24 Noyabr 2024

Bazar, 17:28

QABAQLAMAQ DAHA ASANDIR

Havadan yoluxan xəstəliklərdən qorunmaq üçün hansı profilaktik üsullardan istifadə etmək lazımdır

Müəllif:

15.04.2010

Kəskin respirator xəstəlikləri (KRX) və ya kəskin respirator virus infeksiyaları (KRVİ) bəşəriyyətin ən geniş yayılmış xəstəlikləridir və bütün kəskin xəstəliklərin yarısını təşkil edir. Böyüklərin iş vaxtı itkisinin 30-50%-i və uşaqların dərsburaxmalarının 60-80%-i  KRX ilə bağlıdır. Konkret bir xəstənin xəstələnməsinin məhz hansı virus üzündən olmasını söyləmək yetərincə çətindir, çünki KRX simptomları  bu və ya başqa virus üçün spesifik deyil. Dəqiq diaqnoz yalnız laboratoriya üsulları ilə  qoyula bilər. 

Ancaq adətən belə üsullar gərək olmur, çünki bütün KRVİ növlərinin müalicəsi çox vaxt oxşar olur. Qripdən qorunmaq və keçirilmiş xəstəliyin ağırlaşmalarının inkişafının qarşısını almaq üçün vaksinlə peyvəndetmə ən etibarlı üsuldur. Qripə qarşı vaksinləmə  üzrə  çoxillik dünya təcrübəsi qripin profilaktikasının spesifik üsullarının tətbiqinin təhlükəsizliyini və səmərəliliyini sübut edib. İstənilən kəs özünü və uşaqlarını qripə tutulmadan qorumaq üçün yaşayış yeri üzrə şəhər və ya bölgə müalicə-profilaktika qurumuna müraciət edərək, ən uyğun vaksini seçməklə əlverişli zamanda peyvən etdirə bilər. 

 

Qeyri-spesifik profilaktika 

Düzgün təşkil olunmuş qida kəskin respirator xəstəliklər və qrip zamanı qeyri-spesifik profilaktika üsullarından biridir. Profilaktika məqsədilə düzgün balanslaşdırılmış, immun sisteminin normal işini təmin edən qida rasionu da vacibdir. Hər şeydən öncə, qidada yetərincə zülal miqdarı olmalıdır. İmmunoqlobulinlər orqanizmin xəstəliklərə davamlılığını təmin edən zülallardır və onların sintezi üçün amin turşularının tam toplusu gərəkdir. 

Hər hansı bir amin turşusunun çatışmazlığı zamanı limfositlər - immunoqlobulin sintez edən immun hüceyrələri onları toxumaq imkanında olmur. Orqanizmin zülallara tələbatını ödəmək üçün gün ərzində təxminən 300 q ət, balıq, quş əti, kəsmik və pendir, 100 q yarma və 350 q çörək yemək lazımdır. Gündəlik tələbatın ödənməsi üçün lazım gələn 5 qram zülalı isə tərəvəzlər vasitəsi ilə "əldə etmək" olar - qida rasionuna həm bitki, həm də heyvanmənşəli 100 qram zülal daxil edilməlidir. 

Belə ki, hüceyrələrin orqanizmi patogen düşmənlərin hücumundan qoruyan divarları lipidlərdən, o cümlədən xolesterindən təşkil olunur, immunitetin formalaşması üçün həm də yağlar lazımdır. Qidada xolesterin də olmalıdır, amma az miqdarda. Beləliklə, qış vaxtı "yağsız" pəhriz tutmaq, qida rasionundan yumurtanı və heyvani piyləri çıxarmaq olmaz. Qış vaxtı gün ərzində 10 qrama heyvani yağ və 20 q bitki yağı yemək lazımdır. 

Heyvani yağ kimi kərə yağından və ya piydən istifadə etmək olar. Piydə araxidon turşusunun (yarım doymuş yağ turşusunun) miqdarı çoxdur və bundan insan orqanizmində immun cavab mediatorları sintez edilir. Qida rasionunda vitaminlərin miqdarının yetərincə olması xəstəliklərin profilaktikasında əvəzsiz rol oynayır, KRX-in və qripin profilaktikasında xüsusilə S vitamininin (askorbin turşusunun) rolu böyükdür. Kəskin infeksion xəstəliklərin profilaktikası üçün lazım olan fitonsidləri soğanda və sarımsaqda var. 

 

Sağlam olmaq istəyirsənsə - bədənini möhkəmlət! 

Bədəni möhkəmlətmək üçün əsasən hava, su və Günəş şüalarından istifadə edirlər. Buna idman hərəkətləri əlavə edildikdə bədəni möhkəmləndirən təsirlərin effektivliyi artır. Bədəni möhkəmlətməyin ən geniş yaylımış və əlçatar üsulu təmiz havadır. İlin isti vaxtlarında bədəni möhkəmləndirmək üçün təmiz havada uzun müddət gəzməkdən istifadə etmək mümkündür və ya temperaturun 16°S-dən aşağı düşməyəcəyi təqdirdə pəncərəni açıq qoyub yatmaq olar.  Hər gün evdə döşəmədə ayaqyalın gəzmək də faydalıdır. Əvvəlcə 1 dəqiqədən başlamaq lazımdır, daha sonra bunun üstünə hər 5-7 gündən bir 1 dəqiqə də əlavə etmək və müddəti 10-15 dəqiqəyə qədər artırmaq olar. İlin soyuq çağlarında isə bədənin möhkəmləndirilməsi üçün müəyyən ölçü daxilində piyada gəzməkdən, yüngül geyimdə "yavaş", möhkəmləndirici qaçışdan  istifadə edirlər. 

Bədəni möhkəmlətmək üçün su prosedurlarının istifadə edilməsinin də öz xüsusiyyətləri var.  Su havaya baxanda daha enerjili möhkəmləndirici vasitədir. Suyun istilikkeçiriciliyi havanın istilikkeçiriciliyinə baxanda 28 dəfə yüksəkdir. Su dəriyə istilik təsiri ilə yanaşı mexaniki təsir də edir ki, bu da kapilyar qan dövranını yaxşılaşdıran masaj rolunu oynayır. Ev şəraitində bədəni möhkəmlətməyin ən geniş yayılmış formaları sırasında bədənin yaş dəsmalla silinməsini, bədənin üzərinə su tökülməsini və duş altında çimməyi göstərmək olar. 

Bədəni möhkəmlətməyə suyun temperaturu 34-35° S az olmadan başlanmalıdır, hər g?n bədəni yaş dəsmalla silməni və üzərinə sutökməni davam etdirməklə, hər 6-7 gündən bir temperaturu azaltmaq və  22-24° S-yə qədər endirmək lazımdır. Sözügedən temperaturda bədəni yaş dəmsalla silməyi və  bədənin üzərinə su tökməyi 2-3 ay davam etdirmək lazımdır. Mənfi reaksiya olmasa, yəni yuxarı nəfəs yollarının selikli qişasının iltihabı, zəiflik, əzginlik və əsəbilik, yüksək həyəcan, yuxunun və iştahın pozulması müşahidə edilməzsə, bədənin 22° S-dən aşağı temperaturlu su ilə də möhkəmləndirmək və suyun temperaturunu 10-12° S-yə, yəni şəbəkə suyunun temperaturuna qədər endirmək olar. 

Bədənin effektiv möhkəmləndirmə üsulu duş sayılır və bu, yalnız sağlam və bədəni yetərincə möhkəmləndirilmiş insanlara məsləhət görülür: suyu təxminən 3 dəqiqəliyə bir neçə dəfə isti, yəni temperaturu 40° S olan sudan soyuğa keçirmək lazımdır. Buxar hamamının xüsusi möhkəmləndirici effekti var. İstinin, buxarın və suyun təsirinin, sürtkəcin və ya süpürgənin mexaniki təsiri ilə bir araya gəlməsi mübadilə proseslərini, nəfəsalmanı və qan dövranını gücləndirir. Ancaq həddindən tez-tez, özü də ahıl çağlarında buxara girmək məsləhət görülmür. Yəni həftədə 1-2 dəfədən tez buxara girmək olmaz və buxarda qalmaq müddəti də 10-15 dəqiqədən çox olmamalıdır. 

 

Sağlam bədəndə sağlam ruh olur! 

İdman hərəkətləri kəskin respirator infeksiyalarının profilaktikasının effektiv üsuludur. Ən yaxşısı, bunun təmiz havada səhər gimnastikası olmasıdır. Soyuq havada orqanizmi soyuğa verməmək üçün açıq havada məşğələlər daha enerjili templərlə və daha az vaxt ərzində aparılır. Soyuq havada, xüsusilə də nəmlik yüksək olanda bədənin qızmasına qarşı tədbirlər görmək vacibdir. İdman hərəkətlərindən sonra duş qəbul edilməsi məsləhət görülür. 

 

İmmuniteti dəstəkləmək üçün 

Kəskin respirator infeksiyalarının epidemioloji inkişafını gözləmədən askorbin turşusu və polivitaminlər qəbul etmək tövsiyə edilir. Askorbin turşusu (S vitamini) oksidləşmə-bərpa proseslərinin tənzimlənməsində, karbohidrat mübadiləsində, qanın laxtalanmasında, toxumaların bərpasında böyük rol oynayır. O, insan bədəninin müqavimətinin yüksəlməsinə yardım edir. Profilaktiki məqsədlə onu gün ərzində hər biri 0,5-1 q olmaqla bir-iki dəfə qəbul etmək məsləhətdir. Qeyd edək ki, S vitamini turşu kələmin şirəsində, həmçinin sitrus bitkilərində - limonda, kividə, mandarində, apelsində, qreypfrutda çoxdur. Üzərinə günəbaxan yağı tökülmüş təzə kələm salatı da yararlıdır, onun tərkibində vitamin və  mikroelementlərin böyük ehtiyatı var. 

Şəhərin aptek şəbəkəsində hazırda böyük çeşiddə immunitetin dəstəklənməsinə, kəskin infeksion xəstəliklərin profilaktikasına yönəlmiş farmakoloji preparatlar var. Amma dərman vasitələrinin qəbul edilməsi müalicə həkimi ilə razılaşdırılmalıdır. 


MƏSLƏHƏT GÖR:

484