5 Dekabr 2025

Cümə, 23:10

GEC OLSUN, AMMA GÜC OLMASIN

ABŞ prezidenti dünyanı təkbaşına idarə etmək ideyasından imtina edir

Müəllif:

01.06.2010

Amerika qanunvericiliyi, bu ölkənin hər bir prezidentinin üzərinə hər il milli təhlükəsizliyə dair strateji bəyannamənin qəbulu ilə bağlı öhdəliik qoyur. Amma prezidentlər heç də həmişə bu qaydaya əməl etmir. Sabiq prezident Corc Buş öz milli təhlükəsizlik doktrinasını 2 dəfə - 2002 və 2006-cı illərdə təqdim etmişdi.

ABŞ-ın hazırk? rəhbəri Barak Obama isə bu sənədi ilk dəfə səlahiyyətlərinin icrasına başladıqdan 16 ay sonra təqdim edib. Əksər analitiklər  və KİV hesab edir ki, bu il mayın 27-də təqdim olunmuş 52 səhifəlik yeni doktrina Corc Buş erasının sona çatdığını göstərir. Qərb mətbuatı onu, əsasən, belə təqdim edir: "Çəkic yerinə cərrah bıçağı". 

Əgər Buşun dövründə söhbət "terrorla müharibə"dən gedirdisə, indi Obama fikri konkret ifadə edir: "Əl-Qaid?" ilə müharibə. Bundan sonra ABŞ-ın düşmənləri "cihadçılar" və ya "islamçılar" adlandırılmayacaq və burada məqsəd ABŞ-ın guya islaha qarşı mübarizə aparmasına dair fikrin formalaşmasına imkan verməməkdir.

Yeni sənəddə digər təhlükələr kimi, ölkə daxilində radikallıq, iqtisadi təlatümlər və iqlim dəyişiklikləri, həmçinin, təbii ki, nüvə silahlarının yayılması göstərilib. 

Sənəddə Şimali Koreya ilə İran tərəfindən gələn təhlükə  də xüsusi qeyd olunub.

Bəzi müşahidəçilər hesab edir ki, Obama administrasiyası öz strategiyasında ilk dəfə nəinki xarici faktorlardan, hətta ölkədəki daxili vəziyyətdən, xüsusilə, iqtisadi rəqabətədavamlılıqdan uzaqlaşıb. Prezidentin Amerikanın "iqtisadi, mənəvi və innovasiya gücünü artırmalı olması" haqda fikirləri də bunu təsdiqləyir. Obama hesab edir ki, ölkəsi dünyanı öz arxası ilə aparmaq istəyirsə, bu addımları atmalıdır: to lead the world.

Ən maraqlısı isə, fikrimizcə, Obamanın Fransa, Almaniya, Türkiyə, Azərbaycan və Rusiya kimi dövlətlərin liderlərinin çağırışlarına qulaq asmasıdır. Söhbət bu liderlərin ABŞ-ı dünyaya hökmranlıqdan, başqa dövlətlərin daxili işlərinə qarışmaqdan imtinaya çağırmasından gedir.

"Barak Obamanın ilk  rəsmi milli təhlükəsizlik strategiyası yaxın dövrdə Birləşmiş Ştatların öz sərhədləri çərçivəsində yaşamağı öyrənməli olduğu eranın başlanacağını göstərir", - "The New York Times" belə yazır.

Bu ilin martında Fransa prezidenti Nikolya Sarkozinin Vaşinqtonun dünyanı təkbaşına idarə etməyə çalışmasına diqqət çəkdiyi də yaddaşlardadır. O zaman Nyu-Yorkun Kolumbiya Universitetində amerikalı tələbələr qarşısında çıxış edən Sarkozi demişdi: "Nə qədər güclü olsa da, XXI əsrdə heç bir xalq öz baxışlarını bütün dünyaya qəbul etdirə bilməz".

