Müəllif: Zərifə BABAYEVA Bakı
Siqaret çəkmək zərərlidir! Bunu hətta uşaqlar da bilir. Amma insanlar siqaret çəkməkdə davam edirlər. Ən çox ona görə ki, siqaretlə bağlı xəstəliklər və təhlükələr dərhal özünü büruzə vermir. Hər bir siqaret çəkən də yanlış olaraq bu xəstəliklərin ona toxunmaycağını düşünür, bugünü ilə yaşayaraq hesab edir ki, bütün həyat hələ qabaqdadır və o, istədiyi vaxt siqareti ata bilər. Amma 10-20 ildən sonra xəstəliyin özünü göstərməsi qaçılmazdır.
"Bəlkə də məndən yan keçəcək", "kimi desən xəstəlik tuta bilər, amma məni yox" kimi yanaşmalar həddindən təhlükəli həyat kredosudur. Amma qurtuluş yoxdur və siqaret çəkməyin qiyməti sonradan çox baha başa gəlir. Bəllidir ki, siqaret çəkənlər arasında ölüm və xəstəlik göstəriciləri yüksəkdir. Bu həm qadınlar, həm də kişilər arasında müşahidə olunur. Amma bir çox ölkələrdə siqaret çəkənlərin sayı artmaqda davam edir. Özü də daha çox qadın və uşaqların hesabına, Azərbaycan da bu mənada istisna deyil. Bu gün 31 May ümumdünya siqaretlə mübarizə günü ərəfəsində, biz bir daha siqaretin təhlükəsi barədə xatırlatmağı özümüzə borc bilirik. Əgər bu yazını oxuduqdan sonra, heç olmazsa, bircə nəfər siqareti atacaqsa, biz öz borcumuzu yerinə yetirilmiş sayacağıq.
Dövlət Proqramı və razılaşdırılmış mexanizm
Ekspertlər hesab edirlər ki, Azərbaycanda tütünə meyilli insanlar həm də ona görə artır ki, bizdə siqaretə qarşı sistemli mübarizə yoxdur. Bu mövzuya həsr edilmiş müxtəlif tədbirlər isə epizodik xarakterlidir və ya sadəcə, növbəti kampaniyadır. Əgər belə davam edərsə, siqaret çəkənlərin sayının artması durmadan davam edəcək.
Milli Məclisin deputatı, parlamentin sosial məsələlər üzrə komissiyasının başçısı Hadı Rəcəbli "Region plus"la söhbətində bildirib ki, insanı tütünə bağlılıqdan xilas etmək çox çətindir. Buna görə də hələ siqaretlə tanışlığı olmamışları, yəni siqaret çəkməyənləri, xüsusilə də uşaqlar daha ciddi qorumaq lazımdır. Bunun üçün siqaret çəkməyə qarşı yönəlmiş qanunları sərtləşdirmək, müxtəlif sosial aksiyalar keçirmək zəruridir. "Bizim əlimizdən nə gəlir? Tütün məhsullarından vergi tutulmasını sərtləşdirmək. Bundan başqa, siqaretlər tibb, idman və tədris müəssisələrindən uzaqda olan xüsusi mağazalarda satılmalı, Səhiyyə Nazirliyinin yanında isə uyğun əlaqələndirmə mərkəzi yaradılmalıdır. Təəssüf ki, Azərbaycanda həddi-büluğa çatmamışlara tütün məhsullarının satışına qadağan qoyulsa da, uşaqlara hələ də siqaret satırlar".
Millət vəkilinin fikrincə, bizdə siqaretə qarşı profilaktikanın lazımi effekt verməməsinin bir səbəbi var: məsələnin məğzinin anlaşılması zamanı psixofizioloji cəhətlər nəzərə alınmır.
Əgər siqaretə zərərli vərdiş kimi yanaşılarsa, onda onun aradan qaldırılması üçün yalnız müalicə yetərli deyil, həm də insanların sağlam həyat tərzi vərdişlərinə öyrədilməsi də tələb edilir. Bu, siqaret çəkən adamın düşüncə, davranış və şüur stereotiplərini dağıda bilər.
Qanunvericilik bazasında olan boşluqlara gəldikdə isə, ölkədə "Tütün və tütün məhsulları haqqında" qanun layihəsi qüvvədədir, amma İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər indiyə kimi daxil edilməyib. Bunun nəticəsi kimi Dövlət Proqramı, siqaret çəkməyə qarşı mübarizənin razılaşdırılmış mexanizmi və müvafiq maliyyələşdirmə yoxdur.
Hazırda Milli Məclisin və parlamentin sosial siyasət komissiyasının qarşısında duran təxirəsalınmaz məsələ "Siqaret çəkməyin məhdudlaşdırılması haqqında" qanun layihəsinin qəbul edilməsidir. Yaxın zamanlarda deputatlar bunu etmək niyyətindədirlər. Sənəd siqaret çəkməyə qarşı mübarizənin tibbi, psixoloji, təhsil, sosial aspektlərini əhatə edir. Ancaq sənədin ən önəmli məqamı ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsidir.
"Qanun layihəsi 12 bölmədən ibarətdir və o artıq maraqlı nazirlik və idarələrlə razılaşdırılıb. Orada konkret olaraq siqaret çəkməyin qadağan olunduğu yerlər göstərilib. Bunlar dəniz vağzalları, aeroportlar, avtobus stansiyaları və vağzallar, beynəlxalq marşrutlar, bütün növ ictimai nəqliyyat, kinoteatrlar, idman yarışları, konsert zalları, tibbi və tədris müəssisələri, ofislər (yalnız xüsusi ayrılmış yerlərdə çəkməyə icazə verilir - müəllif), restoranlar, kafelər, şadlıq evləri və s.-dir. Bununla yanaşı, qanun layihəsində siqaret əleyhinə təbliğat barədə də bənd var. Bütün radio və televiziya kanallarına ayda, ən azı, 90 dəqiqə tütünə bağlılığın və siqaret çəkməyin zərərləri barədə maarifçilik verilişləri nümayiş etdirmək tapşırılacaq. Kanallar öz efir cədvəllərinə siqaretin insan sağlamlığına hansı zərərləri vurması barədə sosial reklamlar daxil edəcəklər. Bədii və sənədli filmlərdə isə siqaret çəkilməsi ilə bağlı epizodların göstərilməsinə qadağan qoyulacaq", - deyə millət vəkili vurğulayır.
İşlənmiş qanun layihəsinin başqa üstünlüyü isə onunla bağlıdır ki, siqareti tərgitmək istəyən insanlar dövlət səhiyyə müəssisələrində pulsuz məsləhət və psixoloji yardım ala biləcəklər. Bununla yanaşı, qanun layihəsinin yerinə yetirilməsi üzərində hansı qurumların nəzarət edəcəyi və ictimai yerlərdə siqaret çəkmək yasağını pozmuş insanlara qarşı hansı cərimə sanksiyaları tətbiq ediləcəyi barədə məsələlər hələ də açıq qalır.
Hadı Rəcəblinin sözlərinə görə, bir sıra ölkələrdə sözügedən məsələlərə ya polis, ya da vergi qurumları nəzarət edir. "Bizdə isə bu məsələyə Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları qoşula bilərlər. Artıq bu barədə danışıqlar aparılır. Cərimə sanksiyalarının ölçüsünə gəldikdə isə Avropa ölkələrində ictimai yerlərdə siqaret çəkmək yasağının pozulmasına görə cərimə 50-300 avro arasında dəyişir, Türkiyədə isə 69 lirədir. Düşünürəm, bizim şəraitdə 50 manat yetərlidir. Hüquqi şəxslərə qarşı isə 200 manat uyğundur. Ancaq bunlar yalnız niyyət və qanun layihəsini hazırlamış işçi qrupun fikridir. Düşünürəm, bu profilaktiki tədbirlərin gücləndirilməsi Azərbaycan uşaqlarının və yeniyetmələrin də ətrafında "tüstüsüz mühit" yaratmağa imkan verəcək", - deyə Rəcəbli düşünür.
Bir daha zərər haqqında
Müxtəlif qadağalara və qanunvericilik aktlarına baxmayaraq, planetdə siqaret çəkən insanların sayı azalmaq bilmir. Bir sıra psixoloqların fikrincə, müxtəlif qadağalar uşaqlar və yeniyetmələr arasında yalnız bu sayaq neqativ hallara qarşı aludəçiliyə həvəsi daha da artırmış olur. Amma hələ ki onlar siqaretə başlamamış siqaret çəkməyin zərərləri haqqında növbəti dəlilləri sadalayaq.
Siqaret çəkməyə başlayan insan könüllü şəkildə özünü xroniki zəhərlənməyə məruz qoyur, bunun nəticəsində onda yavaş-yavaş onlarca xəstəlik inkişaf edir, onların sırasında 10-u miokard infarktı, insult, ayaqların qanqrenası, arterial hipertenziya, ağ ciyər və qırtlaq xərçəngi, pnevmoskleroz, xroniki ağ ciyər çatışmazlığı, impotensiya ən təhlükəlisi sayılır.
