14 Mart 2025

Cümə, 21:42

SİYASİ DON KİXOTLAR

İspaniyada yunan SİRİZA-sının analoqu populyarlığını artırır

Müəllif:

10.02.2015

Avropada KİV tərəfindən "gözlənilməz", ekspertlərin cəmiyyət üçün "tam sürpriz" kimi qiymətləndirdiyi siyasi qüvvə formalaşmaqdadır. Amma əslində o, deyildiyi kimi, "gözlənilməz", "sürpriz" deyil. Çünki bütün baş verənlərin tamamilə məntiqi səbəb və nəticə zənciri var. Ola bilsin, sadəcə, bunu hər kəs etiraf etmək istəmir.

Fevralın əvvəlində İspaniyada müxtəlif hesablamalara görə, 100-300 min sakin Madridin mərkəzinə toplaşaraq, "Dəyişikliklər uğrunda marş" keçirib. Onlar bu yolla "Podemos" ("Biz bacararıq") partiyasına dəstək nümayiş etdiriblər. Aksiyada iştirak etmək üçün ölkənin, demək olar ki, bütün regionlarından paytaxta insanlar axışıb. Onların arasında istər yaşlı nəslin nümayəndələrinə, istər gənclərə rast gəlmək mümkün idi. Nümayiş iştirakçıları əllərində "Vahid xalq məğlubedilməzdir!", "Biz tarixi dəyişə bilərik!" kimi şüarların yazıldığı plakatlar tutublar. "Podemos" partiyasının lideri Pablo İqlesias nümayişçilər qarısındakı çıxışında poetik bir fikir işlədib: "Avropada dəyişikliklər küləyi əsir". Amma onun ədəbi müqayisəsi bununla bitməyib. "Bu gün "Podemos" xalqını qorumağa çalışan siyasi Don Kixotdur. Ölkəmizdə bu cəngavər çoxdan çatışmırdı və nəhayət, o, peyda olub. Bu gün buraya gücümüzü, birliyimizin və əzmimizi nümayiş etdirmək üçün toplaşmışıq... Bizim şansımız var. Bizim rəmzimiz var. 1808-ci il mayın 2-ni yadınıza salın. O zaman fransız yürüşünə qarşı mübarizəyə kimlər qalxmışdı? Nə krallar, nə generallar. Ayağa qalxan Madrid əhalisi idi. Bu tarixi nümunə bu gün bizimlədir. Xalqımız müasir hökmdarların vicdansızlığına, qorxaqlığına son qoyacaq", - deyə İqlesias bildirib.

Solçu "Podemos" partiyası siyasi meydana cəmi 1 il əvvəl çıxıb. Lakin bu müddət ərzində o, əhali arasında inanılmaz populyarlıq qazanıb və hətta 2014-cü ilin mayında Avropa Parlamentinə keçirilən seçkidə 5 yerə sahib çıxıb. "El Pais" yazır ki, 3 ay əvvəl aparılmış sosioloji araşdırma seçicilərin 27%-nin məhz bu partiyanı dəstəklədiyini göstərib. Sosialistləri 25,5, hakim Xalq Partiyasını isə 20% seçici dəstəkləyir. Partiya ən çox Madriddə, Basklar ölkəsində və Navarrada populyardır. Politoloqların fikrincə, "Podemos" tərəfdarlarının 2015-ci ilin noyabrında keçiriləcək parlament seçkisində qalib gəlmək şansları pis deyil. Amma seçkinin nəzərdə tutulduğu vaxtdan əvvəl keçiriləcəyi də istisna olunmur.

"Podemos"un lideri, 35 yaşlı Pablo İqlesias siyasi elmlər doktorudur. XIX-XX əsrlərdə xaricdə yaşamış, hələ də mövcud olan Həmkarlar Birliyinin və Sosialist Fəhlə Partiyasının yaradıcısı olmuş məşhur ispan marksisin adaşı olan İqlesiası xalq sevir. O, bu populyarlıqdan istifadə etməyi bacarır, bunun üçün televiziya və internet imkanlarından lazımınca yararlanır. Yeri gəlmişkən, İqlesias mətbuata İspaniyanın o qədər də məşhur olmayan telekanallarında keçirilən tok-şoular vasiləsilə çıxıb. O, İranın dövlət peyk telekanalı olan və Latın Amerikasında fəaliyyət göstərən Hispan TV telekanalının da verilişlərinə qatılıb. İqlesiası karıxdıran heç nə yoxdur - nə Avropanın ən qatı katolik ölkəsində ateist olması, nə Venesuela hökumətilə əlaqələri, nə də gözlənilən çətinliklər.

"Podemos" partiyası bu yaxınlarda Yunanıstanda keçirilmiş parlament seçkisinin qalibi olmuş SİRİZA ilə inanılmaz dərəcədə bənzər olmasaydı, onun sürətlə inkişaf edən siyasi "karyera"sı bəlkə də diqqətləri bir o qədər cəlb etməzdi. İndisə SİRİZA-nın ispan həmkarı da iqtisadi böhranın aradan qaldırılması üçün adi vətəndaşların sıxışdırılması siyasətilə mübarizə aparmaq, İspaniyada 1970-ci illərdən mövcud olan ikipartiyalı sistemə son qoymaq niyyətindədir. "Podemos" planlarını açıqlayan zaman açıq şəkildə bildirir ki, o, "la casta"dan qurtulmaq fikrindədir. Söhbət ölkə əhalisinin əksəriyyətinin necə yaşamalı olduğunu müəyyənləşdirən siyasi və işgüzar elitadan gedir. Məsələ ondadır ki, "Podemos" özünü sırf xalq partiyası kimi təqdim edir və bu üzdən də milliləşdirmə yolu ilə getmək, dəbdəbəyə vergi tətbiq etmək, pensiya yaşını azaltmaq, iş həftəsini qısaltmaq, ən başlıcası isə avropalı kreditorlarla münasibətlərə yenidən baxmaq fikrindədir.

Amma "Podemos"u, həmçinin SİRİZA-nı kommunistlərlə qarışdırmaq olmaz. Çünki istər "Podemos", istərsə də SİRİZA kapitalizm tərəfdarıdır. Sadəcə onlar bu kapitalizmə müəyyən "xalq" və "millətçi" dəyişikliklərin edilməsini vacib sayırlar. Yeri gəlmişkən, İspaniyada əsl kommunistlər populyarlıq baxımından "Podemos"dan 20% geri qalırlar.

Bəs nə baş verir? Axı bütün hesabatlar İspaniyanın sanki iqtisadi tənəzzülün öhdəsindən uğurla gəldiyini, Avropana ən sürətli inkişaf edən iqtisadiyyatlardan olduğunu göstərir. Ölkənin ÜDM-də də artım müşahidə olunmaqdadır. Amma xarici borc hələ də artmaqda davam edir və bunun səbəbi istehsalın azalması, bank sistemində yenidənqurmanın aparılması məqsədilə alınmış kreditlərdir. Kommunal xidməthaqları və səhiyyə sahəsində qiymətlər də hələ də yüksək səviyyədədir. İspaniyanın daşınmaz əmlak bazarında da ağır vəziyyət müşahidə olunur. Ən başlıcası isə, əhalinin təxminən 25%-i işsizdir (Aİ-də ən yüksək göstəricilərdən biri) və işsizlərin 56%-ni gənclər təşkil edir. Onların əksəriyyəti "ni-ni nəslinə" (La generacion Ni-Ni) aiddirlər. Yəni, sosial inkişafdan geri qalıblar - nə işləyirlər, nə oxuyurlar, demək, perspektivdə ölkə büdcəsi üçün ölü yükdən başqa bir şey olmayacaqlar. Odur ki, İspaniyada "hiddətlənmiş kütlə"nin nümayişləri artıq bir il deyil keçirilir və bu, heç də yalnız Madriddə baş vermir. Küçələrə çıxan insanların əsas tələblərisə eynidir - dövlətin sərt iqtisadi siyasətdən imtina etməsi, baş nazir Mariano Rahoy Breyin istefası, işsizliyə və korrupsiyaya son qoyulması. Amma bu tələblərlə küçələrə çıxan kütlənin hakimiyyətə gəlmək şansı kifayət qədər olan siyasi qüvvə ilə birləşməsi ilk dəfədir.

Bəzi müşahidəçilər "Podemos"in məşhur qəhrəman Servanteslə müqayisəsinə mənfi yanaşırlar. Məlum olduğu kimi, o, rifaha nail olmağa çalışsa da, yel dəyirmanı ilə savaşıb. Eyni fikirləri Yunanıstanda hakimiyyətə gəlmiş SİRİZA haqda da söyləyirlər - guya onlar populistlərdir, gözəl sözlər isə çarəsizliyə, yoxsulluğa əlac deyil. Bəzi ekspertlərin fikrincə, İqlesiasın bütün fikirləri simpatiya ilə qarşılansa da, onun vədlərini həyata keçirmək üçün vəsaiti haradan alacağı bəlli deyil. İspaniyanın yunan ssenarisinin təkrarlanma şansları haqda danışan baş nazir Rahoy bildirib ki, "bəyanat vermək çox asan olsa da, dövlətin idarə olunması kifayət qədər çətin məsələdir". Amma indiki hakimiyyət də ən azı xalqın gözündə o qədər də yaxşı işlər görə bilmir. Baş nazir 2011-ci ilin əvvəlindən etibarən, populyarlığını sürətlə itirir. Artıq o, seçicilərinin yarıdan çoxunun səsini itirib. Buna ard-arda baş vermiş korrupsiya qalmaqalları da yol açıb.

"Podemos"un keçmişi isə SİRİZA-nın olduğu kimi, təmizdir. Üstəlik, onlar Avropanın daha ədalətli şəkildə yenidən qurulmasına çalışdıqlarını bildirirlər. Bəs yeni yaranmış bu partiyaların siyasi Olimpin ağırçəkililərini belə asanlıqla geridə qoymaları yalnız bununlamı bağlıdır? Bu sualın cavabında əsas məqam Yunanıstanda qələbə qazanmış SİRİZA-nın kiminlə koalisiya yaratmasındadır. Söhbət "Müstəqil yunanlar" partiyasından olan millətçilərdən gedir.

Məsələ ondadır ki, qazandığı uğurlardan sanki süstəşmiş Avropa sistem partiyalarına ümid edərək həddindən artıq arxayınlaşıb. Söhbət ənənəvi, hər kəsin yaxşı bildiyi mərkəzçi "sağçı" və mərkəzçi "solçu" partiyalardan gedir. Birincilər hər zaman mühafizəkar ideyalardan danışıb, hakim mövqedə olan sosial sinfin maraqlarını ifadə edib, şəxsi mülkiyyətin qorunması və s. kimi məsələlərə üstünlük verib. İkincilər isə sosial-demokrat ideallardan, sosial bərabərliyin vacibliyindən danışıblar. Amma istənilən halda, sistem qüvvələri hər zaman aralarında razılığa gələ, sabitliyi təmin edə biliblər. Bundan başqa, onlar hər zaman birlikdə vahid Avropa uğrunda çalışıblar. Amma müxtəlif iqtisadiyyata malik dövlətlərin ümumi qonşuluğu sayəsində Qərbi Avropa ölkələrində hakim partiyalar və biznes-elita daha da varlanıb, onların özünəinamı artıb, orta sinfin nümayəndələrinin həyat səviyyəsisə geriləyib. Bunun səbəblərindən biri də işçi qüvvəsinin yenidən paylaşdırılması, konkret desək, daha yoxsul dövlətlərdən qastarbayterlərin axınıdır. Yeri gəlmişkən, onlar üz tutduqları ölkələrdə nəinki əməkhaqqı, üstəlik kifayət qədər ciddi müavinatlar da əldə ediblər. Yəni, neoliberalzm fəlsəfəsi çərçivəsindəki biznes arzuladığı satış bazarını əldə edib, orta sinif isə iş yerləri uğrunda ciddi rəqabətlə qarşılaşıb. 2008-ci ildə baş qaldırmış böhran isə vəziyyəti daha da ağırlaşdırıb. Cəmiyyətin adət etdiyimiz "varlılar" və "kasıblar"a deyil, "özümüzünkü" və "yad"lara bölündüyü bir vaxtda bərabərlik haqda şüarlar artıq başqa məna kəsb etməyə başlayıb. Odur ki, Avropa Parlamentinə keçirilən son seçkidə mühafizəkarların, sosial-demokratların və liberalların mövqelərini xeyli itirməsi heç bir kəsi təəccübləndirməyib. Hərçənd, onlar həm nəzarəti, həm də razılığa gəlmək bacarığını qoruyub saxlayıblar - onlar islahatların və sərt qənaət tədbirlərinin davam etdirilməsi məsələsində yekdil mövqedən çıxış edirlər.

