Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Ötən ildə pul-kredit sektorunun inkişafının nəticələrini yekunlaşdırarkən, Azərbaycan Mərkəzi Bankı (AMB) baza göstəricilərinə qarşı sabit artımı və bankların müxtəlif risklərə qarşı dözümlülüyünü təsdiq edib. Eyni zamanda, Mərkəzi Bankın uzunmüddətli strategiyası iqtisadiyyatın real sektorunun kreditləşməsinin həcmlərinin artırılmasına və borc vəsaitlərinin hissolunan ucuzlaşmasına yönəlib. Bu cür dəyişikliklərin vacibliyini bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də deyib.
AMB-nin statistikasına əsasən, ötən il yerli banklar üçün kifayət qədər məhsuldar olub. Neft qiymətinin ikiqat düşməsinə və dövlətdə sərmayə fəallığına bilavasitə təsir edən xarici ticarət dövriyyəsinin aşağı düşməsinə, həmçinin qonşu Rusiyanın valyuta bazarının iflasa uğramasına baxmayaraq, Azərbaycan bankları aktivlərini və kapitallaşma dərəcələrini nəzərəçarpacaq dərəcəçoxaltmağı və kreditləşmə həcmləri ilə depozit portfelini artırmağı bacardılar.
Belə ki, Mərkəzi Bankın məlumatına görə, 2014-cü ildə yerli bankların ümumi aktivləri 23%-dən çox artaraq 25,182 mlrd. manata çatıb. Ümumilikdə isə son on il ərzində aktivlərin artım templəri 2,4 dəfə artıb və hazırda ölkənin qeyri-neft ÜDM-nin 78%-nə bərabərdir. Həmçinin Mərkəzi Bankın bank sisteminin kapitallaşmanın artırılması ilə bağlı siyasəti də uğurlu olub. Kredit sektorunun aktivlərinin 99%-ni təmin edən ölkənin aparıcı bankları, kapitallaşma ilə bağlı minimal tələbləri tam şəkildə yerinə yetiriblər. İlk onluqdakı bankların kapital həcmi isə hazırda 100 mln. manatı ötür. Müvafiq olaraq, yerli bankların hazırda kapital adekvatlığı 8%-lik beynəlxalq normaya qarşı 19% təşkil edir. Həmçinin əhalinin əmanətlərinin cəlb edilməsi və kreditləşmə həcmlərinin çoxalması üzrə statistika da müsbətdir. Ötən ildə bankların depozit portfeli 16,5 mlrd. manata çataraq, 24%-lik artımı təmin edib. Qeyd etmək lazımdır ki, 2013-cü ildə bankların depozit bazası 16,6% artıb. Depozit bazasının genişlənməsinin əsas aparıcı qüvvələri kimi, əhalinin artan gəlirləri və yığılmaların genişlənməsi qalmaqdadır.
Ötən on il ərzində gəlirlərin artım templəri, orta hesabla, ildə 8,3% təşkil edirdi. Bununla belə, vergilər və digər ödəmələrdən sonra əhalinin gəlirlərinin 18,2%-i məhz bank hesabları və kapitalın çoxalmasının digər formalarına yönəlib. Digər tərəfdən, əmanət həcminin artımı, ümumilikdə, bank sisteminə olan etimaddan danışır, yəni əmanətçiləri "bahalı" pullara ehtiyac duymayan yerli bankların son illərdə depozitlər üzrə faiz dərəcəsini tədricən azaltma faktı qorxutmur. Əgər beş-altı il bundan əvvəl, onlar milli valyutada 16-18% səviyyəsində saxlanılırdısa, ötən ilin sonunda bu tendensiya əmanətlər üzrə orta dərəcəni 8-10%-ə qədər çatdırıb.
Bununla belə, əmanətçilər hələ də uduş vəziyyətində qalırlar. Manatın dünya valyutalarına qarşı məzənnəsinin praktiki sabitliyini nəzərə alaraq, depozitlər üzrə orta illik gəlir inflyasiyanın hazırkı göstəricisini beş dəfədən çox üstələyir.
AMB-nin məlumatına görə, iqtisadiyyatın kreditləşməsi sahəsində də vəziyyət kifayət qədər nikbin görünür: 2014-cü ilin yanvar-dekabr aylarında banklar tərəfindən, təqribən, 18,542 mlrd.manat həcmində borc vəsaitləri verilib, bu da ötən ilin göstəricilərini 20%-dən çox üstələyir.
Lakin ölkənin pul-kredit sistemində hələ də riteyl seqmentinin kreditləşməsinin nəzərəçarpacaq üstünlüyünün sabit tendensiyası müşahidə olunur. Son illərdə doyma nöqtəsinə yaxın olan korporativ kreditləşmə bazarı bir çox hallarda banklar üçün əvvəlki cəlbediciliyini itirib - bir tərəfdən yüksək keyfiyyət xüsusiyyətlərinə malik borcalanların çatışmazlığına görə. Müvafiq trendi ötən ilin statistikası açıq-aşkar əks etdirir: 2014-cü ildə sənaye və istehsalat sektoruna 2,027 mlrd.manatdan bir az çox və ya bank borclarının, təxminən, 11%-i yönəlib.
