14 Mart 2025

Cümə, 20:50

YEGANƏ YENİ MƏNBƏ

Avropa Azərbaycandan qaz tədarükünü ikiqat artırmaq istəyir

Müəllif:

17.02.2015

Bütün dünyanın diqqətinin Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin Donbasdakı acınacaqlı vəziyyətin aradan qaldırılması məqsədilə ötən həftə Minskdə keçirilən görüşünə yönəldiyi bir vaxtda Bakıda Avropa üçün heç də daha az əhəmiyyət daşımayan tədbir keçirilib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclasında iştirak etmək üçün Bakıya Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç, həmçinin tranzit ölkələr - Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstandan olan nazirlər, Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərlərinin operatorlarının təmsilçiləri gəlmişdilər.

Avropa üçün enerji resurslarının şaxələndirilməsinin əhəmiyyətini nəzərə alsaq, Cənub Qaz Dəhlizi layihəsi özündə həm yeni qaz mənbəyini, həm də yeni marşrutu əks etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin iclasda bildirdiyi kimi, qarşıdakı illərdə Avropa üçün yeganə yeni mənbə məhz Azərbaycan qazı olacaq.

"Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır", - deyə İ. Əliyev qeyd edib.

Bu fikri Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç də təsdiqləyib. O, Cənub Qaz Dəhlizinin hazırda Avropa üçün prioritet olduğunu, Ukrayna böhranının Avropaya qaz tədarükünə mənfi təsir göstərdiyini, bu üzdən, Aİ-nin enerji resurslarının tədarükü marşrutlarının şaxələndirilməsinə ehtiyac duyduğunu söyləyib.

M.Şefçoviç bildirib ki, Məşvərət Şurasının ilk iclasının iştirakçıları layihənin inkişaf etdirilməsinə, onun reallaşdırılması zamanı ortaya çıxa biləcək problemlərə dair müzakirələr aparıblar.

"BP və digər şirkətlərin mütəxəssisləri layihənin reallaşdırılması zamanı hansı çətinliklərin meydana çıxa biləcəyini izah ediblər. Biz Avropa Komissiyasının hazırladığı fəaliyyət planına əsasən, bütün nazirlərlə əməkdaşlıq halında çalışacağımıza dair razılığa gəlmişik. Aİ üçün Cənub Qaz Dəhlizi bu gün üzərində iş aparılan yeganə layihədir", - deyə o, qeyd edib.

Bununla yanaşı, Aİ artıq indi Cənub Qaz Dəhlizilə qaz nəqlinin ikiqat artırılmasında maraqlı olduğunu ortaya qoyur. Bu məsələ Məşvərət Şurasının toplantısında da müzakirə edilib.

"Layihə texniki baxımdan 10 milyard kubmetr qaz tədarük etmək iqtidarındadır. Lakin bu göstəricini 20 milyard kubmetrədək artırmaq olar. "Şahdəniz" yatağının böyük imkanları var", - deyə Şefçoviç qeyd edib.

Cənub Qaz Dəhlizi layihəsinə Azərbaycanın enerji layihələrindəki köhnə regional müttəfiqləri olan Türkiyə və Gürcüstanın tam dəstəyi davam etdirir. Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldız bildirib ki, "Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin vacib bəndi olan TANAP layihəsini reallaşdırmaq əzmindədir. Bizim bu məsələ ilə bağlı mövqeyimiz istər iqtisadi, istərsə də siyasi müstəvidə sarsılmazdır", - deyə Haberler.com portalının məlumatına görə, T.Yıldız qeyd edib. O, TANAP-ın reallaşdırılması prosesinin planlaşdırılan müddətdən sürətlə getdiyini söyləyib: "Bütünlükdə layihənin uğur qazanması üçün ayrı-ayrı bəndlər üzrə işlərin vaxtında başa çatdırılması lazımdır. Odur ki, layihənin iştirakçısı olan hər bir ölkənin üzərinə böyük məsuliyyət düşür".