Amma təbiətdə olduğu kimi, siyasətdə də vakuum olmur. Məhz bu məqamda səhnəyə qatı sağçılarla qatı solçular çıxdılar və onların da öz aralarında razılığa gələ bildiklərini hər kəs gördü. Yunanıstanda da elə bu baş verdi. Yeri gəlmişkən, bu, heç də birinci belə hal deyil. 2005-ci ildə iki müxtəlif cəbhəyə aid radikalların Avropa Konstitusiyasına qarşı necə birləşdiklərini hər kəs görüb.

Beləliklə, Avropada "yunanlaşma"nın baş verəcəyini, Yunanıstanın ardınca İspaniya, Portuqaliya, İtaliya və hətta bəlkə də Fransada eyni hadisələrin təkrarlanacağını düşünənlər nəzərə almalıdırlar ki, "Avropa baharı"nda 2 qüvvə olacaq. Elə Fransanın özündə sağçı radikalların populyarlığı sürətlə artmaqdadır. Söhbət Marin Le Penin liderlik etdiyi "Milli cəbhə"dən gedir. O, Yunanıstanda SİRİZA-nın qələbə qazanmasını alqışlayıb, Brüssel tərəfindən həyata keçirilən sərt iqtisadi tədbirləri və nəzarətisə çoxdan tənqid edir.

Bənzər vəziyyət İtaliyada da müşahidə olunmaqdadır. Burada populist sağçı "Şimal Liqası"nın tərəfdarları elə Le Penin özünə də böyük simpatiya bəsləyirlər. "Eurispes" institutu tərəfindən aparılmış araşdırma göstərib ki, hazırda İtaliya sakinlərinin 55,5%-i ölkənin avrozonanı tərk etməli olduğunu düşünür.

Bu arada Böyük Britaniyada qatı sağçı Müstəqillik Partiyası tədricən dirçəlməkdədir. Proqnozlara görə, o, ölkədə bu il keçiriləcək parlament seçkisində üçüncü, hətta ikinci yeri tuta bilər. Bənzər tendensiyaları Macarıstanda, Finlandiyada, İrlandiyada da hiss etmək mümkündür.

Bir sözlə, Köhnə Dünyada siyasi mənzərənin dəyişməkdə olduğu göz qarşısındadır. Bu, artıq faktdır. Sual ondadır ki, bütün bu dəyişikliklər hansı nəticələrə aparıb çıxaracaq - müasir Avropa quruculuğunda yeni formaya, yoxsa Aİ-nin dağılmasına? Nə qədər ki, ittifaq keditorlara və borclulara bölünüb, "dağılma" ssenarisi o qədər də qeyri-real təsir bağışlamır.



MƏSLƏHƏT GÖR:

769