24 Noyabr 2024

Bazar, 18:13

BİRDƏFƏLİK

Azərbaycanda irimiqyaslı təbii fəlakətlər baş verir: hökumət gələcəkdə bu cür kataklizmlərdən qorunmaq üçün kompleks fəaliyyət planı hazırlayır

Müəllif:

15.05.2010

Azərbaycanda belə irimiqyaslı təbii fəlakət çoxdan olmamışdı. Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə Azərbaycanın 40-dan çox rayonu daşqınlarla üz-üzə  qaldı, 20 mindən çox evi su basdı, 300-dən çox mənzil uçdu və 2 min isə ev qəzalı vəziyyətə düşdü. Su 50 min hektar əkin və otlaq sahəsini basdı. Nəqliyyat və energetika infrastrukturu su altında qaldı.

Xatırladaq ki, ən çox Sabirabad rayonu və Şirvan şəhəri zərər çəkib. Bu, mayın 7-də Azərbaycan prezidentinin Nazirlər Kabinetində fəlakətin təsirlərinin aradan qaldırılması ilə bağlı keçirdiyi ilk yığıncaq zamanı   verilən məlumat  idi. 

Amma vəziyyət gündən-günə dəyişdi və mayın 11-də dövlət başçısı artıq ikinci, özü də bu dəfə birbaşa fəlakət zonasında  səyyar yığıncaq keçirdi. Bəlli oldu ki, bu günlərdə Kür birinci bənddən sonrakı ikinci bəndi də yıxıb və bundan sonra çaydan qəsəbələr istiqamətinə 25 milyon kubmetrə yaxın su axıb. 

Yaranmış ağır vəziyyətin əsas səbəblərindən biri çayların suyunun səviyyəsinin vaxtından tez qalxması  idi. Bir qayda olaraq Arazın səviyyəsi apreldə, Kürünkü isə mayda qalxmağa başlayırdı. Bu il isə  proses keçən payızın əvvəlindən başladı. 

Baş nazirin müavini Abid Şərifov dövlət başçısına fəlakətin miqyasları barədə etdiyi məruzəsində Azərbaycan tarixində 1 saniyədə Kürdən 2 400 kubmetr suyun keçməsini birinci fakt kimi göstərib. "Maksimum rəqəm 2 100, 1 950 kubmetr olub. Tarixdə belə şey olmamışdı", - deyə baş nazirin müavini bildirib, sonra əlavə edib ki, eyni vaxtda Arazda da suyun səviyyəsinin qalxması vəziyyəti daha da çətinləşdirir. 

Fəlakət zonasında bütün sutkaboyu iş gedir. Fəlakətlə mübarizəyə Fövqəladə Hallar Nazirliyinin (FHN), Daxili İşlər Nazirliyinin (DİN), "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin, həmçinin, bir sıra şirkətlərin də qüvvələri cəlb edilib. Amma baş nazirin müavininin sözlərinə görə, vəziyyət hələ də ciddi olaraq qalır. Məsələnin həlli asan deyil, çünki dağılmış ikinci bəndin uzunluğu 14 kilometrə yaxındır. 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov prezidentə məlumat verib ki, daha öncə Sabirabad rayonunun su basmış  9 kəndinin sakinləri köçürülüb. Mayın 10-da isə daha 605 evin sakinləri köçürülüb. Bu tədbirlər nəticəsində, xoşbəxtlikdən, əhali arasında itkilərdən qaçmaq mümkün olub. 1 300-ə yaxın adam çadır-şəhərciklərdə məskunlaşdırılıb. Köçürülmüş bir çox ailələr isə müvəqqəti yaşamaq üçün qohumlarının evlərində yerləşiblər.

   

Kompleks yanaşma 

Prezident İ.Əliyev öz növbəsində qeyd edib ki, son illər, bəlkə də son onilliklər təsadüf edilməmiş səviyyədə təbii fəlakət baş verib. Onun sözlərinə görə, bütövlükdə vəziyyət nəzarət altındadır və görülmüş tədbirlər hesabına daha böyük miqyaslı fəlakətlərdən qaçmaq mümkün olub. 

