Müəllif: Sənan NADİROĞLU Bakı
Azərbaycan paytaxtı Bakı tarixdə ilk Avropa Oyunlarını keçirməyə hazırlaşır. Təşkilati işlər sona yaxınlaşdığı məqamda ictimaiyyət idman növləri və arenalarla yaxından maraqlanır. "R+" bu dəfə oxucuları mötəbər yarışda təmsil olunan 20 idman növündən biri - velosiped idmanıyla tanış etmək niyyətindədir.
Avropa Oyunlarının proqramına velosiped idmanının 3 növü - şose (qrup ötüşməsi və fərdi ötüşmə), MTB - mounteynbayk (dağ yürüşü) və BMX (velo motokross) daxil edilib. Hazırda Azərbaycan üçün yeni olan bu növlər üzrə yarışları yüksək səviyyədə həyata keçirmək üçün lazımi infrastruktur yaradılır. Beynəlxalq standartlara cavab verən dağ velosipedi parkı artıq hazırdır və burada ötən ilin oktyabrında test yarışı da təşkil edilib. BMX trasında isə işlər fevralın sonu, martın əvvəllərində yekunlaşacaq və bu növ üzrə də sınaq xarakterli yarış təşkil ediləcək. Ən nəhayət, bu il mayın 6-10-da keçiriləcək "Tour d'Azerbaijan-2015" veloturunun sonuncu, Bakı mərhələsi Avropa Oyunlarına hazırlıq işlərinin yekunu olacaq. Çünki Avropa Oyunları zamanı şose velosipedi üzrə yarışlar "Tour d'Azerbaijan"ın Bakı mərhələsi keçirilən yollarında baş tutacaq.
Maraqlıdır ki, velosiped idman yarışlarında qaydalar velosiped idmanında olan növlərə əsasən müəyyən olunur.
Şose velosiped idmanı bərk örtüyü olan yollarda keçirilir və velosipedçilər dairəvi hərəkətlə şəhərin küçələrində yarışır. Velosipedçilərin hərəkət etdiyi dairənin uzunluğu 1-3 kilometr arasında dəyişir. Şose velosiped idmanı digər velosiped idman növləri arasında daha çox inkişaf etmişdir.
Maunt (dağ) velosiped idmanı növündə idmançılara verilən tələb dağ yollarında lazım olan manevrləri yerinə yetirməkdir. Bu idmanı növündə xüsusi konstruksiyaya malik dağ velosipedlərindən istifadə olunur. Dağ velosipedi yarışları enişli-yoxuşlu dağ yolları, sərt daşlar, kəskin dönüşlər olan ərazilərdə təşkil edilir.
Velosiped idmanının BMX (Bicycle Motocross extreme) növündə BMX tipli velosipedlərdən istifadə olunur. BMX velosiped idmanı növündə yarışlar torpaq yolda keçirilir. Start 1,5 metrdən 4 metrədək hündürlükdə olan yamacdan verilir, bir qayda olaraq, dörd düz və üç əyri hissədən ibarət yolda müxtəlif maneələr yerləşdirilir: "stol", ikiqat tramplin, üçqat tramplin, "pilləkən", dalğalar və s. Yürüşdə eyni vaxtda səkkiz idmançı iştirak edir.
Azərbaycan Avropa Oyunlarında velosiped yarışlarının bütün növlərində təmsil olunacaq. İdmançılarımızın məsul yarışa yüksək səviyyədə hazırlaşması üçün federasiya rəhbərliyi lazım olan bütün şəraiti yaradıb. Avropa Oyunlarına qədər velosipedçilərimiz bir çox beynəlxalq yarışlarda iştirak edəcəklər və bu yarışların yekununa əsasən "Bakı-2015"də mübarizə aparacaq heyət müəyyənləşəcək.
Velosiped idmanı üzrə Avropa Oyunlarının təşkilatçıları tərəfindən aparılan işləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Avropa Velosipedçilər İttifaqının (UEC) vitse-prezidenti Aleksandr Qusyatnikov Azərbaycan mətbuatına müsahibəsində "Bakı-2015" ilk Avropa Oyunlarını gələcəyə atılan önəmli addım kimi dəyərləndirib: "Bildiyiniz kimi, uzun illərdir ki, şose velosipedi üzrə "elit" yaş kateqoriyasında Avropa Çempionatı keçirilmir. Bunu onunla əlaqələndirirdilər ki, dünyanın ən güclü velosipedçiləri Avropada toplaşdığından qitə çempionatının təşkili dünya çempionatının nüfuzuna xələl gətirə bilər. Amma Avropa Velosipedçilər İttifaqının rəhbərliyində edilən dəyişiklikdən sonra 2016-cı ildən etibarən "elit" yaş qrupunda Avropa çempionatının bərpası qərara alınıb. Bu səbəbdən də, Avropa Oyunlarında gələnilki qitə çempionatının cizgiləri özünü qabarıq şəkildə büruzə verəcək".
UEC vitse-prezidentinin sözlərinə görə, Avropanın aparıcı ölkələri qitə çempionatının bərpasına böyük maraq göstərirlər və bu səbəbdən də, "Bakı-2015"in proqramına şose velosipedinin salınması onların ürəyincə olub. Azərbaycan paytaxtına kifayət qədər güclü velosipedçilərin gələcəyini vurğulayan Aleksandr Qusyatnikov yarışların yüksək səviyyədə təşkil ediləcəyinə şübhə etmir: "2014-cü ildə keçirilən "Tour d'Azerbaijan" veloyürüşü zamanı sonuncu mərhələ paytaxt Bakı küçələrində təşkil edildi və bu variant UEC tərəfindən də böyük dəstək qazandı. Builki yarışın 5-ci mərhələsi də eyni marşrut üzrə olacaq və Avropa Oyunları üçün bu variant tam təsdiqlənəcək. Gözəl şəhər küçələrində yarışmağı kim istəməz? Beynəlxalq standartlara cavab verən dağ velosipedi parkınız artıq hazırdır, BMX stadionunda isə işlər yekunlaşmaq üzrədir. Ümumiyyətlə, Azərbaycanda idman sahəsində fantastik işlər görülür. "Tour d'Azerbaijan" veloyürüşü zamanı rayonlarda bunun bir daha şahidi oldum. Prezident İlham Əliyevin idmana, o cümlədən velosipedə göstərdiyi qayğı, federasiyanızın gördüyü işlər Avropa Velosipedçilər İttifaqı rəsmilərini çox sevindirir".
Ötən ilin oktyabrında ilk Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi növü üzrə sınaq yarışı keçirilib. "Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən yarış dağ velosipedi parkında baş tutub. Birgünlük yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına layiq görülüb. Sınaq turnirində 10 ölkədən 8 qadın və 19 kişi idmançı iştirak edib və onlar Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısına əsasən xüsusi dəvətlə seçilib. Azərbaycan yığma komandası yarışda 3 kişi velosipedçi ilə - Aqşin İsmayılov, Murad Sultanov və Orxan Məmmədovla təmsil olunub.
Federasiyanın gördüyü səmərəli işlər Azərbaycanda bu idman növünə marağı artırıb. Artıq səhər və ya axşam saatlarında şəhər sakinlərinin velosipedlə hərəkət etməsi adi hala çevrilib. Hətta Bakının bəzi yerlərində sakinlər xüsusi velosiped zolağının salınmasını təklif edib.
May ayında Avropa Oyunlarına test xarakterli "Azərbaycan turu" yarışı baş tutacaq. Bundan sonra ilk Avropa Oyunlarında iştirak edəcək idmançılarımızın adı məlum olacaq. Sadaladığımız uğurlardan sonra sevindirici haldır ki, yeni yaranmasına baxmayaraq velosipedçilərimiz qitə oyunlarında iştirak xatirinə deyil, medal qazanmaq üçün mübarizə aparacaq.
MƏSLƏHƏT GÖR: