"MÜNHEN SÖVDƏLƏŞMƏSİ" VƏ ERMƏNİSTANI İSLAH ETMƏK CƏHDLƏRİ
Tarix təkrarlanır
Müəllif: Azer-Globe, İctimai və Siyasi Araşdırmalar İnstitutu
Hegel haqlı imiş. Tarixin iki dəfə təkrarlanmaq xüsusiyyəti var. Amma faciələr heç də həmişə filosofun bu məşhur hikmətinin ikinci hissəsində deyildiyi kimi, fars şəklində təkrarlanmır.
Əgər tarix iki dəfə təkrarlanırsa, bu artıq tarix deyil, nə vaxtsa siyasi heqemonların təsdiqlədiyi universal bir ssenaridir. Özü də cəfəngiyyatı məntiq səviyyəsinə yüksəldən, vandalizmi haqlı qəzəb kimi təqdim edən və faciəvi sonluğu qabaqcadan müəyyənləşdirilən özündə tabe etdirmə, işğal və zorakılıq ssenarisi.
Bəlkə də elə buna görə dahi Puşkinin tövsiyəsinə diqqət yetirməyə dəyər: "Tarixi və siyasəti peşəkarlara etibar etməyin. Onlar öz əməklərini pula satırlar".
Bura bir fikri də əlavə edək ki, belə idarəedicilər yalnız əməklərini deyil, prinsiplərini, baxışlarını, inanclarını da satırlar. Üstəlik, bunu yalnız pula yox, həm də ço-o-ox böyük pullar gətirən qlobal maraqlara satırlar.
Bu, adətən, bütün tarixi həqiqətləri inkar edən "qaydalar" toplusu və günahsız qurbanlar, uydurma əsaslar və naməlum səbəblər, təhrikedici hadisələr və idarəolunan kütləvi səhnələrlə dolu düşünülmüş ssenarilər əsasında baş verir.
Bu gün ermənilərin KİV-də Naxçıvana qarşı yeni ekstremist iddialarla çıxış etməyə başladığı bir vaxtda, yadımıza köhnə, lakin göründüyü kimi, həmişəyaşar bir ssenari düşür. Söhbət tarixə "Münhen sövdələşməsi" kimi düşmüş razılaşmadan gedir.
"Münhen sövdələşməsi"nin tarixçəsi 1938-ci ilin payızına gedib çıxır - Hitler Almaniyasının Çexoslovakiyaya qarşı şantaj və təxribat siyasəti, etnik almanların kompakt şəkildə yaşadıqları Sudet vilayətinə dair torpaq iddiaları, Sudet-alman milli separatçı partiyasının Çexoslovakiya hökumətinə qarşı təşkil etdiyi kütləvi aksiyalar, iki böhran və nəhayət, 1938-ci ilin sentyabrın 30-da Böyük Britaniyanın baş naziri Nevil Çemberlen, Fransanın baş naziri Eduard Daladye, Almaniyanın reyx-kansleri Adolf Hitler və İtaliyanın baş naziri Benito Mussolininin imzaladıqları və Avstriya ilə sərhəddə yerləşən tarixi çex ərazilərinin və Sudet vilayətinin Almaniyaya verilməsini rəsmiləşdirən Münhen razılaşması. Bütün bunlar - imzalanmış müqavilə istisna olmaqla - Dağlıq Qarabağ ssenarisi ilə eynilik təşkil edir.
Beləliklə, "Münhen razılaşması"ndan 50 il sonra eyni ssenari işə salınıb. Bu, tarixin iki dəfə təkrarlanmasına klassik nümunədir. Hətta faşist partiyası rəhbəri və "daşnaksütun"a rəhbərlik edən millətçi hərbçilərin "arqumentləri" də, demək olar ki, eyni idi. Adolf Hitler bildirirdi ki, Birinci Dünya müharibəsindən sonra Çexoslovakiya, Avstriya və Almaniya arasındakı sərhədlər "düzgün müəyyənləşdirilməyib" və bu sərhədlərə Almaniya ilə birləşmək istəyən etnik almanların tələblərinə uyğun şəkildə yenidən baxılmalıdır.
