"AMERİKADA DEMOKRATİYA GETDİKCƏ AZALIR,
Çünki onu ixrac edirlər" (Son.)
Müəllif: Namiq MAYILOV Bakı
"Öz seçicilərinin etimadına xəyanət edən siyasətçilər, bizim hökumətimizə olan inamı sarsıdır. Öz əməkdaşlarının və səhmdarlarının etimadına xəyanət edən boslar, bazara inamı sarsıdır. Əgər onların qarşısını ala bilməsək, korporativ dələduzluq və məmur korrupsiyası bizim zərif demokratiyamızı parça-parça edəcək".
ABŞ Federal Təhqiqatlar Bürosunun rəhbəri Robert Müllerin 2008-ci ilin aprelində səsləndirdiyi bu ifadələrdə ittihamdolu həyəcan var. O etiraf edib ki, "Heç bir halda, demokratiya ilə korrupsiya bir yerdə mövcud ola bilməz". Və bildirib ki, "ABŞ-da həmişə mövcud olan bu bəla, vətəndaşların təhlükəsizliyini sarsıda bilər".
ABŞ-da korrupsiya vətəndaşların təhlükəsizliyinə təhdiddir
2003-cü ildən keçən 5 ildə ABŞ-da məmurların korrupsiyaya qurşanması şübhəsi ilə bağlı araşdırmaların sayı 50%-dən çox artıb. 2006-2008-ci illərdə Federal Təhqiqatlar Bürosu (FTB) 1800-dən artıq rəsmi şəxsin korrupsiya əməlinə görə mühakimə edilməsinə nail olub.
ABŞ-da siyasi korrupsiya deyərkən, korporativ korrupsiya başa düşülür. Söhbət şirkət və firma rəhbərlərinin tamahkarlıq üzündən səhmdarların maraqlarını satmasından gedir. 2003-2008-ci illərdə FTB-nin bu istiqamətdə apardığı araşdırmalarda 80%-lik artım qeydə alınıb.
Amerikadakı korrupsiyanın müqayisəli dinamikası göstərir ki, FTB-nin səyləri nəticə vermir. Bir daha Robert Müllerin 2006-cı ilin dekabrında səsləndirdiyi müraciətə nəzər salaq. Həmin vaxt Müller bildirirdi ki, son 2 ildə onun təmsil etdiyi qurum 1060-dan artıq dövlət qulluqçusunun korrupsiyaya qurşandığını üzə çıxarıb. 2005-ci ildə bir il əvvəllə müqayisədə bu göstərici 25% artıb. 2002-ci ildə FTB-nin yalnız 264 agenti korrupsiya ilə mübarizə aparırdısa, 2006-cı ildə onların sayı 622 nəfərə çatıb.
Amerika demokratiyasının daha zəif bəndi pulun namizədlərə təsiridir. Ölkənin sabiq prezidenti Corc Buş 2000-ci ildə seçki kampaniyasına 188 milyon, onun rəqibi Al Qor isə 146 milyon dollar xərcləmişdi.
Amerikalı konqresmenlərin seçki kampaniyasına xərclədikləri böyük məbləğlərin də mənşəyi şübhəlidir. Onlar bu pulların əsas hissəsini "siyasi fəaliyyət komitələri"ndən alırlar. 1990-cı ildə ABŞ-da belə komitələrin sayı 4681 idi.
Seçkilərin bu cür maliyyələşdirilməsinin özü nüfuzlu demokratiya ideyasına ziddir. Çünki bu halda konqresmenlər özləri etiraf etməsələr də, artıq seçicilərinin yox, korporativ cəmiyyətin maraqlarının təmsilçisi kimi çıxış etmiş olurlar.
Amerikalılar kəskin və tutarlı "korrupsiya" sözünü, artıq çoxdan daha qəbuledilən olan "lobbiçilik"lə əvəzləyiblər. Amma bu onun mahiyyətini dəyişmir.
