26 Noyabr 2024

Çərşənbə axşamı, 00:34

ALL INCLUSIVE

Azərbaycan turizmin inkişafı üzrə iddialı planların gerçəkləşdirilməsinə başlayıb

Müəllif:

01.05.2010

Dünya iqtisadi böhranı ili kimi tanınan 2009-cu il dünya turizminin inkişafına da fəlakətli təsir göstərib. Səyahətə çıxanların sayı azalıb, turizm və nəqliyyat şirkətlərinin gəliri nəzərəçarpacaq dərəcədə məhdudlaşıb. Bu mənfi meyillər Azərbaycanda da hiss edilir, o cümlədən, daxili və kənardan gəlmə turizm üzrə azalmada  özünü göstərir. Xaricdən gələn səyahətçilərin çoxalması, mehmanxana və istirahət zonalarının sayının artırılması, həmçinin, Azərbaycanın istirahət sahəsində başqa keyfiyyət dəyişiklikləri üçün Azərbaycanda turizmin inkişafı üzrə 2010-2014-cü illəri əhatə edən yeni Dövlət Proqramının gerçəkləşdirilməsinə başlanır. Bizim ölkənin turizm sahəsində islahatlar yaxın illərin məsələsidir, amma elə bu mövsümdə Azərbaycan səyahətçiləri xarici turların qiymətinin yetərincə azalmasını hiss edə bilərlər. 

Keçən ilin əvvəlində Dünya Turizm Təşkilatının (UNWTO) ekspertləri dünya turizm sektorunda 2%-lik artım proqnozlaşdırmışdılar. Amma gerçəklik xeyli pis oldu; ötən ilin yekunlarına görə, artım sıfırı güc-bəla ilə keçdi. Uyğun olaraq, Azərbaycanda da ilkin məlumatara görə, ötən il turizm sektorunun artım templəri 5-6%-dən çox olmayıb. Halbuki 2008-ci ildə bu göstərici Azərbaycanda indiyə kimi görünməmiş 40%-ə çatmışdı. Ötən il tətil mövsümünün ən zirvəsi olan yaz-yay aylarında ölkənin otel və pansionatlarında yerlər, orta hesabla, 78% dolmuşdu, cənub zonasının bir sıra obyektlərində isə mehmanxanaların müştəri göstəricisi 60 faizi də ötməmişdi. Turist axınının azalması fonunda bir sıra istirahət zonalarında qiymətlər 20%-yə qədər endirilmişdi, ancaq bazar iştirakçılarının çox az hissəsi qiymətləri ucuzlaşdırmaq barədə qərar qəbul etmişdi. 

Azərbaycan şirkətlərinin qiymət siyasəti heç də çevikliyi ilə seçilmir və bu durum artıq uzun illərdir, ölkə daxilində istirahətin ucuzlaşmasına imkan vermir. Son zamanlara kimi yerli istirahət zonalarına yollayışların qiyməti nəqliyyat xərcləri nəzərə alınmadan Türkiyənin və Misirin dünya səviyyəli kurortlarına səyahətə bərabər idi, bəzi hallarda hətta baha idi. Azərbaycanın turbaza və sanatoriyalarının çoxu yay vaxtlarında diskaunt tətbiq etmirlər və mövsümlərarası dövrlərdə qiymətləri salmağa həvəssiz yanaşırlar. Bu, onunla bağlıdır ki, turistlərin ən çox baş çəkdiyi Şəki - Zaqatala zonası, Quba - Qusar regionu, Nabran və  Abşeron sahilləri, həmçinin, cənub zonası turbaza və sanatoriyaları bir qayda olaraq, üç yay ayında işləyir, hava yaxşı olanda bunu məxməri mövsümdə də davam etdirirlər. 

Bu qısa müddətdə obyekt yiyələri infrastrukturu və işçi heyətini saxlamaq üçün bütün xərcləri çıxarmağa, həmçinin, gəlir əldə etməyə çalışırlar; buna görə də qiymət endirimlərinə ümid bağlaya bilmirlər. Payız, qış və yaz vaxtları az sayda turist cəlb etmək üçün çevik endirimlər sistemi tətbiq etmək və çoxsaylı işçi heyəti saxlamaq sadəcə rentabelli deyil - mövsümlərarası uzun müddət boyunca təbiətdə istirahət bizim ölkədə formalaşmış ənənələrə elə də uyğun gəlmir. 

Bu elə də sadə olmayan məsələdə hiss edilən dəyişikliklər əldə etmək və yerli turizm şirkətlərini daha çevik qiymət siyasəti aparmağa yönəltmək mümkündürmü? "Şəksiz, bu mümkündür", - deyə Mədəniyyət və Turizm Nazirliyində düşünürlər, özü də turizm bazarındakı ətaləti məhv etməyin ən səmərəli üsulu rəqabətin gücləndirilməsidir. Turizm qurumunda qiymətlərin bazar vasitəsilə tənzimlənməsinə üstünlük verirlər, düşünürlər ki, xidmətin keyfiyyətinin yaxşılaşdırılması və tariflərin aşağı salınması turizm sahəsində iştirakçıların sayının artması və onun bütün seqmentlərində təkliflərin artması ilə mümkündür. 

"Azərbaycan turizmində heç kim üçün inhisar üstünlüyü yoxdur - bu gün hər kəs turizm sahəsinə sərmayə qoya bilər, bu da turizm  sahəsini tam açıq və rəqabətli sahə kimi formalaşdırmağa yardım edir. Bizim son məqsədimiz turizm xidməti təkliflərinin artırılması və onların keyfiyyətinin yüksəldilməsidir: onların miqdarı artdıqca, qiymətlər daha çox azalacaq və xidmət səviyyəsi yüksələcək", - deyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirir. 

Məhz bu anlam Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu il aprelin 6-da təsdiq edilmiş 2010-2014-cü illər üzrə turizmin inkişafı üçün Dövlət Proqramının əsas leytmotivi olub. "Bütün düşünülmüş bu tədbirlərin nəzərdə tutulmüş müddətdə həyata keçirilməsi ilə turizm Azərbaycan iqtisadiyyatının daha çox dinamik inkişaf edən sahəsinə çevrilməli, beynəlxalq standartlar səviyyəsinə çıxmalıdır", - deyə Ə.Qarayev vurğulayır. Dövlət Proqramı müvafiq dövlət qurumları qarşısında turizm infrastrukturunun səviyyəsinin dünya səviyyəsinə qədər qaldırılmasını və sahənin investisiya cəlbediciliyini daha da yaxşılaşdırmağı öhdəlik kimi qoyur. 

Dövlət Proqramının önəmli istiqamətləri kimi normativ-hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən, tarixi-memarlıq və mədəni qoruq ərazilərində turizm infrastrukturunun yaradılması, bu mədəni irsin qorunması, təbliğat və turistlərin cəlb edilməsi üçün onun fəal istifadə edilməsi nəzərdə tutulub. İstirahət zonalarının yaradılması ayrı mövzudur və onların layihələri gələn ilə hazırlanacaq. 

Özü də bu layihələr ölkənin bütün regionlarını əhatə etməlidir, oralarda turizmin müxtəlif istiqamətləri inkişaf etdirilməli, yeni turist marşrutları yaradılmalı, mehmanxana və turbaza şəbəkələri inkişaf etdirilməlidir.  Yaxın bir neçə ildə müalicəvi suların və başqa təbii qaynaqların ərazilərində kurortların yaradılması üçün planlar hazırlanmalıdır. Bu obyektlərdə təklif edilən turizm xidmətlərinin keyfiyyətinin artırılması üçün qabaqcıl üsul və standartlar tətbiq edilməlidir. Daha bir önəmli istiqamət ölkə vətəndaşlarının geniş təbəqəsinin imkanının çatmasına hesablanmış sosial turizmin təşkili olacaq. 

Başqa şeylərlə yanaşı, sahənin kadr təminatının da yaxşılaşdırılması, o cümlədən, 2012-ci ildə Turizm İnstitutu yanında turizm üzrə tədris mərkəzinin yaradılması nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində nazirlik yanında işçi qrup yaradılıb və qrup yeniləşmiş "Turzim haqqında" qanun layihəsinin ilkin variantını işləyib. Bu qərar onunla bağlıdır ki, indi qüvvədə olan qanunun bir sıra maddələri köhnəlib və proqramın gerçəkləşdirilməsini çətinləşdirir. "Yaxın zamanlarda qanun layihəsi baxılmaq üçün Milli Məclisə veriləcək və biz çalışırıq, bu sənəd gələn il qüvvəyə minsin", - deyə Ə.Qarayev bildirib.  

Diqqətəlayiqdir ki, Dövlət Proqramının önəmli elementində -  turizm infrastrukturunun inkişafında, ilk öncə otellərin tikintisində bizim ölkə xeyli uğur qazanıb. İlk baxışda elə gələ bilərdi ki, dünya turizm bazarında müşahidə edilən mənfi meyillər və bizim ölkədə artım templərinin zəifləməsi Azərbaycan şirkətlərini turizm obyektlərinin tikintisini dondurmağa və ən azından, yeni layihələrin gerçəkləşdirilməsini təxirə salmağa meyilləndirməli idi. Amma qlobal böhranın əksinə olaraq, bizim ölkədə yeni otellərin və mehmanxanatipli obyektlərin tikintisi dinamikasında heç bir dəyişiklik olmayıb. 

Hazırda ölkədə 370-dən çox mehmanxana fəaliyyət göstərir, özü də onların dörddəüçü son yeddi ildə istifadəyə verilib. Yalnız 2008-ci ildə Azərbaycanda 54 yeni otel və pansionat açılıb, orta son dörd ildə hər il otuz-qırx mehmanxanatipli obyekt tikilib. 2009-cu ildə altmışa yaxın mehmanxananın tikintisi aparılıb və onlardan iyirmisi istifadəyə verilib. 

"Hazırda daha 50-yə yaxın böyük və kiçik otelin tikintisi aparılır və bu templər saxlanarsa, biz 2015-ci ilə kimi  Azərbaycan otellərində yer sayını 24 mindən 30 minə kimi qaldırmağı planlaşdırırıq", - deyə mədəniyyət və turizm naziri bildirib. Onun fikrincə, bu, yaxın illər üçün optimal rəqəmdir və otellərin tutumu paytaxtda və regionlarda turizm sektorunun tələblərini tam təmin edəcək.  Turizm agentliklərinin sayının artması məsələsində də belə yüksək dinamika müşahidə edilir - əgər 2002-ci ildə ölkədə 32 turizm şirkəti var idisə, hazırda onların sayı 123-ə qədər çatıb. 

Son hesabda bu tədbirlər istirahət edənlərin sayının artırılmasına, hər şeydən öncə isə xaricdən turist axınının çoxaldılmasına yönəldilib. "Nəzərə alsaq ki, 2008-ci ildə Azərbaycana turist axını 40% artıb, onda son iki ldə ölkəyə turist axınının nəzərəçarpacaq dərəcədə artdığını, demək olar ki, bu önəmli göstərici böhran dövrünün ən yaxşı göstəricisi kimi Dünya Turizm Təşkilatı tərəfindən də təsdiq edilir", - deyə Ə.Qarayev vurğulayır.

Əgər bu meyil böhrandansonrakı dövrdə də qorunarsa, onda yaxın iki-üç ilə Azərbaycana gələn xarici qonaqların sayı indiki 1,4 milyon adam zirvə göstəricisindən 2 milyona qədər qalxa bilər. Bütün bu planların gerçəkləşdirilməsi bir neçə ilin məsələsidir, ancaq təxminən, bir aydan sonra Azərbaycanda ənənəvi yay turizm mövsümü başlayacaq və vətəndaşlarımız artıq indidən növbəti tətilini harada keçirmək barədə planlarını müəyyənləşdirməlidirlər. 

Əgər ölkədən xaricə turist səfərlərindən danışılarsa, onda qiymətlər bu il ən azından keçənilkindən yuxarı olmayacaq - dünya otel şəbəkələri hazırda zərərlə işləyirlər və qiymətləri qaldırmayacaqlar. Bizim ölkədə populyar olan Türkiyə və Misir marşrutlarının qiymətləri isə, turizm agentliklərinin veb-saytlarında yerləşdirilmiş prayslardan görünür ki,  artmayıb, bir sıra hallarda isə azalıb. Bu ölkələrə adambaşına birhəftəlik səyahət, orta hesabla, 500 manat ətrafında dəyişir. 

Yeri gəlmişkən, ötən ildən Avropa turizm operatorları arasında gedən "endirim" savaşı bizim turizm agentliklərinin işinə yarayıb. Yay istirahətinin ucuzlaşması üzrə çempion, şəksiz ki, Türkiyə olub. Artıq keçən il bu qonşu ölkəyə səfərlər 20% ucuzlaşıb, bu yazdan isə qiymətlər daha 10-15% düşəcək. Turizm agentliklərimiz xaricə səyahətlər üzrə xidmət qiymətlərini yalnız aviabilet qiymətlərinin kəskin bahalaşması şəraitində artıra bilərlər, amma neftin indiki qiymətləri nəzərə alınarsa, yayda bu cür dəyişikliklər mümkün görünmür. 

Doğrudur, turizm şirkətlərinin planlarını elə mövsümün başlanğıcında poza biləcək  gözlənilməyən fors-major hallarını da hesabdan silmək olmaz. Keçən ilin may ayında turizm firmaları və aviasiya şirkətləri populyar kurortlarda istirahət edənlərin sayını xeyli azaldan "donuz qripi"ndən xeyli zərər çəkdilər. Bu ilin aprel ayının ortalarında isə Avropanın avianəqliyyatı İslandiyada Eyyafyallayekül vulkanının püskürməsi nəticəsində tam iflic vəziyyətə düşdü. Meteoroloqların məlumatına görə, Avropa ərazisinin böyük hissəsində hələ də havada kül buludu var və bu da təyyarələrin uçuşunu risk altına salır. Bu təbii fəlakətin sonuclarının tezliklə aradan qaldırılacağına və turist avianəqliyyatının əvvəlki templəri bərpa edəcəyinə yalnız ümid etmək qalır. 


MƏSLƏHƏT GÖR:

572