"Biz maksimum şəkildə mümkün olan hər şeyi edirik və edəcəyik. Bu məsələdə bütün qurumlar vahid idarəetmə formatında işləməlidirlər. Nazirliklər, bütün dövlət qurumları, yerli icra orqanlarının təmsilçiləri - biz hamımız birgə çalışmalıyıq, çünki bu, ümummilli məsələdir. İndiyə kimi heç zaman ölkənin belə böyük hissəsi bu cür təbii fəlakətlə üz-üzə qalmamışdı", - deyə dövlət başçısı vurğulayıb. 

Təbii fəlakət zonasında əhalinin təhlükəsiz və sağlam həyat tərzi üçün bütün lazımi şərait yaradılıb: gündə üç dəfə isti yemək verilir, tibbi və başqa xidmətlər göstərilir. Su basmış rayonlarda, xüsusilə də Şirvan, Sabirabad və Zərdabda dezinfeksiya işləri görülür. Hazırda bu ərazilərdə epidemioloji durum sabitdir.

Prezident qeyd edib ki, təhlükə sovuşdurulandan sonra yalnız uçmuş evlərin bərpası ilə kifayətlənməməli, təbii fəlakətin vurduğu zərərin hamısı  hesablanmalı və əvəzi ödənilməlidir. "Axı orada yalnız evlər batmayıb, həm də bütün həyət təsərrüfatı dağılıb, bütün avadanlıq, fərdi əmlak dağıdılıb. Bir sözlə, insanların dolanışıq mənbələri məhv olub. Biz onları qaytarıb evlərini bərpa edərik, amma onlar necə yaşayacaqlar? Yəni bu məsələlər kompleks şəkildə həll edilməlidir", - deyə İ.Əliyev vurğulayıb. 

Bununla yanaşı, dövlət başçısı gələcəkdə təbii fəlakət zərbələrindən qorunmaq üçün kompleks fəaliyyət planı işlənməsinin vacibliyinə diqqət yetirib. Hələ təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə birinci iclasda İlham Əliyev bu planın qısa zamanda qəbul edilməsinin vacibliyini vurğulamışdı. Bunun üçün dövlət büdcəsinə uyğun düzəlişlər edilməlidir və prezident bildirib ki, lazım olan vəsaitlər artıq bu il ayrılacaq. Gələn ilin investisiya proqramında isə ölkəni təbii fəlakətlərdən maksimum qorumaq üçün yetərincə maliyyə resursu nəzərdə tutulacaq. 

Xüsusilə də prezidentin fikrincə, bəndvurma işləri daha ciddi və böyük həcmlərdə aparılmalıdır. "Hər il dövlət büdcəsindən sahilbərkitmə işlərinə vəsait ayrılır, özü də az olmur. Amma hər il, ya da iki ildən bir su görülən işlərin nəticəsini yuyub-aparır, bunu yenidən etmək lazım gəlir. Buna  görə də tədbirlər kompleks şəkildə və birdəfəlik görülməlidir", - deyə İ.Əliyev vurğulayıb. 

Dövlət başçısı hələ də yerli icra hakimiyyətlərinin sakinlər üçün təhlükəli olan sahil zonalarında ev tikintisinə qanunsuz icazələr verməsini yolverilməz adlandırıb. Bununla həm də operativ təmir-tikinti və sahilbərkitmə işlərinin görülməsinə də  problemlər yaranır. Onun sözlərinə görə, bu sahədə yol verilmiş və bəzən hətta cinayətkarcasına baş vermiş pozuntuların hamısı araşdırılmalıdır, günahkarlar aşkar edilib cəzalandırılmalıdır, evləri təhlükəsiz yerlərə köçürülməli olan vətəndaşlara isə kompensasiya ödənilməlidir. 

Kürün dibi isə daha yüksək sürətlə təmizlənməlidir. İlham Əliyev hesab edir ki, ölkədə bu iş lazımi səviyyədə təşkil edilməyib. Dövlət başçısı əmindir ki, "çayın dibi lazım olan səviyyədə təmizlənmədiyindən ildən-ilə qalxır". 

Prezident təkcə regionlara deyil, hətta iri şəhərlərdə belə tikilmiş bir çox evlərin fəlakətli durumda olduğunu göstərib. Regionlarda, məsələn, evləri çiy kərpicdən tikirlər, iri şəhərlərdə isə ya keyfiyyətsiz tikirlər, ya da binalar texniki baxımdan köhnəlir. 

Buna görə də prezidentin fikrincə, kompleks fəaliyyət planına ölkə ərazisində olan bütün evlərin yoxlanılması da daxil olmalıdır. "Bakıda keyfiyyətsiz tikilməkdə olan binanın uçması zamanı bədbəxt hadisə baş verdi. Onda FHN-ə bütün evlərin yoxlanılması göstərişi verildi və lazımi avadanlıq alındı. Bu isə o deməkdir ki, hər bir rayonda bütün evlərin yoxlanılması üçün imkanımız var. Qəzalı  evlərdə yaşayan insanlar köçürülməli və onlara uyğun kompensasiyalar verilməlidir". Dövlət başçısı qeyd edib ki, ölkədə bu proses artıq gedir. 

 

Kənd öhdəsindən gələcək 

Hazırda hökuməti və ölkə ictimaiyyətini maraqlandıran başqa önəmli məsələ isə təbii fəlakət nəticəsində kənd təsərrüfatına vurulan ziyan və vəziyyətdən çıxış yollarıdır. Demək olar ki, bütün sahələr - həm əkinçilik, həm meyvəçilik, həm də heyvandarlıq zərər görüb. Daşqın nəticəsində Araz və Kür boyunca əkilmiş 50 min hektar dənli bitki sahələrinə böyük ziyan dəyib. Yağışlı hava həm də taxılçılıqda sarı pas xəstəliyinin yayılmasına səbəb olub. Kür-Araz düzündən başqa bu hal başqa bölgələrdə də müşahidə olunur. 

Ancaq Kənd Təsərrüfatı Nazirliyi (KTN) başqa strukturlarla birlikdə bu məsələni çox ciddi nəzarətdə saxlayır. Lazım gəldikdə insanlara yazın hələ imkan verən sonrakı günlərində əkin sahələrində vacib olan işləri təkrar görmək barədə tövsiyələr verilir. 

Bundan başqa, hazırda KTN uyğun qurumlarla birgə sözügedən ərazidəki fərdi təsərrüfatlarda heyvandarlığa, quşçuluğa, iri və xırdabuynuzlu mal-qaraya dəyən ziyanı öyrənməklə məşğuldur. "Hökumət daşqından zərər çəkmiş fermerlərə kompensasiya ödənilməsi barədə qərar qəbul edib və real qiymətləndirmə aparıldıqdan sonra bu kompensasiya ödəniləcək", - deyə kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib. Özü də KTN daşqının ölkənin ərzaq bazarına güclü təsir göstərəcəyinə inanmır. "Fəlakətin bütün nəticələri bazar üsulları ilə tənzimlənəcək. Ölkənin kənd təsərrüfatı inkişaf edəcək və biz daşqınlarla bağlı ərzağın qiymətinin qalxacağını  düşünmürük", - deyə İ.Abbasov bildirib. 

Öz növbəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mayın ikinci yarısında yağışların intensivliyi azalacaq. Ölkənin müxtəlif bölgələrində Kürün səviyyəsini nəzarətdə saxlamaq üçün  aparılan  müşahidələr göstərir ki, Yevlax və Zərdab rayonlarında artıq onun nisbətən səngiməsi gedir. Daha aşağıda yerləşən rayonlarda isə cüzi artma hələ də var. 



MƏSLƏHƏT GÖR:

495