24 Noyabr 2024

Bazar, 03:41

LİMONUN "MÜDRİKLİYİ"

Tərkibindəki C vitamini, turşu və minerallar limonu sağlamlıq üçün xeyli faydalı meyvəyə çevirib

Müəllif:

10.02.2015

Azərbaycanda limon Lənkəran və Masallı rayonlarında yetişir. Limonda C vitamini nə qədər boldursa, Lənkəranda da sitrus bitkiləri o qədər çoxdur. Bu meyvələr Azərbaycan süfrəsinin, demək olar ki, daimi üzvüdür. Amma onların arasında "rəhbər" limondur - limonsuz çay süfrəsi təsəvvür etmək çətindir. Azərbaycanlılar isə məlum olduğu kimi, çayı hər zaman məmnuniyyətlə içirlər. Odur ki, limonsuz keçinmək mümkün deyil. Bu meyvənin parlaq qabığı onun yetişdiyini göstərir. Qabıq nə qədər nazikdirsə, meyvə o qədər suludur. Limon haqda danışarkən onun faydalı cəhətlərindən söz açmamaq mümkün deyil. 

 

Turş mühit

Limonun Azərbaycanda qədim zamanlardan becərildiyini göstərən fakt qədim yunanların bu meyvəni Midiya alması adlandırmasıdır. Midiya e.ə. VIII-VI əsrlərdə Cənubi Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətdir. Hindistanda limon artıq 3 min ildir ki, istifadə olunur. Əvvəllər bəzi xalqlarda limon şənliklərin, nikah mərasimlərinin rəmzi sayılırdı. Yunan alim Böyük Pliniy iddia edirdi ki, limon ilan sancmasına qarşı əla vasitədir.

Tarix elmləri doktoru, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, Azərbaycanın Tibbi Tarixçiləri Cəmiyyətindəki nümayəndəsi Fərid Ələkbərlinin "Şərq təbabətinin min bir sirri" kitabında bildirilir ki, XVII əsrə aid Azərbaycan müəllifi Hacı Süleyman İrəvani limon lətinin, qabığının, çiçəyinin və yarpağının ürəyi gücləndirdiyini, iştahı artırdığını deyirmiş. Bundan başqa, limon ödqovucu təsirə malikdir. O, aritmiyaya qarşı effektiv olmaqla yanaşı, həm də mədəyə xeyirdir. Limon şirəsi susuzluğu aradan qaldırır, qızdırma zamanı da işə yarayır. Ondan əla mürəbbə alınır... "9 qram təmizlənmiş limon tumu heyvan mənşəli zəhərlənmə zamanı faydalıdır".

Məhəmməd Mömin 1669-cu ildə limon haqqında yazırdı: "Limon və qabığı ürəyə xeyirdir. O, mədəni bərkidir, iştahı artırır, sarılıq zamanı xeyirlidir, qarınağrısı zamanı qazqovucu kimi təsir göstərir və zəhərə. Limon dəridən qara dəmrovu, ləkəni, qoturluğu da təmizləyir. Bununla yanaşı, limon qızdırma, malyariya, soyuqdəymə xəstəlikləri, yüksək hərarət, angina, boğaz ağrıları və şişməsi zamanı da faydalıdır. Limon şirəsi sərxoşluğun qarşısını alır və sərxoş adamı ayıldır. Amma o, mədə-bağırsaq üçün ziyanlı da ola bilər. Kəskin öskürək zamanı da limon məsləhət deyil. Amma onun bü çatışmazlığını şəkər və balla "nizamlamaq" mümkündür. Limonun toxumu orqanizmdə həyat tonusunu artırır. 3-6 qram limon tumu qaynar su və ya şərbətlə qəbul edilir".

Məhəmməd Yusif Şirvani isə "Tibbnamə"də yazır: "Limon əla yeməkdir. O, həzmə kömək edir, iştahı artırır, ağızdan gələn pis qoxunu, gəyirməni, həzm problemini aradan qaldırır. Bundan başqa, o, hərarəti azaldan vasitədir. Limon titrəmə zamanı da işə yarayır. Sərxoş adamın ayılmasına kömək edən bu meyvə öyüməni, ürəkbulanmasını aradan qaldırır. Ürək döyüntüsü həddindən artıq yüksəkdirsə, baş ağrıyırsa, bu hallarda da limon köməyə gəlir. Bunlar sınaqdan keçirilmiş məsələlərdir".

 Azərbaycanın xalq təbabətində qaraciyər xəstəliklərindən, böyrəkdə, öd kisəsində daşdan, şəkərli diabetdən və s. əziyyət çəkənlər limon şirəsi içir.

Hindistanın və Seylonun ənənəvi təbabətində limon şirəsindən antiseptik vasitə kimi istifadə olunur. O, yaraların üzərinə qoyulur, ilan sancması zamanı istifadə edilir. Malayda limon qabığının həlimi dizenteriya zamanı qəbul olunur. Limonun döyülmüş yarpağı başağrısı, şirəsisə angina və dişağrısı zamanı istifadə edilir.

 

Həyatverici vitaminlər

Limonun meyvəsində bir çox turşular, şəkər, C, B1, B2 vitamini var. Onun qabığı da xeyirlidir. Limon qabığında S vitamini meyvəsilə müqayisədə 2,5 dəfə çoxdur. Qabıqda efir yağı, mineral maddələr də var. Limon yağından fraksiyalaşdırma yolu ilə alınan sitral, spirt cövhəri şəklində (1-3%) hipertoniya xəstəliklərinə dərmandır. Limon turşusu natriumu donor qanın konservləşdirilməsində istifadə olunur. Müasir tibbdə limon avitaminoz, malyariya, böyrək və öd kisəsində daş olan zaman da istifadə edilir. Sinqa zamanı limon şirəsi damaqlara çəkilir.

Ənənəvi hind təbabəti olan ayurveda da limon haqqında kifayət qədər maraqlı məlumatlar var. Ona əsasən, xərçəng şişləri orqanizmdəki turşumanın nəticəsidir və o, bütün göbələk xəstəlikləri kimi, qələviləşmə vasitəsilə müalicə olunur.

Ayurvedaya görə, təzə limon şirəsi heç bir qatqısız, şəkərsiz qəbul olunarsa, güclü qələviləşmə özəlliyə malikdir. Bu zaman o, turşuluğun artdığı orqanizmdə pozulmuş pH-balansı qaydaya salır. Bu üzdən də limon insan üçün ən faydalı qidalardan biri sayılır. Amma limon şəkərlə birgə qəbul edilirsə, əksinə, turşuluğu nəinki azaltmır, hətta artırır.

Beləliklə, hər gün limon yeyən və ya limon şirəsi içən insan (bunu səhər saatlarında etmək daha yaxşıdır) heç bir zaman xəstələnməyəcək. Yeganə nəzərə alınmalı məqam ondan ibarətdir ki, limonu yeyərkən, onunla çay içərkən meyvənin toxumları atılmalıdır. Çünki toxumlar orqanizmə ziyandır (onlar çox zəhərlidir) və limonun bütün faydalı özəlliklərini neytrallaşdırır.

İçərisinə limon atılmış isti su qaraciyərin dərmanıdır - bu həyati əhəmiyyət daşıyan orqanizmi məhz limon təmizləyir. O, ödün ifrazını stimullaşdırır, sidik kisəsində turşluğu əridir, orqanizmi toksinlərdən, zəhərlərdən təmizləyir. C vitamini və bəsləyici maddələr ürəyin sağlamlığına müsbət təsir göstərir. Bundan başqa, C vitamini qanda xolesterinin miqdarını, ateroskleroz, arterial təzyiq riskini azalda bilər. Limon planetin ən faydalı meyvələrindən biridir! Onun tərkibindəki C vitamini, limon turşusu və minerallar hesabına insan sağlamlığını xeyli gücləndirə bilər.

 

 

LİMON PİROQU

 

Tələb olunur: 

Məhsullar (10 porsiya üçün)

150 q marqarin

3/4 stəkan şəkər

3 yumurta

1 limon

1-1,5 stəkan un

2 çay qaşığı qabardıcı toz

30 q kişmiş (+1 xörək qaşığı konyak)

1/2 stəkan süd

 

Hazırlanma qaydası: 

Yağla şəkər çalınır, oraya yumurta əlavə olunur və yaxşı qarışdırılır. Limon ətçəkəndən keçirilir və kütləyə əlavə olunur.

Un qabardıcı tozla qarışdırılaraq xəmirə əlavə edilir və yoğrulur. 

Daha sonra oraya süd və yuyulub təmizlənmiş kişmiş qatılır (kişmişi əvvəlcədən konyakda saxlamaq da olar). Limon piroqu 180 dərəcə istidə təxminən 45 dəqiqə bişirilir.

 

 

LİMON ŞƏRBƏTİ

 

Tələb olunur:

Limon - 1,4 ədəd 

Şəkər - 50 q 

Zəfəran - 0,1 q 

Su - 100 q 

Reyhan və ya nanə toxumu - 0,1 q 

Buz - 50 q 

 

Hazırlanma qaydası: 

Limon qabığı nazik doğranılır, üzərinə qaynar sü tökülür, içərisinə reyhan və nanə toxumu əlavə olunur. Qaynanmış suda 4 saat saxlanılır, süzülür, içərisində şəkər və limon şirəsi əlavə olunur və soyudulur. Şərbəti süfrəyə verən zaman zəfəran suyu və buz əlavə edilir.



MƏSLƏHƏT GÖR:

792