Düz, yarım əsr sonra - 1988-ci ildə oxşar arqumentlər Dağlıq Qarabağdakı erməni separatçıları tərəfindən də irəli sürüldü - guya 1923-cü ildə Qafbüro sərhədləri düzgün müəyyənləşdirməyib və bu "yanlışlıq" "aradan qaldırılmalıdır". Qarabağda yaşayan ermənilər isə bu ərazilərin "Ermənistana birləşdirilməsini tələb edir".
Bu bəyanatlarda həyasızlıqla yanaşı, absurd aqressiya da son dərəcə güclü idi. Amma problemin bu cür qoyuluşundakı pafos, heç də onun həqiqətən mövcud olduğunu sübut etmir. Əks halda, 1993-cü ilin aprel-noyabrında BMT Təhlükəsizlik Şurasında Ermənistandan silahlı qüvvələrini Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilməzdi.
Prezident İlham Əliyevin erməni millətçilərinin azərbaycanlılara qarşı 200 illik soyqırım siyasəti və təcavüzünə dair bəyanatına da, gəlin, bu konteksdən yanaşaq. Prezident Azərbaycan ərazisinin sovet Ermənistanının xeyrinə xeyli kiçildilməsi faktından, tam haqlı olaraq, narazılığını bildirir. Amma bununla yanaşı, o, prioritetləri düzgün müəyyənləşdirir və bugünkü reallıqlardan çıxış edir. Biz revanş xarakterli torpaq iddialarından uzağıq. Biz "Böyük Almaniya" və "Böyük Ermənistan" kimi əsassız imperiya iddialarından da uzaq dururuq. Biz, sadəcə, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını tələb edirik.
Azərbaycan prezidentinin MDB dövlət başçılarının Moskvada mayın 8-də - Azərbaycanın tarixi şəhəri olan Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günü keçirilən qeyri-formal sammitində iştirakdan imtinası da bu məntiqə əsaslanır. İ.Əliyevin mövqeyində dəqiq istiqamət var: Azərbaycan və bütünlükdə xalq üçün faciəvi bir gündə işğalçı ölkənin prezidenti Serj Sarqsyanla bir tədbirdə iştirak etmək qəbuledilməzdir!
Qayıdaq tarixi paralellərə. Həm 1938-ci ildə Çexoslovakiyanın zorla bölünməsindən və Hitlerin Polşaya hücumundan, həm də 1988-ci ildə ermənilərin Azərbaycana təcavüzündən sonra, Qərb demokratiyasının nümayəndələri faşizm tərəfdarlarının prioritetlərinə üstünlük verdi və qorxulu ikili standartların arxasında gizləndi.
Bu zaman ortaya bir neçə həqiqət çıxdı. Birincisi, Çexoslovakiya və Polşanın taleyi Millətlər Liqasında ölkələrin qeyri-bərabərliyinin açıq sübutu idi. Bu qeyri-bərabərlik onları lazımi təhlükəsizlik zəmanətindən məhrum etdi.
İkincisi, 1935-ci ildə faşist İtaliyasının Abissiniyaya hücumu və Avropa fövqəldövlətlərinin Millətlər Liqasında neft sanksiyaları tətbiq etməyə həvəs göstərməməsi sübut etdi ki, dünyada təcavüz artıq cəzasız qalmağa başlayır.
Demokratik dəyərlərin mimikriyası başladı. 1938-ci ildə söhbət slovyan Çexoslovakiyasından, 1988-ci ildə isə müsəlman Azərbaycanından getdiyi zaman, bu də-yərləri açıq-aşkar həyasızlıq əvəz etdi. Çexoslovakiyanın həmin illərdə Londondakı səfirinin xatirələri də bunun daha bir sübutudur: "Bir dəfə bir neçə sanballı xadimlə danışıqlar zamanı onlara Çexoslovakiyanın xəritəsini göstərdim. Bu zaman mənə elə gəldi ki, onlar bu xəritəni ilk dəfə idi görürdü. Onlar xəritəyə fikirli-fikirlə baxaraq dedilər: "O! Maraqlıdır! Qəribə formadır! Sanki qarşımızda böyük sosiska var!".
