5 Dekabr 2025

Cümə, 23:59

BİR DAHA SEVGİ HAQQINDA

Bakıya ithaf olunur

Müəllif:

01.05.2010

Bu şəhəri sevirəm. Onun uzun sürməyən yazının yaşıl çılğınlıq çağlarını, payızının bitməyən yağışlar dövrünü, qışının ətəyimizi cırmaqlayan, ayağımızı döyəcləyən dəli küləklərini, Günəşin özü qədər parlaq olan yayının şimal küləyindəki - "xəzri"sinin sərinliyini sevirəm. Həmişə sevmişəm. Hətta su buxarları və mazutlu torpağından bürkü nəticəsində qalxan neft qoxusu qarışmış yapışqan nəmli havasını da sevirəm; səfərlərdən geri qayıdan zaman onu xoş bir ətir kimi sinəmə çəkirəm. 

Mənim şəhərimdir/. Üzünü bir dəfə görmüş insanları maqnit kimi özünə çəkir. Buraya, qədim fars dilində ağ mənasını verən küləklər şəhəri Bakının yerləşdiyi Abşeron yarımadasına onlar tez-tez qayıdırlar. Gələ bilməsələr də, bunu arzu edirlər. Şəhər doğrudan da ağdır! Boz təbii daşdan tikilmiş evlər əsrlər boyu ilin böyük hissəsini parlaq Günəş şəfəqləri altında yanıblar, küləklər onları cilalayıb, yağışlar yuyub və hiss edilmədən onlar "ahıllaşıblar"! Amma elə gözəlləşiblər ki!.. Necə əzəmətli və vüqarlı olublar!  Hər bir evin öz dövrü və öz taleyi var. Lap sakinləri kimi. Burada hansı evi götürsək, bir tarixdir. Ölkələr. Soylar. Ailələr. İnsanlar. Bax, bu, Tağıyevin evidir. Bu birisi isə Hacıqasımskinin. Bu evdə isə Əsədullayevlər yaşayıblar. Gözəl evlərdir! İndi belə evlər tikmirlər/. 

Gəlin İçərişəhərə gedək; onun dar küçələrinin, Şirvanşahlar sarayının, bərpadan yeni çıxmış minarələrinin, Qız qalasının, Karvansaranın və nə vaxtsa müxtəlif ölkələrdən dəvələrin, qatırların belində karvan yolları ilə yük gətirilmiş qədim ticarət meydançasının gözəlliyinə tamaşa edək. Burada şıdırğı alver gedir və carçıların gur səsləri alış-veriş edən kütlənin çoxdilli hay-küyündən çətin eşidilə  bilib. 

Beləliklə, 16-cı yüzililkdən başlayaraq, Bakı bütün karvan yolları üçün əlverişli ticarət mərkəzinə çevrilir. Şərqdən və Qərbdən buraya tacirlər gəlirdi, ipək, xalı, küçələrin işaqlandırılması üçün işlədilən qara yağlı maye, ədviyyat və başqa çox malların alqı-satqısı barədə əlverişli sazişlər bağlanırdı. 

Atəş məbədi tikmək üçün Hindistandan buraya alova uca tanrı kimi sitayiş edən zərdüştilər gəldilər. Dünyada belə məbəd cəmi üçdür və bunlardan biri də Abşerondadır. 

Bilirsiniz, əgər havaya qalxaraq quş uçuşu hündürlüyündən baxılarsa, onda görmək olar ki, yarımada havada uçan uzundimdiki qartala bənzəyir. Amma torpaqdan ayrılmayaq və Atəşgaha yaxından baxaq. İndi bura turistlərin çox sevdiyi muzeydir. Yerin altından qalxan əsl alovu isə Yanardağda görmək olar. O alov ilboyu sönmür - hətta yağış vaxtı da. Bakılılar buraya bir-iki saatlığa gəlməyi, odun qırağında oturub ona baxmağı  çox sevirlər. Bu da təbiətin möcüzəsidir. Bu hadisəyə çoxdan elmi izah verilsə də, bizdə bütpərəstlik instiktləri hələ də qalıb, maraq və hörmətlə bu torpağın altından qalxan və alovlanan qaza həvəslə və heyranlıqla baxırıq. 

Beləliklə, indi Azərbaycan adlandırdığımız bu torpaq hələ bütpərəstlik dövrlərindən öz sərhədlərini hansı dildə danışmalarından, nəyə - oda, küləyə və ya günəşə tapınmalarından asılı olmayaraq müxtəlif xalqların üzünə açıb. XVII yüzillikdən bu torpaqda malakanlar yaşayır, onlar raskolçu əhval-ruhiyyələrinə və  dikbaş  olduqlarına görə Yekaterina tərəfindən Rusiyadan qovulublar. Təxminən, 400 il qabaq 2000 ailə xan torpağının bu sahəsində peyda olub və gözlənilmədən divarda çapılmış məscid aşkar ediblər. Malakanların başçısı mollaya müraciət edərək, onun xalqına dincəlmək, qızınmaq və qarınlarını doydurmaq imkanı verilməsi üçün xahiş edib. 

Molla  isə onlara hələlik qayalarda çapılmış kiçik mağaralara sığınmağı, burada məskən salmağı  sonra isə istədikləri qərarı qəbul etməyi məsləhət görüb. Uzaq və çətin yoldan yorulmuş insanlar bu təklifi həvəslə qəbul ediblər. Beləliklə, onlar bu qonaqpərvər torpaqda  yerləşiblər. Mərəzə kəndi belə yaranıb,  bu torpaqda sığınacaq tapmış ilk malakanların törəmələrindən indi də bu kənddə yaşayanlar var. Bir neçə il qabaq isə Stavropol diyarından ağsaqqların göstərişi ilə onlarla zəvvar bu müqəddəs torpağı ziyarət etməyə, burada dəfn olunmuş əcdadların xatirəsini yad etməyə  gəlmişdi. 

Onların etdiyi ilk iş müqəddəs bir məbəd kimi məscidə gəlmək oldu, oranı ziyarət edərək Yaradana dua etdilər, yadelliləri duz-çörəklə qarşılayan və yardım əli uzadan bu xalqı və torpağı himayə etməsini dilədilər. Onlarla birgə molla da dua edib. Tanrıya müxtəlif dillərdə edilən bu dualar, yəqin ki, eşidilər. Çünki onlarda sevgi və xoş məramdan, sülh istəyindən başqa heç nə yox idi. Mənim torpağımın tarixində bu cür nümunələr istənilən qədərdir. 

Ancaq... Gəlin şəhərə qayıdaq! Onun küçələri çox şeyi xatırlayır. Onlar XIX yüzilliyin ortalarında, daha sonra XX yüzilliyin əvvəllərində buraya neft çıxarmağa gələnlərin ayaq izlərini hələ də üzərində saxlayır. Ruslar, belaruslar, ukraynalılar, gürcülər, ermənilər, yəhudilər, polyaklar, almanlar, çexlər gəlmişdilər! Mühəndis, fəhlə, sənətkar, rəssam, şair, artist idilər! Bakı mehriban və çörəkli bir şəhər idi. İnsanların başqa inanclarına dözümlə yanaşırdı, gəlmələr ilə öz mədəniyyətini ürək açıqlığı ilə paylaşırdı, onlardan da, yaxşı olanları qəbul edirdi. Şərq və Qərb burada qovuşurdu. Bu qovuşmadan da dünyaya Bakıya məxsus bir özəl bir mədəniyyət xəlitəsi bəxş edilmiş oldu. 

Mən öz şəhərimi sevirəm. Onun evlərini və damlarını, möminləri duaya çağıran səhər azanını, pravoslav kilsələrinin zəng səslərini sevirəm. Köhnə evlərin genuyasayağı qüllələrinin kiçik milləri, valideynlərimin 60-cı illərin həlimliyinə düşmüş gənclik illəri barədə xatirələri necə də doğmadır. Bəlkə də, Rüstəm İbrahimbəyovun "Bir cənub şəhərində" filmi olmasa idi mənim fantaziyalarım da yarımçıq qalardı. O filmə baxmağı çox sevirəm. Təkcə sevimli aktyorlarımın gözəl oyununa görə yox! Orada ümumi çoxmillətli evin hər kəs üçün əziz olan sevimli ab-havası var. Orada şəhər çox doğma və  çox tanışdır, amma tamam fərqlidir. O, sanki böyük bir ümumi evdir. 

Zaman nə sürətlə ötür! Artıq mənim övladlarım da böyüyür. Amma onlar üçün 10 qəpiyə alınmış və elə birbaşa küçədəcə yeyilən  qovrulmuş şabalıdlar sadəcə keçmişlərdə qalan bir əhvalatdır. Bu əhvalata mənim xatırladığım uşaqlıq çağlarının ətri də əlavə edilməlidir:  həyətlərdə ümumi çay süfrələri açılardı, səhərlər həyətə süd gətirən kəndlinin səsinə oyanardıq, bayramlarımız da, problemlərimiz də ümumi idi. Çoxmillətli Bakı həyətləri!  Şərq təbiətinin unudulmaqda olan ekzotkası. Bəlkə də onun sovet ekzotikası adlandırmaq daha doğru olardı?.. 

Göründüyü kimi, şəhər, ev, vətən - sadəcə daşdan düzəldilmiş tikili deyil. Bu, nəsə ölçüyəgəlməz böyük anlamdır. Nədir? Bizim uşaqlıq anılarmız, duyğularımız, burnumuzun ucu göynəyən uşaqlıq qoxularıdır. Mən martdakı paxlava qoxusunu xatırlayıram, onda millətindən asılı olmayaraq, bütün qonşular Novruz Bayramını qarşılamağa hazırlaşırdılar. O qədər şirniyyat var idi ki! Biz uşaqlar yalnız iyindən hansı evdə hansı şirniyyatın bişdiyini anlayırdıq. Və hər şey həmin evin  qadınları tərəfindən əllə edilirdi! İndi mən bu şirniyyatları uşaqlarım üçün mağazadan alıram, ona  görə ki, onları özümün hazırlamağıma vaxt artıq yoxdur. 

Daha sonra yəhudi matsası günləri başlayırdı. Burada hər şey ciddi, asketik və hətta bir qədər kədərli idi. Sonra isə külçə və pasxa günləri başlayırdı. Həmin günlər yağlı xəmirin ətri və vanil qoxusu ilə dolu olardı, çox sevdiyimi və heç vaxt unuda bilməyəcəyim Musya bu xəmiri xüsusi hazırladığı kişmişli kəsmiklə, qaymaqla və nəsə ayrı bir şeylə də qatışdırırdı, nəticədə "pasxa" adlanan kökələr alınırdı. Musya, yəni Mariya Vladimirovna Tolstaya Rusiya zadəganlarından idi, komissara ərə getmişdi və həmişəlik bu şəhərə yerləşmişdi. O, Azərbaycan dilində gülməli danışırdı, sözləri russayağı yuvarlaqlaşdırırdı, səsləndirən zaman isə onları sərtləşdirirdi. Qonşular onu çox sevirdilər. 

Amma... Gəlin şəhərin mərkəzi hissəsinə qayıdaq. Bulvarla gəzişək. Burada faytonla gəzib, özünü lap bir əsr öncəki bəy kimi təsəvvür etmək də olar. Miniklə də şəhərin panoramasını seyr eləmək mümkündür, lap Qız qalasındakı kimi. İçərişəhərdə istənilən evin damına çıxaraq başqa evlərin damlarına baxmaq olar, çox müxtəlifdirlər. 

Gəlin, bu evə baxaq. Nə vaxtsa burada neft sənayeçisi Mirzə Əsədullayev yaşayıb. Bu evdə onun kiçik qızı Ümm-əl-Banu doğulub, 11 yaşında Bakının inqilabi hadisələrini görmüş bu qız sonradan Fransanın tanınmış yazıçısına çevrilir və bu barədə "Qafqaz günləri" adlı kitabında yazır. Sonradan, çox sonradan bu qız yumorla xatırlayacaq ki, hələ kiçik qızcığaz olarkən o, Tanrıdan bu böyük ailələrini yoxsullaşdırmağı xahiş edirmiş. 

Parisə getməzdən qabaq o, malikanələrinə gedib, doğma yerlərlə vidalaşmaq istəyirmiş. Böyük ev idi! Ev ona yetim və unudulmuş təsiri bağışlayıb. "Mən nənəmin mətbəxinə getdim. Soyuq və boş idi, mənə elə gəldi ki, bütün dünya boşalıb. Bütün ev ruhu oğurlanmış ölüyə bənzəyirdi. Mən otaqdan otağa keçdim; bu ölüm hissi addım-addım artırdı. Terrasda dayandım və skamyada oturdum. İnsanların tərk etdiyi ev sanki mənə məzəmmətlə baxırdı. Mən üzümlüyə tərəf getdim. Andre ilə tanış olduğum qaya parçasının üzərinə uzandım/. Ətrafımda qovaq ağacları vardı: əvvəlki kimi vüqarlı idilər, deyəsən inqilab onları qoxuda bilməmişdi. 

Gah küylü, gah da zərif xışıldayan bu çinarlar, hər yay gördüyüm, həmişə də bir qədər böyümüş döndüyüm bu geniş ev, parlaq mavi rəngli bu dəniz, ümumiyyətlə bir vaxtlar -  həyatın sonsuz və çiçəklənən sabahlardan ibarət olduğu, ölümün mənim üçün heç bir anlam daşımadığı çağlarda sevdiyim hər şey mənim üçün artıq ölürdü. Uzun illər mənim üçün tək və mehriban kainat olmuş bu dünyaya bir daha dönməyəcəm, onu eşitməycəm və duymayaca?am. 

Mən indi anlamağa başlayırdım ki, əşyalar, insanlar, duyğular bir-birinin ardınca yox olmağa məhkumdurlar, həyatda yalnız xoşbəxtlik deyil, hər şey - ayrılıqlar və təəssüflər olacaq; hər saniyə hansısa hissəmiz qoparaq bizdən ayrılır və geri dönmür. Bütün həyatboyu belədir. Vida anında dənizin, səmanın və qovağın mənə təlqin etdiyi gerçəkliklər bu idi.

O, Bakını 1924-cü ildə tərk edib. Getdi ki, bir daha dönməsin. Hətta onu dəvət edəndə də dönmədi. Və yalnız 1992-ci ildə ölümqabağı etiraf etmişdi ki, buna təəssüflənir. Həyatını Parisdə bitirmiş bu xanım Abşeron yaxasında uzanan doğma şəhərini sevməkdən usanmamışdı. Ürəyini maqnit kimi cəzb etmiş, sevgisinin əbədi əsirinə çevirmiş bu şəhəri.



MƏSLƏHƏT GÖR:

480