5 Dekabr 2025

Cümə, 23:10

"İKS SAATI"na AZ QALIB

Hər keçən gün Yerevan üçün manevr meydanını daha da daraldır

Müəllif:

01.06.2010

Mayın ikinci yarısında regionda situasiyaya birbaşa və dolayısı ilə təsir göstərən bir sıra hadisələr baş verdi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri baş tutdu. Azərbaycana gəlməzdən əvvəl isə İranda olan Ərdoğan orada çoxları üçün gözlənilməz bir razılaşmaya imza atdı. Türkiyə, Braziliya və İranın birlikdə əldə etdikləri razılaşma Tehranın nüvə proqramı ətrafındakı gərginliyi nəzərəçarpacaq dərəcədə azalda bilər. 

Bu məsələdə Ankaranın əhəmiyyətli iştirakı bütün dünyaya Türkiyənin müstəqil, təsir imkanlarına malik fövqəldövlət olduğunu açıq şəkildə nümayiş etdirib.

Bakıya etdiyi qısa, lakin məzmunlu səfər zamanı isə Ərdoğan Türkiyə və bütünlükdə Türk Dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün abidəsinin açılışına qatılmaqla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev ilə vacib danışıqlar da apardı. Liderlər ikitərəfli münasibətlər, həmçinin regional təhlükəsizliyə dair bir çox məsələləri müzakirə ediblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də xüsusi diqqət ayrılıb.

Ermənistanın israrlı cəhdlərinə baxmayaraq, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə fəal şəkildə qoşulub və bu problemin həllilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrlə (ABŞ, Fransa, Rusiya) intensiv dialoq aparır. Sürixdə Ankara ilə Yerevan arasında imzalanmış protokollar vasitəsilə Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərini pozmağa ümid edənlərin istəklərinə çata bilmədikləri ortadadır. Türkiyə rəhbərliyi prinsipiallıq nümayiş etdirərək, açıq şəkildə Yerevanla münasibətlərin normallaşdırılmasının Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlaqəli proses olduğunu hər kəsə göstərdi.

Bakıya səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Ərdoğan Sürix protokollarının gələcəyi ilə bağlı suala cavab olaraq bildirib ki, bu məsələdə Türkiyənin "çox açıq və dəqiq formulu var".

"Bu formul nədən ibarətdir? Biz bəyan etmişik ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan protokolların Türkiyə Böyük Millət Məclisində ratifikasiyası mümkün deyil. Bu çox açıq və aydındır. Biz bu haqda Minsk Qrupunun hər üç həmsədri ilə də danışmış və bunu onların nəzərinə çatdırmışıq. Həmsədrlər bu məsələdə daha fəal olmalı, Ermənistana bu məqamın nə qədər vacib olduğunu anlatmalıdır. Bunun üçün biz Madrid məsələsini də fəal şəkildə gündəmə gətirmişik. Gündəlikdə digər məsələlər də var. Amma hələ də Ermənistanın məsələyə həssas yanaşmasının şahidi olmuruq. Sizə də məlum olduğu kimi, Soçi görüşünün üzərindən 4 ay ötməsinə baxmayaraq, problemin həllində heç bir irəliləyiş yoxdur", - deyə Ərdoğan bildirib.

Türkiyənin nüfuzlu və məlumatlı qəzeti olan "Hürriyet" yazır ki, Ərdoğanın Bakıya səfəri zamanı ilkin mərhələdə Azərbaycanın Dağlıq Qarabağa bitişik 7 rayonundan 2-nin işğaldan azad olunması məsələsi müzakirə edilib. Başqa sözlə, torpaqların boşaldılması prosesi Minsk Qrupunun təklif etdiyi "5+2" formatından "2+3+2" formatına dəyişdirilib. İlkin mərhələdə boşaldılması nəzərdə tutulmuş rayonlar kimi isə Kəlbəcərlə Füzulinin adı çəkilir. Qəzetin yazdığına görə, bunun əvəzində isə Azərbaycan Ermənistan sərhədləri açıla bilər. Türkiyədəki mənbələr bildirir ki, guya bu variant ABŞ və Rusiya prezidentləri ilə də razılaşdırılıb.

Amma bu,  nə Azərbaycan, nə də Türkiyə tərəfindən rəsmən elan olunub. Ona baxmayaraq, Ermənistan KİV və siyasətçiləri məlumatı təkzib etməyə girişiblər. Ermənistanın müdafiə naziri Seyran Ohanyan hər hansı torpaqların boşaldılmasından söhbətin getmədiyini bildirib. Nəzərə alsaq ki, bütünlükdə danışıqlar prosesi Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılması üçün aparılır, bu bəyanat kifayət qədər qəribə təsir bağışlayır. Amma bu, Bakının vasitəçilər və beynəlxalq ictimaiyyətdən Ermənistandan, nəhayət Madrid prinsiplərinin yenilənmiş variantına aydın cavab almaq tələbinin əsaslı olduğunu təsdiqləyir.