Berlində isə Gerinq Fransanın səfirini "dilə tutmaqda" davam edirdi: "Bu xəritədə Çexoslovakiyanın konturlarını görürsünüzmü? Məgər bu, sağlam düşüncəyə zidd deyilmi? Bu appendiksdir - Avropanın inkişaf etməmiş orqanı. Onu kəsmək lazım gələcək"".
Fransa özünü, yumşaq desək, qeyri-adekvat apardı və 1938-ci ilin dekabrında Hitlerlə razılaşma imzaladı. Halbuki o vaxt Almaniyanın təcavüzü halında, Parislə Çexoslovakiya arasında qarşılıqlı yardıma dair razılaşma qüvvədə idi.
Yeri gəlmişkən, 1988-ci ildə Aqanbekyan məhz Parisdə - "Yumanite" qəzetinə müsahibəsində Ermənistanın tarixi Azərbaycan torpaqlarına iddiasından danışmaqla, Qarabağ müharibəsinin ocağını qaladı.
Hitler Almaniyasının yeni işğalları ilə barışan Fransa və İngiltərənin özü tezliklə faşist Almaniyasının əvvəlki imperiyaların qalıqlarından yaranmış gənc müstəqil dövlət hesabına "sakitləşdirilməsi" siyasətinin qurbanına çevrildilər. Burada "Münhen sövdələşməsi"nin təşəbbüskarlarından olmuş Britaniyanın Almaniyadakı səfiri Gendersonun Böyük Britaniyanın xarici işlər naziri Qalifaksa ünvanladığı məktubdan bir sətiri xatırlatmaq yerinə düşər: "Sülhü qorumaqla, biz Hitler və onun rejimini qoruduq".
Belə çıxır ki, Paris və London Almaniyanın aqressiv militarizminə şübhə etməsələr də, düşünürmüşlər ki, Sudeti əldə edən Hitler Elzas və Lotaringiya uğrunda döyüşə getməyəcək.
Amma onların hiyləgər kombinasiyası özünü doğrultmadı: faşistlər çox tez zamanda öz "Fau"ları ilə Londonu bombalamağa başladılar, alman əsgərləri isə tezliklə Parisin küçələri ilə addımlayırdılar.
Hitler İngiltərədən Almaniyanın güclənməsi üçün istifadə etdi, sonradan isə demək olar ki, bütünlükdə Avropa qitəsini işğal etdi. 1940-cı ildə Fransanı darmadağın etdikdən sonra, Almaniya yenidən Elzas və Lotaringiyanı işğal altına aldı.
Fransız əhalinin böyük hissəsi konslagerlərə dolduruldu və məhv edildi.
Və yalnız bundan sonra Hitler SSRİ-yə hücum etdi...
Dahi fransız Onare de Balzak, sanki, gələcəkdə fransız diplomatlarının bu cür səhvlərə yol verəcəyini bildiyindən, "Münhen sövdələşməsi"ndən hələ 100 il əvvəl deyirdi: "İki tarix var: rəsmi yalançı tarix və hadisələrin əsl səbəblərinin açıqlandığı gizli tarix". "Münhen sövdələşməsi" ilə bu gün arasında paralellər aparmaqla, bu fikrin ədalətliliyi sübut olunur.
72 il əvvəlki və XXI əsrin birinci onilliyində baş verən hadisələrin əsl səbəbləri arasında iqtisadi böhranın qeyd edilməsi vacibdir.
Məlum olduğu kimi, 1929-1933-cü illərdə yaşanmış böhran ən çox Birləşmiş Ştatlara təsir edib. Xatırladaq ki, həmin dövrdə Amerikada işsizlərin sayı təxminən 10 milyona çatmışdı. F.Ruzveltin "yeni kursu" fiaskoya uğramış, ölkəni böhrandan çıxartmaq mümkün olmamışdı. Çıxış yolu yalnız hərbi konyukturada idi və Avropada böyük müharibə ABŞ-ın hakim dairələrinin xeyrinə idi. Onlara silah istehsalında qüvvələr nisbətini xeyirlərinə dəyişmək lazım idi. Bu baxımdan, Çexoslovakiyanın hərbi-sənaye potensialının məhvi çox yerinə düşürdü. Axı, Avropada hərbi-sənaye potensialının inkişafına görə liderlərdən biri məhz Çexoslovakiya idi.
