26 Noyabr 2024

Çərşənbə axşamı, 00:40

BORU ALINMIR, QOY TANKER OLSUN

Qazın sıxılmış şəkildə satılma texnologiyası ən iddialı boru kəməri layihələri üçün real rəqibə çevrilir

Müəllif:

15.05.2010

Qaz kəməri layihələri bir-biri  ilə rəqabət apardıqca, səhmdarlar arasında olan anlaşılmazlıqlar öz həllini tapmadıqca, idxalçıların və ixrac edənlərin münasibətlərində siyasi gərginlik davam etdikcə, qazın sıxılmış vəziyyətdə ixracı texnologiyası ən iddialı boru kəməri layihələri üçün real rəqibə çevrilir. Bunun sübutu kimi təkcə Çinin qarşıdan gələn 10 il müddətinə dünya bazarından sıxılmış qaz idxalını 2 dəfəyə qədər artırmaq istəyini göstərmək olar. 

Bütün dünyanın sıxılmış qaza olan diqqəti Azərbaycanda da nəzərdən qaçmayıb və elə onun nəticəsidir ki, bu il  biz Azərbaycan qazının Avropaya sıxılmış şəkildə daşınması barədə anlaşmalara şahid olduq. 

Sənaye və energetika naziri Natiq Əliyev yerli telekanallardan birinə verdiyi müsahibə zamanı qeyd edib ki,  "Şahdəniz" qaz yatağının ikinci mərhələ işlənməsinə, həmçinin, "Ümid", "Abşeron" və "Naxçıvan" perspektiv yataqlarının istismarına başlanılması qaz ixracı imkanlarının artırılmasını tələb edir. 

Nazirin sözlərinə görə, bununla bağlı olaraq Azərbaycan sıxılmış qazının tankerlərlə Gürcüstandan Rumıniyaya və oradan da başqa Avropa ölkələrinə ixrac perspektivlərinə baxılır. Bu marşrut üzrə memoranduma artıq qol çəkilib. Bütövlükdə, məqsəd qazın sıxılması və xaricə satılması prosesinin təşkil edilməsidir. Yanacaq Gürcüstana Bakı - Tbilisi - Ərzurum qaz kəməri ilə daşınacaq. Bu boru kəmərindən Gürcüstanın Qara dəniz sahillərinə ayrıca qol çəkilməsi də nəzərdə tutulur, oradan isə sıxılmış qaz tankerlərlə Rumıniya, həmçinin, daha öncə memorandum bağlanmış Bolqarıstan istehlakçılarına daşınacaq. Bu layihə daha realdır və siyasi amillərlə yüklənməyib.  Özü də Rumıniya prezidenti İon Baseskunun sözlərinə görə, Avropa Birliyi (AB) bu layihəyə dəstək verəcək. 

N.Əliyev bildirib ki, yaxın zamanlarda bilavasitə bu işlərlə məşğul olacaq şirkət yaradılacaq. Sənaye və Energetika Nazirliyinin neft və qaz şöbəsinin başçısı İdris Rzabəyov jurnalımıza bildirib ki, bu marşrutun gerçəkləşdirilməsi üçün bir neçə variant var və qazı Qara dənizin Gürcüstan sahillərinə aparmaq çətin deyil.  Orada Bakı - Tbilisi - Ərzurum qaz kəmərindən Qara dənizə qədər yüzkilometrlik kəmər çəkilməli, Gürcüstan sahilində terminal və qazın sıxılması üçün zavod, həmçinin, Rumıniya sahilində də qazın genişləndirilməsi üçün zavod tikilməlidir. 

İ. Rzabəyovun sözlərinə görə, layihənin iqtisadi əlverişliliyini təmin etmək üçün böyük həcmlərdə qazın ixracı lazımdır. Azərbaycan artıq bildirib ki, sıxılmış qaz üçün ixracata 6-7 mlrd kubmetrdən başlana bilər və bunu 20 mlrd kubmetrə çatdırmaq mümkündür. 

İ. Rzabəyovun sözlərinə görə, amma hər şeydən öncə layihənin iqtisadi əlverişliliyini qiymətləndirmək gərəkdir. O bildirib ki, daha öncə AB Xəzərin şərq sahilindən sıxılmış Orta Asiya qazını tarkerlərlə Bakıya daşımaq və sonra Avropa ölkələrinə göndərmək barədə araşdırma aparıb. Məlum olub ki, əgər daşıma həcmi 30 mlrd kubmetrdən az olarsa, onda daşımanın bu variantı iqtisadi baxımdan əlverişli deyil. 

İ. Rzabəyov deyir ki, bizim durumda məsələ fərqlidir. Xəzərin şərq sahilində qaz infrastrukturu yoxdur. Qazın sahilə gətirilməsi problemi həll edilməlidir. Türkmən qazının Xəzərdən keçirilməsinin dəyəri buna görə yüksəkdir. Avropa Komissiyası bu marşrutu müzakirə edib. Orta Asiyada belə qaz həcmləri var, sadəcə, qazın sıxılmış vəziyyətdə daşınması variantını istəmək lazımdır. Alternativ variant Transxəzər qaz kəmərinin çəkilməsidir. Azərbaycanda isə Türkiyənin qaz sistemi ilə Avropa bazarına çıxa bilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri var. 

Öz imkanlarına dayanan Azərbaycan tərəfi sanır ki, sıxılmış şəkildə 7 mlrd kubmetrdən 20 mlrd kubmetrə qədər qaz ixrac etməyə imkanı var. Bu il işçi qrup layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayır. Rzabəyov bildirir ki, qazın artıq Gürcüstana sıxılmış şəkildə daşınma variantı da var. Amma daha real və çağdaş variant isə onun Qara dəniz sahilində sıxılmasıdır. Onun sözlərinə görə, Azərbaycanın həcmlərlə bağlı problemi olmamalıdır: "Biz "Şahdəniz" layihəsinin II mərhələsinin başlanmasına, "Azəri-Çıraq-Günəşli" yataqlarının dərində yerləşən qaz laylarının işlənməsinə doğru gedirik, bunlar da kəşf edilib və ehtiyatlarının qiymətləndirilməsinə ehtiyac var. Yəni variantlar var, amma ticari baxımdan yararlılıq göstəricisini hesablamaq lazımdır. Texniki-iqtisadi-işlənməyə terminallarla yanaşı tanker daşımaları da daxi edilməlidir". 

Neft qaz sahəsində ekspert İlham Şabanın sözlərinə görə, Azərbaycan qazının Avropaya ixracı tamamilə gerçəkləşdirilə biləndir və artıq kommersiya rentabelliyinin müəyyənləşdirilməsi üzrə işlər də gedir. İşçi qrupa Azərbaycan, Bolqarıstan və Rumıniya mütəxəssisləri daxildir. 

Hələ ki rentabellik haqqında bir söz demək çətindir. Deyək ki, gücü 1 mlrd kubmetr olan terminala qoyulmuş xərclər 20 ildən sonra qayıdacaq. 7-8 mlrd kubmetrlik terminal tikintisində isə kapital 10 ildən sonra qayıdar. Buna görə də müfəssəl təhlil lazımdır. Qara dənizin heç bir limanında sıxılmış qazın qəbulu üzrə terminal yoxdur. 

Çox önəmli faktdır ki, keçən il sıxılmış qazın dəyəri boru kəməri qazından aşağı olub. Əgər 2009-cu ilin sonunda Rusiya qazının min kubmetri $300 idisə, Avropaya tankerlərlə daşınmış sıxılmış qaz  $250-dən satılırdı. İxracatçı ölkələr öz terminallarından sıxılmış qazı $90-100 ucuz satırdılar. Ekspertin sözlərinə görə, Azərbaycan bu məhsulu satmaq imkanını "Şahdəniz" yatağının ikinci fazası çərçivəsində qaz hasilatına başladıqdan sonra qazanacaq. 

Tanker daşımaları üzrə dünya liderləri olan Qətər, Əlcəzair və başqa ölkələr öz coğrafi yerləşmələrinə görə, təbii qazı sıxılmış şəkildə satmağa daha çox üstünlük verirlər. Qətərdən Avropa ölkələrinə boru kəməri çəkmək üçün nəhəng xərclər lazım gələrdi. Ona görə də bu ölkələr qaz ixracatı üçün daha optimal variant olan sıxılmış qazı seçiblər. 

Bizim qonşularımız olan İran və Rusiya da sıxılmış qaz istehsal edib ixrac etmək niyyətindədir. İran sıxılmış qaz istehsal etmir, amma qazın sıxılması üzrə üç zavodun tikintisi aparılır. Onların biri Çin şirkətləri ilə birlikdə İranın cənubunda olan Şimali Pars yatağı zonasında tikilir. Bu zavodun istehsal gücü gündə 100 mln kubmetr təşkil edəcək. Daha iki obyekt isə Cənubi Pars yatağında tikilir, biri gündə 50 mln kubmetr, o birisi isə 75 mln kubmetr qaz sıxmağa imkan verəcək. İran şirkətləri bu zavodları Avropa müəssisələri ilə birgə tikəcəklər. Onların tikintisinin üç il yarıma başa çatması planlaşdırılır. 

Rusiya əvvəllər avropalıları Avropa zavodlarından alınmış sıxılmış qazla təmin edirdi. Sıxılmış qaz texnologiyalarının təkmilləşdiyini, istehsal dəyərinin azalmasını və uyğun olaraq sıxılmış qazın rəqabət qabiliyyətinin artmasını görəndən sonra Rusiyada Uzaq Şərqdə sıxılmış təbii qaz istehsalı üzrə zavod tikilməsi qərara alınıb. 

Bir çox Rusiya mütəxəssisləri hökuməti qaz ixracı üçün yalnız boru kəmərlərindən istifadə edilməsi niyyətindən çəkindirməyə çalışıblar. Onların fikrincə, bu, seçimi, manevr imkanını azaldır. Dənizdə qaz hasilatının və qaza tələbatın artması sıxılmış qaz istehsalı üzrə müəssisələrin tikintisini stimullaşdırıb ki, bu da qaz sahəsinin inkişafında prinsipcə yeni səhifə ola bilər. 

2006-cı ildə "Qazprom" "Gaz de France" şirkətindən aldığı məhsulla Böyük Britaniyada ilk sıxılmış qaz təchizatına başlayıb. Bütövlükdə, "Qazprom" öz nəhəng qaz ehtiyatları ilə qaz bazarında blits-kriq gerçəkləşdirməyə və dünya sıxılmış qaz bazarının tənzimləyicisinə çevrilməyə çalışırdı. Amma bunun üçün Rusiyanın özündə sıxılmış qaz bazarı yaratmaq lazımdır. Rusiya şirkəti bunu qaz OPEK-i yaratmaq ideyasını ortaya atmaqla gerçəkləşdirməyə çalışırdı. 

Başqa qaz ixracatçıları ilə müzakirələr gedən müddətdə "Qazprom" Saxalinin cənubunda sıxılmış qaz itstehsalı üzrə ilk zavodunu tikib. Onun tikintisi "Saxalin-2" layihəsinin çərçivəsində 2009-cu ilin fevral ayında başa çatdırılıb.  "Qazprom"un məqsədi Yaponiyaya, ABŞ-a və Böyük Britaniyaya ixracın təşkil edilməsidir. Murmansk və Primoryedə daha iki zavodun tikilməsi, həmçinin məhsulun daşınması üçün nəzərdə tutulmuş 20 tankerin istismara verilməsi planlaşdırılır. "Qazprom" 2020-ci ilə qədər dünya sıxılmış qaz bazarının 20%-ə qədərini tutmaq niyyətindədir. 

Beləliklə, "mavi yanacaq" istehlakının gələcəkdə 30%  artacağının proqnozlaşdırılması fonunda qaz ixracı üzrə Azərbaycanın ciddi nəzərdən keçirdiyi bu yeni texnologiya iqtisadi baxımdan gedikcə daha yararlı olur. Qazın sıxılmış halda ixracatı texnologiyası ən uzaq bazarları da əlçatar edir və məsələn, "Nabukko" layihəsinin üz-üzə qaldığı siyasi problemlərlə çətinə düşmür. 

Aşağı qiymət və son istehlakçıya daşınmasının asanlığı, ABŞ mütəxəssislərinin də dediyi kimi, bahalı "Nabukko" və "Cənub axını" layihələrini də "yəhərdən sala" bilər. Bu iki layihə öz arasında rəqabət apardıqca, tranzitin dəyəri artıqca, səhmdarlar arasında fikir ayrılıqları çözülmədikcə, sıxılmış qaz ən iddialı boru kəməri la-yihələri üçün rəqibə çevrilir. 

Yeri gəlmişkən, Rusiyanın müstəqil ekspertləri vurğulayırlar ki, Rusiyanın 2009-cu ildə boru kəmərləri ilə qaz ixracatı göstəricisinin aşağı düşməsi bazarlara sıxılmış təbii qazın daxil olması ilə bağlıdır. Qətər sıxılmış qaz istehsalını və Avropa bazarlarına təchizatı kəskin artırıb.  Eyni zamanda ABŞ-da şist qazı istehsal etməyə və hətta ondan artıq qalan hissəni Avropaya satmağa başlayıblar. ABŞ sıxılmış qazının dəyəri boru kəməri vasitəsilə Avropaya ixrac edilən  Rusiya qazının qyimətindən üç dəfə aşağıdır. 



MƏSLƏHƏT GÖR:

435