13 Mart 2025

Cümə axşamı, 14:21

SƏUDİYYƏ MOTİVLƏRİ

Kral Salman ölkəsinin strateji iddialarını təsdiqləməlidir

Müəllif:

10.02.2015

Səudiyyə Krallığında vacib hadisələr yaşanır. Kral Abdullanın vəfatından sonra taxta onun qardaşı Salman ibn Abdul-Əziz Əl Səud çıxıb. Demək olar ki, heç kəs bununla əlaqədar olaraq, Ər-Riyadın daxili və xarici siyasətində ciddi dəyişikliklərin baş verəcəyini gözləmir. Amma Səudiyyə monarxiyasının vəziyyətinə ciddi təsir göstərə biləcək proseslər də yaşanmaqdadır. Bu proseslər, həm də ümumilikdə, Yaxın Şərqin geosiyasi simasını dəyişə bilər.

Səudiyyə Ərəbistanının yeni kralı hökumətin onun taxta çıxmasından sonra keçirilən ilk iclasında deyib: "Krallıq dövlətin əsasını qoymuş Kral Abdel Əziz ibn Əbd Abdurrəhman Əl Səudun kursundan dönməyəcək".

Əslində, Səudiyyə monarxiyasının qorunub-saxlanılmasının əsasını ötən əsrin 20-30-cu illərində yaradılmış krallığın ilkin kursundan imtina edilməməsi təşkil edirdi. Bu kurs isə hakim ailənin total nəzarətindən, islamın radikal qanadına sadiqlikdən, regional liderliyə iddiadan ibarətdir. Kral Salman da sələfləri kimi anlayır ki, sülalənin ötən onilliklərdə yürütdüyü siyasətə sadiqlik hakimiyyətin əldə saxlanılması üçün zəmanət olmasa da belə, bu işə çox mühüm köməkdir.

Bu, əlbəttə ki, kral ailəsinin, az qala, presedenti olmayan səxavət jestlərinin əhəmiyyətini inkar etmir. Yeni Kral Salman ibn Abdul-Əziz taxt-taca yiyələnməsi münasibətilə vətəndaşlarına ümumi dəyəri 30 milyard dollar olan pul mükafatının paylanılmasına göstəriş verib. Üstəlik, o, bocların silinməsi haqqında da qərar çıxarıb. Kral Salman hakimiyyətə gəlişi ilə bərabər, özünün başçılıq etdiyi Nazirlər Kabinetində bir sıra ciddi dəyişikliklərə də imza atıb. Taxt-tacın vəliəhdi şahzadə Mukrin ibn Abdel Əziz Əl Səud hökumət başçısının müavini, ikinci vəliəhd şahzadə Məhəmməd ibn Nayef isə baş nazirin ikinci müavini və daxili işlər naziri postlarını tutublar. Sonuncuya yeni yaradılmış qurum da həvalə edilib - Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Şura. Bundan başqa, yeni kralın gəlişi ilə ölkənin 9 nazirliyində rəhbər dəyişib. Onların arasında ədliyyə, səhiyyə, mədəniyyət və informasiya qurumları, İslam işləri üzrə nazirlik də var.

İndi yeni hökumət krallığın daxili həyatındakı bir sıra tendensiyalara, hətta çağırışlara adekvat cavab tapmalıdır. XXI əsrin ikinci rübü ötən əsrin eyni dövründən çox fərqlənir - o vaxtlar Səud sülaləsi daxildə hər hansı real müxalif əhval-ruhiyyə olmadan ölkəni istədiyi kimi idarə edir, neft monarxiyasının əsl "qızıl əsri"ni yaşayırdı. Son bir neçə onillikdə krallıqda nüfuzlu biznes-elita formalaşıb. O, öz maraqlarının nəzərə alınmasını tələb edir və bunun biznes-elitanın hakimiyyətə cəlbi, milli gəlirlərin bölüşdürülməsi ilə həyata keçirilməli olduğunu düşünür. Əhalinin bir hissəsi hakim sülalənin mühafizəkarlığından, onun apardığı dövlət siyasətindən narazılığını ifadə edir, Qərbə məxsus həyat tərzi üslubunda müəyyən dəyişikliklər istəyir. Aqressiv əhvallı klerikal radikallar isə Kral hakimiyyəti üçün xüsusi təhlükə yaradır. Onlar üçün "Əl-Qaidə" və "İslam dövləti" (İD) kimi təşkilatlar tərəfindən səsləndirilən "xilafət yaradılması" ideyası geridəqalmış monarxiya ilə müqayisədə daha cəlbedicidir. Hakim sülalə ultramühafizəkarların gözündə "iki müqəddəs məkanın (Məkkə və Mədinə) qoruyucusu" statusunu getdikcə itirir.

ABŞ və Qərbin sadiq müttəfiqi olan səudiyyəlilər çoxdan radikal islamın siyasi və maddi sponsorlarından biri kimi çıxış etsələr də, radikalların rəğbətini qazana bilməyiblər. Bu isə onlara gələcəkdə bir sıra ciddi problemlər vəd edir. Məsələn, məşhur İD-nin nüfuzunu genişləndirməsi Səudiyyə Ərəbistanı üçün əsl süqut təhlükəsi yaradır. Ər-Riyadda islamçıların əsas hədəfinin məhz Səudiyyə Ərəbistanı olduğunu anlayırlar. Onlar bilirlər ki, İD İraq və Suriyada həyata keçirdiyi planlı məhvetməni başa çatdıran kimi, diqqətini Səudiyyə Ərəbistanına yönəldə bilər.

Bununla yanaşı, Səudiyyə Ərəbistanını gözləyən bu qaranlıq perspektivin bütünlükdə regional geosiyasətə aidiyyəti var və Kral Salman məhz bütün bunların fonunda çalışmalı olacaq. Radikal islamçıların nüfuzlarını genişləndirməsi ilə yanaşı, şiə İranı amili də var - o, ənənəvi olaraq, Səudiyyə Ərəbistanının vəhhabi sülaləsinin rəqibidir. Son zamanlar Ər-Riyadın başı "İran təhlükəsi"nin artmasından çox ağrıyır. Üstəlik, səudiyyəlilər üçün yalnız İran deyil, Yəməndən Suriyaya, Livanın "Hizbullah" təşkilatınadək ərəb oxunu özündə birləşdirən "şiə ayparası"nın mövqeyi də başağrısına çevrilib.

Vaşinqtonun Tehranla razılığa gəlmək cəhdləri, İranın nüvə proqramı ilə bağlı beynəlxalq gərginliiyn azalması Səudiyyə Ərəbistanının Tehranın regional mövqeyinin güclənəcəyindən narahatlığını daha da artırır. Ər-Riyad məhz bu üzdən, heç olmasa, İranın əsas müttəfiqindən - Suriya prezidenti Bəşər Əsədin rejimindən mümkün qədər tez qurtulmağa çalışır. Bununla əlaqədar olaraq, ABŞ KİV-də yer almış və rəsmi Dəməşqin digər beynəlxalq dayağına da aidiyyəti olan bir informasiya kifayət qədər maraqlıdır. Söhbət Rusiyadan gedir. "The New York Times" yazır ki, Səudiyyə Ərəbistanı Rusiyanı Əsədi dəstəkləməkdən çəkindirməyə çalışır. Konkret olaraq söhbət Ər-Riyadın dünyanın neft bazarındakı hakim mövqeyindən istifadə etməklə, Rusiyanın "Suriya kursu"nu dəyişdirmək cəhdindən gedir. Guya Səudiyyə Ərəbistanı Moskvanın Bəşər Əsədi "satması" müqabilində neft hasilatını azaltmağa söz verir. 

Məlum olduğu kimi, bu, dünyada neftin qiymətinin artmasına səbəb ola bilər. Nəzərə alsaq ki, neftin ucuzlaşmasının fəsadları üzündən Rusiyada "hakimiyyət axsamağa başlayıb", o zaman Moskva üçün bu, çox yerinə düşərdi.

KİV Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysalın ötən ilin noyabrında Moskvaya səfəri zamanı da bu məsələnin müzakirə olunduğunu ehtimal edir. Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmin görüşdə bildirmişdi ki, neft bazarı "siyasi və geosiyasi məqsədlərlə həyata keçirilən konyuktur təsirlərdən xilas olmalıdır".

