirilməsinə nail olmağa çalışacaq. Səbəb "beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı əvvəlkitək həyəcan təbili çalması, Tehranın isə hələ də beynəlxalq öhdəliklərə əməl etmək istəməməsidir".
ABŞ-ın dövlət katibi Hillari Klinton isə bildirib ki, Vaşinqton, Moskva və Pekin BMT TŞ-də İrana qarşı yeni sanksiyaların tətbiqilə bağlı razılığa gəlib. Bu baxımdan Rusiyanın mövqeyindəki dəyişiklik xüsusi rezonansa səbəb olub. O, ABŞ-ın İrana qarşı sanksiyaların tətbiqi təşəbbüsünün reallaşması üçün getdikcə daha çox həvəs göstərməkdədir. Ağ ev bu məsələdə Moskvanın dəstəyini almaq üçün Rusiyanın hərbi-sənaye kompleksinə sanksiyaları ləğv edib. Xatırladaq ki, həmin sanksiyalar Rusiyanın İran və Suriya ilə silah alveri etməsilə əlaqədar tətbiq olunmuşdu.
Bundan başqa, ABŞ Moskvanın Tehrana S-300 zenit-raket kompleksləri verməsi və Buşəhr AES-in tikintisini başa vurması ilə də razılaşıb.
İrana qarşı yeni qətnamə isə ölkə iqtisadiyyatına və hərbi-sənaye kompleksinə birbaşa təsir göstərəcək bir sıra sanksiyaları nəzərdə tutur. Sənəd təsdiqlənəcəyi təqdirdə, xaricdə iqtisadi fəaliyyətlə məşğul olması qadağan edilən İran vətəndaşları və şirkətlərinin siyahısı genişlənəcək, həmçinin nüvə sahəsinə aid xarici şirkətlərin Tehran tərəfindən maliyyələşdirilməsinə qadağa qoyulacaq. Yeni qətnamənin əsas məqamlarından biri İrana müxtəlif növ ağır silahların satışına qadağadır. Söhbət xüsusilə tanklar, zirehli texnika və hərbi təyyarələrdən gedir.
Bu məsələdə İsrailin mövqeyi də maraqlıdır. O, hesab edir ki, İranın neft-qaz sahəsinə yönəldilməyən istənilən sanksiya Tehrana təsir etməyəcək. Belə sanksiyalar nəzərdə tutulmadığından, İsrail İrana hərbi müdaxilə variantını da nəzərdən keçirir.
Tehran razılaşmasına gəlincə, Təl-Əviv onu beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd kimi qiymətləndirib.
İran ətrafında yaşanan bütün bu hadisələrin içərisində Türkiyənin rəftarı daha çox maraq kəsb edir. Ankara nəinki regional, hətta qlobal miqyasda mövqelərini gücləndirməkdə israrlı olduğunu göstərir.
Ondan başlayaq ki, Rəcəb Tayyib Ərdoğan İrana dünya ictimaiyyətinin Tehran razılaşmasını dəstəkləməsi üçün əlindən gələni edəcəyinə söz verib. Bu məqsədlə Ərdoğan dünyanın aparıcı dövlətlərinin liderləri ilə müzakirələrə də başlayıb. O, xüsusilə, ABŞ prezidentini inandırmağa çalışıb ki, Tehran razılaşması İran probleminin diplomatik yolla həlli imkanlarını ortaya çıxarıb.
Böyük Britaniyanın yeni baş naziri Devid Kemeron ilə müzakirələr zamanı isə Ərdoğan bildirib ki, imzalanmış razılaşma "beynəlxalq ictimaiyyətin bütün narahatdığını aradan qaldırmasa da, təhlükəsizliyə doğru atılmış addımdır".