Cənub Qaz Dəhlizi layihəsinə eyni dəstəyi Gürcüstanın enerji naziri Kaxa Kaladze də ifadə edib. "Ümumilikdə, biz Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması zamanı üzə çıxa biləcək problemlərdən danışdıq. Gürcüstan öz növbəsində layihənin reallaşdırılması zamanı onun ərazisində meydana çıxa biləcək istənilən problemi çözməyə hazır olduğunu bəyan edib", - deyə Kaladze Bakıda keçirilmiş iclasdan sonra verdiyi açıqlamada bildirib.

Tranzit ölkələrin bu cür qərarlı və bir olması Azərbaycan qazına ehtiyac duyan Avropa üçün də faydalı ola bilərdi. Amma Köhnə Qitədə vəziyyət heç də ürəkaçan deyil. Bunu Azərbaycan Prezidenti İlham Əliyev hələ fevralın ilk günlərində keçirilən Münhen Təhlükəsizlik Konfransında da dilə gətirmişdi. O bildirmişdi ki, TANAP və TAP-ı özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün lazım olan bütün sənədlər imzalanıb və artıq onların reallaşdırılmasına başlanılıb. 

"Bizə indi nə lazımdır?! Bizə bu komandanın bütün üzvləri arasında səmərəli əlaqələndirmə işlərinin aparılması lazımdır. Əvvəlki vaxtlarda bizdə regional əməkdaşlıq mövcud idi. Azərbaycan, Türkiyə və Gürcüstan - təkcə bu üç ölkə Bakı-Tiflis-Ceyhan neft, Cənubi Qafqaz qaz boru kəmərləri və tezliklə istismara veriləcək dəmir yolu layihələrinin icrasına nail olublar. İndi komandamızda Avropa İttifaqının üzvləri olduqda bizə daha çox əlaqələndirmə və çeviklik lazımdır. Çünki bəzən Avropa təşkilatlarının qaydaları çox vaxt aparır. Biz bürokratiya ilə bağlı müəyyən məsələlərlə üzləşirik və biz vaxt itirə bilmərik. Çünki bu layihə istehsalçı qismində bizə, tranzit və istehlakçı ölkələrə lazımdır", - deyə İlham Əliyev Münhen Təhlükəsizlik Konfransındakı çıxışında bildirmişdi.

İndiki mərhələdə əsas narahatlıq yaradan Yunanıstandır. Bu ölkədə keçirilmiş parlament seçkisində bir sıra populist bəyanatları ilə, o cümlədən 300 milyard dolları aşan xarici borcunu qaytarmaqdan imtina edəcəyi ilə bağlı bəyanatla məşhurlaşan solçu SİRİZA partiyası qələbə qazanıb. İndi o, bütün Avropa üçün başağrısına çevrilib. Amma nazir portfellərinə sahib çıxan koalisiya üzvləri daha praqmatik mövqe nümayiş etdirməyə başlayıblar. İndi onlar borcu ödəməkdən boyun qaçırmır, sadəcə, onu restrukturizasiya etməyə çalışırlar. Görünən odur ki, Afina Cənub Qaz Dəhlizi, daha dəqiqi, onun bir qanadı olan TAP boru xəttilə bağlı da oyun qaydalarını dəyişmək fikrinə düşüb. Yunanıstan qəzetlərinin yazdığına görə, ölkənin enerji naziri Panayotis Lafazanis Bakıya bir sıra təkliflərlə gəlib.

Yunanıstan mətbuatına inansaq, SİRİZA hökuməti TAP qaz kəmərinin tikintisilə bağlı müqaviləyə yenidən baxmaq, daha dəqiq desək, tranzit xərclərinin artırılmasına, özü üçün Azərbaycan qazının qiymətində endirimə nail olmaq niyyətindədir.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin yunanıstanlı nazirlə ayrıca görüş keçirməsi diqqəti cəlb edir. Məsələ ondadır ki, Məşvərət Şurasının toplantısına qatılmaq üçün Bakıya gəlmiş nazirlərdən yalnız o prezident tərəfindən ayrıca qəbul edilib.

Prinsipcə, Azərbaycan tərəfdaş ölkələrdə baş verən hökumət dəyişikliklərilə əlaqədar planların dəyişməsilə ilk dəfə rastlaşmır. 2012-ci ildə Gürcüstanda keçirilmiş parlament seçkisindən sonra hakimiyyətə milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" gələrkən də oxşar hal yaşanmışdı. İvanişvili baş nazir postunu tutduqdan dərhal sonra Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin onlarda müəyyən suallar yaratdığını bəyan etmişdi. "Azərbaycanı xəbərdar etmək lazımdır ki, müəyyən mərhələdə bu tikinti Gürcüstana sərf etməyəcək və nəticədə, əlavə kompensasiyaya ehtiyac yaranacaq", - deyə o zaman İvanişvili bildirmişdi. O, Azərbaycanın Gürcüstana satdığı qazın qiymətinin bahalığından da şikayətlənmişdi.

Lakin cəmi bir neçə gün sonra Bakıda Azərbaycan rəhbərliyilə görüşən İvanişvili fikirlərini kəskin şəkildə dəyişmiş, Bakı-Tiflis-Qars dəmir yolu layihəsilə bağlı heç bir problemin olmadığını demiş, verdiyi ilk bəyanatları isə "tələskənlik" adlandırmışdı. Azərbaycan qazının qiymətinə gəlincə, İvanişvili Bakının onun ölkəsinə "mavi yanacağı" ən ucuz qiymətlərlə satdığını, daxili tariflərin aşağı salınması üçün ehtiyatın Gürcüstanın özündə axtarılmalı olduğunu dilə gətirmişdi.

Odur ki, Yunanıstanın yeni hökumətinin maksimalist mövqeyi də normal axarına qaytarıla bilər. Hər halda, Aİ Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında son dərəcə maraqlıdır. Çünki bu marşrut Avropaya yalnız Azərbaycan qazının deyil, həm də ümumilikdə Xəzər hövzəsinin, ilk növbədə, Türkmənistanın enerji resurslarının yolunu açır. Aşqabadın Cənub Qaz Dəhlizinə qoşulması məsələsi Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının bu yaxınlarda baş tutmuş görüşündə də müzakirə olunub.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Ankara ilə Bakı öz növbələrində Türkmənistanı TANAP-ın reallaşdırılmasında iştiraka çağırıblar.

XİN başçılarının üçtərəfli görüşündən cəmi bir neçə gün sonra Aşqabadda Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqlar aparıb. Rusiya mətbuatının məlumatına görə, Lavrovun səfəri zamanı müzakirə mövzularından biri məhz enerji sahəsində əməkdaşlıq olub. Amma ən yaxşı dövrlərdə Rusiya Türkmənistandan ildə 40-45 milyard kubmetr qaz alırdısa, indi bu həcm 10 milyard kubmetrədək düşüb. Qarşıdakı illərdə isə Rusiyanın Türkmənistandan ildə cəmi 4 milyard kubmetr qaz alacağı gözlənilir. Həcmin bu qədər azalması Türkmənistanı fəal şəkildə Çin bazarını öyrənməyə məcbur edir. Bu istiqamət Aşqabad üçün vacib olsa da, o, Avropaya qaz ixracı qədər gəlirli deyil. Bu, ilk növbədə, qazın qiymətilə bağlıdır - Avropada "mavi yanacaq" Çində olduğundan bahadır. Digər tərəfdən "Qazprom" yaxın zamanlarda Çin bazarına çıxmağı planlaşdırır və bu, rəqabəti daha da artıracaq və bu vəziyyətdən əsas qazanc əldə edən Çin olacaq. Odur ki, Türkmənistan üçün Avropaya qaz ixracı həm də qaz satışı bazarının şaxələndirilməsi və böyük qazanc əldə olunması deməkdir.

Aşqabadın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmasında müəyyən irəliləyişə Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin bu il keçiriləcək görüşündə nail oluna bilər. Yeri gəlmişkən, Türkmənistan qazının Avropaya nəqlində İran da öz xidmətlərini təklif edib. "Bizim təklifimiz Türkmənistan və Azərbaycan qazını İranda qəbul etmək, daha sonra onu Türkiyə vasitəsilə Avropaya nəql etməkdən ibarətdir. Bu marşrut Avropaya qaz nəqli baxımından ən qənaətcil marşrutdur", - deyə IRNA agentliyinin məlumatına görə, İran Milli Qaz Şirkətinin (NIGC) beynəlxalq əlaqələr üzrə direktoru Azizollah Ramazani bildirib.

Onun sözlərinə görə, layihə üçün müvafiq infrastrukturun hazırlanmasına və yaradılmasına siyasi maneələrin aradan qaldırılmasından dərhal sonra başlanıla bilər.

Azərbaycan üçün bu variant uyğun deyil. Çünki artıq Cənub Qaz Dəhlizinin infrastrukturu yaradılmaqdadır. Türkmənistan üçün isə İran marşrutu bir neçə il ləngimə deməkdir. Çünki bu ideyanın gerçəkləşməsi üçün İranın nüvə proqramı ilə bağlı bütün problemlər öz həllini tapmalıdır. Nə qədər ki, bu problem çözülməyib, Tehran Qərbin sanksiyaları ilə üz-üzədir.

Amma Aşqabadda onu da anlayırlar ki, Rusiya ilə Qərb arasındakı qarşıdurma hələ çox uzana bilər. Bunun isə qaz tədarükü də daxil olmaqla, bir sıra digər sahələrdə də özünü göstərəcəyi istisna deyil. Bu şəraitdə Avropanın qaz bazarında öz yerini vaxtında tutmaq vacibdir. Yeni "soyuq müharibə"nin qızışdığı bir şəraitdə bu bazar xeyli genişlənə bilər.

"Xəzər, Yaxın Şərq və Şərqi Aralıq dənizi regionlarının potensialını nəzərə alan Aİ uzaq perspektivdə bu həcmi artırmaq niyyətindədir. Cənub Qaz Dəhlizi gələcəkdə Aİ-nin qaza olan tələbatının 20%-ni ödəyə bilər. Eyni zamanda Avropa İttifaqı Mərkəzi və Cənub-Şərqi Avropanın birləşdirilmiş qaz kəmərini inkişaf etdirir. Məqsəd Cənub Qaz Dəhlizi ilə avropalı istehlakçılar arasında əlaqəni daha da təkmilləşdirməkdir", - deyə M.Şefçoviç APA-ya müsahibəsində bildirib.

Bununla yanaşı, Cənub Qaz Dəhlizi Aİ tərəfindən yaradılmış Enerji Birliyinin ümumi konsepsiyasına da uyğundur. "Enerji Birliyinin əsas aspektlərindən biri həmrəyliyə və etibara əsaslanan təchizat təhlükəsizliyilə bağlıdır. Odur ki, Avropa İttifaqı enerji təchizatı sahəsində marşrutların və mənbələrin daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcək. Bu məqsədlərə nail olunmasında Cənub Qaz Dəhlizinə töhfələr verən və bu layihənin hərəkətverici qüvvəsi olan Azərbaycan xüsusi rol oynaya bilər", - deyə M.Şefçoviç qeyd edib.

Gürcüstan və Türkiyəyə qaz ixracı ilə artıq öz regionunun enerji təhlükəsizliyini təmin edən Azərbaycan enerji resurslarının istər mənbələrinin, istərsə də marşrutlarının şaxələndirilməsi məsələsində Avropanın vacib tərəfdaşına çevrilir. İndiki əsrdə isə enerji milli təhlükəsizlik kontekstində əhəmiyyətini getdikcə artırır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb. Odur ki, enerji siyasəti milli maraqlarla və qlobal siyasi xəritə ilə sıx əlaqəyə malikdir. Bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən iclasının nəticələri də bir daha təsdiqləyib.

 

 

SİTAT

"Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq".

İlham ƏLİYEV, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

711