Ticarətə, xidmətlər sahəsinə və riteyl seqmentinə isə banklar tərəfindən verilən borcların, təxminən, üçdəiki (58,5%) hissəsi xərclənib."Biz hesab edirik ki, kifayət qədər zəngin resurslara malik yerli banklar, ilk növbədə, istehlak kreditləşmənin yerinə real sektora üstünlük verərək, ilk növbədə, öz ölkələrinin iqtisadiyyatına vəsait yatırmalıdırlar. Bankların fəaliyyəti, əsasən, sənaye müəssisələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına istiqamətlənməlidir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev "2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinin ilk ilinin nəticələrinə həsr olunan konfransda deyib. İş orasındadır ki, son illərdə iri infrastruktur və sənaye layihələri maliyyələşdirən əsas sərmayəçi funksiyasını müxtəlif dövlət fondları və təşkilatları öz üzərinə götürüblər. Neftinqiymətinin uzun müddət ərzində aşağı səviyyədə qalması və ümumiyyətlə, dövlət bazarında mənfi vəziyyət qorunacağı təqdirdə, eyni səviyyədə dövlət sərmayələrinin səviyyəsini qorumaq çətin olacaq. Ona görə də real sektorun kreditləşməsinin genişləndirilməsi digər vacib məqsədi- qeyri-neft sektoru subyektlərini dəstəkləməyə kömək edəcək.
Həmçinin, prezidentin 2015-ci il üzrə dövlət büdcəsinin yerinə yetirilməsi barədə sərəncamı ilə Mərkəzi Banka kommersiya banklarının kredit dərəcələrinin azalmasını təmin edən effektiv tədbirlər görmək və yüksək bank borclarını və AMB-nin kifayət qədər aşağı uçot dərəcəsi arasında dərəcə fərqini azaltmaq tapşırılıb.
Qeyd edək ki, 2012-ci ilin dekabrında Mərkəzi Bank dörd dəfə yenidən maliyyələşdirmə dərəcəsini hazırkı 3,5%-dək aşağı salıb. "Bütün dünyada faiz dərəcələri iqtisadi effektivlik, artım, məşğulluq, inflyasiya problemləri ilə sıx bağlı olan makroiqtisadiyyatın mərkəzi məsələlərindən biridir", - deyə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. - "Eyni zamanda AMB, xüsusilə bank sektoruna uzunmüddətli resursların cəlb edilməsini stimullaşdıraraq, kreditlər üzrə bank dərəcələrinin azalması üzrə mərhələli işini davam etdirir".
Belə ki, son illərdə görülən tədbirlər nəticəsində bankların ümumi kredit portfelinin 75%-ni əhatə edən biznes kreditləri üzrə orta dərəcə 10,8%-dək, portfelinin 25%-ni formalaşdıran istehlak kreditləşməsi üzrə orta dərəcə bu gün 18% təşkil edir.
Mərkəzi Bankın tənzimləyici fəaliyyəti nəticəsində ötən ildə istehlak kreditləşməsinin artım templəri əvvəlki illə müqayisədə 1,9 dəfə düşüb, avtokreditləşmənin həcmi isə 31% təşkil edir. Bununla belə, kreditlər üzrə orta dərəcə Azərbaycanda hələ də 14,3% təşkil edir, bu da yenidən maliyyələşdirmənin dərəcəsindən 4 dəfə artıqdır.
Bank sektorunun təmsilçiləri də bu disproporsiyadan çıxış yolunu axtarırlar. Xüsusilə, bu suallar Bakıya yüzlərlə yerli və xarici ekspertləri cəlb edən "Azərbaycan bank və maliyyə forumu"nun gündəliyinə çıxarılıb. "Çoxdan risk marjasının (bank tərəfindən kreditin qaytarılmaması riskinə görə kredit dərəcəsində qoyulan pay, borclar təmin olunmayan kreditlər üçün yüksək ola bilər - red.) azalmasının vacibliyi yetişmiş tapşırıq olub, - deyə Maliyyə İnstitutları üzrə Azərbaycan Sahibkarlar Konfederasiyası Komissiyasında işçi qrupunun sədri Zakir Nuriyev deyib. - "Proporsional olaraq risk marjasına kredit dərəcələrində nəzərəçarpacaq pay düşür. Ona görə də nominal bildirişdə kredit dərəcəsinin effektiv azalması üçün bizə risk marjasının azalmasına nail olmaq vacibdir. Nəzəri olaraq, bu, kredit faizlərini depozit dərəcələrinin az əhəmiyyətli səviyyədə düşməsi zamanı da azaltmağa imkan yaradacaq".
Bununla belə, aydındır ki, kifayət qədər yüksək faiz dərəcəsi və yerli banklar tərəfindən verilən borcların ödənilməsinin qısa müddəti, sənaye sektorunun inkişafı üçün az yararlıdır. Bu neqativi aşmaq üçün Mərkəzi Bankı və hökuməti yerli bank sektorunda ciddi islahatlar gözləyir.
MƏSLƏHƏT GÖR: