6 Dekabr 2025

Şənbə, 00:03

ÜMUMİDƏN XÜSUSİYƏ

15 il əvvəl Azərbaycanda aqrar islahatlara başlanılib

Müəllif:

15.04.2010

Artıq iki ildir, Azərbaycanda ölkənin sosial iqtisadi inkişafını müəyyən edən və  regionların sosial-iqtisadi inkişafı üzrə 2004-cü ildə qəbul edilmiş birinci dövlət proqramının məntiqi davamı olan dövlət proqramı gerçəkləşdirilir. Bu illər ərzində regionların gələcək inkişafının, ölkənin aqrar sənaye kompleksinin möhkəmlənməsi və inkişafı hesabına iqtisadiyyatın neftdənkənar bölməsinin formalaşmasının əsası qoyulub. Bütövlükdə, Azərbaycan kəndindəki bugünkü inkişafın əsasında başlanğıcından artıq 15 il keçmiş torpaq islahatı durur. 

 

Tarixi islahat 

Torpaq məsələsi Azərbaycanın kənd zəhmətkeşələri qarşısında həmişə kəskin şəkildə dayanıb. Ancaq o, öz məntiqi həllini müstəqillik illərində Heydər Əliyev tərəfindən aparılan islahatlar hesabına tapıb. Bəllidir ki, bu, bir neçə mərhələdə aparılıb. Bunun üçün birinci mərhələdə 1993-1994-cü illərdə Azərbaycandan xarici ölkələrə (Almaniya, Hollandiya, Yaponiya, Türkiyə, Misir, ABŞ və Çinə) təcrübə toplamaq, bazar iqtisadiyyatının prinsipləri, aqrar islahatların əsasları barədə  məlumat əldə etmək üçün nümayəndə heyətləri göndərilib. Yalnız 1994-cü ildə prezident Heydər Əliyev iqtisadiyyatın aqrar məsələlərinə həsr olunmuş 9 yığıncaq keçirib. 

Nəzərdə tutulan niyyətlərin gerçəkləşdirilməsi üçün normativ-hüquqi və qanunvericilik bazasının yaradılması tələb edilirdi. 1995-ci il fevralın 18-də ölkə parlamenti "Aqrar islahatların əsasları haqqında" və "Kolxoz və sovxozların islahatı haqqında", 1996-cı il iyulun 16-da "Torpaq islahatı haqqında", daha sonra isə "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Torpaq kadastrı, torpaqların monitorinqi və torpaq quruculuğu haqqında" kimi önəmli qanunları  və Torpaq Məcəlləsini qəbul edib. 1995-ci ildən 2004-cü ilə kimi Milli Məclis ölkənin arqar bölməsinin inkişafı ilə bağlı 100-dən çox normativ hüquqi aktı təsdiq edib. 

1996-cı ilin avqust ayında islahatların növbəti mərhələsinin, demək olar ki, ən önəmli qərar - torpaqların əvəzsiz olaraq paylanması qəbul edilib. Bu yöndə tədbirlər çərçivəsində 2005 sovxoz və kolxoz ləğv edilib, onların yerini azad bazarın strukturlarına qovuşmuş özəl təsərrüfatlar tutub. Keçmiş sovxoz və  kolxozların dəyəri 2,7 mlrd manata bərabər olan əmlakı da yerlərdə aqrar komissiyalar tərəfindən sosial ədalət prinsipi əsasında kəndlilərə paylanıl?b. 

Beləliklə, torpaq islahatı nəticəsində üç mülkiyyət forması müəyyən edilib. Azərbaycanın vahid torpaq fondundan 4, 9 mln hektar və ya 56,9% dövlət mülkiyyətində, 2 mln hektar və ya 23,5% bələdiyyə mülkiyyətində saxlanıl?b, qalan 1,7 mln hektar və ya  19,6% isə özəl torpaq mülkiyyətinə verilib. Nəticədə, 3,4 milyon insan torpaq payı, 826 min insan isə əmlak payı alıb. Torpaq mülkiyyətçiləri sahələri satmaq, satın almaq, varisliklə qəbul etmək və bağışlamaq hüququ əldə ediblər. İslahatlar yalnız ölkənin işğal olunmuş və ya sərhədlərin müəyyən olunması baxımından mübahisəli ərazilərdə olan 8 təsərrüfatda aparılmayıb. 