Məsələn, 2002-ci ildə siyasi partiyaların seçki kampaniyasına 728 milyon dollar xərclənib. Yalnız Vaşinqtonda mediamaqnatlar mülkiyyət hüququnun məhdudlaşdırılmasına qarşı aparılan lobbiçilik fəaliyyətinə ildə, təxminən, 125 milyon dollar xərcləyir.
Malayziyanın sabiq baş naziri Mahathir Mohammad etiraf edib ki, 2002-ci ildə Ağ evdə Corc Buşla görüş üçün 1,2 milyon dollar ödəməli olub. ABŞ-da mövcud olan təcrübəyə görə, bu ölkənin liderləri ilə görüşmək istəyənlər, lobbiçi vasitəsilə böyük həcmdə ödənişlər etməlidir. Onların sistemi belədir. Bu, korrupsiya deyil. Hər şey açıq-aydın edilir, amma bu işi düzüb-qoşanların adları gizli saxlanılır.
Adətən, ABŞ-da ölkənin ən yüksək korporativ və maliyyə strukturlarındakı genişmiqyaslı korrupsiya ilə bağlı real müzakirələr aparılmır. Təsadüfi deyil ki, Buş administrasiyasının korrupsiyada iştirakı - Enron şirkətindən olan Kennet Ley və ya Halliburtan şirkətindən olan Dik Çeyni kimilərinin yüz minlərlə fəhlənin iş yerini və pulunu itirməsi ilə nəticələnmiş, dələduzluq əməllərində iştirakı haqda da ətraflı diskussiyalar keçirilmədi.
Bununla əlaqədar, Qor Vidalın İspaniyanın "La Vanguardia" qəzetinə Amerikanın yüksək rütbəli məmurları ilə neft şirkətləri arasında əlaqəyə dair müsahibəsi hələ də aktuallığını itirməyib. "Aydınlaşdırılması tələb olunan bəzi sirli məqamlar" başlıqlı müsahibəsində o deyir: "Baxın: Böyük Buş "Carlyle Group", kiçik Buş "Harkins Oil", vitse-prezident Dik Çeyni "Halliburton Oil" neft şirkətində çalışıblar. Daxili işlər naziri Qeyl Norton da bu və ya digər formada neft şirkətləri ilə bağlı olub. Kondoliza Raysın "Exxon" və "Texaso" ilə əlaqədəri var, Pentaqon rəhbəri Donald Ramsfeld isə "Occidental" neft şirkətinin nümayəndələrindən biri olub. Yəqin ki, mənim sadaladığım bu faktları oxuyanlar məsələyə o qədər də ciddi yanaşmayacaqlar. O zaman mən deyirəm: onların əlbir olduqlarını iddia etməyəcəyəm. Amma siz də məni inandırmağa çalışmayın ki, bütün bu insanların ABŞ-a rəhbərlik etmələri sırf təsadüfdür! Deyəcəksiniz ki, bizim İraq nefti uğrunda müharibəyə hazırlaşmağımız da təsadüfdür?".
1997-ci ildə Buş Texas ştanının qubernatoru olan zaman VVS Taliban liderlərinin Əfqanıstandan Hyustona səfəri haqda reportaj yayımlamışdı. Məqsəd "Unocal" neft şirkətinin rəhbərliyi ilə görüşərək, Əfqanıstan ərazisindən qaz kəmərinin çəkilişinə dair danışıqlar aparmaq idi. Layihənin reallaşdırılması üçün işlər "Enron" şirkətinə tapşırılmışdı. Bu, Buşun seçki kampaniyasını maliyyələşdirən şirkət idi.
Xatırladaq ki, 2001-ci ildə məhz bu təşkilatın maliyyə maxinasiyaları, hesabatların saxtalaşdırılması üzündən fond bazarında çökmə başladı və dünyada iqtisadi böhranın baş qaldırmasına şərait yarandı.