Axı, Azərbaycan cüzi istisnalarla sənədi qəbul edib. Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirilən mətbuat konfransında deyib: "Biz analoji yanaşmanı Ermənistan tərəfindən də gözləyirik. Təkliflərin rəsmən təqdim olunmasından təxminən 6 ay vaxt keçməsinə baxmayaraq, erməni tərəfindən müsbət cavab hələ də gəlməyib. Biz bunu erməni tərəfinin vaxtı uzatmaq cəhdi, münaqişənin həlli üçün vacib addımlar atmaq istəməməsi, bununla da danışıqlar prosesini əbədi prosesə çevirmək istəyi kimi qəbul edirik. Əlbəttə ki, biz bununla razılaşa bilmərik. Odur ki, erməni tərəfi mövqeyini ortaya qoymalıdır. Onlar ya Rusiya, Fransa və ABŞ tərəfindən irəli sürülmüş təkliflərə müsbət cavab verəcək və bununla da biz münaqişənin həllinə yaxınlaşacağıq, ya da təkliflərə mənfi cavab verəcəklər və nəticədə danışıqlar prosesi pozulacaq. Bu halda Ermənistanla Azərbaycan arasında yeni mərhələ başlana bilər. Erməni tərəfi təkliflərə müsbət cavab verərsə və bunun əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə başlanılarsa, şübhəsiz, Azərbaycan Ermənistanla bütün sərhədləri açacaq. Bütün kommunikasiyalar açılacaq və bu halda regionda tammiqyaslı sülh və təhlükəsizlik təmin oluna bilər".

Ərdoğan-Əliyev görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı enerji, nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq və bir sıra digər məsələlər də gündəmdə olub. Bakının Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvanadək uzadılması təşəbbüsünə münasibət bildirən Ərdoğan bu istiqamətdə işlərin davam etdirildiyini söyləyib. İyunun 17-dən başlayaraq, "Türk Hava Yolları" həftədə 3 dəfə İstanbul-Naxçıvan reysi həyata keçirəcək.

Ərdoğanın Azərbaycan səfərinin ən vacib nəticələrindən biri də yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair əldə edilmiş prinsipial razılaşmadır. Bu struktur ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edəcək və Türkiyə ilə Azərbaycanın müttəfiqliyinin möhkəmləndirilməsində çox vacib addımdır. Elan olunub ki, hər iki tərəfin ekspertləri tezliklə kompleks məsələlərin həllinə start verəcək, lazımi sənədlərin imzalanması və şuranın praktiki olaraq fəaliyyətə başlaması isə İlham Əliyevin İstanbula iyunun 7-8-də edəcəyi səfəri zamanı nəzərdə tutulub.

Beləliklə, Azərbaycanla Türki-yənin strateji əməkdaşlığı möhkəmlənir, yeni yüksəkliyə qalxır. Ermənistan isə gündən - günə ənənəvi himayədarlarının belə dəstəyini itirir, dərin diplomatik təcrid durumuna düşür. 

Erməni siyasətçiləri, mətbuatı və geniş ictimaiyyəti üçün soyuq duş rolunu isə Avropa Parlamentinin qəbul etdiyi 2216 saylı qətnamə oynayıb. Bolqarıstanlı deputat Yevgeni Kirillovun hazırladığı sənəddə deyilir: "Yüz minlərlə qaçqının hüquqlarının hələ də pozulduğundan narahat olan Avropa Parlamenti bəyan edir: Avropa Parlamenti bu konteksdə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun çıxarılmasını, köçkün insanların öz evlərinə qayıtmalarına imkan yaradılmasını tələb edir. Avropa Parlamenti israrla bildirir ki, Ermənistan ordusu Dağlıq Qarabağa bitişik işğal olunmuş əraziləri dərhal boşaltmalıdır".

Bu mərhələdə avropalı parlamentari münaqişənin həllini belə görür: "Dağlıq Qarabağa onun son statusu müəyyənləşənədək müəyyən aralıq statusu verilməlidir. Bu, keçid mərhələsində erməni və azərbaycanlı əhalinin sülh şəraitində yaşamasına imkan verəcək". 

Bundan başqa, Avropa Parlamenti "Avropa İttifaqının icraçı orqanlarının regiona çoxtərkibli müşahidə missiyası göndərmək niyyətini dəstəkləyir. Həmin missiya beynəlxalq sülhməramlı qüvvələrin formalaşdırılmasına kömək etməlidir".