Münhen toplantısının təşkilində Birləşmiş Ştatların gizli, lakin son dərəcə fəal iştirakı məhz bununla izah olunur. Bu, Avropada müharibənin qızışdırılması istiqamətində atılan ilk addım idi. Bunu Vladimir Putin də 2009-cu ilin avqustunda Polşanın "Gazeta Wyborcza" qəzetində dərc olunmuş məqaləsində göstərmişdi. O bildirib ki, "Münhen sövdələşməsi" İkinci Dünya müharibəsinin "start düyməsi" olub və məhz bundan sonra Hitler "hər şeyə icazə olduğu" qənaətinə gəlib, Fransa ilə İngiltərənin müttəfiqlərini müdafiə etmək üçün heç bir addım atmayacağına əmin olub: "Münhendə razılaşmanın imzalanması faşizmlə mübarizədə vahid cəbhənin yaradılmasına bütün ümidləri dağıdıb".
Və bu gün - o hadisələrdən 70 ildən çox vaxt keçsə də, biz yenidən Amerikanın rəhbərliyi ilə "Münhen sövdələşməsi"nin rimeykinə cəhdin şahidi oluruq. Düzdür, bu dəfə iştirakçılar tamam başqa şəxslərdir.
Yenə də qapının ağzını iqtisadi böhran kəsib, yenə də Vaşinqtondan bəzi ölkələrin digərlərinə qarşı birləşməsinə israrlı çağırışlar eşidilir və yenə də bütün bunlar sülhməramlı şüarlar altında reallaşdırılır. Türkiyənin Ermənistanla protokolların imzalanmasına sövq edilməsi, Ermənistanın Rusiya və ABŞ arasında geosiyasi mübarizənin elementlərindən biri olması ilə əlaqədardır. O dövrdə Qərb fövqəldövlətləri Almaniyanı SSRİ-yə qarşı təcavüz elementi kimi ortaya çıxarmışdılarsa, bu gün ABŞ-ın simasında Cənubi Qafqazda Türkiyə - Ermənistan alyansının yaradılmasına cəhd həm də nüvə proqramlı İrana qarşı atılan addımdır.
Bu gün ABŞ və Avropada Ankara ilə Yerevan arasında sülh prosesinə pasifist çağırışlar eşidilir. Bəlkə də, "Münhen sövdələşməsi" "dərs"i olmasaydı, bu, o qədər də narahatlıq yaratmazdı. Amma N?rnberq prosesində Almaniyanın təslim olması haqda aktı imzalamış feldmarşal Keytel "Qərb fövqəldövlətləri Praqanı dəstəkləsəydi, 1938-ci ildə Almaniya Çexoslovaksiyaya hücum edərdimi?" sualına belə cavab verib: "Almaniya kifayət qədər güclü deyildi. "Münhen razılaşması"nın məqsədi isə Rusiyanı Avropadan çıxarmaq, vaxt udmaq və Almaniyanın silahlanmasını başa çatdırmaq idi".
Odur ki bəzi tarixçilərin Avropa fövqəldövlətlərinin razılaşmaya getməklə, münaqişəni sülh yolu ilə çözməyə çalışmalarına dair fikirlərini o qədər də ciddi qəbul etmək lazım deyil. Tarix göstərib ki, onlar müharibə təhlükəsini aradan qaldırmayıb, sadəcə, vaxtı uzadıb. Bu sülhməramlı modelin müasir variantı Minsk qrupuna həmsədrlik edən "üçlük"dür. "Münhen sövdələşməsi" indi də bir xəbərdarlıq kimi əvvəlki qədər aktualdır və təcavüzkarın onun qurbanı hesabına islah edilməsinə əsaslanan "sülh yolu"nun nə ilə nəticələndiyini açıq-aydın göstərir.
Sudetin faşistlərə "pay" kimi verilməsi Hitler reyxinin iştahasını daha da artırdı və tezliklə bu, bütün dünyanın başında çatladı. Və əgər bu gün dünya birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzünə göz yumsa, sabah Ermənistan Cavaxetiya uğrunda Gürcüstanla, Şərqi Antaliya uğrunda Türkiyə ilə, Urmiya və Təbriz uğrunda İranla (1941-46-cı illərdə olduğu kimi), həmçinin, Avropanın digər ölkələri ilə (1970-80-ci illərdəki terror zamanı olduğu kimi) mübarizə aparacaq.