Qaz kəmərinin tikintisini "Halliburton" şirkəti həyata keçirməli idi və həmin vaxt ona ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni rəhbərlik edirdi.
Texas ştatı terrorçulardan ibarət nümayəndə heyətini hansı məqsədlə qəbul edirdi? Qaz kəmərinin tikintisinə dair razılaşmanın taleyi necə oldu? "Halliburton" ətrafında bir-birini əvəz edən qalmaqallar Amerikanın xarici siyasətinin qapalılığını və nəzarətsizliyini üzə çıxardı. 2000-ci ildə Buş və Çeyninin seçki kampaniyasını maliyyələşdirən şirkət, bunun müqabilində sonradan İraqda daşınmaz əmlakla bağlı əməliyyatları, həmçinin, bütün neft sənayesini öz inhisarına aldı. Bu azmış kimi, "Halliburton" ABŞ-ın Müdafiə Nazirliyindən nəhəng kompensasiyalar da tələb edirdi. Düzdür, ifşa olunduqdan sonra, şirkət həmin pulları geri qaytarmalı oldu.
2003-cü ilin martında dünyanın xəbər agentlikləri presedenti olmayan bir hadisə haqda xəbər yaydı. İsveçrənin nəhəng banklarından olan UBS hesabındakı İraq hökumətinin pullarını Amerika xəzinəsinə verməyə razılaşıb.
Beləliklə, Vaşinqtonun əldə etdiyi, təxminən, 2 milyard dollar guya "İraq xalqının rifahına xərclənməsi üçün" ABŞ-ın hesablarına köçürüldü.
Ən maraqlısı odur ki, bu "xeyirxahlıq" da Dik Çeyninin neft sənayesi ilə məşğul olan "Halliburton" şirkətinə həvalə edilmişdi.
Elə həmin ilin sonlarında Pentaqon "Halliburton"la razılaşmanın pozulduğunu açıqladı. Məlum oldu ki, qurumun adı daha bir beynəlxalq qalmaqalda hallanır: Fransanın hüquq-mühafizə orqanları, "Halliburton"un Nigeriyada mayeləşdirilmiş qaz istehsalı zavodunun tikintisi hüququnu, adi rüşvət hesabına əldə etdiyini düşünür. Bu hadisənin baş verdiyi dönəmdə də "Halliburton"a Dik Çeyni rəhbərlik edirdi. İstintaq müəyyənləşdirib ki, 1995-2000-ci illərdə Çeyninin şirkəti 180 milyon dollaradək rüşvət verib. Müqavilənin özü isə 6 milyard dollar dəyərində qiymətləndirilirdi.
Bundan başqa, Amerika KİV şirkətin Çeyninin əlaqələrindən də geninə-boluna yararlandığını yazırlar: vitse-prezident "Halliburton"la işlədiyinə görə, yüksək məbləğdə mükafatlar alırmış. ABŞ Müdafiə Nazirliyinin nəzarət xidməti yoxlama apararaq müəyyənləşdirib ki, şirkətin benzin təchizatı üçün xərclədiyi iddia olunan 61 milyon dollar əsaslandırılmayıb. Çünki yanacaq ucuz qiymətə Türkiyədən deyil, daha yüksək qiymətə Küveytdən alınırmış.
Başqa sözlə, ABŞ-ın sabiq vitse-prezidentinin Amerika vergi ödəyicilərinə 61 milyon dollar kələk gəldiyi istisna edilmir.
Amerikadakı korrupsiyanın simasını ilk dəfə tam miqyasda ən yaxşı Hökumət Assosiasiyası (Better Government Association, və ya BGA) açıb: o, BGA indeksini müəyyənləşdirib. Söhbət hökumətin korrupsiya ilə mübarizə və təmizliyə qarant olan 5 qanunun hərtərəfli təhlilindən gedir. 50 ştatda korrupsiya hallarının icmalı göstərib ki, məmurlar düzgünlük prinsipini pozmağa çalışsalar, qanunlar buna maneə yaratmayacaq.