Türkiyə Baş nazirinin Madrid Universitetindəki çıxışı isə xüsusilə əlamətdar olub. İranın nüvə proqramına dair razılaşmaya şübhə ilə yanaşan ölkələrə müraciət edən baş nazir onların bu mövqeyini əsassız adlandırıb. O, bu fikrini həmin dövlətlərin özlərinin nüvə silahına malik olmaları ilə izah edib. "Açıq deyəcəyəm: bu gün nüvə təhlükəsizliyi haqda danışanlara, onların həlledici olduqlarını söyləyənlərə nəzər saldıqda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü görürük. Sizin hər birinizin nüvə silahınız var. Amma deyirsiniz ki, bu silah başqalarında olmamalıdır. Bu zaman sözlərinizə inam itir. Bu günün reallıqlarını qəbul etməliyik. Qanunun hakim, yoxsa hakimi qanun sayırıq? Bu, çox vacibdir. Dünyada hakimi qanun saymaq üçün yaşayırıqsa, bizə ayıb olmalıdır. Əksinə, qanunun aliliyinə çalışırıqsa, demək mövcudluğumuza haqq qazandırırıq", - deyə Ərdoğan bildirib: "Unutmamalıyıq ki, hüquq hər birimiz üçün vacibdir. Biz heç zaman bəşəriyyətin imperializm qarşısında çökməsinə imkan verməyəcəyik".
Konkret İrana gəlincə, Ərdoğan ABŞ-la Rusiyanı Tehran razılaşmasını dəstəkləməyə çağırıb.
Yeri gəlmişkən, bu razılaşma İran prezidenti Mahmud Əhmədinejad tərəfindən də Tehranla dünya fövqəldövlətləri arasındakı fikir ayrılığının aradan qaldırılması baxımından "son şans" adlandırıb. İran parlamentinin spikeri Əli Laricani isə bildirib ki, BMT TŞ-nin 5 daimi üzvündən biri Tehran razılaşmasını imzalamaqdan imtina edərsə, onlar sənədi geri çağıracaqlar.
Bundan əlavə, İran "altılıq"ın ona qarşı hər hansı sanksiya qəbulundan imtinasını da tələb edir.
Amma Tehran razılaşmasının təşkilatçılarının fövqəldövlətləri Tehranın sülhməramlılığına inandırmaq şansı, demək olar ki, yoxdur. Etiraf olunmalıdır ki, bunun günahı heç də yalnız müasir "imperiyalar"ın hegemonluq iddialarında deyil. İran-Türkiyə-Braziliya razılaşmasının imzalandığı gün rəsmi Tehran təntənəli şəkildə bəyan edib ki, o, uranın zənginləşdirilməsini nəzərdə tutan milli proqramdan imtina etmək niyyətində deyil.
Bundan sonra "altılıq" üzvlərinin mövqeyində yumşalma olacağını gözləmək həqiqətən də sadəlövhlük olardı.
Üstəlik, Tehran razılaşmasının özü ilə bağlı da tam aydınlıq yoxdur. İranın az zənginləşdirilmiş uranı Türkiyəyə nə vaxt verəcəyi, nüvə yanacağını nə vaxt alacağı hələ də dəqiq açıqlanmayıb.
Üçtərəfli razılaşmanın 7-ci bəndinə əsasən, İranla "altılıq" arasında müvafiq razılaşmanın imzalandığı gündən 1 ay ərzində Tehran 1200 kiloqram az zənginləşdirilmiş uranı Türkiyəyə verməlidir. Beynəlxalq vasitəçilər isə 1 il ərzində 20% zənginləşdirilmiş 120 kiloqramlıq uranı 1 ilə İrana təqdim etməlidir. Uran Türkiyə ərazisində zənginləşdirilərsə, razılaşma 1 ildən tez əldə edilə bilməz. Çünki qeyd olunan miqdarda zənginləşdirilmiş uranı daha tez müddətə əldə etmək texniki baxımdan mümkünsüzdür.
Əlbəttə ki, bu baxımdan Qərb və bütünlükdə dünya İranın, sadəcə, vaxtı uzatmağa çalışmasından narahatdır. Bu dövrdə İranın nüvə proqramından yalnız dinc məqsədlər üçün istiadə edəcəyinə zəmanət varmı?
Nəzərə alsaq ki, Braziliya zənginləşdirilmiş urana malikdir və onu İranın az zənginləşdirilmiş uranı ilə ən yaxın zamanlarda dəyişə bilər, onda "üçlük" bunu niyə dərhal açıqlamayıb? Axı bu, İran rejiminə etibar etməyənlərin şübhələrini xeyli azaldardı.
Və yaxud daha bir sual: 1200 kiloqram az zənginləşdirilmiş uranın Türkiyəyə verilməsindən sonra İranın özündə nə qədər belə uran qalacaq?
Göründüyü kimi, suallar çoxdur. Təəssüf ki, "İran böhranı"nın dinc yolla həlli istiqamətində tədbirlər görmək üçün vaxt getdikcə azalır.
MƏSLƏHƏT GÖR:



534