Yeri gəlmişkən, artıq Ermənistan KİV-də yeni ərazi iddialarının irəli sürülməsinə çağırışlara rast gəlinir. Bununla əlaqədar, Çerçillin məşhur fikri aktuallıq qazanmaqdadır: "Siz müharibə ilə namussuzluq arasında seçim etdiniz. Namussuzluğu seçdiyiniz üçün indi müharibəni alacaqsınız!". Müasir Qərb pasifistlərinə işğalçı ilə münasibətlərdə kollaborasionizmin nələrə aparıb-çıxaracağını xatırlatmaq baxımından, bu, yaxşı nümunədir.
Beləliklə, bugünlə aparılan paralellər faktorlar arasındakı eyniliyi üzə çıxarır. Bu faktorlar XX əsrin 30-cu illərinin sonlarında faşist rejiminin möhkəmlənməsi ilə İkinci Dünya müharibəsinin başlanmasına səbəb oldu; XXI əsrin əvvəllərində isə işğalçı ermənilikdə cəzasızlıq hissini gücləndirir.
Erməni millətçiliyinin işğalçı xarakteri yalnız işğal olunmuş ərazilərdə deyil, bütün dünyada ermənilərin sıx yaşadığı yerlərdə, o cümlədən, ABŞ-da da özünü büruzə verir. Məsələn, bu il martın əvvəllərində Los-Ancelesdə erməni gənclər federasiyası (AYF) Nyuport-Biçdə aqressiv aksiya keçirib. Onlar Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun Sakit okean klubundakı çıxışına etiraz edirdi.
Bakıda isə elə həmin gün erməni dilində fəaliyyət göstərən armenia.az saytı fəaliyyətə başlayıb. Sayt insanlara sülhsevər dialoqu təbliğ edir.
Bu məqamda xatırlatmaq lazımdır ki, məhz Los-Ancelesdə, Kaliforniyada, həmçinin, ABŞ, Fransa və digər ölkələrin şəhərlərində ermənilər türk diplomatları, aviaşirkətlər və s. qarşı terror aktları törədirdilər.
Sabah digər dövlətlərin rəsmilərinin Ermənistanın separatçı maraqlarına göz yummayacaqları təqdirdə, "daşnaksütun" tərəfindən yetişdirilmiş radikal gənclərin onlara qarşı da terror aktları törədəcəkləri istisna deyil.
Bəs elə isə, niyə dünyanın aparacı dövlətləri tarixdən nəticə çıxarmır? Axı, beynəlxalq hüquqa əsasən, təcavüz sülh və təhlükəsizliyə qarşı törədilən ən ağır beynəlxalq cinayətlərdən biridir. Ermənistanın təcavüzkar olduğu isə beynəlxalq ictimaiyyət tərəfindən sənədlərlə sübuta yetirilib.
Bundan başqa, bu gün qəribə reaksiyanın şahidi oluruq: bütün dünya işğalçı Ermənistana təzyiq göstərmək əvəzinə, bu ölkə ilə sərhədləri açması üçün Türkiyəyə təzyiq edir.
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin ilkin dövründə Azərbaycanda SSRİ sərhədlərinin zorla yenidən qurulmasının nə qədər təhlükəli ola biləcəyinə dair xəbərdarlıqlar edilirdi. Təəssüf ki, o zaman Sovet rəhbərliyi və başda Mixail Qorbaçov bu xəbərdarlıqlara məhəl qoymadı və Sovet İttifaqında separatçılığın qarşısını almaq üçün tədbirlər görmədi. Nəticədə Dağlıq Qarabağdan sonra Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgə də eyni "xəstəliyə tutuldu".
Bu münaqişənin təsirini Balkanlarda da - istərsə Xorvatiyadakı Serb Krainasında, istərsə Bosniyadakı Serb Respublikasıda, istərsə də Kosovoda - hiss etdilər.