Erməni mənbələri bildirir ki, ABŞ dövlət katibinin köməkçisi Tina Kaydanovun bu günlərdə Yerevana səfəri zamanı prezident Serj Sarkisyan qarşısında praktiki olaraq, ultimatum qoyub - Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi bərpa olunmasa, Azərbaycanın Dağlıq Qarabağa bitişik rayonları azad edilməsə, Ermənistan təcrid duruma salınacaq.

İslam Konfransı Təşkilatına üzv ölkələrin Xarici işlər nazirləri Şurasının Düşənbədə keçirilən 37-ci sessiyasında da növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib və Ermənistan dərhal işğal altındakı torpaqların boşaldılmasına çağırılıb. Bundan sonra bu qərarın qulaqardına vurulması və Ermənistanın İran, Suriya kimi ənənəvi tərəfdaşları tərəfindən dəstəklənməsi asan olmayacaq.

Yerevan onun üçün faciəvi istiqamətdə inkişaf edən hadisələrin qarşısını almaqda acizdir. "DQR"də "parlament seçkisi" adlı şou ilə hansısa dividentlər qazanmaq arzusu isə onu daha da iflasa uğradıb. Əvvəlki illərlə müqayisədə bu dəfə Rusiya və Avropanın hətta erpənipərəst deputatları da bu şouda iştirak etməyib. Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton sözügedən "seçki"yə belə münasibət bildirib: "Xatırlatmaq istəyirəm ki, Avropa İttifaqı bu bazar günü Dağlıq Qarabağda keçiriləcək "parlament seçkiləri"ni tanımayacaq. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane olmamalıdır. Mən ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətindəki fəaliyyətinə dəstəyimizi bir daha ifadə edirəm. Tərəfləri problemin danışıqlar yolu ilə çözülməsinə cəhdləri iki dəfə artırmağa çağırıram. Avropa İttifaqı bu məqsədə nail olunması üçün aparılan işlərə dəstəyini davam etdirməyə hazırdır".

Erməniləri daha çox Rusiya məyus edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Andrey Nesterenko "DQR"dəki "seçki" haqda danışarkən bildirib ki, Moskva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır.

Diplomatik mübarizədə Azərbaycana məğlub olan Ermənistan isə xaricdəki lobbinin fəaliyyətini gücləndirib və bu zaman informasiya təxribatlarından belə çəkinmir. Ya Amerikanın ermənipərəst konqresmenləri ermənilərin İraqdan Ermənistana (oxu: Dağlıq Qarabağa) köçürülməsinin maliyyələşdirilməsini (?!) təklif edir, ya "Armenia Today" adı gizli saxlanılan diplomatik mənbəyə istinadla Fransanın Ermənistandakı səfiri Serj Smessovun (soyadından göründüyü kimi, etnik erməni) Minsk qrupunun fransalı həmsədri postuna təyin olunacağını yazır. Bütün bu xəbərlər isə dərhal elə onların özləri tərəfindən təkzib olunur.

Paralel olaraq, Ermənistanın hərbi-sənaye kompleksinin uğurları haqda da şou yaradılır. Əslində isə Sovet dönəmindən Ermənistana qalmış sənaye deqradasiyaya uğrayıb və dağılmaqdadır.

Hər halda, bütün bunlar hadisələrin Ermənistanı qane etməyən istiqamətdə inkişafını dayandırmağa qadir deyil.

Armtoday.info xəbər verir ki, müxalifətçi "İrs" partiyasının fraksiyasından olan deputat Ruben Akopyan, əslində, Yerevanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənarlaşdırıldığını bildirib. O, hesab edir ki, hazırda problem Türkiyənin fəal iştirakı ilə müzakirə edilir və bu formatda Yerevan yoxdur. Akopyan müzakirələrin nəticələrinin Ermənistana qəbul etdiriləcəyindən narahatlığını ifadə edib. Yəqin ki, erməni tərəfinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasının vacibliyinə inandırılması işini Dmitri Medvedevin Yerevana edəcəyi səfər zamanı Moskva öz üzərinə götürəcək. Medvedev Ermənistana Moskvada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı qəbul etdikdən sonra yollanacaq.

Ermənistanın beynəlxalq maliyyə donorlarından, xüsusilə Rusiyadan ciddi asılılığını nəzərə alsaq, Yerevan üçün manevr meydanı hər keçən gün daha da daralır. Ermənistanın sülh danışıqlarının uzadılması oyunu sona yaxınlaşır. 

Qərarın qəbulu isə labüddür.


MƏSLƏHƏT GÖR:

621