İndi Obama da etiraf edir ki, Amerika təkbaşına fəaliyyət göstərməməlidir; o, mövcud olan alyansları möhkəmləndirməklə yanaşı, yenilərini yaratmağı, Çin, Hindistan və Rusiya kimi oyunçularla tərəfdaşlığı gücləndirməyi planlaşdırır.

ABŞ-ın yeni milli təhlükəsizlik doktrinasına əsasən, Obama artıq ABŞ-ın bütün cəbhələrdə təkbaşına mübarizə apara bilməyəcəyini etiraf edərək, hiperfövqəldövlət ideyasından boyun qaçırmaq fikrindədir. 

Yeri gəlmişkən, bu cür yanaşmanın bəzi elementləri artıq özünü Rusiya ilə münasibətlərin "yenilənməsi" prosesində də göstərir.

Bununla yanaşı, bəzi ekspertlər hesab edir ki, tamhəcmli strateji dönüşdən danışmaq olmaz. ABŞ hələ ki, hərbi hegemonluq ideyasından əl çəkməyə hazır deyil və önləyici hərbi müdaxilə hüququnu özündə saxlayır. Amma Buş strategiyasından fərqli olaraq, buna bütün digər variantların iflasa uğradığı halda istifadə olunacaq vasitə kimi baxılır.

Güman ki, Barak Obama demokratiya ixracı ideyasından da tam imtina etməyi düşünmür. ABŞ prezidentinin yeni doktrinasında "suverenlik və ərazi bütövlüyü" məsələsinə də toxunulub. Amma nədənsə bu haqda yalnız "Rusiyanın qonşuları" ilə bağlı danışılır. Rusiya XİN-nin birmənalı olmayan reaksiyasına da məhz bu səbəb olub. Nazirliyin bəyanatında ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasının konstruktiv tonu qeyd olunur. Amma XİN bununla yanaşı, orada Rusiyanın ünvanına bəzi ikimənalı fikirlərlə bağlı narahatlığını da ifadə edib. 

Sonda Rusiyanın xarici siyasət idarəsi ABŞ-a "geriyə baxmamağı, münasibətlərin yeni keyfiyyət qazanması yolunda irəliləməyi" məsləhət görüb.

Rusiya XİN-in bəyanatında vurğulanır ki, sənəddə Moskvaya yönəlmiş çağırışlar - "sülhpərvər olmaq", "bynəlxalq normalara əməl etmək", "Avropa və Asiyada özünü məsuliyyətli tərəfdaş kimi aparmaq" haqda məsləhətlər, həmçinin "Rusiya ilə qonşu ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət"lə bağlı müddəa köhnə dövrlərdən qalmış dissonans kimi görünür.

Rusiya XİN-in narazılığını anlamaq çətin deyil. 

Doğrudanmı yenə ikili standartların şahidi olacağıq? Axı dünyada suverenlik və ərazi bütövlüyü ilə bağlı yalnız Rusiyanın qonşuları problem yaşamır. Yeri gəlmişkən, bu "qonşu" ərazi bütövlüyü Ermənistan tərəfindən pozulmuş Azərbaycan da ola bilərdi. 

Üstəlik, ABŞ bu münaqişənin həllində vasitəçilik edən ölkələrdən biridir. Amma ABŞ-ın yeni strategiyasında işlədilən "Rusiyaya qonşu dövlətlər" formulu söhbətin yalnız Rusiya ilə bilavasitə problemi olan ölkələrdən, məsələn, Gürcüstandan getdiyini göstərir.

Obama administrasiyasının vitse-prezident Cozef Baydenin çağırışına qulaq asması isə başqa cür nəticələnərdi. Söhbət Baydenin "R+"un ötən nömrəsində verdiyimiz çağırışından gedir: "Biz Avropanın təhlükəsizliyinin bölünməz olduğunu təsdiqləməli,  eyni zamanda  Avropanın bütün ölkələri üçün ərazi bütövlüyünün vacibliyini, həmçinin dövlətlərin öz təhlükəsizlik alyanslarını seçməkdə sərbəst olduqlarını bir daha bəyan etməliyik".


MƏSLƏHƏT GÖR:

529