Siqaret çəkənlər yalnız özlərinə zərər vurmurlar, onlar ətrafdakıların, özü də yaxınlarının və uşaqlarının da sağlamlığına fəlakət gətirirlər. Dəqiq müəyyən edilib ki, "passiv siqaret çəkmə" adlandırılan bu hal, siqaretçəkmənin özü qədər təhlükəlidir. Siqaret çəkən hamilə qadın bilməlidir ki, o, övladını xəstəliyə düçar edir və onun ömrünü 10-20 il azaldır! Siqaret çəkən adamın orta ömrü siqaret çəkməyən yaşıdından 12 il qısadır.
Siz siqaret tüstüsünü içəri alarəkən o, ağızdan və boğazdan keçərək ağ ciyərlərə daxil olur. Tüstüdə 4 min kimyəvi maddə olur: onların sırasında formaldehid, benzol, mərgümüş və s. kimi xərçəngə səbəb olan yüksək toksik maddələri də göstərmək olar. Bu maddələr orqanizmin toxumları ilə kontakt zamanı qarşılıqlı təsirə girir. Tüstü ağ ciyərlərə çatanda qatran kimi onun divarlarına hopur. Kimyəvi maddələrin böyük miqdarı isə ağ ciyərlər vasitəsilə qana keçir. Avtomobilin tüstüboğanında olana oxşar karbon oksid qanda oksigenin bir qismini əvəz edir. Bu isə toxumalarda, o cümlədən, beyində oksigen çatışmazlığına səbəb olur.
Qana daxil olan kimyəvi maddələrdən biri nikotindir. Onun mütəmadi istifadəsi nikotin asılılığına gətirir. Nikotin tütündə (2%-ə qədər) və bir sıra başqa bitkilərdə olan alkoloiddir. Siqaret çəkən zaman o, orqanizmə sorulur. Aşağı dozalarda nikotin əsəb sisteminə oyadıcı təsir göstərir, böyük dozalarda isə onun iflicinə, nəfəs tıxanmasına, ürək fəaliyyətinin dayanmasına səbəb olur. Siqaret çəkilməsi zamanı nikotinin kiçik dozalarla dəfələrlə udulması nikotinizmə gətirir. Nikotin-sulfat kənd təsərrüfatı bitkiləri ziyanvericilərinə qarşı mübarizə üçün istifadə edilir. Ona görə də dünyanın müxtəlif ölkələrində, o cümlədən, Azərbaycanda qanunvericilərin siqaretçəkmənin qarşısının alınması, ya da ki ən azından, məhdudlaşdırılması ilə bağlı mübarizəsinin kəskinliyi başa düşüləndir.
Siqareti necə atmalı?
Geniş yayılmış fikir olmasına baxmayaraq, siqaretlər narkotik maddə deyil. Demək olar ki, istənilən psixi sağlam insan bu fəlakətli vərdişi tərgidə bilər. Ən çətini siqaretsiz keçən ilk gündür. Əlləriniz sizə mane olacaq, siz daim yatmaq istəyəcəksiniz və əhəmiyyətsiz hər şeyə çox tez əsəbiləşəcəksiniz. Nikotin asılılığı alkoqol və narkotik asılılığından fərqli olaraq, neçə il siqaret çəkilməsinə baxmayaraq xeyli zəifdir. Psixoloqların fikrincə, əgər siz 24 saatı siqaretsiz keçirə bilirsinizsə, deməli, o daha sizə lazım gəlməyəcək. Ertəsi gün sizi siqaretə meyilləndirən səbəblər arasında nikotin asılılığına rast gəlinməyəcək. İndi siz bunun nəyinizə lazım olması barədə düşünməlisiniz. Ələ siqaretgötürmə stimulu ən müxtəlif cür ola bilər: kampaniya xatirinə, "siqaret çəkən" kollektivə qoşulmaq istəyi ilə, adət üzrə, effektli görkəm almaq xatirinə, boşluqdan, əsəbdən və s.-dən siqaret çəkə bilərsiniz. Hər dəfə əlinizi siqaretə atmaq istəyəndə özünüzdən vicdanla soruşun: "Bu mənim nəyimə lazımdır?". Cavab verəndən sonra əsəbinizi keçirmək, dincəlmək və ya vaxt öldürmək üçün daha təhlükəsiz üsul tapın.
MƏSLƏHƏT GÖR: