5 Dekabr 2025

Cümə, 23:58

HƏRƏNİN AĞZINDAN BİR AVAZ GƏLİR

Abş, Rusiya və Çinin Iran problemi ilə bağlı mövqelərindəki yaxınlığa baxmayaraq, bu dəfə də razılıq əldə edilməyib

Müəllif:

15.04.2010

Zaman keçdikcə, İranla bağlı situasiya daha da qəlizləşir. Problemin həlli üzrə vasitəçilər olan "altılıq" (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) Tehrana sanksiyaların tətbiqinə dair ümumi məxrəcə gələ bilmir, İran isə nüvə proqramının icrasında hər keçən gün yeni uğurlardan danışır.

"Altılıq" üzvləri arasında Nyu-Yorkda aprelin 8-də keçirilmiş son görüşdə, həmişə olduğu kimi, yenə də yalnız problemin diplomatik yolla həllinin vacibliyinə dair ortaq fikrə gəlinib. Onlar uranın zənginləşdirilməsi prosesini davam etdirən Tehrana yeni sanksiyaların sərtliyi ilə bağlı bu dəfə də razılıq əldə edə bilməyiblər.

ABŞ və onun Qərbdən olan müttəfiqləri İranı tam təcrid duruma salacaq, bütünlükdə ölkə iqtisadiyyatını iflic edəcək sanksiyaların tətbiqində israr edir. Birləşmiş Ştatların prezidenti Barak Obamanın fikrincə, dünya ictimaiyyəti, nüvə proqramından imtina etməyən İrana məhz  bu cür sanksiyalar rejimi ilə cavab verməlidir. 

Rusiya ilə Çin isə hələ ki bu yanaşma ilə razılaşmır.

Bununla yanaşı, Çinin son müzakirələrdə iştiraka razılıq verməsi müəyyən uğura ümid yaradıb. Bu haqda razılaşma "altılıq" üzvlərinin yüksəkrütbəli nümayəndələri arasında baş tutmuş telefon konfransında əldə edilib. Razılaşma baş tutduqdan sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsi S?zan Rays deyib: "Çin Nyu-Yorkda "altılıq"a daxil olan digər 5 ölkə ilə ciddi müzakirələrə razılıq verib. Bu, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sərt sanksiyaların tətbiqini müzakirə etməsi yolunda ilk addımdır".

Bəzi məlumatlara görə, Pekinin müzakirələrə razılıq verməsi Vaşinqtonun əvvəlki mövqeyini bir qədər yumşaltmasından sonra mümkün olub: ABŞ İranın neft ixracına məhdudiyyat qoyulmasına dair tələbindən əl çəkib. İranın enerji resurslarının əsas alıcısı olan Çin üçün isə bu, həqiqətən də, olduqca  vacib məqamdır.

Qərbin Tehrana qarşı yeni sərt sanksiyalar tətbiq etmək planına  Rusiya da ciddi problem yaradır. Hərçənd, Moskva İranın nüvə proqramını reallaşdırılmasından narazı olduğunu açıq şəkildə bildirir. Odur ki, bəzi mülahizələrə görə, proses həlledici mərhələyə çatan zaman Rusiya İranla sərt tonda danışmaq istəyən Qərbə mane olmayacaq. Bu mənada, ABŞ-la Rusiya arasında strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılmasına dair müqavilənin imzalanması əlamətdar hadisə sayıla bilər. Bu, yalnız Amerika-Rusiya ikitərəfli münasibətləri kontekstində deyil, strateji təhlükəsizlik və nüvə silahlarının yayılmasının məhdudlaşdırılması kimi qlobal proseslər baxımından da aktualdır. Hər halda, dünyanın ən nəhəng nüvə fövqəldövləti nüvə potensialını 2 dəfədən artıq azaltmağa razılıq verib. Bununla yanaşı, bu ölkələrin prezidentləri Barak Obama ilə Dmitri Medvedev razılaşmada tərəflərin maraqları baxımından balansın qorunduğunu bildiriblər. Onların sözlərinə görə, artıq əsas məsələ nüvə potensialına sahib olan digər dövlətlərin də ixtisar prosesinə cəlb olunmasıdır. Hər iki prezident İranın nüvə proqramından ciddi şəkildə narahat olduqlarını da söyləyiblər.

D. Medvedev bu məsələdə bir qədər ehtiyatlı danışıb. O, İranın nüvə proqramını reallaşdırmasına "dünyanın barmaqarası baxmasını" yovlerilməz adlandırıb. Lakin əlavə edib ki, Rusiya İrana qarşı sanksiyaları, müəyyən məhdudiyyətlə dəstəkləyəcək: bu sanksiyalar Tehranı fikrindən döndərməli, lakin xalqa zərər vurmamalıdır. "İcazə verin açıq danışım: Mən bu sanksiyalarda müəyyən hədd görürəm", - deyə Medvedev bildirib. Rusiya prezidenti İranı dərin iqtisadi böhrana salacaq və rejimin dəyişməsinə səbəb olacaq sərt sanksiyaların tətbiqini məqsədəuyğun saymır.

Vaşinqtonla Moskvanın mövqeyindəki fərqə baxmayaraq, onların qlobal strateji təhlükələrə baxışlarındakı oxşarlıq ortadadır. Bu, İran probleminə də aiddir. Bu səbəbdən də İran rəhbərliyinin son ABŞ-Rusiya razılaşmasına münasibəti təəccüblü deyil. İran prezidenti Mahmud Əhmədinejat Obama ilə Medvedev arasında strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılmasına dair imzalanmış müqaviləni "tərəflərin əsl niyyətini gizlədən maskarad" adlandırıb. Ən maraqlısı isə bu bəyanatın İranın uranı zənginləşdirmək üçün yeni və güclü sentrifuqalar əldə etməsi haqda məlumatların fonunda səsləndirilməsidir. Məlumata görə, bu sentrifuqalar birinci nəsil sentrifuqaları gücünə görə 6 dəfə üstələyir. İranlılar yeni sentrifuqaların sınağının uğurlu alındığını, 2011-ci ilin martında onların istismarına başlanılacağını bildirir. "İranın nüvə texnologiyası o həddə çatıb ki, dünyanın heç bir fövqəldövləti onların gələcək inkişafına və sülh məqsədləri üçün istifadəsinə mane ola bilməz", - deyə Əhmədinejad əminliklə bildirib.

Beləliklə, İranın dünya ictimaiyyətinə növbəti sürprizi "altılıq" arasındakı görüş və ABŞ-la Rusiya arasında yeni müqavilənin imzalanmasından dərhal sonra gəlib. Bu həm də Vaşinqtonda keçirilməsi nəzərdə tutulmuş təhlükəsizlik və nüvə silahlarının yayılmasının məhdudlaşdırılmasına dair beynəlxalq sammit ərəfəsində baş verib.

Qərb fövqəldövlətlərinin Tehranın son addımlarına sərt reaksiyası da özünü çox gözlətməyib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, İranın son addımları onun nüvə proqramının dinc xarakterli olduğunu növbəti dəfə şübhə altına salır. Çünki BMT Təhlükəsizlik Şurasının bu texnologiyalardan istifadəni qadağan edən 5 qətnaməsi var.

ABŞ Prezidenti Barak Obama isə deyib: "Yeni sentrifuqa kaskadlarının buraxılması İranın nüvə texnologiyasının dinc xarakterli olduğunu düşünməyimiz üçün heç bir şans qoymur. Dinc xarakterli atom üçün üçüncü nəsil sentrifuqalara heç bir ehtiyac yoxdur. Onlardan yalnız hərbi məqsədlər üçün istifadə olunur".

Beləliklə, son hadisələr göstərir ki, İran problemi ətrafındaki proseslər artıq tam nəzarətdən çıxa bilər. İranın odla oynadığı şübhə doğurmur. Çünki sonda ona qarşı sərt tədbirlərə tərəfdar olanlar, bu addımı nəinki "altılıq" üzvləri, ümumiyyətlə, dünya ictimaiyyətinin razılığını belə almadan atmaq qərarını verə bilərlər/.



MƏSLƏHƏT GÖR:

632