24 Noyabr 2024

Bazar, 19:44

YEM ÇATIŞMAZLIĞI

Azərbaycanlı heyvandarlar damazlıq mal-qara üçün yüksəkkeyfiyyətli yemə ehtiyac duyurlar

Müəllif:

17.02.2015

Heyvandarlığı haqlı olaraq Azərbaycanda kənd təsərrüfatının ən dinamik inkişaf edən sahələrindən biri adlandırmaq olar. Buna əyani sübut olaraq statistik məlumatları da göstərmək olar. Belə ki, 2014-cü ilin nəticələrinə görə, yerli fermerlər - heyvandarlar ölkəni mal əti ilə 87%, qoyun əti ilə 97%, quş əti ilə 98%, yumurta ilə 100%, süd və süd məhsulları ilə 76% təmin ediblər. 

2014-cü ildə Azərbaycanda kənd təsərrüfatının istehsal həcmi 5,2 mlrd. dollar təşkil etmişdisə, onun 2,8 mlrd.-ı heyvan məhsullarının istehsalının payına düşüb. Bu sahənin aqrar istehsalatda xüsusi çəkisi isə 53,1% təşkil edib. Bununla yanaşı, mövcud olan bir sıra problemlər heyvandarlara istehsalatın ixrac güclərinə nail olmağa mane yaradır.

Azərbaycanın heyvandarlıq komplekslərində islahatlar hələ 2004-cü ildə başlayıb və aqrar sektorun bu seqmenti üzrə keçən 10 ilin nəticələrinə görə ən yaxşı nəticələr əldə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, iri heyvandarlıq kompleksləri və fermalarda 2 mln. 706,9 min baş iribuynuzlu heyvan, (0,1% artım) 8 mln. 681,5 min baş qoyun və keçi (0,6% artım) saxlanılıb. Diri çəkidə ət istehsalı 505, 5 min ton təşkil edib ki, bu da ötən ilin göstəricisindən 1,7% çoxdur. Həmçinin süd 1,9 mln.ton (3,3% çox), yumurta 1,6, mlrd. ədəd (11,5% çox) təşkil edib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi artıq heyvandarlıqla məşğul olan, təxminən, 4810 fermer təsərrüfatının və dövlət baytarlıq idarəsinin digər obyektlərinin elektron qeydiyyatını həyata keçirib. Son illər heyvandarlıqda yüksək genetik potensiala malik cins damazlıq heyvanların idxalına və çoxaldılmasına xüsusi əhəmiyyət verilir. 2014-cü ildə Azərbaycana 20 min baş belə mal-qara gətirilib, bu il isə kənd təsərrüfatı naziri Heydər Əsədovun sözlərinə görə, daha 10 min baş belə heyvanların gətirilməsi gözlənilir.

"Biz artıq 11 ildir bununla məşğuluq. Avropa ölkələrindən sertifikatları olan buzov və buğalar gətirilir. Bu sənədlərdə heyvanlar haqda - onların məhsuldarlığından ətlik-südlük istiqamətlərinə qədər bütün zəruri məlumatlar qeyd edilir", - deyə "Aqrolizinq" ASC-nin damazlıq heyvandarlıq sahəsində fəaliyyət göstərən eksperti Kamil Şamilov bildirib.

Respublika Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi monitorinqin nəticələrinə görə, fermalar məhsulun fasiləsiz istehsalının təmin olunmasında problem yaşamır, qışı adi rejimdə keçirirlər. Ümumilikdə, ölkə üzrə qışı keçirmək məqsədilə bir şərti iribuynuzlu heyvan üçün, təxminən, 30 sentner yem hazırlanıb. Bu da heyvanların qışı problemsiz keçirməsi üçün tamamilə kifayət edir. Və bu, Şəki, Tovuz, Şamaxı, Qobustan kimi respublikanın rayonlarının güclü quraqlıq keçirməsinə baxmayaraq baş verib. 

Mütəxəsisslər regionda südün istehsalının artımına gətirib çıxaran amillər sırasına yeni komplekslərin layihə güclərinə çıxışını, habelə Avropada seleksiya olunmuş yüksək məhsuldar mal-qara sayəsində keyfiyyətli artım olduğunu daxil edirlər. Bu da həmin sahədə dərin dəyişikliklərdən xəbər verir.

Qış dövründə respublikanın təsərrüfatlarında onlarla mələz alınıb ki, bu, ötən ilin göstəricisindən bir qədər çoxdur. Bununla bərabər, bu qışın özəlliyi ondan ibarətdir ki, südlük və ətlik istiqamətli fərdi təsərrüfatlar mal-qaranın sayının çoxluğuna görə heyvanları kəsməyə başlayıb. Və nəticə etibarilə ət bazarında bolluq yaranıb. Bu da, öz növbəsində, ətin qiymətinin xeyli ucuzlaşmasına gətirib çıxarıb. "Bərdə rayonunda bazarda mal ətinin 1 kiloqramının qiyməti 5 manata qədər düşüb. Gündəlik mağazalarda 200 kiloqrama qədər ət satılır. Bakının paytaxt bazarlarında mal əti cəmi bir manat ucuzlaşıb. Kiçikbuynuzlu heyvan ətinin qiyməti dəyişməz olaraq qalıb. Onun kiloqramı 9-10 manat arasında dəyişir", - deyə heyvandarlıq sahəsində çalışan ekspert Vahid Ramazanov bildirib. 

Bununla yanaşı, o, fermerlərin damazlıq heyvanlara qulluq qaydalarından xəbərsizliyindən də gileylənib. Onun sözlərinə görə, bu vəziyyət heyvanların səhhətinin pisləşməsinə və maldarların itkilərinə səbəb olur. Damazlıq heyvanların yemlənməsi və sağılması zamanı yol verilən xəta və səhvlər, habelə yemlərin aşağı keyfiyyəti müxtəlif xəstəliklərə səbəb olur, zülal çatışmazlığı onların orqanizmlərini dağıdır.

"Avropadan gətirilən bu yüksəkməhsuldarlı heyvanların gün ərzində ən azı 100-150 qram yüksək zülala ehtiyacları var. Bizdə mövcud olan yemlər - arpa, qarayonca heyvanların zülala olan tələbatını ödəmir. Soya və paxlalı bitkilərdə zülalın miqdarı çox olur. Və rasionlarında bu bitkilər olan heyvanlar dərhal onları həzm etməyə başlayırlar. Damazlıq heyvanlar yerli otları istehlak edərək, qidanı ancaq axşam həzm etməyə başlayırlar və zülal ala bilmirlər. Buna görə də onlar zəifləyir, çəkidə itirirlər və tələf olurlar. Nəticədə, heyvandarlıq təsərrüfatı böyük itkilərlə üzləşirlər", - deyə ekspert qeyd edib.

Kənd təsərrüfatı sahibkarlarının damazlıq heyvanlar üçün respublikaya qidalandırıcı yemlərin alınması və gətirilməsi olduqca baha başa gəlir. 

Yerli maldarlar - heyvanların zülala olan tələbini karbamid - süni zülal vasitəsilə təmin edirlər. Heyvanlar zəruri zülal qəbul edəndə, onların doğuşları da normal həyata keçirdi, çəkidə itirmirdilər və tələf olmurdular.

Ekspertin fikrincə, respublikada soya və paxlalı bitkilərdən olan qidalandırıcı yemlərin istehsal həcminin artması zəruridir. Və bu nə qədər tez baş verərsə, ətlik-südlük məhsulların istehsal səviyyəsi də bir o qədər yüksək olacaq, damazlıq heyvanların sağlamlıq vəziyyəti yaxşılaşacaq.

Ədalət naminə qeyd edək ki, dövlət heyvandarlara maksimal mümkün yardımı etməyə, xüsusilə güzəştli kreditlərin verilməsi, vergi və digər sahələrdə imtiyazlar yolu ilə kömək etməyə çalışır. Belə ki, Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondun xətti ilə heyvandarlığın inkişafına yönəlmiş güzəştli kreditlərin ümumi həcmi son illər 128 mln. manat təşkil edib.

2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunduğunu nəzərə alaraq, ümid etmək olar ki, heyvandarların qeyd edilən problemləri də qısa zaman müddətində öz həllini tapacaq.


MƏSLƏHƏT GÖR:

764