24 Noyabr 2024

Bazar, 17:37

QORXAN GÖZƏ ÇÖP DÜŞƏR… SIĞORTAN YOXDURSA

Ekspertlərin fikrincə, yaxın 5-7 ildə sığorta bazarının inkişafında əsas rolu müvəqqəti və icbari sığorta növləri oynayacaq

Müəllif:

15.05.2010

Sığorta bizim əmlakımızın etibarlı maliyyə müdafiəsi olub və gələcəkdə də belə olacaq. Böhran şəraitində iri sığorta şirkətləri bazarda yalnız öz mövqelərini möhkəmləndirirlər, kiçiklər isə çox vaxt öz mövcudluqlarını başa çatdırırlar. Bizim hər birimiz sabahkı gün barədə - ailə rifahını necə möhkəmləndirmək, yaxınları müxtəlif çətinliklərdən necə qorumaq, pensiyaya çıxan zaman özümüz üçün layiqli həyat səviyyəsini təmin etmək barədə düşünürük. 

Sığorta bazarının inkişafını ləngidən əsas problemlərdən biri isə sığorta şirkətlərinin maliyyə baxımdan zəifliyidir. Sığorta şirkətlərinin "gücü" haqqında onların nizamnamə kapitalına görə, xüsusilə də toplanmış sərbəst aktivlərin ölçüsünə görə əminliklə fikir yürütmək olar. 

Adətən, sığorta şirkətlərinin müflisləşməsi böhranın fəal fazasına nisbətən müəyyən gecikmə ilə başlayır. Hətta dünya böhranının dərinləşməsi şəraitində belə Azərbaycanın sığorta bazarında belə hallara rast gəlinməyib ki, bunu da sığorta sahəsinin dəstəklənməsi ilə bağlı səmərəli tədbirlərin nəticəsi saymaq olar.  

Əmanətçilərin çaxnaşması üzündən istənilən an zərərə düşə bilən banklardan fərqli olaraq, sığorta şirkətlərində likvidlik böhranı yalnız onların rəhbərliyinin və ya mülkiyyətçilərinin şüurlu fəaliyyəti nəticəsində baş verə bilər. Məhz buna görə də, çox vaxt bankların böhranın fəal dövrlərində ciddi ehtiyac duyduğu likvidliyə sığorta şirkələrində elə də zərurət hiss olunmur. Ancaq sığorta şirkətlərinə yardım istənilən halda lazımdır: axı böhran zamanı sığorta biznesinin üzərində qurulduğu əsas bünövrələr dəyişir. 

 

Kəmiyyət əvəzinə keyfiyyət 

Sığorta şirkətlərinə dəstək kimi keçən il Maliyyə Nazirliyi onların öz kapitallarının tələb edilən səviyyəyə çatdırılması müddətini uzadıb. Bununla yanaşı, sığorta şirkətlərinin və bankların kapitalının artırılması məqsədilə 2009-cu ildə kapitallaşmaya yönəldilən mənfəət vergisindən azad edilib. Bu güzəştlər üç il ərzində qüvvədə olacaq. Artıq keçən ilin nəticələrinə görə, sığorta şirkətləri və banklar vergi güzəştlərindən yararlanaraq, kapitallaşmaya 145 mln. manat yönəldiblər. Nəticədə, 2009-cu ildə Azərbaycanın bütün sığorta şirkətlərinin toplam nizamnamə kapitalı 8% artaraq, 89,8 mln manat təşkil edib. Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarətinin rəhbəri Namiq Xəlilovun sözlərinə görə, artıq bu il sığorta şirkətlərinin kapitallaşması ilə bağlı durumun yaxşılaşması müşahidə edilir. 

Hazırda Dövlət Sığorta Nəzarəti illik hesabatların təhlilini başa çatdırır, amma bu müddət ərzində şirkətlər də kapitalın artırılması üzrə işləri davam etdiriblər. Buna baxmayaraq, Xəlilov hesab edir ki, bazarda həm kapitallaşmaya normativ tələbi yerinə yetirməyi bacaran, həm də bununla bağlı çətinlik çəkən şirktələr var. Sığorta şirkətlərinin kapitalına minimum tələb 1 yanvar 2010-cu il tarixinə 2 mln. manat təşkil edir. Şirkətlər 2011-ci ilə kapital səviyyəsini 3,5 mln manata və 2012-ci ilə qədər isə 5 mln manata çatdırmalıdırlar. 

"Dövlət Sığorta Nəzarəti kapitallaşma səviyyəsinə minimum tələbləri pozanlara qarşı göstəriş verməkdən tutmuş, sığorta fəaliyyətinin geri çağırılmasına kimi qanunvericiliyə uyğun olaraq müəyyən addımlar atacaq", -  deyə Xəlillov vurğulayıb. Bu və ya digər şirkətə qarşı hansı tədbirin görüləcəyi durumdan asılı olacaq. 

Maliyyə Nazirliyi isə artıq aprel ayından konkret addımlara başlayıb. Sığorta fəaliyyətinə müddətsiz lisenziyanın verilməsinə imtina edilmiş şirkətlərdən biri "AzInvest Sigorta" olub. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şirkət məcmu kaptalın tələb olunan səviyyəyə çatdırılması ilə bağlı tədbirlər görməyib. Normativ 2 mln manat olduğu halda "Azinvest Sigorta"nın kapitalı 1 mln manata belə çatmayıb. "Məcmu kapital şirkətin əlində olan aktivlərin dəyərini səciyyələndirir. Kapitallaşma üzrə tələbləri yerinə yetirməyən "AzInvest Sigorta" uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş ödəniş qabiliyyəti normativlərini pozub", - deyən Xəlilov, lisenziyanın müddətinin uzadılmamasının səbələrini belə izah edib. "AzInvest Sigorta"ya lisenziya verilməsinə imtinadan sonra ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 27-yə düşüb. 

Üstündən bir ay keçməmiş, Maliyyə Nazirliyinin 7 may 2010-cu il tarixli əmri ilə "Günay Sıgorta", "Azal Sıgorta" və "Əmrah Sıgorta" şirkətlərinin lisenziyalarının fəaliyyəti dayandırılıb. 

Buna səbəb həmin şirkətlər tərəfidən Dövlət Sığorta Nəzarətinin tələblərinin yerinə yetirilməməsi olub. Bununla bağlı problemlərin aradan qaldırılması üçün isə Maliyyə Nazirliyi həmin şirkətlərə altı ay vaxt verib. Bunu Dövlət Sığorta Nəzarətinin rəhbər müavini Mahir Abdullayev bildirib. 

Məsələ ilə əlaqədar "Azal Sıgorta" şirkətində bildiriblər ki, şirkət fəaliyyətini bərpa etmək üçün kapitala əlavə vəsaitlər yönəltməyə hazırdır. Hazırda qoyulacaq vəsaitin həcmi dəqiqləşdirilir. 

 "Əmrah Sıgorta"da isə lisenziyanın artıq may ayının sonunda bərpa ediləcəyini gözləyirlər. Bu məqsədlə Maliyyə Nazirliyinə müraciət də edilib. Şirkətdə bildirirlər ki, yoxlamalara yekun vururlarkən müəyyən anlaşılmazlıqlar baş verib, çünki "Əmrah Sıgorta"nın kapitalı qrafikə uyğun olaraq 2010-cu il yanvarın 1-nə 2 milyon manata çatdırılıb. 

"Günay Sıgorta"nın təmsilçisi İsgəndər Kərimov da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, artıq şirkətin təsisçiləri problemin aradan qaldırılması prosesinə başlayıblar və şirkət məcmu kapitalı tələb olunan həddə çatdıracaq. 

İstənilən halda, nəzarət qurumunun bu qərarı başa düşüləndir və indi də aşağı kapiallaşma ilə fəaliyyətini davam etdirənlər üçün dərs olmalıdır. Axı sığorta şirkətinin kapitalı onu və müştərisini qoruyan bir buferdir. Yetərincə kapitalın olması xidmət səviyyəsinin yaxşılaşmasına imkan yaradır. Təcrübə göstərir ki, kapitallaşma ilə problemi olan şirkətlər sığorta halları üzrə ödənişləri ödəməkdə çətinlik çəkirlər. Dövlət Sığorta Nəzarəti tərəfindən ötən il boyunca altı sığorta şirkətində aparılmış yoxlamalar nəticəsində əsassız şəkildə ödənişlərdən imtina hallarına rast gəlinib və nəticədə 80 min. manatlıq ödənişin edilməsi reallaşdırılıb. Aşağı kapitallaşma zamanı isə sığorta şirkətinə qarşı tətbiq edilən istənilən sanksiya - lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi yenə də müştəriyə zərbə vurur. Birinci rübün yekunlarına görə, "AzInvest Sigorta" da daxil olmaqla 5 şirkət minimum normativ tələbi yerinə yetirə bilməyiblər. 