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında sözügedən sövdələşmənin Kral Abdullanın vəfatı ilə əlaqədar təşkil edilmiş matəm mərasimi çərçivəsində müzakirə olunduğu istisna deyil. Xatırladaq ki, matəm mərasimi zamanı Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nuyami ilə Rusiyanın enerji naziri Aleksandr Novak arasında görüş keçirilmişdi.

Moskva isə bu haqda deyilənləri birmənalı şəkildə təkzib edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən məlumatların "qəzetlərin uydurmasından başqa bir şey olmadığını" bildirib. Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Aleksey Puşkov isə "The New York Times" tərəfindən dərc olunmuş məqaləni "şayiə" adlandırıb. Onun fikrincə, "neft bazarı Səudiyyə Ərəbistanının bir nəfərə görə qiyməti 150 dollardan 50 dollara endirə biləcəyini etiraf edəcəyimiz qədər asan bazar deyil. Söhbət, güman ki, bu informasiya ilə spekulyasiya edilməsindən gedir".

Görünən odur ki, Amerika KİV-in yaydığı bu xəbər həqiqətən də dezinformasiyadır. Amma bununla yanaşı, bu xəbərlər Ər-Riyadın (məlum olduğu kimi, həm də Vaşinqtonun) Bəşər Əsədin mümkün qədər tez bir zamanda devrilməsində nə qədər maraqlı olduğunu təsdiqləyir. Bu, Moskvaya birbaşa və ya dolayısı ilə siqnalın göndərilməsi kimi də qiymətləndirilə bilər.

Daha bir diqqətçəkən məqam bu "şayiə"nin üzə çıxdığı andır. O, ötən ilin əvvəlində iflasa uğramış "Cenevrə-2" sülh konfransından sonra Suriya müxalifəti ilə hakimiyyət nümayəndələrinin ilk dəfə olaraq Moskvada keçirdikləri görüşlə, demək olar ki, eyni vaxtda ortaya atılıb. Üstəlik, müxalifətçilərin irəli sürdükləri tələblər arasında münaqişənin həlli şərtləri kimi, Əsədin dərhal istefaya getməsi tələbinə rast gəlinməyib.

Şübhəsiz, müxalifətçilərin mövqeyinə ölkə ərazisində İD adlı kabusun peyda olması öz təsirini göstərib. Bəs Səudiyyə Ərəbistanının özü üçün də təhlükə olan İD-nin mövqelərini gücləndirməsi onun Əsəd rejiminə qarşı yumşalmasına səbəb ola bilərmi? Bundan başqa, səudiyyəlilərin yeni kralının "neft kursu" necə olacaq? Ər-Riyad Rusiya da daxil olmaqla, Qərbin düşmənləri ilə mübarizədə Vaşinqtonun sözəbaxan silahına çevriləcəkmi?

Səudiyyə Ərəbistanında yeni kralın taxta çıxması kontekstində Britaniyanın "Guardian" qəzetinin bir xatırlatması da kifayət qədər maraqlı təsir bağışlayır. Qəzet xatırladır ki, ötən əsrin 80-ci illərində amerikalılar Ər-Riyadı dünya bazarlarına enerji resurslarının ixracını kəskin şəkildə azaltmağa razı salmışdılar. O zaman neftin qiymətinin 4 dəfədən artıq ucuzlaşması Sovet İttifaqının iqtisadiyyatını laxlatmışdı. Müasir dövrün intriqası da buradan meydana çıxır: "Qərb Rusiya lideri Vladimir Putinə zərbə vurmaq istəyirsə, Səudiyyə Ərəbistanı bu çirkin işi görə bilərmi?".

Başqa sözlə, Səudiyyə Ərəbistanında yeni kralın taxta çıxması ilə əsas sual bundan ibarətdir: Ər-Riyad yalnız Rusiya və İranın deyil, digər nüfuzlu neft fövqəldövlətlərinin də, məsələn, Venesuelanın maraqlarına uyğun olaraq, "qara qızıl"ın qiymətinin artırılmasına qərar verəcəkmi? İstənilən halda, Kral Salman yalnız Yaxın Şərqdə deyil, bütünlükdə islam dünyasında liderliyə iddia edən ölkəsinin strateji iddialarını ya təsdiqləməli, ya da ona dəyişikliklər etməli olacaq.



MƏSLƏHƏT GÖR:

747