5 Dekabr 2025

Cümə, 23:10

"QALİB və MƏĞLUBLAR YOXDUR…"

Amerika - Rusiya razılaşması Kremlə öz heysiyyatını qorumağa, ağ evə isə siyasi xallar qazanmağa imkan yaratdı

Müəllif:

15.04.2010

2010-cu il aprelin 8-də Praqada Rusiya ilə ABŞ arasında yeni strateji hücum silahları haqqında müqavilənin (SHS) imzalanması uzun və əziyyətli əməyin nəticəsi idi. Bir məqamı xatırlatmaq kifayətdir ki, tərəflər arasında 1991-ci ildə imzalanmış köhnə razılaşmanın müddəti 2009-cu ilin sonunda başa çatmışdı. Lakin o vaxtdan Vaşinqtonla Moskva yeni razılaşmaya dair mövqelərini ortaya qoya bilmirdilər. Buna nail olmaq üçün 30-dan artıq qurumun nümayəndələrini özündə birləşdirən xüsusi komissiya uzun-uzadı iş aparmalı oldu. Ekspertlər bu dövrdə ABŞ və Rusiya prezidentlərinin şəxsi nəzarəti altında danışıqların 10 raundunu keçiriblər.

 

700 - 800 - 1550

160 səhifədən artıq olan yeni müqaviləyə əsasən, Rusiya və ABŞ 7 il ərzində strateji daşıyıcıların sayını azaltmalıdır. Söhbət qitələrarası ballistik raketlərin, sualtı qayıqlar üçün ballistik raketlər, həmçinin ağır strateji bombardmançıların sayının 700-dək azaldılmasından gedir. Bu ölkələrdə müfəssəl və qeyri-müfəssəl daşıyıcı partlayıcıların ümumi sayı 800 ədədi keçməməlidir. Başlıqların maksimal sayı isə hər iki ölkə üçün 1550 ədəd nəzərdə tutulur. Bu, əvvəlki razılaşma ilə müqayisədə 30% azdır.

Müqavilənin imzalanmasından əvvəl Rusiya prezidentinin köməkçisi Sergey Prixodko RİA "Novosti"yə bildirmişdi ki, bu dəfə müqavilə həm istifadə olunan, həm də istifadədən çıxarılmış strateji sistemlərə aiddir. Bundan başqa, yeni müqavilə sualtı qayıqlar, adi silahlar və ağır bombardmançılarla silahlanma üzərində sərt nəzarəti özündə əks etdirir. Bu isə potensialın geri qaytarılmasının məhdudlaşdırılmasına hesablanıb.

Bundan başqa, tərəflərin ildə bir dəfə informasiya mübadiləsi etmələri nəzərdə tutulsa da, hesabatda hansı məlumatların əks olunacağını tərəflərin özləri  müəyyən edəcək. 

Yeri gəlmişkən, razılaşmada Rusiyanın Votkinskdəki raket texnikası istehsalı ilə məşğul olan müəssisəsinə nəzarətin davam etdirilməsi nəzərdə tutulmayıb.

Müqavilənin müddəti 10 ildir. Bu dövr bitdikdən sonra yeni müqavilə imzalanmazsa, onun müddətinin maksimum 5 il uzadılması da nəzərdə tutulur.

"The New York Times" hələ müqavilə imzalanmazdan əvvəl partlayıcıların sayılması məsələsində "çətinlik" olduğunu yazırdı: müqaviləyə əsasən, yerüstü və dəniz bazalarındakı ballistik raketlərin təchiz edildiyi real başlıqlar sayılacaq. Hər bir ağır bombardmançı 1 partlayıcı kimi sayılsa da, əslində o, daha çox sayda partlayıcı daşımaq iqtidarındadır. Məsələn, B-52 bombardmançısı eyni vaxtda 20 ədəd nüvə silahı daşıya bilər - 14 qanadlı raket, 4 B61-7 bombası və 2 B83 bombası.

"Federation of American Scientists"in qiymətləndirməsinə görə, "ABŞ-ın 2100 müfəssəl partlayıcısından təxminən 450-si, Rusiyada isə 2600-dan 860-ı nəzərə alınmayacaq. Odur ki, müqaviləyə əməl etmək üçün ABŞ-ın 100, Rusiyanın isə 190 partlayıcını ixtisar etməsi kifayətdir". Ağ ev isə bildirir ki, "bombardmançılar silahlanmaya nəzarətdə o qədər də vacib element deyil. Çünki onlar ilkin zərbə üçün nəzərdə tutulmayıb".

Müqavilənin mətnində deyilir ki, "hər iki tərəf ağır silahlardan imtina edir".

 

Maneələr

İndi sənəd Rusiya Parlamenti və ABŞ Konqresi tərəfindən ratifikasiya olunmalıdır. Konqresdə bu "döyüş"ün asan keçməyəcəyi məlumdur: təkcə respublikaçılar deyil, hətta Obamanın ətrafındakı bəzi qüvvələr də Rusiya ilə müqaviləyə qarşıdır.

"Los Angeles Times" yazır ki, Obamanın siyasi uğurunun hüquqi məğlubiyyətlə əvəzlənməsi təhlükəsi var. Qəzet bu səbəbdən də Amerika prezidentinin "iki seçim imkanının" olduğunu yazır: o, ya ölkə konstitusiyasının ikinci maddəsinə uyğun olaraq, Senatın üçdəbirindən sənədin dəstəklənməsini, ya da birinci maddəyə əsasən, hər iki palatadan adi səs çoxluğu istəyə bilər.

"Prezident Nikson 1972-ci ildə Sovet İttifaqı ilə silahlanma haqda ilkin razılaşmanı müzakirə edən zaman ikinci yolu seçmişdi. Obama da Niksonun seçdiyi konstitusion yolla getməlidir. Bu halda ona cəmi 60 senatorun səsi kifayət edəcək. Əks təqdirdə, Obama 67 səs toplamalıdır və bu, prezidenti obstruksiya ilə qarşı-qarşıya qoya bilər", - deyə qəzet yazır.

Moskva üçün də maneələr var. Aprelin 6-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin yeni SHS müqaviləsindən çıxmasına səbəb ola biləcək şərtləri açıq şəkildə səsləndirib. Onun sözlərinə görə, "Əgər ABŞ-ın strateji hava hücumundan müdafiə potensialının kəmiyyət və keyfiyyət artımı Rusiyanın strateji nüvə qüvvələrinin effektivliyinə ciddi təsir göstərərsə", Moskva razılaşmadan çıxacaq. Xatırladaq ki, Moskva yeni SHS-də hücum silahları ilə strateji hava hücumundan müdafiə sistemlərinin birbaşa əlaqələndirilməsi üçün əlindən gələni etsə də, buna nail olmayıb. Məlum olduğu kimi, Kreml ABŞ-ın hava hücumundan müdafiə sisteminin Avropada peyda olmasının yalnız Şimali Koreya və İrandan müdafiəyə hesablanmadığına əmindir. Moskva hesab edir ki, bu, Rusiyanın milli təhlükəsizliyinə də problem yaradır.

ABŞ isə artıq qeyd olunduğu kimi, hava hücumundan müdafiə sistemi məsələsinin yeni müqaviləyə salınmasına imkan verməyib. Orada bu sahədə heç bir məhdudiyyət nəzərdə tutulmur. Lavrov isə buna baxmayaraq, yenə də sənəddə iki məsələ arasında əlaqənin olduğunu düşünür.

Yeri gəlmişkən, Obama Praqada Medvedevlə keçirdiyi mətbuat konfransında bir daha bəyan edib ki, ABŞ-ın hava hücumundan müdafiə sistemi "Rusiyanın strateji təhlükəsizliyinə heç bir təhtid yaratmayacaq".

"Bu, taktiki nüvə silahlarının hərbi əməliyyatlar səhnəsindən necə yığışdırılması, qeyri-müfəssəl raketlərin daha da ixtisar olunmasına dair daha geniş diskussiyanın bir hissəsi olacaq. Nəzərə çarpacaq irəliləyişin əldə oluna biləcəyi xeyli məsələlər var", - deyə ABŞ Prezidenti bildirib.

 

"Yenilənmə" məkanı

Yeri gəlmişkən, iki ölkə arasında müqavilənin imzalandığı məkan da böyük əhəmiyyətə malikdir. Axı Corc Buş administrasiyasının planına əsasən Varşava ilə yanaşı, məhz Praqa ABŞ-ın hava hücumundan müdafiə sisteminin yerləşdiriləcəyi məkan olmalı idi. Bir vaxtlar Rusiya ilə Amerika arasında bu məsələyə dair fikir ayrılığı o həddə çatmışdı ki, dünya KİV yenidən "soyuq müharibə" mövzusuna müraciət edirdi.

Amma ABŞ-ın yeni prezidenti Barak Obama sələfinin bu planından imtina etməklə, Amerikanın raket sipərinin yeni variantını təklif edib. Nəticədə hər şey tam fərqli alınıb və indi Praqanı əminliklə ABŞ-la Rusiya arasında münasibətlərin yeniləşməsi "düyməsi"nin nəhayət, basıldığı məkan adlandırmaq olar. Burada Obama ilə Medvedev informasiya mübadildəsi və təhlükələrin qiymətləndirilməsi də daxil olmaqla, hava hücumundan müdafiə sisteminə dair müzakirələrin davam etdirilməsinə qərar veriblər.

Razılaşmanı analiz edən ekspertlər hesab edir ki, onu ABŞ-Rusiya münasibətlərinin "yenilənməsi" prosesinin bir mərhələsi saymaq olar. Məsələ ondadır ki, SHS haqda müqavilədə ABŞ-la Rusiya demək olar ki, eyni geosiyasi rola malik bərabər rəqiblərdir. Bundan başqa, bu "rəqiblər" oynadıqları rolun əhəmiyyətini anlayaraq, dünyaya nümunə göstərməyə də çalışırlar. Dmitri Medvedevin dediyi kimi, "Rusiya ilə ABŞ müqaviləni imzalamaqla yalnız öz təhlükəsizliklərini möhkəmləndirməyib, həm də bütünlükdə dünyanın təhlükəsizliyinə töhvə verib". Onun qiymətləndirməsinə görə, bu işdə ən başlıca nailiyyət "nə qalib, nə də məğlubun" olmasındadır.

B. Obama isə imici üçün siyasi xallar qazanır. Əksər Amerika KİV-i imzalanmış müqaviləni Ağ ev sahibinin qeyd-şərtsiz ilk xarici siyasi uğuru adlandırır.

"SHS üzrə yeni müqavilə bizi nüvə silahı olmayan, təhlükəsiz gələcəyə daha da yaxınlaşdırır. Çünki "soyuq müharibə" dövrunun təcəssümü olan nüvə silahı, bizim dövrümüz üçün də ən böyük təhlükədir. Biz XX əsrin mirasını keçmişdə qoymaqla irəli daha bir addım atır, uşaqlarımız üçün daha təhlükəsiz gələcək qururuq", - deyə Barak Obama bildirib.

Bundan başqa, Obama Mərkəzi Avropanın postsosialist ölkələrinin rəhbərlərini Rusiya-Amerika münasibətlərinin möhkəmləndiyinə əmin edib. Ağ ev rəhbəri əmindir ki, bu fakt "Mərkəzi Avropa regionuna da müsbət təsirini göstərəcək, onun təhlükəsizliyini nəzərəçarpacaq dərəcədə gücləndirəcək".

 

İran problemi

Obama administrasiyası bu müqavilənin imzalanması ilə daha bir vacib xal qazanıb: o, BMT Təhlükəsizlik Şurasında İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı növbəti "döyüş" ərəfəsində dünya ictimaiyyətinin gözündə mövqelərini xeyli möhkəmləndirib. Belə hesab olunurdu ki, dünyada əsas nüvə potensialı ABŞ-la Rusiyadadır. İndi onlar yeni müqaviləni imzalamaqla bu məsələdə sözlərini dedilər. Beləliklə, Vaşinqton hələ də tərəddüd edən Moskvaya bir daha bəyan edir ki, Tehrana qarşı qəti tədbirlər görülməlidir.

Obama da Praqada Medvedevlə birgə keçirdiyi mətbuat konfransında bir daha bildirib ki, "İranın nüvə proqramı yeni silahlanmaya start verilməsi təhlükəsi yaradır". "Biz BMT Təhlükəsizlik Şurasının İrana qarşı sərt sanksiyalar tətbiq etməsinə nail olmağa çalışacağıq. Biz nüvə silahlarının yayılmaması rejiminə qarşı olan addımlara dözmək fikrində deyilik", - deyə Obama bildirib. 

Medvedev isə onun bu fikrinə cavab olaraq, deyib ki, "BMT Təhlükəsizlik Şurası İranla bağlı məsələyə yenidən baxa bilər. Çünki Tehran nüvə proqramı problemində irəli sürülən xeyli konstruktiv və kompromis təşəbbüslərə reaksiya vermir".

Bundan başqa, Ağ Evin SHS haqda müqavilənin imzalanmasından bir neçə gün əvvəl açıqladığı yeni nüvə strategiyasında da nüvə terrorizminin və nüvə silahlarının yayılmasının qarşısının alınması əsas məqsəd kimi göstərilib. Sənədə əsasən, ölkələrin milli təhlükəsizliyinin təminində kütləvi qırğın silahlarının rolu xeyli azalır.

ABŞ-ın üzərinə götürdüyü yeni öhdəlikdə Amerikaya hətta bioloji və kimyəvi silahla hücum edən nüvə potensialına malik olmayan ölkələrə qarşı atom silahından istifadə olunmaması nəzərdə tutulub. Obama əmindir ki, belə hücumların qarşısını nüvə silahından istifadə etmədən, adi müasir silahlarla da asan şəkildə almaq mümkündür. Amma sənəddə bildirilir ki, bu öhdəlik nüvə silahlarının yayılmamasına dair müqavilənin tələblərinə tam əməl etməyən ölkələrə şamil olunmur.

Beləliklə, Barak Obama açıq şəkildə göstərir ki, bu gün dünya ictimaiyyətinin gündəmində olan məsələ nüvə tərk-silahı mövzusunda dialoqun bərpasıdır. 

Yeri gəlmişkən, bu ilin mayında Nyu-Yorkda nüvə silahlarının yayılmaması haqda müqavilənin müzakirə ediləcəyi konfrans keçiriləcək. Orada çoxlu sayda siyasətçi, alim və ictimai xadimlərin iştirakı nəzərdə tutulub.

Obama Praqada bir məqamı da xüsusi vurğulayıb. O, ümid edir ki, Rusiya ilə yeni SHS müqaviləsinin imzalanması Moskva ilə taktiki, o cümlədən qeyri-müfəssəl silahların ixtisarına dair də müzakirələrin başlanmasına təkan verəcək. Xüsusilə, ABŞ-ın Avropadan 200 atom bombasını çıxara biləcəyi bəyan etməsindən sonra.



MƏSLƏHƏT GÖR:

662