Ekspertlər xüsusi olaraq qeyd edir ki, ABŞ tarixində ilk dəfə ən yüksək postları - prezident və vitse-prezident vəzifələrini eyni sahəni (qaz və neft) təmsil edən biznesmenlər tutub. Amerikalılar ölkə tarixində presedenti olmayan halın - hökumət və siyasətə dələduz koporativ əlaqələrin müdaxiləsinin şahidi olublar. Məsələn, Buşun məsləhətçisi Vulfoviç dar çərçivədə İraqa qarşı hərbi əməliyyatların qaçılmaz olduğunu, hələ 2000-ci ilin seçkilərindən əvvəl bildirmişdi.
Beləliklə, yavaş-yavaş əsl amerikan fenomeni yarandı - mövcud sistemdə getdikcə möhkəmlənən leqal korrupsiya. Tədricən "maliyyə cinayəti" anlayışı daha dar çərçivədə işlənməyə başladı. "Enron" korporasiyası 25 ştatda qanunvericiliyin dəyişməsinə, Buşun qubernator olduğu Texasda vergilərin azaldılmasına nail oldu, Klinton dövründə özü üçün imtiyazlı şərait qurmağa çalışdı.
Bütün cəbhələrdə uğurlar var idi. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində BCCI korporativ şəbəkəsi ilə (onun bütün obyektləri ofşorlarda idi) bağlı qalmaqal yaşanan zaman, hökumətə ölkənin onlarca bank sistemində xaosun hökm sürdüyünü görmək üçün 5 il lazım gəldi. Federal ehtiyatlar və digər dövlət institutları da baş verənlərə çox ləng reaksiya göstərirdilər.
Bir sözlə, dövlət səriştəsizlik nümayiş etdirir və cəmiyyəti müdafiə edə bilmirdi.
Corc Buş da mütəmadi olaraq, korrupsiya qalmaqallarının əsas simasına çevrilirdi. "Associated Press" agentliyinin iddiasına görə, 1989-cu ildə Buşun idarə heyətinin üzvü olduğu "Harken Energy" korporasiyasının imzaladığı razılaşmalardan biri, sonradan Birja və Qiymətli Kağızlar Komissiyası tərəfindən araşdırma obyekti olmuşdu.
Konnektikutda Con Roulendin administrasiyasında ştatın tarixində ən səs-küylü korrupsiya qalmaqalı baş verib. Ştatın 3 meri və xəzinədarı həbs olunub, qubernatorun müavini hökumət müqavilələrinin müqabilində rüşvət kimi qızıl sikkələr almaqda təqsirli bilinib. Qubernator etiraf edib ki, o, Liçfilddəki kottecinin bərpasını özəl şirkətlərə həvalə edib. Bir qədər əvvəl isə o, Konnektikut sakinlərini inandırmaq istəyirdi ki, isitmə sistemi olan vanna və yığma tavanın qurulmasına görə ödəniş edib. Amma sonradan, bunun yalan olduğunu boynuna alıb. Demokrat Partiyasından olan namizəd, 1998 və 2002-ci illərdə Roulendlə mübarizə aparmış Bill Kerri isə Konnektikutu "ABŞ-ın ən korrupsiyalaşmış ştatı" adlandırıb.
2005-ci ilin dekabrında "New York Times" qəzeti amerikalılara Corc Buşla bağlı daha bir qalmaqallı məlumat açıqlayıb: Buş hələ 2002-ci ildən xüsusi xidmət orqanlarına, məhkəmə sanksiyası olmadan, ABŞ sakinlərinin telefon danışığını dinləməyə icazə verib. Məqsəd - terrorla mübarizədir.
2004-cü ildə terrorçuların telefon danışığının dinlənilməsi üçün məhkəmə qərarlarının vacib olduğunu bəyan etmiş prezidentin ikiüzlülüyü hər kəsi şoka salmışdı. Axı prezidentin həmin açıqlaması səslənən zaman, artıq ilyarım idi ki, telefon danışıqları heç bir sanksiya olmadan dinlənilirmiş...
Hərçənd, Buş həmin vaxtadək artıq prezident kimi kifayət qədər mənfi imic qazanmışdı. 2003-cü ilin sentyabrında onun Washington Monthly reytinqində ABŞ-ın ən yalançı prezidentləri siyahısına liderlik etməsi də təsadüf deyildi. Buşun "Britaniya hökumətinin Səddam Hüseynin Afrikadan nəhəng həcmdə uran almaq niyyətini üzə çıxartması" haqda yalanı daha ciddi yalan sayılırdı. 2003-cü ilin mayında İraqda kütləvi qırğın sildahı tapmalarına dair bəyanatı da bu sıradan olan yalanlardandır. Axı İraqda hələ də belə silahın heç izləri də aşkar edilməyib.
Elə həmin ilin iyulunda Böyük Britaniya Müdafiə Nazirliyinin kütləvi qırğın silahları üzrə məsləhətçisi Devid Kelli qətlə yetirilib. O, Corc Buş və Toni Bleeri yalançılıqda ittiham edirdi.
Məhz Kelli VVS teleşirkətinə İraqda kütləvi qırğın silahının olmasına dair hökumətin məruzəsinin saxta olduğunu söyləmişdi. Onun faciəvi taleyi digərləri üçün dərs oldu - susqunluq dərsi. Buş-Çeyni-Ramsfeld ailələri isə İraq müharibəsindən hərbi "gəlir" və "çirkli pulları" xüsusi həyasızlıqla bölüşdürməkdə idi.
Korrupsiyanın kraliçası kimi isə həmişə Hillari Klintonun adı hallandırılıb. Hələ 90-cı illərin əvvəllərində "Nyu-York Tayms" ilk dəfə olaraq, "Uaytuoter" işi haqda yazırdı. Söhbət 80-ci illərin əvvəllərində Arkanzas ştatında baş vermiş maliyyə maxinasiyalarından gedirdi. Qalmaqalda ştatın sabiq qubernatoru Bill Klinton və onun xanımı Hillari Klintonun adları çəkilirdi. Hillari məlumatların saxtalaşdırılması, bu işlə bağlı sənədlərin gizlədilməsində günahlandırılırdı. Məlumata görə, Şimali Arkanzasa kapital qoyuluşunun uğursuzluğa düçar olmasından sonra Klintonlar qeyri-qanuni vergi güzəştləri əldə etməyə çalışıb, sonradan isə bunu təkzib edərək, istintaqa mane olmağa cəhd göstəriblər. Missis Klinton əvvəlcə bildirib ki, onun əri bu razılaşmaya 69 000 dollar xərcləyib. Sonradan o, ifadəsini dəyişib və bildirib ki, onlar birlikdə "xeyli pul" xərcləyiblər. Klintonun ifadələrinin uyğun gəlmədiyi ona xatırladılan zaman isə xanım Klinton "əlbəttə, səhv etdiyini" söyləyib.
Amma cəmi 1 il sonra - 2000-ci ildə o, qeyri-müəyyən şəkildə deyib ki, "belə şey olmayıb, çünki ola da bilməzdi".
1992-ci ilin yazında Hillari Klintonun Çikaqodakı ticarət birjasında iştirak etdiyi, 1978-ci ilin sentyabrından 1979-cu ilin iyulunadək oraya 1000 dollar pul qoyduğu, nəticədə 99 537 dollar qazanc götürdüyü məlum olub.
Bu cür rekord uduş əlbəttə ki, şübhəli görünür. Bu hadisə Amerikanın birinci xanımının imicinə təbii ki, mənfi təsirini göstərmişdi.
Bundan başqa, 1997-ci ilin martında Hillarinin Ağ evdəki yaxın əməkdaşlarından birinin Kaliforniyadan olan sahibkar Con Çanqdan 50 000 dollarlıq çek aldığı məlum olub. O, seçkiqabağı kampaniya üçün nəzərdə tutulubmuş. Məlumata görə, Çanq Hillarinin Ağ evdəki bürosuna düz 21 dəfə baş çəkib.
Amerikanın Judicial Watch (JW) qeyri-hökmət təşkilatının ABŞ-ın ən korrupsiyalaşmış siyasətçilərindən ibarət 12 nəfərlik siyahısında "şərəfli" birinci və ikinci yeri Bill ilə Hillariyə verməsi də təsadüf deyil. JW hesab edir ki, Hillarinin nəinki ərinin çoxsaylı maliyyə fırıldaqlarına aidiyyatı var, onun özü də birbaşa belə işlərlə məşğul olub. Məsələn, Hillari JW təşkilatının müştərilərindən olan Piter Poldan öz seçki kampaniyası üçün qeyri-qanuni olaraq, 2 milyon dollar alıb. JW-in prezidenti, həmçinin, hazırkı dövlət katibini, öz seçki kampaniyasına maliyyə dəstəyi toplamaq üçün keçirdiyi ziyafət haqda saxta hesabat verməkdə də ittiham edib. İttihamlara görə, onun icazəsi ilə maliyyəçi Devid Rosen 2000-ci ilin avqustunda keçirilən xeyriyyə ziyafətinin xərclərini azaldıb. Müstəntiqlər bildirir ki, faktların təhrif olunması senatora bilavasitə seçkiqabağı kampaniyaya daha çox pul xərcləməyə imkan verib.
2000-ci ildə müstəqil prokuror Robert Rey belə qənaətə gəlib ki, Hillari Klinton yalandan şahidlik edib. Müəyyən olunub ki, 1993-cü ildə o, Ağ ev administrasiyasındakı xidmətlərin birində çalışan bir qrup məmurun işdən kənarlaşdırılmasında bilavasitə iştirak edib. Bu isə Hillarinin Konqresdə həmin hadisəyə heç bir aidiyyatının olmamasına dair bəyanatına tam zidd idi.
2001-ci ilin yanvarında Hillari Klintonun qardaşı Xyu Rodhem Amerika KİV-nin diqqət mərkəzində idi. Məlumata görə, o, Klintonun prezidentliyinin son günündə əfv olunmuş insanların siyahısına 2 nəfərin əlavə edilməsi üçün 200 min dollar alıb.
Klinton cütlüyünün qalmaqallı tarixi bununla da bitmir. Prezident seçkisi kampaniyasının bitməsinə az müddət qalmış məlum olub ki, senator H.Klinton Senata verdiyi illik hesabatında ailə xeyriyyə fondundan gələn gəlirlərini göstərməyib. Söhbət Hillarinin əri ilə birlikdə rəhbərlik etdiyi fonddan gedir. Klintonların 2001-ci ildən vergi ödəməli olduqları gəlirlərinin 5 milyondan artığını bu fondun hesabında "gizlətdikləri" məlumdur. Baxmayaraq ki, fond 2001-ci ildə yaradılıb, onlar maliyyə hesabatlarında bir dəfə də olsun, bu qurum haqda məlümat verməyiblər. Halbuki, bu, parlament qaydalarına ziddir.
Amerikada korrupsiya qalmaqalları Barak Obamanın prezidentliyə başlamasından sonra da davam edib. O, prezident səlahiyyətlərinin icrasına başlar-başlamaz İllinoys ştanının qubernatoru, demokrat Rod Blaqoyeviç Obamanın Senatdakı yerini satmağa cəhddə günahlandırılaraq həbs edilib. FTB-nin materiallarına əsasən, Blaqoyeviç senator yerini qeyri-kommersiya təşkilatına, və ya həmkarlarla işləyən təşkilatlardan birinə satmaq istəyirmiş. Bundan başqa, o, həyat yoldaşının illik gəlirinin 150 min dollar olmasını da tələb edirmiş. Bu azmış kimi, R.Blaqoyeviç seçki fondlarından pul götürmək, qubernator postunu tərk edəndən sonra isə ya prezidentin komandasında təmsil olunmaq, ya da səfir təyin edilmək istəyini gizlətmirdi.
Məhz belə qapalı korrupsiya sistemi hesabına Bernard Myerdoff kimi maliyyə fırıldaqçıları havadan piramida qura biliblər və bu, dünyanın maliyyə sistemində dərin böhran yaradıb.
Amerikanın nəhəng "Benk off Nyu-York" bankı ilə bağlı qalmaqal da hələ yaddaşlardadır. O, nəhəng həcmdə şübhəli kapitalların yuyulmasında təqsirləndirilir. Əsas fəlakət isə ondadır ki, ABŞ bu virusa digər ölkələri də yoluxdurmağa çalışır. Bunun üçün isə köhnə, sınaqdan keçirilmiş qaydalardan istifadə olunur: siyasi və iqtisadi şantaj.
İndi "Toyota" şirkətinə ünvanlanmış avtomobillərdə qaz pedalının işləməməsi ittihamlarının da uydurma olduğu aydınlaşır. Bununla Vaşinqton "Toyota"nın Amerika bazarında daha da möhkəmlənməsinin qarşısını almağa çalışırmış. Xatırladaq ki, bu, "soyuq müharibə" dönəmində Vaşinqtonun Qərbi Almaniya və Yaponiyaya yanaşmasını əks etdirən "böyük razılaşma" prinsipinə - "bazar əvəzinə bəzər" prinsipinə tam uyğundur. Yəni o zaman Qərbi Almaniya ilə Yaponiya, Amerika bazarlarına çıxış əldə etmək naminə, müstəqil xarici siyasətdən imtina etmişdilər.
Ssenari işləmədi
Bu gün Obama administrasiyasının beyin mərkəzinin ekspertləri üçün aydındır ki, qloballaşma Amerika isteblişmentinin 1990-cı illərdə proqnozlaşdırdığı ssenari üzrə getməyib. O, nəinki Amerika kapitalının, dəyərlərinin və hərbi gücünün dünyaya yayılmasına səbəb olub, həm də əsas sənaye istehsallarının Birləşmiş Ştatlardan kənara çıxmasına, yeni rəqib ölkələrin (Hindistan, Çin) yaranmasına, terror şəbəkəsinin genişlənməsinə və s. imkan yaradıb.
Amerikanın İnkişafına Dəstək Mərkəzi rəsmi Vaşinqtonu güc hesabına hakimlik etmək, önləyici hərbi addımlar və rejim dəyişikliklərindən, öz düzəninin aqressiv formada qəbul etdirilməsinə cəhdlərdən imtinaya çağırır. Mərkəz hesab edir ki, ABŞ-ın yumşaq, konsensus əsasında liderliyinə nail olmaq yolu seçilməlidir. ABŞ-ın məhz bu yolu tutması son zamanlar bəzi dövlət liderlərinin, məsələn, Fransa, Türkiyə və Azərbaycan kimi ölkələrin rəhbərliyinin dilindən Vaşinqtonun təzyiqlərinə qarşı qəzəbli bəyanatlar səslənməsinə səbəb olub.
Xatırladaq ki, bu ilin martında ABŞ Dövlət Departamentinin press-attaşesi Krouli xalqını İsveçrəyə qarşı cihada səsləmiş Liviya prezidenti Qəddafiyə rişxənd etdikləri üçün üzr istəyib.
Amerika demokratlarının liderindən çox şey gözləyirdilər. Lakin məşhur rusiyalı telejurnalist Vladimir Pozdnerin söylədiyi kimi, Amerika prezidenti "bir qədər öz-özünə vurğun" şəxsdir: "O, özünü süni aparır və çox danışır".
2009-cu ilin oktyabrında "Avaaz" qrupunun fəalları metronun Ağ evə yaxın stansiyalarında Quantanamonun bağladılması tələbi ilə piar kampaniya təşkil etmişdi. Onların məqsədi ölkə rəhbərliyinə C.Buşun dönəmində işgəncələr simvoluna çevrilmiş Quantanamonun və işgəncələrin qeyri-qanuni, qeyri-etik olduğunu və yeni radikalları öz sıralarını genişləndirmək üçün imkan vediyini başa salmaq idi.
Dünya Obamadan Yaxın Şərqdəki vəziyyətlə bağlı liderlik görmür.
Amerikalılar külli miqdarda dövlət xərcləri və federal büdcədə kəsirinin artmasından narahatdır.
Obamanın prezident seçkisindən cəmi 10 ay sonra əhali arasındakı reytinqi 49%-ə düşüb.
Obama komandasının üzvləri çox tez-tez qeyri-adekvat əməlləri ilə də fərqlənir. Məsələn, 2010-cu ilin martında Nyu-York ştatından olan demokrat konqresmen Erik Massa Ağ ev administrasiyasının rəhbəri Rom Emanuel tərəfindən hücuma məruz qaldığını açıqlamışdı. Massanın sözlərinə görə, səhiyyədə islahatları nəzərdə tutan sənədə səs vermək istəmədiyi üçün Emanuel onu Nümayəndələr Palatasının duş otağında boğmaqla qorxudub.
ABŞ siyasi landşaftının 2010-cu ilin martına olan xülasəsi göstərir ki, Barak Obama prezident postunu tutduqdan cəmi 1 il sonra, ölkənin mütərəqqi liberal təşkilatları tərəfindən daha çox tənqid olunmağa başlayıb. Halbuki Obamanın prezident seçilməsində məhz bu təşkilatların böyük rolu olmuşdu. Bu, Demokrat Partiyasının noyabrda keçiriləcək aralıq seçkidəki şanslarına ciddi təsir göstərə bilər.
"The Wall Street Journal" Obaman xarici siyasi kursunu parodoksal və təhlükəli adlandırır. Qəzet yazır ki, Obamanın düşmənlərlə dialoq, dostlarla birlik və Amerikanın yeni imicini özündə birləşdirən xarici siyasəti həyata keçirmək cəhdi uğursuzluğa düçar olub. Qərbi Avropa ölkələrinin liderləri Əfqanıstandakı kontingentini artırmaqdan imtina edir, Braziliya, Hindistan və Cənubi Afrika ABŞ-a qarşı birləşir, Türkiyə Qərb düşərgəsindən aralanır. ABŞ-ın Türkiyə - Ermənistan protokolları təşəbbüsü ilə bağlı son zamanlar meydana çıxmış bəzi mənfi faktorlar isə Azərbaycan - Amerika əməkdaşlığının inkişaf tempini də zəiflədir.
Bundan başqa, 2010-cu il yanvarın 15-də ABŞ-ın "Haffington post" internet qəzetində tanınmış amerikalı politoloq, Kaliforniyanın Tool Shed Group LLC analitik mərkəzinin eksperti Ceyson Kantsın "İncə oyun" məqaləsi dərc olunub. Məqalədə Azərbaycanın öz maraqlarından çıxış edən çox praqmatik ölkə olduğu bildirilir. Müəllif xüsusi olaraq vurğulayır ki, ABŞ-ın Azərbaycan kimi dostu itirməsi onun xarici siyasətinə və maraqlarına ciddi zərbə vura bilər.
Bizcə, bu məsləhətə qulaq asmağa dəyər...
MƏSLƏHƏT GÖR:




527

