24 Noyabr 2024

Bazar, 21:01

VİRTUAL REALLIQ

Azərbaycanda elektron ticarətin tənzimlənmə mexanizmləri ətrafında mübahisələr gedir

Müəllif:

10.02.2015

"Microsoft"un yaradıcısı Bill Geytsə inansaq, "gələcəkdə bazarda iki növ şirkət qalacaq: İnternetdə olanlar və biznesi tərk edənlər". Başqa sözlə, biz tamamilə yeni iqtisadiyyat növünün yaranmasının şahidi oluruq. Bu, elektron iqtisadiyyat, yaxud İnternet iqtisadiyyatıdır.

Azərbaycanda artıq e-ticarətin orta illik dövriyyəsinin artım tempi, ümumilikdə, ölkənin ticarət dövriyyəsinin artım tempini 2-3 dəfə üstələyir. Məsələn, 2014-cü ildə ölkədə elektron pərakəndə satış dövriyyəsi 6,4 milyon manat təşkil edib və bu, 2013-cü ilin göstəricisindən 2,4 dəfə çoxdur. Üstəlik, elektron ticarətdə dövriyyənin 94,6%-i qeyri-ərzaq məhsullarının payına düşüb.

Bu gün azərbaycanlılar internetlə istər geyim, istər məişət əşyaları, kosmetika, müxtəlif növ texnika, avtomobil üçün ehtiyat hissələri, hətta mebel hissələri sifariş edirlər. Bu ticarət növünün populyarlığının getdikcə artdığını görən ölkənin aparıcı bankları tələm-tələsik vətəndaşlara xüsusi virtual bank kartları təklif etməyə başlayıblar. Söhbət qlobal şəbəkədə yer alan ən müxtəlif saytlardan mal sifarişi üçün istifadə oluna bilən kartlardan gedir. Yəni, e-ticarətin populyarlaşması dolayısı ilə nağdsız ödənişlərinin də populyarlığını artırmasına təsir edib. Hökumətin son illər ərzində çalışdığı isə elə budur: əhali kartdan istifadə ilə ticarətin təhlükəli olmadığına, əksinə, rahat və faydalı olduğuna inansın. Bundan başqa, paralel olaraq, poçt xidmətləri, həm də yalnız kommersiya deyil, adi poçt xidmətləri də nəzərəçarpacaq dərəcədə inkişaf edib. Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahəsində gəlirlərin artması ilə nəticələnib. Yəni, bu istiqamətin bundan sonra da genişləndirilməsi, təşviq edilməsi üçün kifayət qədər müsbət səbəblər var. Amma...

Məsələ ondadır ki, Azərbaycanda e-ticarətin inkişafı ilə "vasitəçilər şəbəkəsi" də inkişaf etməyə başlayıb. Onlar xarici saytlardan edilmiş sifarişlərin ünvana çatdırılması üçün öz xidmətlərini təklif edirlər; məsələn, tutaq ki, sizin bank kartınız yoxdur, yaxud alış-veriş etmək istədiyiniz saytın dilini yaxşı bilmirsiniz və ya həmin sayt Bakıya mal tədarük etmir. Belə olan təqdirdə, siz sosial şəbəkələr və ya tanışlar vasitəsilə vasitəçiyə çıxırsınız, o isə malın alınması və ünvanına çatdırılması ilə bağlı bütün işləri öz üzərinə götürür. Təbii ki, bu halda ona göstərilən xidmətə görə müəyyən məbləğ ödənilməlidir. Bir sıra hallarda o, sifariş üçün daha əlverişli şərtlər təklif edir. Çünki məhsulların topdan alınması zamanı xarici saytlar və kommersiya poçtları müəyyən endirimlər edirlər. Yəni, vasitəçi bir neçə müştəridən sifarişləri topladıqdan sonra bu endirimi əldə edir və nəticədə, müştərilərə daha aşağı qiymətlər təklif edir.

Bununla yanaşı, dövriyyənin və sifarişlərin artması vasitəçilərin bacarıqlarının da artımına səbəb olub. İndi onlar müəyyən satış saytlarının xüsusiyyətlərini yaxşı bilir, özləri ayrı-ayrı saytlardan çoxlu sayda məhsul alır, əldə etdikləri məhsulları daimi müştərilərinə təklif edir və ya sosial şəbəkələr vasitəsilə satırlar. Beləliklə, artıq virtual ticarətin adi həvəskarları ilə yanaşı, meydana kifayət qədər geniş sahibkar kütləsi çıxıb. Onlar üçün e-ticarət heç bir verginin tutulmadığı gəlirli biznesə çevrilib.

