5 Dekabr 2025

Cümə, 23:10

NƏ YAXŞIDIR: PRİNSİPİALLIQ, YOXSA İKİÜZLÜLÜK?

Qərb QHT-ləri Ermənistanla Azərbaycan arasında etibar atmosferi yaratmağa çalışarkən, özlərinə olan inamı da itirir

Müəllif:

15.05.2010

Şübhəsiz, mövcud millətlərarası münaqişələr siyasi-iqtisadi və mədəni-sosial əlaqələrə ciddi əngəl yaradır. Son nəticədə bu reallıq BMT-nin müəyyənləşdirdiyi qlobal problemlərin qarşısının alınmasında ölkələrin əməkdaşlığının tammiqyaslı olmasına imkan vermir. Cənubi Qafqazdakı çətin durum bu problemin müzakirəsi zamanı xüsusi çalar alır.

Bu regiondakı böyük geosiyasi oyunun bütün maraqlı iştirakçıları anlayır ki, Cənubi Qafqazın ən köhnə problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çoxdan yetişib. Lakin hələ ki rəsmi vasitəçi olan ATƏT-in Minsk qrupunun səyləri də arzulanan nəticəni vermir. Bu, xüsusilə Ermənistanın qeyri-konstruktiv mövqeyi, həmçinin, müəyyən dərəcədə, bəzi vasitəçilərin işğalçının qeydinə qalması ilə izah olunur. 

İşğalçı və işğala məruz qalmış tərəflər dəqiq müəyyənləşmədən vasitəçi missiyasının müsbət nəticə verəcəyinə inanmaq çətindir. İlk növbədə, onlar məhz bu işin öhdəsindən gəlməlidir.

Amma maraqlı ölkələr bunun əvəzinə problemin həllinə çoxsaylı qeyri-hökumət təşkilatlarını (QHT) cəlb etməyə çalışırlar. Onların hesablamalarına görə, QHT-lər xalq diplomatiyasından istifadə etməklə, əməkdaşlığa nail olmağa çalışmalı, iki icma arasında etibar atmosferi yaratmalı, bu isə münaqişənin həllinə ciddi impuls verməlidir. 

Əslində, bu təşəbbüsü alqışlamaq olardı. Lakin bir "əmma" olmasaydı. Xarici QHT-lərin fəaliyyətini diqqətlə analiz edən zaman görünür ki, onlar da rəsmi vasitəçilərlə "bir nöqtəyə vurur". Onların nümayiş etdirdiyi mövqeni, qısa desək, bu cür ifadə etmək olar: "Tammiqyaslı əməkdaşlığa əsas maneələrin nədən ibarət olduğu vacib deyil. Bu məsələnin məğzinə varmadan, xüsusilə də, onların aradan qaldırılması məqsədini qarşıya qoymadan (guya bu, rəsmi strukturların hüququdur) əməkdaşlıq quraq və qarşılıqlı inam atmosferi yaradaq". 

Bir sözlə, növbəti dəfə qoşqunu atdan qabağa qoymağa çalışılır. Bu mövqe isə çox zəif və iflasa məhkumdur. Onlar nə düşünsələr də, determinizm kimi həqiqətə etinasızlıq etmək mümkün olmayacaq.

Digər tərəfdən, məhz Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı bu cür yanaşmanı anlamaq mümkün deyil. 

Bir neçə misal çəkək:

Bu gün Qərb Tehrana ciddi təzyiqlər göstərir, ona qarşı sanksiyaları getdikcə daha da sərtləşdirir. Eyni zamanda İrana hərbi müdaxilənin olacağı da istisna edilmir. Səbəb onun nüvə silahı əldə etməyə çalışmasıdır. Qərbin tanınmış QHT-ləri fövqəldövlətlərə əsas problemi nəzərə almadan Tehranla tamhüquqlu əməkdaşlıq təklif edirmi? Əlbəttə ki, yox.

Birinci İraq müharibəsi bu ölkənin Küveyti işğal etməsi üzündən başlamışdı. Bu problemi həll etmək üçün ABŞ Küveytə daxil oldu. Yəni, beynəlxalq hüquq normalarının müdafiəsi üçün səbəbin aradan qaldırılmasına qərar verilmişdi. 

İkinci İraq müharibəsi isə lap uydurma səbəblə əsaslandırılırdı (guya İraqda kimyəvi və bakterioloji silah var). Vaşinqton və onun müttəfiqləri bu blef-səbəbin aradan qaldırılması üçün genişmiqyaslı müharibəyə başladı və bütünlükdə İraq xalqını qanlı uçuruma yuvarladı.

Daha bir misal: artıq təxminən, yarım əsrdir, Türkiyənin Avropa İttifaqına (Aİ) qəbulu yolunda bütün mümkün olan və olmayan maneələr irəli sürülür. Rəsmi səbəblər (daha doğrusu şərtlər) kimi Türkiyə qanunvericiliyinin bu strukturun standartlarına cavab verməməsi və Kipr probleminin həll olunmaması göstərilir: Ankara bu problemləri həll edəndən sonra, Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyündən danışmaq mümkün olacaq.

Göründüyü kimi, bütün qeyd edilən səbəblərdə prioritet səbəbin aradan qaldırılmasıdır və yalnız bu halda əməkdaşlıqdan danışmağın mümkünlüyü vurğulanır. 

Belə olan təqdirdə hansı səbəbdən Azərbaycanı Ermənistanla münaqişənin səbəblərinə göz yummağa çağırırlar?

Qarşılıqlı etibar atmosferinin yaradılması məsələsi xüsusi diqqət tələb edir. İlk baxışdan niyyət xoşməramlıdır. Lakin o, qarşılıqlı olmalıdır. Erməni tərəfinin isə məsələyə öz yanaşması var: "Siz bizə inanın, bizsə inana bilmərik. Çünki türklərə və azərbaycanlılara inanmaq olmaz". 

Digər tərəfdən, aydındır ki, inam atmosferinin yaradılması üçün ilk addımı zərərçəkmiş tərəf yox, işğalçı atmalıdır. Əgər Ermənistan inam atmosferinin yaradılmasında bu qədər maraqlıdırsa, qoy xoş məram göstəricisi kimi heç olmasa, Dağlıq Qarabağa bitişik rayonların işğaldan azad olunmasına başlasın. Amma görünən odur ki, o, bunu könüllü şəkildə etməyi düşünmür. Üstəlik, işğal altındakı rayonlara qəribə ad da düşünüblər: "azad olunmuş torpaqlar". Məqsəd əlbəttə ki, onları qədim erməni torpaqları kimi təqdim etməkdir. 

Bununla yanaşı, erməni tərəfi "azad edilmiş torpaqların" boşaldılmayacağını (DQ-in müstəqil subyekt kimi tanınıb-tanınmayacağından asılı olmayaraq) hər ötən gün daha yüksək səslə bəyan edir. Səbəb isə həmin ərazilərin "yalnız DQ üçün yox, Ermənistanın özü üçün təhlükəsizlik zonası" olması imiş.

Siyasi spekulyasiya göz qarşısındadır. Azərbaycanın bu məsələlərlə bağlı haqlı qəzəbinə beynəlxalq qeyri-hökumət strukturları ən yaxşı halda ölü susqunluq, pis halda isə bunun erməni tərəfinin mövqeyi olduğunu bildirməklə cavab verir. Qərb QHT-ləri isə şərh verməkdən imtina edir, bunu guya neytrallıq nümayişi, kiminsə tərəfini saxlaya bilməyəcəkləri ilə izah edir. 

Qəribədir ki, onlar beynəlxalq hüququn qorunmasını kiminsə tərəfini tutmaq kimi qiymətləndirir.

Regionda inam atmosferi yaratmaq istəyən strukturların Cənubi Qafqaz ölkələrindəki milli-dini tolerantlığın səviyyəsinə diqqət yetirmələri yaxşı olardı. Yəqin ki, əhalinin etnik tərkibi və tolerantlığın yüksək səviyyəsinə görə, Azərbaycan monoetnik Ermənistandan daha çox inama layiqdir. 

Nədənsə qloballaşan dünyada, Qərb siyasi texnoloqlarının millət, dövlət anlayışının itdiyini söyləndiyi dövrdə Ermənistanda yürüdülən "mütləq erməni əhali" siyasəti onları maraqlandırmır. Nəinki Ermənistanda, həm də işğal edilmiş ərazilərdə həyata keçirilən etnik təmizləmə siyasəti də onları iyrəndirmir. 

Tammiqyaslı siyasi-iqtisadi və mədəni-sosial əlaqələrin yaradılmasının qeydinə qalınması rəğbətə layiq haldır. Amma yalnız problemə öz baxış bucağından və ya daha acınacaqlısı, işğalçının nöqtey-nəzərindən yox, kompleks yanaşıldığı təqdirdə.

"İztirablı" Ermənistanın nazı ilə oynamaqla, həmçinin əslində onun uydurma iddialarından əziyyət çəkənlərə təzyiq göstərməklə, beynəlxalq strukturlar regiondakı gizli millətlərarası münaqişələri nəzərdən qaçırır. Ermənilik artıq çoxdandır ki, Gürcüstanın Cavaxetiya regionuna açıq iddialar ortaya qoyur. O, beynəlxalq ictimaiyyətin səhlənkarlığından istifadə edərək, qonşu Gürcüstanın bu əyalətini sabitliyi pozan yuvaya çevirib. Bu isə istənilən an regionu daxildən partlada bilər. Azərbaycan ekspertlərinin bu məsələni dəfələrlə Qərb ekspertləri və QHT nümayəndələri ilə görüşlərdə qaldırmalarına baxmayaraq, hələ də prinsipial cavab eşitmək mümkün olmayıb.

Bu gün dünya qlobal problemlərin həlli üçün birgə fəaliyyətin vacibliyinə xüsusi diqqət çəkir. Söhbət ekoloji, içməli su, ərzaq problemləri, həmçinin narkotik daşımaları ilə mübarizə və əlbəttə ki, beynəlxalq terrorun qarşısının alınması kimi məsələlərdən gedir. Qərb QHT-ləri xalq diplomatiyası istiqamətindəki fəaliyyətlərini məhz bu məqamla əsaslandırır və bildirir ki, qarşı-qarşıya duran tərəflər hər hansı ilkin şərt irəli sürmədən qarşılıqlı etibar atmosferi yaratmalıdır. Amma burada da hər şey göründüyü kimi rəvan deyil.

Azərbaycan erməni işğalçılarının işğal altındakı torpaqlarda yol  verdikləri varvarlıq haqda dəfələrlə beynəlxalq qurumlarda məsələ qaldırıb. Ermənilər həmin torpaqlarda fauna və floranı məhv edir, əraziləri minalayır, "torpaqların yandırılması" siyasəti aparılır və nəticədə atmosferə zərərli qaz və maddələr yayılır. 

Bundan başqa, həmin ərazilərdə Azərbaycanın mədəni-tarixi abidələri də məhv edilir.

Azərbaycanın işğal altındakı ərazilərilə sərhəd rayonları isə içməli və suvarma suyu problemi ilə qarşılaşıb. Erməni tərəfi tez-tez, xüsusilə əkin və suvarma dövründə çayların qarşısını kəsir, nəticədə həmin rayonlarda kənd təsərrüfatının inkişafına ciddi problemlər yaranır. Həmin çaylara zəhərli maddələrin axıdılması riski də həddindən artıq böyükdür. Ermənistan hələ də "Transsərhəd çay və göllərin istifadəsi və müdafiəsi" konvensiyasına qoşulmayıb və regionun su resurslarını çirkləndirməkdə davam edir. 

Nəticədə isə o, heç bir cəza ilə üzləşmir.

Narkotik daşımaları və beynəlxalq terrorçuluğa gəlincə, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində bu hallar üçün hansı əlverişli şəraitin yarandığını izah etmək artıq olardı.

Bax, bu məqamda da qlobal problem meydana çıxır. Separatçılığı terrorçuluğa yol açan qlobal təhlükə saymağın vaxtı deyilmi? Separatçılığın dərindən öyrənilməsi zamanı aydın olur ki, o, təkamül yolu keçərək, sonda aşağıdakı sxem üzrə terrorçuluğun yaranmasına zəmin yaradır: separatçı ideyalar (ideoloqların ayrı-ayrı çıxışları) - yumşaq separatçılıq (dinc mitinq və aksiyalar) - aqressiv separatçılıq (lokal hərbi hücumlar və hərbi əməliyyatlar) - terrorçuluq (beynəlxalq terrorçuluğun cəlbi ilə tammiqyaslı müharibə, etnik təmizləmə).

Bütün qeyd olunanlar bir daha sübut edir ki, əsas problemləri və onların yaradıcılarını aradan qaldırmadan Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı inam atmosferinin yaradılması, hərtərəfli əməkdaşlıq qurulması mümkünsüzdür. Bu məsələdə həm rəsmi strukturlar, həm də QHT-lər birgə fəaliyyət göstərməlidir. Nə qədər ki bu strukturlar işğalçıya lazımi təzyiqi göstərməyəcək, bu problemlər nəinki durğunluq vəziyyətində qalacaq, hətta daha da geri gedəcək.


MƏSLƏHƏT GÖR:

491