                                         

Böhranda sığorta 

Dünya üzrə sığorta hallarının statistikası göstərir ki, ağır maliyyə dövrləri zamanı sığorta hallarının sayı yetirəncə artır. Bunun bir neçə səbəbi var. Məsələn, sükan arxasında stress vəziyyətdə oturma hallarını və ya müəssisələrin öz təhlükəsizlikləri üçün vəsait əsirgəməsini göstərmək olar. Təəssüf ki, ağır maliyyə şəraitində müdafiə səviyyəsi də kəskin aşağı düşür.

2009-cu ildə Azərbaycan sığorta şirkətlərinin də mükafatları 8,9% azaldığı halda, sığorta halları üzrə ödənişləri 6,5% artıb. Lakin görünür, Azərbaycan vətəndaşlarının çoxu əmlakın xüsusilə də böhran dövründə müdafisi üçün sığortanın vacib müdafiə tədbiri olduğunu anlayıblar. Son aylarda sığorta məhsullarına tələbatın cüzi də olsa, artması bununla izah edilə bilər. 

2010-cu ilin birinci rübü Azərbaycanın sığorta bazarının illik ölçüdə 3,6%-lik artımı ilə yadda qalan olub. Dövlət Sığorta Nəzarətinin başçısının fikrincə, bu il ölkənin sığorta bazarında müəyyən canlanma müşahidə edilir və 2010-cu ildə sığorta şirkətlərinin yığacağı mükafatların keçənilki səviyyəni ötəcəyi gözlənilir. Xəlilov hesab edir ki, ən azından sığorta yığımları 2009-cu ildəki 163 mln. manatdan az olmayacaq. 

 

Sığortalanmış həyat 

Azərbaycanda sığorta bazarının etibarlılığının artması ilə yanaşı dövlət tərəfindən sığortaçılara qarşı tələblərin artırılması üzrə bir sıra tədbirlərin görülməsi də məqsədəuyğun olardı. Təcrübə göstərir ki, alternativ satış kanallarını inkişaf etdirməyi bacarmayan bir çox şirkətlər asılı vəziyyətdə qalıblar. Sabitlik şəraitində bu özünü göstərmir, amma böhran şəraitində ödənişləri əsasən banklar və avtodilerlər hesabına yığan şirkətlər likvidliklə bağlı problemlər yaşayırlar. Çünki böhran şəraitində istehlakçının pula münasibəti dəyişir, sığorta şirkətlərinin müştəriləri pula maksimum qənatə etməyə çalışdıqlarından sığorta etdirmək qərarı çox çətin verilir. Belə hallarda insanlar əsasən könüllü sığorta növlərindən yan keçirlər, icbarilərdən isə imtina edə bilmirlər. 

Bununla yanaşı, hazırda Azərbaycanda həyatın sığortası kimi bir istiqamətin inkişafı da aktuallıq kəsb edir. Bu, insanın qarşısına çıxa bilən çox sayda mürəkkəb çətiniklərin sınaqdan çıxmış həll yoludur. Bu, həm də ailə üzvlərinin birinin dünyası dəyişməsi halında ailənin maddi sıxıntılar çəkməməsi və lazım olan məbləğin tələb olunan müddətdə yığılmasına zəmanətdir. Hazırda Azərbaycanın sığorta bazarında həyatın sığortasının payı bir faizdən aşağıdır. 

Namiq Xəlilov isə hesab edir ki, həyatın sığortası prosesi ağır başlayır, amma başqa ölkələrin təcrübəsi göstərir ki, bu mexanizm işə düşdükdən sonra çox sürətlə inkişaf edir. Görünür, bu, onunla bağlıdır ki, həyatın sığortası uzunmüddətlidir və saziş bağlamış insan uzun illər ödəniş edir və bu da bu sığorta növü üzrə mükafatların ümumi həcminin ildən-ilə artmasına səbəb olur. 

N.Xəlilovun sözlərinə görə, həyatın sığortası "qar topası" effektinə bənzəyir və müəyyən müddət sonra bu sığorta növü üzrə  mükafatların həcmi "Non-life" (həyatdan başqa) sığorta üzrə mükafatlardan artıq olacaq. Qərbi Avropa və sığorta bazarı inkişaf etmiş digər ölkələrdə toplam sığorta mükafatlarının həcmində həyatın sığortası üzrə mükafatların payı orta hesabla 55-60% təşkil edir. "Mən düşünürəm ki, ölkədə yığım sığortası sazişləri üzrə (işəgötürənlər, fiziki şəxslər üçün) vergi güzəştlərinə başlanılması ilə bizi də bu meyl gözləyir", - deyə Xəlilov vur-ğulayır. 

Başqa ölkələrin təcrübəsi göstərir ki, həyatın sığortasının inkişaf mexanizminin tətbiqi vergi güzəştlərindən başlayıb, birinci mərhələdə vergi yetərincə nəzərə çarpan olub, sonra isə bazar inkişaf etdikcə, sıfıra düşüb. 

Hazırda Azərbaycanda dörd sığorta şirkətinin - "Pasha Sigorta", "Ateshgah Life", "Standard Insurance" və "Ata Sigorta"nın həyatın sığortası ilə məşğul olmaq hüququ var. 

Xəlilovun sözlərinə görə, hazırda sığorta şirkətləri əsas diqqətlərini "Non-life" sığortaya yönəldiblər.  Onun fikrincə, vəziyyət həyatın sığortası üzrə xüsusi şirkətlərin yaradılmasından sonra dəyişə bilər. Yalnız belə olan halda bu sığorta növünə maraq arta bilər, agent şəbəkəsi və məhsul xətti genişlənər. Bü cür şirkətlər üçün bu, yeganə gəlir mənbəyi olacaq. Buna görə də Xəlilovun  fikrincə, ixtisaslaşmış sığorta şirkətlərinin peyda olması özü bu sığorta növünün inkişafına impuls verəcək. 

Maliyyə Nazirliyində gözləyirlər ki, 2010-cu ilin sonuna və 2011-ci ilin əvvəlinə kimi Azərbaycanda həyatın sığortası ilə məşğul olacaq ən azı ikidən dördə qədər şirkət açılacaq. Bu il də həyatın sığortası üzrə mükafatların artması gözlənilir, gələn idlən isə bu proses daha fəal gedəcək. 

Hələ ki Maliyyə Nazirliyinə həyatın sığortası üzrə şirktlərin yaradılması ilə bağlı rəsmi müraciət daxil olmayıb, amma Xəlilov hesab edir ki, bu sığorta növünə maraq durmadan artır. Hazırda bazarda yalnız bir ixtisaslaşmış şirkət fəaliyyət göstərir  - bu, "Atesgah Sigorta" tərəfindən təsis edilmiş "Atesgah Heyat" şirkətidir. Bu cür ixtisaslaşmış şirkətlərin yaradılması istəyi hələ ki, qeyri-rəsmii müstəvidə nümayiş etdirilir, qanunvericilklə tanışlıq davam etdirilir.  

Yeni ixtisaslaşmış sığorta şirkətlərinin peyda olması ilə sığorta şirkətləri reyestri yenidən genişlənə bilər. Ekspertlərin fikrincə, sığortat şirkətlərinin indiki sayı Azərbaycan iqtisadiyyatı üçün yetərincə deyil. Əgər bütün daşınan və daşınmaz əmlakın, hətta insanların həyatının sığorta obyekti olması nəzərə alınarsa, onda 27 şirkətin elə də çox olmadığını, hətta ölkədə sığorta xidmətlərinə real tələb baxımından az olduğunu görərik. Özü də onların 11-i banklar tərəfindən təsis olunub və təbii ki, bu kredit institutları öz törəmə müəssisələrinin biznesinin genişləndirilməsində maraqlıdırlar. 

Bununla belə, ekspertlərin fikrincə, yaxın 5-7 ildə  sığorta bazarının inkişafında əsas rolu müvəqqəti (kreditlərin, onlar üzrə girovların, borcalanların və s.) və icbari sığorta növlərinə vermək məqsədəuyğundur.


MƏSLƏHƏT GÖR:

558