Məsələ ondadır ki, mövcud qanunvericiliyə əsasən, bir fiziki şəxs 30 gün ərzində beynəlxalq poçt vasitəsilə hər hansı gömrük rüsumu ödəmədən maksimum 1000 dollarlıq mal ala bilər. Bu limitdən keçərsə, əlavə məbləğə 36%-lik vergi tətbiq olunur. Məsələn, alınan malın dəyəri 1200 dollardırsa, vergi yalnız 200 dollara tətbiq olunur.

Əhali arasında ən populyar olanı xaricdən smartfonların, foto və videokameraların, digər bahalı texnikanın sifarişidir. Çünki bu halda onlar alıcıya yerli mağazalarda satılanlarla müqayisədə daha ucuz başa gəlir. Lakin bir neçə həftə əvvəl gömrük orqanlarının ölkəyə bu yolla mobil telefonların gətirilməsinə məhdudiyyət tətbiq etməsi xəbərinin yayılması internetdə alış-veriş həvəskarı olanlarda ciddi narahatlığa səbəb olub. Digər tərəfdən, ictimaiyyət arasında gömrük məntəqələrində içərisində vitaminlər, bioloji fəal əlavələr və spirtli içkilərin olduğu bağlamaların da saxlanıldığına dair xəbər yayılıb.

Bu xəbərlərə Dövlət Gömrük Komitəsinin rəhbərliyi kifayət qədər tez reaksiya verib. Əvvəlcə komitə sədrinin müavini Səfər Mehdiyev sərhəddə mobil telefonların saxlanılması haqqında məlumata münasibət bildirib. Onun sözlərinə görə, gömrük orqanları belə malların ölkəyə gətirilməsi ilə bağlı ciddi araşdırma aparır. "Məsələn, poçt vasitəsilə eyni ayda eyni adamın adına mobil telefonların göndərilməsi ilə bağlı vergidən yayınma halları üzə çıxıb. Bir ay ərzində ölkəyə 8 minədək belə telefon gətirilib. Azərbaycanda elektron ticarət vergidən azad olunmayıb", - deyə o, qeyd edib.

Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəyə fiziki şəxslər, həmçinin şirkətlər tərəfindən gətirilən mobil telefonların qeydiyyata salınmalı olduğunu, amma onların poçt, elektron ticarət vasitəsilə gətirilməsinin bu qeydiyyatı mümkünsüz etdiyini bildirib. "Elektron ticarət yalnız Azərbaycanda deyil, dünyanın bir sıra digər ölkələrində də problemə çevrilib. Əvvəllər bu cür problemlərlə bir qədər fərqli formada qarşılaşmışıq. Məsələn, hansısa işbaz ucuz qiymətə əldə etdiyi malları əldə satırdı", - deyə A.Əliyev bildirib. Onun sözlərinə görə, internet ticarəti ilə bağlı problem hələ 2014-cü ilin dekabrında MDB ölkələrinin Gömrük Xidməti Sədrləri Şurasının iclasında da qaldırılıb.

Eyni vaxtda "Reklam haqqında" qanun layihəsində bəzi mallar üzrə e-ticarətin qadağan edilməsinə dair maddənin olduğu haqqında da xəbər yayılıb. Söhbət spirtli içkilərdən, dərman preparatlarından, tibbi təyinatlı texnikadan, bioloji fəal əlavələrdən, uşaqlar üçün süni qida məhsullarından gedir.

E-ticarət ətrafındakı bütün bu söhbətlərin piki isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun bəyanatı olub. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi elektron ticarətdən sui-istifadə hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinə müraciət edib. Nazir bildirib ki, gömrükçülər e-ticarətdə gömrük rüsumunun tətbiq edilmədiyi məbləğin 1000 dollardan 150 dollara salınmasını təklif edirlər.

Əli Abbasov başçılıq etdiyi nazirliyin gömrükçülərin bu təklifinə münasibətini açıq şəkildə dilə gətirməsə də, bununla bağlı müəyyən narazılıqlar nəzərdən qaçmayıb. Ə.Abbasov bəzən işbazların qanundakı bu boşluqdan qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə yararlandıqlarını etiraf edib. Bununla yanaşı, nazir Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat və Sənaye, Maliyyə nazirlikləri, həmçinin Dövlət Gömrük Komitəsi arasında belə halların qarşısının alınması üçün məsləhətləşmələrin aparıldığını söyləyib. "Haradasa mənfi hal varsa, bu, texniki inkişafın dayandırılmasının, xidmətin qadağan olunmasının vacibliyi anlamına gəlmir. Amma belə pozuntularla mübarizə aparmaq da vacibdir. Dövlət Gömrük Komitəsi və ümumilikdə, iqtisadi təhlükəsizliyin təmini ilə məşğul olan strukturlar güclü elektron idarəetmə və nəzarət infrastrukturuna malikdirlər. Biz həmin üsulların tətbiqi ilə elektron qaçaqmalçılığın qarşısını ala bilərik", - deyə Əli Abbasov qeyd edib. 

Onun sözlərinə görə, İnternet vasitəsilə alınan və qiyməti 1000 dolları keçməyən məhsullara gömrük rüsumunun tətbiq olunmaması, ilk növbədə, əhalinin, o cümlədən aztəminatlı əhalinin maraqlarına cavab verir: "Onlar üçün ticarətin asanlaşdırılması vacib məqamdır. Bu, onlar üçün olan xidmət və güzəştdir. Biz əhali üçün bu güzəştin qorunub-saxlanmasına çalışırıq. Amma hər hansı şəxs və ya biznes strukturları bundan yararlanmağa, sui-istifadə etməyə, elektron qaçaqmalçılıqla məşğul olmağa çalışırlarsa, biz yeni texnologiyaların köməyilə belə halların qarşısını alacağıq. Elektron ticarət vasitəsilə ölkəyə gətirilən əsas məhsullar mobil telefonlardır və bu sahədə ciddi uçotun aparılmasına ehtiyac var. Biz yalnız mobil telefonları deyil, digər məhsulları da əhatə edəcək qərarlar qəbul etməyə çalışırıq".

Ölkədə informasiya texnologiyalarının inkişafına birbaşa cavabdeh olan nazirliyin əhalinin e-ticarət sahəsindəki fəallığını azaldacaq qərarı alqışlamaması tamamilə başadüşüləndir. Amma bir məqam da var: son illərdə Azərbaycanda e-ticarət dinamik inkişaf etsə də, onun ölkənin ümumi ticarət dövriyyəsindəki payı hələ də çox azdır. Araşdırmalar göstərir ki, Azərbaycanda adambaşına düşən e-ticarət həcmi 0,35 dollardırsa, Rusiyada bu 29, Türkiyədə 38, Çexiyada isə 217 dollardır.

Maraqlıdır ki, bu məsələdə ekspertlər də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfindədir və e-ticarətin məhdudlaşdırılmasına yönəlmiş qərarların mənfi nəticələr verəcəyini düşünürlər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, İnternet vasitəsilə sifariş olunan mallar üçün limitin azaldılaraq rüsum tətbiq etmə "kökündən yanlış olardı". Bununla yanaşı, o, bazarın tənzimlənməsi üçün müəyyən mexanizmlərin olmasını da vacib sayır. O.Gündüzün fikrincə, bu mexanizmlər, ilk növbədə, e-ticarət üçün yerli saytların inkişafına yönəldilməlidir. Ekspert hesab edir ki, Azərbaycanda elektron kommersiya sahəsindəki boşluqları xarici internet mağazaları uğurla doldurub və əhaliyə müxtəlif məhsulları daha əlverişli şərtlərlə təklif edirlər. Bu da yerli virtual ticarətçilərin rəqabət qabiliyyətlərini xeyli aşağı salır.

"Sifariş olunmuş məhsulların burada müştəriyə təkrar satılması ilə gəlir əldə edən işbazların ortaya çıxarılması mexanizmləri təkmilləşdirilməlidir. Adi vətəndaşların internet saytları vasitəsilə əlverişli şərtlərlə mal almasını əngəlləməkdənsə, onların üzə çıxarılması və vergiyə cəlb olunması daha məqsədəuyğun olardı", - deyə O.Gündüz "R+"a açıqlamasında bildirib.

Rabitə və yüksək texnologiyalar nazirinin məsləhətçisi Müşfiq Əmirov isə hələlik Azərbaycana xaricdən smartfonların gətirilməsinə qadağa qoyulmadığını bildirib. Bununla yanaşı, o, bu sahədə müəyyən dəyişikliklərin gözlənildiyini etiraf edir.

Yeri gəlmişkən, kommersiya poçt xidmətlərində də hələlik ölkəyə rüsumsuz gətirilən məhsulların qiymət limitinin dəyişmədiyini, həmin qiymətə uyğun məhsulların müştəriyə çatdırılmasında heç bir problemin olmadığını deyirlər. Amma bununla yanaşı, kommersiya poçtları sifariş olunmuş vitaminlərin, bioloji fəal əlavələrin, spirtli içkilərin sahibinə çatdırılmasında müəyyən ləngimələrin ola biləcəyini də etiraf edirlər.

İstənilən halda, bütün bu dəyişikliklər və yeniliklər hələ müzakirə mərhələsindədir və dəyişikliklər istər İnternet ictimaiyyətinin, istərsə də rəsmi dairələrin məsələyə birmənalı olmayan münasibətləri nəzərə alınmaqla tətbiq olunacaq. Məsələn, parlamentin iqtisadi siyasət komissiyasının üzvü Əli Məsimov hesab edir ki, Azərbaycanda e-ticarətin inkişafı üçün məhdudiyyətlər deyil, əksinə, bir sıra stimullaşdırıcı addımlar atılmalıdır.

E-ticarət sahəsində sahibkarlıq fəaliyyətinin vergi tənzimlənməsinə gəlincə, burada müəyyən qərarların qəbuluna həqiqətən də ehtiyac var. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu sahə vergitutma sahəsində bütün dünya üçün problemdir.

Elektron kommersiyanın xüsusiyyətlərini, ona universal nəzarət rçaqlarının olmadığını nəzərə alsaq, bu sahədə dünyanın öndə gedən dövlətləri belə, vergidən yayınmaları önləyə bilmirlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) tövsiyələrində də elektron kommersiya sahəsində vergitutmaya böyük diqqət ayrılır. Hələ 1998-ci ildə qurum elektron kommersiya sahəsində vergi tutmanın əsas prinsiplərini qəbul edib. Sonradan həmin prinsiplər bu sahə üçün tövsiyyələrin əsasını təşkil edib.

Müxtəlif ölkələrin qanunvericiləri elektron kommersiyada vergitutmaya eyni cür yanaşır: elektron ticarət çərçivəsində həyata keçirilən əməliyyatlara yeni vergi tətbiq etməyə ehtiyac yoxdur. Bunun əvəzində vergi hesablamaları və ödəmələri sahəsindəki mövcud qaydalar bu sahəyə də adaptasiya olunmalıdır. Bununla yanaşı, o da nəzərə alınır ki, malların İnternet vasitəsilə satışı onların reallaşdırılması üsullarından yalnız biridir və bu üzdən də elektron kommersiya ilə əlaqəli vergilər ümumi vergi kütləsinin içərisində əriyib gedir. Amma elektron kommersiya sahibkarlıq fəaliyyətinin digər növlərilə müqayisədə, vergitutma nöqteyi-nəzərindən ölkə daxilində öz xüsusiyyətlərinə malikdir. Çünki əksər hallarda bu işlə məşğul olan şirkətlərin vergiləri tam ödəyib-ödəmədiyini yoxlamaq çətin olur. Onların əksəriyyəti yerini tez-tez dəyişə, yaxud kənar şirkətlərin xidmətindən geniş şəkildə istifdə edə, bununla da az sayda işçiyə, kiçik ofisə sahib olmaqla, öz anbarları isə ümumiyyətlə olmadan fəaliyyət göstərə bilərlər. Bundan başqa, birqayda olaraq, elektron kommersiya ilə kiçik, yeni qeydiyyatdan keçmiş firmalar məşğul olur. Bütün bunlar İnternet vasitəsilə ticarətlə məşğul olan şirkətləri çətin vergi ödəyicilərinə çevirir. Yəni, onlara standart vergi tutma üsullarının tətbiqi çətin olur. Bütün bunlar onların ciddi şəkildə vergidən yayınmalarına şərait yaradır.

Vergilər naziri Fazil Məmmədov da "dünyada heç bir inkişaf etmiş vergi sisteminin bu sahəni tam əhatə edə bilmədiyini" söyləyib. Bu gün vacib olanı e-ticarətin imkanlarından vergidən yayınma məqsədilə istifadə edən şəxslərin tapılaraq üzə çıxarılmasıdır. "Bu şəxslər sahibkar olaraq, vergi xidmətlərində qeydiyyatdan keçməlidirlər. Onların illik gəliri 120 min manatı ötmürsə, onlar sadələşdirilmiş vergi sistemi üzrə vergi ödəyicisi olacaqlar. Bu isə kifayət qədər güzəştli və sərfəli şərtlər deməkdir", - deyə Vergilər Nazirliyindən "R+" jurnalına bildiriblər.

Bir sözlə, məşhur Azərbaycan məsəlində deyildiyi kimi, "bu xəmir hələ çox su aparacaq". Əsas odur ki, bişiriləcək "çörək" bütün maraqlı tərəflər üçün eyni dərəcədə dadlı olsun.


MƏSLƏHƏT GÖR:

685