5 Dekabr 2025

Cümə, 23:10

ÖZÜNƏMƏXSUSLUQ QLOBALLAŞMAYA MANE OLMUR

Dini sabitliyin təmini inanc, yoxsa siyasət məsələsidir?

Müəllif:

01.05.2010

26-27 apreldə  Bakıda dini liderlərin "Qloballaşma, din, ənənəvi dəyərlər" mövzusunda sammiti oldu və sammitdə dünyanın 32 ölkəsindən xristian, müsəlman, yəhudi, buddist və induist icmaların başçıları, təmsilçiləri iştirak etdilər. Sammitin siyasiyönümlü olduğu elə adından da bilinirdi. Ancaq burada təəccüblü heç nə yoxdur. Həm çağdaş geosiyasət formatında, həm də bütün dünya tarixi boyunca din xüsusi rol oynayır. 

 

Konfessional önəm 

Hələ bu sammitdən öncə  prezident İlham Əliyevlə görüşündə patriarx Kiril bildirmişdi ki, Rusiya və Azərbaycan xalqları arasında dostluq əlaqələri həm Qafqaz bölgəsində, həm də bütün dünyada sülhün qorunması üçün böyük önəm daşıyır. Patriarx Azərbaycanda hansısa dini münaqişənin olmamasına xüsusi diqqət yetirib: "Çağdaş terminologiyadan istifadə edilərsə, biz yüksək tolerantlıq səviyyəsindən danışmalıyıq". 

Patriarx  Azərbaycanın pravoslav icmasının adından dövlət başçısına "xalqın həyatında mövcud olan bu sülh ruhuna",  həmçinin, həm daxili həyatda önəmli rol oynayan, həm də Azərbaycanın yalnız sərhəd ölkələrlə deyil, həm də bütün dünya ilə münasibətlər qurmağa imkan verən "dinlərarası xoş münasibətlər"ə görə təşəkkür edib. Azərbaycan xalqının "pravoslav icmasına xoş münasibətinə görə" prezidentə təşəkkür sözlərini o, həm də Bakıda Müqəddəs Jen-Mironosits kafedral kilsəsində liturgiya zamanı bildirib: "Bizim sayımız burada çox deyil. Amma bizi Azərbaycan qanunları, dövlət başçısının ehtiramı, müsəlman bacı və qardaşlarımızın dost münasibəti müdafiə edir". 

Rusiyanın pravoslav liderinin bu sözləri ikitərəfli münasibətlərin inkişafı üçün böyük önəm kəsb edir. Qafqaz zonasındakı permanent qeyri-sabitlik şəraitində Azərbaycan və rus xalqları arasında xoş münasibətlərin bərqərarlaşması önəmli işdir, çünki xarici qüvvələr hər iki ölkədə durumu qarışdırmaqda maraqlıdırlar və onlarla  əlbir olan dairələr həmişə millətlərarası oyun oynamağa cəhd edə bilərlər. Kirilin dedikləri isə birmənalı şəkildə göstərir ki, bu cür ssenarilər peyda olduqda onların süniliyi bəlli olacaq. 

Patriarx Kirilin vasitəçiliyi ilə erməni katalikosu II Qaregin də sammitə gəlmişdi və o da Ermənistan-Azərbaycan danışıqlarına dəstək verməyi "bizim borcumuz və vəzifəmiz" adlandırdı. "Biz istəyirik ki, ermənilər və azərbaycanlılar yenidən sülh şəraitində yaşasınlar. Sərhədlər açılsın və əlaqələr qurulsun", - deyə II Qaregin vurğulayıb və növbəti dinlərarası sammiti İrəvanda keçirməyi təklif edib. Əvvəlcədən Qafqaz Müsəlmanları  İdarəsinin başçısı Hacı Allahşükür  Paşazadəni də sammitdə iştiraka dəvət edib. 

Patriarx,  katolikos və Şeyxin üçtərəfli görüşünün yekunu ilə bağlı açıqladıqları birgə bəyanatda "iki xalq arasındakı yadlaşmanı aradan qaldıra biləcək əməkdaşlığın mənəvi orientirləri"nə riayət etməyin vacibliyi vurğulanıb. Bununla da dini fon yalnız Bakı və Moskvanın strateji əməkdaşlığın oturuşması çərçivəsində deyil, həm də Erimənistan - Azərbaycan qarşıdurmasının nizamlanmasında da işlədilir. Qeyd edək ki, geosiyasətdə konfessional amil başqa istiqamətlərdə də özünü göstərib. 

 

Qlobal layihənin çoxçalarlılığı  

İndiki qloballaşmanın vektorlarının "ədalət və xalqlar arasında gerçək bərabərlik" istiqamətlərindən  xeyli aralı olmasını Rusiya Muftilər Şurasının (RMŞ) sədri şeyx Ravil Qaynutdin də qeyd edib. O bildirib ki, əxlaq və mənəviyyatı hesaba almayan "istənilən maddi-texniki inkişaf bir sıra hallarda əvvəlki vəziyyətə nisbətən durumu daha da pisləşdirir". 

Bu baxımdan ümmətin vəzifələri sırasında R.Qaynutdin qlobal layihə ilə bağlı "öz məğzi baxımından müsəlmanlara uyğun olan strategiya və taktika işlənməsi üzrə" təxirəsalınmaz kollektiv işi göstərib. Onun sözlərinə görə, qloballaşma prosesinin obyektiv xarakterli olmasına baxmayaraq, müsəlmanlar üçün  "özləri, öz sivilizasiyaları, insanlığın tarixində onun yeri və gələcək inkişaf perspektivləri barədə maarifçilik" kimi aktual vəzifə yaranıb. Amma gerçək müsəlman maarifçiliyi yalnız dini bilgilərlə məhdudlaşa bilməz. Ancaq önəmli bölümü "dini hədd" olan kompleks yanaşma ilə müsəlmanlar sürətlə qloballaşan dünyada " dini və sivilizasiya özünəməxsusluğunu qorumaqla" irəliləyə bilərlər.

R.Qaynutdin dünyanın müxtəlif elektoratlarında fəal və yetərincə çoxmənalı müzakirə edilən daha bir cəhətə də toxunub. O qeyd edib ki, "Yaradan insanların çiyninə məsuliyyət yükü qoyub ki, bunun da öhdəsindən yalnız birləşmiş səylərlə gəlmək mümkündür".  Buradan isə onların ən etibarlı əsasda - qarşılıqlı anlaşma zəminində  münasibətlərinə və işbirliyinə obyektiv ehtiyac yaranır. Ancaq insanların və bütöv xalqların yaxınlaşması çağırışı yalnız müsəlmanlara deyil, bütün bəşəriyyətə ünvanlanıb.  Bununla yanaşı, "Yaradan insanlar üçün yalnız yaxınlaşma yolları açmır", həm də bunu vacib vəzifəyə çevirir. Bütövlükdə, bu cür yanaşma Bakı görüşünün iştirakçıları tərəfindən qəbul edilmiş sənədə uyğun idi. 

 

Qloballaşan dünyada dinin perspektivləri 

Sammitin yekun sənədində "mədəniyyət və dinlərin özünəməxsusluğundan və bütövlüyündən" imtina, "sinkretik baxışlar sisteminə, dinlərin qarışmasına" keçid barədə mütəmadi qlobal çağırışlara da toxunulub, bildirilib ki, bu cür yanaşma insanların daha çox bölünməsinə səbəb olur. Bununla bağlı insanın "öz dünyagörüşünə azad riayət etməsi" üçün hətta bu, "dünya elitasına xoş gəlməsə belə", imkan yaradılması çox vacib məsələ kimi ortaya çıxır. Bunun aktuallığı onunla izah edilir ki, qloballaşma "dövlətlərin, xalqların və fərdlərin təhlükəsizliyinə təhdidləri" aradan qaldırmayıb, əvvəlki kimi aclıq, sosial qeyri-bərabərlik, ətraf mühitin çirklənməsi, etnik-dini zəmində hərbi münaqişələr aradan götü-rülməyib. 

"Varlı ölkələr daha da varlanır, yoxsullar isə getdikcə yoxsullaşır" və dünya gəlirlərinin ədalətsiz bölünməsi getdikcə daha çox tənqid olunur. Həmçinin, dinin sosial həyatdan kənarlaşdırılması üzrə səylər edilir, dəyişməz mənəvi dəyərlərin  insana və cəmiyyətə xas olması faktı inkar olunur. Bununla da "tam əxlaqi nihilizmə yol" açılır, nəticədə, ümumi qəbul edilmiş dəyərlər "maddi təminat, rahatlıq, əyləncə dalınca əxlaqsız yarışma"ya yönəldilir. Mənəviyyatın tükədilməsi bəşəriyyəti məhvə doğru aparır. 

Bununla bağlı olaraq dini icmalar "təsərrüfatçılığın inkişafının alternativ modelləri"ni göstərə bilərlər. Bu yolların əsasında çox xalqlar üçün ümumi olan mənəvi dəyərlər - ədalət, həmrəylik, insana sevgi, bizim xalqların çoxəsrlik ənənələrinə və mədəniyyətinə hörmət durur. Bununla da dini liderlər dünyanın iqtisadi və sosial problemlərin həllində həm beynəlxalq əlaqələrin yüksək səviyyəsində, həm də öz ölkəsinin və konkret icmanın səviyyəsində önəmli işlər görə bilər. Qəbul edilmiş sənəd təhlükələrə qarşı dünya dinlərinin birləşməsinin aktuallığını qeydə alıb, çünki "məhz ənənəvi dini icmalar dini dəyərlərin ekstremistlərin və terrorçuların xeyrinə dəyişdirilməsinə qarşıdırlar".  Bu, terrorizmin beynəlxalq ölçülər qazandığı indiki günlərdə xüsusilə önəmlidir. 

Bununla yanaşı, sənəddə hər bir xalqın sərbəst inkişafının, öz taleyini özünün həll etməsinin və onun həyatı ilə bağlı bütün beynəlxalq aktların qəbul edilməsində özünün iştirakının təmin edilməsinin vacibliyi qeyd edilir. Sammit çərçivəsində paralel olaraq YUNESKO yanında dini xadimlərin məşvərət qrupunun birinci iclası keçirilib. Öz vaxtında belə dini  qurumun yaradılmasına YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsura can atıb. Real olaraq isə o, YUNESKO-nun yeni və ilk xanım rəhbəri İrina Bokovanın təşəbbüsü ilə yaranıb. Bu institut YUNESKO ilə din xadimlərinin  əməkdaşlığı, mədəniyyətlərin dialoqu üçün parlaq imkanlar yaradır. Beləliklə, Bakı görüşünün sonuclarının, hətta sürətli analizi belə birmənalı şəkildə sammitin geosiyasi  detallarını, həmçinin, onun dünya müsəlman icması üçün önəmini nümayiş etdirir, çünki bu, ümmətin təmsilçiləri üçün geniş fəaliyyət sahəsidir. 

Amma bununla yanaşı, xeyli sual yaranır. Təəssüf ki, onlar bizim hamımız üçün elə də xoş məqamlar deyil. Görəsən, biz özümüz toplumu tərəqqiyyə aparmağa nə dərəcədə hazırıq? Bizim bu cür daxili və xarici potensialımız varmı? Bu zaman müsəlmanlarınn  Moskvada keçirilmiş aprel forumunu xatırlamaq yerinə düşər. Öz çıxışında Rusiya Müftilər Şurasının başçısı "gənc insanlar"ın qurduğu "ekstremist təşkilatlar"ın xarizmatikliyinə və özünəinamına diqqət çəkib. Buna qarşılıq olaraq ümmət daxilində "eyni cür parlaq və inamlı liderlər, başqa sözlə, gerçək islamın təbliğatçılarını yetişdirmək mümkün olmayıb". Ancaq bu məsələ ayrıca tədqiqat mövzusudur. 

 

Azərbaycanın rolu 

Bu baxımdan Bakının yuxarıda söylənilənləri həyata keçirməkdə rolu maraqlıdır. Belə ki, sammitin açılış mərasimində prezident İlham Əliyev Azərbaycanı "Şərqlə Qərb arasında yeganə körpü" adlandırıb. Qeyd edib ki, bu torpaqda yüzillər boyunca müxtəlif millətlərin və dinlərin təmsilçiləri bir ailə şəklində yaşayıblar, dövlət başçısı bu önəmli amilin çağdaş Azərbaycanda da mövcudluğunu qeyd edib. Bu zaman İlham Əliyev Bakının iyirmi ildir, İslam Konfransı Təşkilatına və on ildir ki, Avropa Şurasına daxil olduğunu qeyd edib və islamı "bizim müqəddəs dinimiz" adlandırıb.  Daha sonra prezident  Azərbaycanın "bütün dünya üçün açıq olduğunu" bildirərək bəyan edib ki, Bakının planlarına Avropa və Asiya, xristian dünyası ilə müsəlman dünyası arasında əlaqələrin inkişafına daha böyük töhfələr vermək  daxildir. Qloballaşmanın dünya üçün nisbətən yeni mövzu olduğunu qeyd edən prezident, normaların qloballaşması adı altında "milli mentalitetə yad olan" qaydaların sırınmasından qorunmaq üçün hər bir ölkə və xalq tərəfindən öz milli-mənəvi dəyərlərini müdafiə etmək məqsədilə tədbirlər görülməsinin vacibliyini qeyd edib. 

Dövlət başçısı artıq 1998-ci ildə Bakıda keçirilmiş "Qafqazda islam hərəkatı" beynəlxalq simpoziumunda Heydər Əliyev tərəfindən bəyan edilmiş fikri bir daha təkrarlayaraq vurğulayıb ki, "Biz islam mədəniyyətini, islam dini dəyərlərini Müqəddəs Kitabımız Qurani-Kərimdə olduğu kimi qəbul edirik". Heydər Əliyev onda bildirmişdi: "Azərbaycan Qafqazda islam sivilizasiyasının tədqiqat mərkəzi ola bilər" və "buna haqqı çatır".  Ona görə haqqı çatır ki, "Avropa və Asiya, Şərq və Qərb arasında qurulmuş Bakı körpüsü yalnız coğrafi deyil, həm də sosial-iqtisadi və siyasi anlam" daşıyır. Azərbaycanın "Şərq sivilizasiyasını Qərb sivilizasiyası  ilə yalnız coğrafi deyil, həm də mənəvi baxımdan birləşdirdiyini" qeyd edən Heydər Əliyev bu tarixi missiyanın yüksək dəyərindən danışmışdı. O vurğulamışdı ki, xristian dünyasını islam dünyası ilə birləşdirən Azərbaycan bundan sonra da müstəqil dövlət kimi yaşayacaq. 

 

Kadr çatışmazlığı problemi 

Etiraf etmək lazımdır ki, elektoratların təmsilçiləri arasında gerçək qarşılıqlı anlaşma olmadıqda dövlətlərin sabitliyi həmişə təhlükə altında olur, çünki xarici qüvvələr lazım olduqda daxili münaqişələrdən istifadə edərək, durumu qarışdıra bilərlər. Baxılan məsələ çərçivəsində başqa bir önəmli fakt da ortaya çıxır. Hazırda Azərbaycan prezidentinin dediklərini həyata keçirəcək yüksək hazırlıqlı kadrlara nə dərəcədə malikik? Sualı başqa cür də qoymaq olar: dindarlar arasında qlobal tapşırıqları yerinə yetirməyə qadir peşəkar insanlar toplusu varmı? 

Bu cür suallara müsbət cavab almaq üçün Azərbaycan müsəlman icmasında inkişafın konseptual əsaslarının dinlə, toplumla və dövlətin qarşılıqlı münasibətinin ümumi konsepsiyası ilə birgə işlənməsinin vaxtı çatıb. Amma burada ciddi "əmma"lar ortaya çıxır. Tutaq ki, yararlı sənəd hazırlandı. Sonra nə olacaq? Kim və hansı şəkildə onu gerçəkləşdirəcək? Gərək olan sayda hazırlıqlı kadr potensialı mövcuddurmu? Həm də proses barədə topluma məlumatlar da çatdırmaq gərəkdir. Bir daha kim və nə cür bu işi gerçəkləşdirəcək? 

Məsələlər elə də asan deyil. Onların aktuallığı artıq kadr çatışmazlığı çərçivəsindən kənara çıxır. Çünki Azərbaycanda müsəlmanlığın hər iki qanadının olması onların təmsilçilərinin öz məzhəbinə həddindən çox bağlanmasına səbəb olur. Deməli, hər bir məsələ ilə bağlı xüsusi  ortaq yanaşma üzərində işlənilməlidir. Yenə də bu qanadların təmsilçilərinin bir-birlərinə hörmətlə yanaşmağı bacaracağına, ən azından, hər bir kəsin öz nəzər nöqtəsini izah etməyə haqqı çatdığını anlayacağına şübhələr var. 

Amma bu, ayrıca məqamdır. Daha qlobal məsələ isə əhalinin bütün kateqoriyalarının fərqli fikri dinləməyə hazır olub-olmamasıdır. Belə fikir sahiblərini düşmən və ya başsız saymayacaqlar ki? Doğrudan da problemdir. Ancaq nə qədər ağır olsa da, bu istiqamətdə işlərə başlamaq doğru olardı. Özü də çox tezliklə. Çünki İlham Əliyevin özünəməxsusluğu qorumaq barədə dediklərindən görünür ki, Azərbaycanın islam vətəndaş identikliyinin formalaşdırılmasının vaxtı çatıb ki, bu da vətəndaş cəmiyyətinin quruluşunun müəyyən edilməsində əhalinin fəallığını nəzərdə tutur. 

Bunun birinci addımı kimi ölkənin ekspert icmasının və dini elitasının vahid mərkəzinin yaranması ola bilər. Bu, ümmətin inkişaf elementlərinə islama xas olan dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin atributu kimi baxmağa  imkan verər. Bununla da islam dinin sosial yaradıcı potensialı Azərbaycanın bünövrəsini möhkəmləndirən əsaslardan biri olar. Burada vahid tədris ədəbiyyatı, kurs proqramları və keyfiyyətli müəllim heyəti hazırlamaqla islam təhsilinin yönümünün sistemləşdərilməsi prioritetlərini də müəyyən etmək mümkündür. Bütün bunların gerçəkləşdirilməsi müəyyən dərəcə toplumun sosial inkişafının tərəqqisini təmin edə bilər. Bu da öz növbəsində, ölkədə sabitliyin zəmanətinə çevrilər. 

Bütün bunlar birmənalı şəkildə milliyyətindən və dini inancından, sosial vəziyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşları üçün orientirə çevriləcək milli ideyanın işlənməsinə yardım edər. Məhz milli ideya ölkədən kənarda yaşayanlar da daxil olmaqla Azərbaycanı tarixi vətəni sayan hər bir kəsi birləşdirə bilər. 


MƏSLƏHƏT GÖR:

621