14 Mart 2025

Cümə, 20:51

QƏRƏZSİZ SANKSİYALAR

Azərbaycan bir daha bütün addımlarında yalnız milli maraqları əsas götürdüyünü təsdiqlədi

Müəllif:

10.02.2015

Ukraynada yaşananlar beynəlxalq münasibətlər və hüquq sistemindəki böhranın ən parlaq göstəricisi sayıla bilər. Bu hadisələr zamanı dünyanın aparıcı fövqəldövlətlərinin suverenlik və ərazi bütövlüyü ilə bağlı eyni problemlərə müxtəlif yanaşma ortaya qoyduqları bir daha üzə çıxıb. Rusiyanı Krımı özünə birləşdirdiyi və Donbasda separatçılara dəstək verdiyi üçün pisləyən və ona vahid şəkildə sanksiyalar tətbiq edən Qərb dövlətləri 20 ildir, Azərbaycan ərazilərinin beşdəbirinin işğal olunduğunu sanki görmür, eyni sanksiyaları işğalçı Ermənistana da tətbiq etməkdən boyun qaçırır. Son 20 ildə Azərbaycanın xarici siyasətini xarakterizə edən tarazlaşdırılmış sistem respublikaya bu cür ədalətsiz yanaşmalara tab gətirməyə imkan verdiyi halda, məşhur ikili standartlar siyasəti, ilk növbədə, Qərbin özünün regiondakı mövqelərinə güclü zərbə vurur.

Ötən həftə Amerikanın nüfuzlu "The Washington Times" qəzetinin idarə heyəti Vaşinqtonda Azərbaycan-Amerika münasibətlərinə dair konfrans təşkil edib. Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri amerikalı həmkarlarına açıq şəkildə xəbərdarlıq edərək, ABŞ-ın postsovet məkanındakı qeyri-ardıcıl siyasətinin nələrə aparıb çıxara biləcəyini açıqlayıblar. Qərb fövqəldövlətləri ikili standartlardan çıxış edərək, Krımı özünə birləşdirən Rusiyaya sanksiyalar tətbiq edir, Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı isə heç bir tədbir görülmür. Bunu tədbirdə iştirak edən Milli Məclisin deputatı, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

"Təəssüf ki, Amerika bu gün strateji baxımdan regionda əvvəlkindən daha az dosta malikdir. Biz məhz buna görə istəyirik ki, regiona daha çox diqqət ayrılsın. ABŞ Avrasiyaya münasibətdə dəqiq və uzunmüddətli geosiyasi strategiya müəyyənləşdirməlidir", - deyə S. Seyidov qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq hüququn bərpası dünyada sabitliyin bərpasına kömək edəcək: "Biz beynəlxalq hüququ pozanların hər birinə qarşı eyni tələblər irəli sürməli, bu işdə Rusiya ilə Ermənistan arasında fərq qoymamalıyıq".

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə hesab edir ki, problemləri ümumi strategiya olmadan, Vaşinqtonun regiondakı daha az əhəmiyyətli problemləri çözməyə çalışması əbəsdir. "İmmunitetiniz yoxdursa, qızılcaya və ya hər hansı digər xəstəliyə tutulacaqsınız. Bu strateji perspektiv immun sistemidir. O yoxdursa, bu cür xırda şeylər meydana çıxır", - deyə diplomat bildirib.

"Faktik olaraq, Azərbaycan ABŞ prezidenti Barak Obama administrasiyasını Avrasiyada daha dəqiq, uzunmüddətli geosiyasi strategiya müəyyənləşdirməyə çağırıb, Vaşinqtona bu regiondakı nüfuzunu itirə biləcəyinə dair xəbərdarlıq edib", - deyə "The Washington Times" tədbirdən sonra gəldiyi qənaəti ifadə edib.

Qərbin, ilk növbədə, ABŞ-ın postsovet məkanında məntiqsiz siyasət yürütdüyünü daha aydın şəkildə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov dilə gətirib. Rusiyanın "Lenta.ru" nəşrinə müsahibəsində o, Qərbi postsovet məkanındakı bənzər problemlərə ikili standartlardan yanaşmaqda günahlandırıb. Amma Qərb strateqlərinin diqqətini çəkən əsas məqam, yəqin ki, N.Məmmədovun iki tezisi olub: "ABŞ Dağlıq Qarabağdakı separatçı rejimi maliyyələşdirir, Ukraynadakı separatçıları isə "terrorçu" hesab edir" və "Rusiya bizim strateji tərəfdaşımızdır". N. Məmmədov bildirib ki, Bakının xarici əlaqələrini qurması zamanı əsas götürdüyü prinsip Dağlıq Qarabağ münaqişəsinə münasibətdir.

Prezident Administrasiyasının rəsmisi Bakının beynəlxalq münasibətlərini bərabərhüquqlu, qarşılıqlı səmərəli əsaslarla qurduğunu söyləyib, bu məsələdə Qərbin, həmçinin ABŞ-ın istisna təşkil etmədiyini vurğulayıb. Azərbaycanın mövqeyində ikili standartlar yoxdur, ölkə ardıcıl dialoqa, qarşılıqlı səmərəli əməkdaşlığa, bir-birinin daxili işlərinə qarışmamağa tərəfdardır.

Yeri gəlmişkən, bütün bunların fonunda Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişşenkonun iddiaları aşkar anlaşılmazlıq yaradıb. O, Azərbaycanın bu yaxınlarda AŞPA-da keçirilmiş səsvermə zamanı Rusiyaya qarşı sanksiyaların tətbiqinin əleyhinə çıxmasına etirazını bildirib. Səfirin Bakını Ukrayna böhranına münasibətdə ardıcıl siyaçət yürütməməkdə təqsirləndirməsinin izahı yoxdur. Separatçılıqdan əziyyət çəkən Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə prinsipial dəstək verir və Ukrayna ilə bağlı da eyni mövqeyi ortaya qoyub. Azərbaycanın AŞPA-da necə səs verdiyinə gəlincə, onun bu prinsipial dəstəyə heç bir aidiyyəti yoxdur. Əvəzində, bu mövqenin separatçılıqla bağlı eyni problemə fərqli yanaşan Qərbin ikili standartlar siyasətinə birbaşa dəxli var. Məntiq də beynəlxalq hüququn normaları kimi, çox sadədir. Əgər Rusiya təcavüzkar, Ukraynanın ərazi bütövlüyünü pozmuş dövlət sayılırsa, bu üzdən ona qarşı bütün mümkün sanksiyalar tətbiq edilirsə, nədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş Ermənistan eyni aqibəti yaşamır? Üstəlik, beynəlxalq təşkilatların Ermənistanın təcavüzkarlığını təsdiqləyən çox sayda sənədləri var və onlardan ən önəmlisi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrdir.

Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycan nümayəndə heyətinə ünvanlanmış tənqidlərdən sonra bildirib ki, rəsmi Bakı Rusiyanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsinə qarşı çıxması ilə Ukraynanın ərazi bütövlüyünə qarşı çıxmayıb. O, sadəcə, dialoqu dəstəklədiyini göstərib.

Spikerin sözlərinə görə, rəsmi Bakı bütün hallarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək: "Biz, sadəcə, sanksiyalara qoşulmuruq və onlara qarşı çıxırıq. Deyirlər, guya Azərbaycan işğalçını dəstəkləyir, ona haqq qazandırır və sair. Xeyr! Bu, qətiyyən belə deyil. Biz sanksiyaların əvəzində dialoq tərəfdarıyıq. Necə ki, Avropa Dağlıq Qarabağ məsələsində Ermənistana sanksiyalar tətbiq etməkdənsə, yalnız dialoq təklif edir. Biz də onlara öz variantlarını təklif edirik. Bu, bizim Ukraynaya qarşı mənfi münasibətdə olduğumuzu göstərmir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü bütün mənalarda dəstəkləyir".

Beləliklə, Ukraynanın Azərbaycandakı səfiri də, digərləri də Bakını başqalarının istəyinə uyğun davranmamaqda günahlandıra bilərlər. Həqiqətdə isə Azərbaycan bütün addımlarında yalnız milli maraqları əsas götürdüyünü bir daha nümayiş etdirib. Bakı hər kəsə göstərib ki, bundan sonra da beynəlxalq tərəfdaşlarla münasibətlər onların respublikanın əsas probleminə - ərazi bütövlüyünün pozulmasına münasibətindən asılı olaraq urulacaq.

Qayıdaq Azərbaycan-Amerika münasibətlərinə. Postsovet məkanı üzrə amerikalı ekspert Ueyn Meri bu günlərdə verdiyi açıqlamada deyib: "Azərbaycanın ABŞ üçün strateji əhəmiyyəti azalır və rəsmi Bakı Vaşinqtonla münasibətlərin inkişaf etdirilməsinə xüsusi maraq göstərmir". Nüfuzlu amerikalı analitikin bu fikri ilə yalnız qismən razılaşmaq olar. Obama administrasiyası üçün Azərbaycanın strateji əhəmiyyətinin azaldığı göz qarşısındadır. Amma bu məsələdə günahkar qətiyyən Bakı deyil. Azərbaycan diasporunun fəallarından biri, ABŞ-ın siyasi sistemi haqqında ətraflı məlumata malik olan Adil Bağırov burada istər obyektiv (Əfqanıstandan çıxma, İranla münasibətlərdə müəyyən irəliləyiş), istərsə də subyektiv (Obama, Bayden, Kerri heç zaman Azərbaycana və ümumilikdə, türk dünyasına yaxın şəxslər olmayıblar) amillər görür. "Bu vəziyyət, güman ki, 2017-ci ilin əvvəlində, Ağ Evə yeni rəhbərin gəldiyi vaxt dəyişəcək. O zaman Azərbaycanın strateji əhəmiyyəti artacaq, Ermənistanın emosional əhəmiyyəti isə azalacaq", - deyə A. Bağırov qeyd edib.

Hər halda, Azərbaycan ABŞ-a Avrasiyadakı oxşar problemlərə fərqli yanaşmasını davam etdirəcəyi təqdirdə, regiondakı nüfuzunu itirəcəyinə dair xəbərdarlıq edib.

Yaranmış vəziyyətdən isə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə olan Rusiya yararlanır. Qərbin sanksiyaları ilə üzləşmiş Moskvanın Cənubi Qafqaz siyasətində Bakını qane edəcək dəyişikliklərə gedəcəyi istisna deyil. Odur ki, U. Merinin qeyd etdiyi kimi, yaranmış vəziyyətdən Bakı yox, Vaşinqton nəticə çıxarmalıdır. Hər halda, Birləşmiş Ştatlar, yəqin ki, Avrasiyadakı əsas layihələrinin kəsişdiyi başlıca nöqtə olan Azərbaycanla əməkdaşlıqdakı maraqlarını qurban vermək istəməz.



MƏSLƏHƏT GÖR:

750