Dünyanın digər ölkələrindən fərqli olaraq, Azərbaycan bu məsələdə ikili standartlardan çıxış etmir. Biz bu cür qurumların siyasi mövqeyindən asılı olmayaraq, heç birini tanımırıq.
Həri halda, bütün oxşar nümunələr özü ilə hadisələrin təkrarını gətirir, hər belə münaqişə yeni fəlakətlər, müharibələr, yeni "etnik təmizləmələr"ə səbəb olur.
Sərhədlərin güc yolu ilə dəyişdirilməsinə edilən indiki cəhdlər də az təhlükə yaratmır. Dünya ictimaiyyəti Qarabağın "müstəqilliyini" tanımır, lakin bu presedent artıq yüz minlərlə qurbana səbəb olub, özü də, yalnız Cənubi Qafqazda yox, dünyanın bir çox yerlərində. Hə şey isə "miatsum" şüarından - almancadan, "anşlyus"un hərfi tərcüməsindən başlamışdı.
Hazırkı vəziyyət göstərir ki, bir vaxtlar antihitler koalisiyasında çıxış etmiş ölkələr tarixdən hələ də nəticə çıxarmayıblar. Hərçənd, bu təcrübədən tərəfdaşlıq üçün istifadə etmək və onu siyasi konyukturaya qurban verməmək lazımdır.
Bu mənada, 2010-cu il mayın əvvəllərində ABŞ-ın vitse-prezidenti Cozef Baydenin sözləri kiyayət qədər ümidverici səslənib: "Biz təsdiq etməliyik ki, Avropanın təhlükəsizliyi bölünməzdir; biz ərazi bütövlüyünün bütün Avropa dövlətləri üçün vacibliyini, həmçinin dövlətlərin öz təhlükəsizlik alyanslarını özlərinin seçmək hüququnu vurğulamalıyıq".
İnanmaq istərdik ki, bu fikirlər adi təbliğat məqsədilə səsləndirilməyib.
|
Adolf Hitlerin "arqumenti" ondan ibarət idi ki, Birinci Dünya müharibəsindən sonra Çexoslovakiya, Avstriya və Almaniya arasındakı sərhədlər "düzgün müəyyənləşdirilməyib" və onlara yenidən baxılmalıdır |
1988-ci ildə oxşar arqumentlər Dağlıq Qarabağdakı erməni separatçıları tərəfindən də irəli sürüldü: guya 1923-cü ildə Qafbüro sərhədləri düzgün müəyyənləşdirməyib və bu "yanlışlıq" "aradan qaldırılmalıdır" |
|
1938-ci ildə Hitlerin irəli sürdüyü digər "arqument" o idi ki, Çexoslovakiyada yaşayan etnik almanlar Almaniyaya birləşməyi tələb edirlər |
1988-ci ildə elan olunmuş Qarabağın işğalı planı da bu "arqumentə" söykənirdi: guya burada yaşayan ermənilər Ermənistanla birləşmək "istəyirlər" |
|
Sudetin faşistlərə "pay" kimi verilməsi Hitler reyxinin iştahasını daha da artırdı və tezliklə bu, bütün dünyanın başında çatladı. Buna görə "Münhen sövdələşməsi" indi də bir xəbərdarlıq kimi aktualdır və təcavüzkarın onun qurbanı hesabına islah edilməsinə əsaslanan "sülh yolu"nun nə ilə nəticələndiyini açıq-aydın göstərir |
Əgər bu gün dünya birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzünə göz yumsa, sabah Ermənistan Cavaxetiya uğrunda Gürcüstanla, Şərqi Antaliya uğrunda Türkiyə ilə, Urmiya və Təbriz uğrunda İranla (1941-46-cı illərdə olduğu kimi), həmçinin, Avropanın digər ölkələri ilə (1970-80-ci illərdəki terror zamanı olduğu kimi) mübarizə aparacaq |
|
"Anşlyus!" 1938-ci ildə Hitlerin Avstriyanı Almaniyaya birləşdirmək ideyası belə səslənirdi |
1988-ci ildə erməni separatçılarının irəli sürdükləri "Miatsum!" şüarı da bunun hərfi tərcüməsidir... |
| |
|
MƏSLƏHƏT GÖR:






650