  

Dövlətin dəstəyi 

Torpaq islahatının başlanğıcından aqrar bölmənin inkişafı dövlətin fəal dəstəyi şəraitində gedib. Ölkənin kənd təsərrüfatının inkişafına dəstək çərçivəsində çox sayda fərman verilib. Bu fərmanlar, o cümlədən, fermerlər üçün səkkiz məcburi verginin ləğv edilməsi, biznesə müdaxilələrin qarşısının alınması, kolxoz və sovxozların borcunun silinməsi, yanacaq-sürtkü malları üçün 50%-lik güzəştlə bağlı olub. Həmçinin, dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının, o cümlədən, çörək məhsullarının qiymətinin tənzimlənməsi ləğv edilib. 

Bu gün isə dövlət yerli fermerlərə subsidiyalar verir, onlara güzəştli kreditlər ayırır. Yalnız 2009-cu ildə Kənd Təsərrüfatı Nazirliyinin komissiyasının qərarı ilə 417 min 623 kənd təsərrüfatı məhsulu istehsalçısına 1,5 mln hektar sahənin işlənməsi üçün yanacaq və sürtkü materiallarının alınmasına 60 mln manat ayrılıb. Həmçinin, keçən il güzəştli qiymətlərlə (yarıqiymətə) mineral gübrələr alınmasına 6,5 mln manat, dövlət və özəl təsərrüfatlar üçün toxum materialının gətirilməsi üçün 4,6 mln manat subsidiya verilib.  Kəndin maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2005-ci ildən bu yana keçən müddətdə "Aqrolizinq" ASC 9467 ədəd yeni texnika alaraq özəl əllərə verib. Bununla bağlı olaraq, hazırda bütün iqtisadi regionlarda çağdaş texnologiyalardan istifadə etməklə müxtəlif təyinatlı 200 istehsal və xidmət sahəsinin tikintisi davam etdirilir. 

Aqrar bölmədə olan potensialın daha səmərəli istifadəsi, bu sahədə məhsul ixracatının artırılması məqsədilə 32 sahibkarlıq subyektinə məhsulun tədarükü, saxlanması və satışı üçün çağdaş anbar komplekslərinin tikintisinə 48 milyon manat güzəştli kredit təqdim edilib. 

Nəticədə, aqrar islahatların başlanmasından sonra, ilk dəfə 2005-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının artımı 7,5%-i keçib. 1995-ci illə müqayisədə bitkiçilik məhsullarının  bir neçə dəfə artımı müşahidə edilib; taxıl 3,2 dəfə, tərəvəz 2,8 dəfə, meyvə  və giləmeyvə 2,2 dəfə, bostan bitkiləri 9,8 dəfə, kartof 6,3 dəfə  artıb. Ötən il aqrar bölmədə artım 3,5% təşkil edib, rekord miqdarda taxıl tədarük edilib, əsas ərzaq məhsullarının istehsalı xeyli artıb, tələbatın, əsasən, yerli məhsul hesabına ödənilməsi hesabına ölkənin ərzaq təhlükəsizliyi təmin edilib. 

 

Elmi yanaşma 

Bildirmək gərəkdir ki, dünyanın başqa ölkələri ilə müqayisədə Azərbaycan bazarı yetərincə məhduddur, ölkə əhalisi isə artmaqdadır və artıq 9 milyona çatıb. Aparılan islahatlar hesabına bu gün yerli bazarın önəmli hissəsi, əsasən, yerli istehsalçı tərəfindən təmin edilir. İslahatların başlanğıcında isə əsas ərzaq məhsulları əsasən idxal edilirdi. 

Azərbaycanda torpaq islahatı milyonlarla kəndlini torpaq mülkiyyətçisi edib, öz torpağını becərmək kəndlilərdə qənaətcil və hesabını bilən sahibkar hisslərini tərbiyə edib. Torpaq islahatları başlayan zaman əvvəl buraxılmış səhvlər olmasaydı, bu uğurlar bizi aqrar cəhətdən inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşdıra bilərdi. Belə ki, islahatları bütün regionlarda ümumi standartlarla keçiriblər, halbuki təbii iqlim şəraiti, əkinçilik mədəniyyəti ənənələri fərdi yanaşma tələb edirdi.  Bu, çay, pambıq və üzüm plantasiyalarının azalmasının tək səbəbi olmasa da, əsas səbəblərindən biridir. Başqa səbəblər sırasında isə keçmiş SSRİ-nin dağılması ilə əvvəlki satış bazarlarının itirilməsi, dünya bazarlarına çıxmağın çətinliyi, əlverişsiz qiymətləri və s.-i göstərmək olar. 

Gəlir götürmək üçün əksər kənd rayonlarında tərəvəz yetişdirməyə başladılar; hətta Bərdə, Yevlax, Sabirabad və Ağcabədi kimi ənənəvi olaraq pambıq becərilən rayonlarda tərəvəz əkdilər. Bunun nəticəsidir ki, pambıqçılıq müəyyən iqtisadi böhrana düşdü. Emal müəssisələrinin əksəriyyətinin çağlaşdırılması, respublikada yüngül sənaye  müəssis?lərinin yaranması da vəziyyəti dəyişmədi.  Kəndlilər tərəfindən əlverişsiz pambıq əkinlərindən imtina yüksək məhsuldarlığın əsası olan taxıl-pambığınn növbəli əkin dövriyyəsini pozdu.  Həm də kəndlilərin öz sahələrini biznesdə uğur qazanmış şəhər sakinlərinə icarəyə verməsi də artmağa başladı. Bu, məhsul istehsalı ilə məşğul olan və bir sıra səbəblərdən müflis olmuş kiçik müəssisələr üçün xarakterikdir. Torpaq sahələrinin iri maliyyə biznesi təmsilçilərinə satılması faktları da var ki, bu da torpaqsız kəndlilərin sayını artırır.  Kənd sakinlərinin müəyyən hissəsi qazanc üçün iri şəhərlərə yola düşürlər. 

Müflisləşmiş kiçik özəl təsərrüfatların olması kənd təsərrüfatının sürətli inkişafına mane olur. Bu müəssisələri əhalinin tələbatının ödənilməsi üçün kənd təsərrüfatı məhsulu istehsalını iki-üç dəfə artırmağa imkan verən iri təşkilatlanmış aqrar komplekslərdə birləşdirmək hələ ki mümkün deyil. Bu həm də emal üçün xam pambığa, üzümün texniki növlərinə, tütün yarpağına, qoz və fındığa böyük ehtiyac duyan mövcud müəssisələrin də istehsal səviyyəsini iki-üç dəfə artıra bilər. İndiki şəraitdə kəndin kooperasiyaya ehtiyacı var. Həm də arzuolunandır ki, məhsul istehsalı və emalı yerlərdə aparılsın, bazarlara isə məhsul çağdaş qablaşdırma ilə daxil olsun. Bu, məhsul yığımı zamanı vaxt itkisini azaltmağa imkan verərdi. Kooperasiya üzrə tədbirlərin gücləndirilməsi həm məhsul istehsalının həcmlərinə, həm məhsulun keyfiyyətinə müsbət təsir göstərər, həm də əkinçilik mədəniyyətinin yüksəlməsinə səbəb olardı. 

Bundan başqa, bu gün kəndə prezident İlham Əliyevin əhalinin ərzaq məhsulları ilə təmini və 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı üzrə fərman və sərəncamlarından irəli gələn mühüm məsələləri həll etməyi bacaran peşəkar kadrlar lazımdır. Hətta dövlət tərəfindən vergi, kredit və başqa güzəştlər tətbiq edilməsinə baxmayaraq, kənd təsərrüfatı müəssisələrinin yiyələrinin çoxu məhsul istehsalına xərcləri azaltmağa çalışırlar. Xərclərə qənaət üçün işlər təcrübəli aqronomların, zootexniklərin və baytar həkimlərin nəzarəti olmadan görülür. 

Amma bunun effekti həmişə tam tərsinə olur. Buna çox sayda misal çəkmək olar; məsələn, çox məşhur bir hadisəni götürək: Muğanda iri bir heyvandarlıq müəssisəsinin sahibi 48 baş cins mal-qara alıb. Fermada savadlı zootexnik və baytar həkimi olmadığına görə Almaniyadan gətirilmiş 14 inək ölüb. "Xarici" heyvanlarla necə davranmağı bilməyən heyvandarlar bu cins inəklərin qida rasionuna fikir verməyiblər və onlara yaxşı qulluq etməyiblər. 

Başqa sözlə, kənd təsərrüfatının inkişafı istehsalçıların itkilərini minimuma endirmək və onların təsərrüfatı genişləndirməsini stimullaşdırmaq üçün  həmişə elmi yanaşma tələb edir. Bu isə həm ölkədə iqtisadiyyatın aqrar bölməsinin gücləndirilməsinə, həm də yerli kənd təsərrüfatı məhsullarının keyfiyyətinin artırılmasına imkan yaradar. 


MƏSLƏHƏT GÖR:

611