TARİX TƏKRARLANIR
Əvvəlki inqilabın zanbaqları solmağa macal tapmamış, Qırğızıstanda hakimiyyət yenidən devrildi
Müəllif: Ramin ABDULLAYEV Bakı
Qırğızıstanda "zanbaq inqilabı"ndan 5 il sonra, hakimiyyət növbəti dəfə devrildi. Bu dəfə də 5 il əvvəl olduğu kimi, hər şey Talas şəhərindən başladı. Xatırladaq ki, "zanbaq inqilabı" zamanı da cənubdakı qarışıqlıq bu şəhərdən yayılmışdı. O zaman narazılığa səbəb parlament seçkisinin nəticələrinin saxtalaşdırılması olmuşdu. Müxalifət nəticələrin ləğvini və prezident Əskər Akayevin istefasını tələb edirdi. Prezident korrupsiya, avtoritarizm, Qırğızıstan torpaqlarının Çinə satılmasında da günahlandırılırdı. Seçkinin nəticələri rəsmən elan edildikdən sonra isə Bişkekdə iğtişaşlar başlanmış və martın 24-də Hökumət evi ilə parlamentin binası zəbt olunmuşdu. Əskər Akayevin ölkədən qaçmasından bir gün sonra isə parlament müxalifət liderlərindən olan sabiq baş nazir Kurmanbek Bakiyevi dövlət başçısı səlahiyyətlərinin icraçısı təyin etmişdi.
İndi isə 5 il əvvəl baş verənlər yenidən təkrarlanıb. Növbəti narazılıq dalğası cəmi bir sutkanın içində korrupsiya və səriştəsizlikdə ittiham olunan Bakiyevi hakimiyyətdən süpürüb-atdı. Bakiyevin hakimiyyətdəki qohumlarının "zorakılığına" etiraz edən müxalifət bu cür aksiyalara çoxdan hazırlaşırdı. Onları Bakiyevin dövlət idarəçiliyində islahatlara başlamasından sonra əsas postlara prezidentin qohumları və yaxınlarının təyin olunması qıcıqlandırırdı. "Boz kardinal" rolunu isə bu ölkədə prezidentin kiçik oğlu Maksim Bakiyev oynayırdı.
Aprelin ilk günlərində müxalifətin planlarında ekstremal heç nə yox idi. Onlar, sadəcə, xalq toplantısı - qurultay keçirirdi. Amma belə toplantılardan birinin təşkili üçün Talasa gələn müxalifətçi "Vətən" partiyasının lideri Bolot Şerniyazov burada həbs edildi. Düzdür, tezliklə o, azadlığa buraxıldı, amma bu faktın özü şəhər administrasiyasının binası qarşısına minlərlə insanın toplaşması üçün kifayət etdi. "Bakiyev ketsın!" ("Bakiyev getsin!") şuarı da ilk olaraq burada səslənməyə başlandı.
Daxili işlər naziri Talası sakitləşdirmək üçün bu şəhərə yüzlərlə hərbçi göndərdi. Nəticədə, nümayişçilər şəxsən nazirin özü ilə haqq-hesab çəkmək qərarına gəldilər. Hadisələrin bu cür inkişaf etdiyini görən hakimiyyət önləyici tədbir kimi Bişkekdə müxalifətin digər liderlərini həbs etdi və bu, bütünlükdə ölkə ərazisində kütləvi aksiyaların qızışmasına səbəb oldu.
Aprelin 7-si səhər minlərlə insan paytaxt küçələrinə axışdı. Onları rezin güllələr və gözyaşardıcı qazla dağıtmağa cəhd olunsa da, mitinqçilər Bişkekin mərkəzindəki bütün inzibati binaları - parlament, Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin binalarını ələ keçirdi.
Bunu görən hakimiyyət xalqı sakitləşdirmək üçün həbsə atılmış müxalifət liderlərini azad etsə də, bu, nəticə vermədi. Artıq digər şəhərlərdə də dövlət orqanlarının zəbt olunması prosesi sürətlə gedirdi. Bütün bunlar prezident Bakiyevin Qırğızıstanda fövqəladə vəziyyət elan etməsinə səbəb oldu. Xüsusi xidmət orqanları əməkdaşlarına isə insanlara birbaşa atəş açmağa icazə verildi. Onlarca insanın ölümünə səbəb də məhz bu oldu.
Sonradan məlum olub ki, toqquşmalar nəticəsində 81 nəfər dünyasını dəyişib, 523 nəfərsə yaralanıb. Bu, yalnız xəstəxanalara yerləşdirilmiş yaralıların sayıdır. Ümumilikdə isə mindən artıq insan xəsarət alıb. Həlak olanlar milli qəhrəmanlar kimi himnin sədaları altında və yaylım atəşləri ilə dəfn olunub.
Aprelin 7-si axşam nümayişçilər prezident mühafizəsinin də müqavimətini qıraraq, Hökumət evini zəbt edib. Lakin Bakiyev artıq orada yox idi. Əvvəlcə dövlət başçısını aparan təyyarənin ölkəni tərk etməsinə dair xəbərlər yayılsa da, təxminən, 1 saat sonra o özü jurnalistlər qarşısına çıxaraq, baş verənlərə münasibət bildirib. Televiziyalar isə artıq həmin vaxt müxalifətin əlində idi və dövlət başçısının canlı efirə çıxan opponentləri sabiq baş nazir Roza Otumbayevanın rəhbərliyi ilə Müvəqqəti Hökumət formalaşdırdıqlarını bəyan etmişdilər: məqsəd respublikanı başına götürmüş çalxalanmanı hansısa səviyyədə sakitləşdirmək idi.
Maraqlı faktlardan biri vaxtilə "zanbaq inqilabı" zamanı Bakiyevin yaxın silahdaşları olmuş şəxslərin bu dəfə prezidentə qarşı çıxmalarıdır. Söhbət sabiq baş nazir Almazbek Atambayev, keçmiş baş prokuror Azimbek Beknazarov, Roza Otumbayeva, parlamentin eks-spikeri Omurbek Tekebayevdən gedir. Onlar prezidenti "xalq inqilabı ideyalarını satmaqda, cinayətkar ailə hakimiyyəti rejiminin bərpasında" ittiham edirlər.
5 il əvvəl olduğu kimi, bu dəfə də inqilab dalğası talançılığa yol açıb. Oğrular əvvəlcə dövlət qurumlarını, prezident və hökumət başçısının iqamətgahlarını talan edib. Daha sonra növbə özəl sektora çatıb. Hakimiyyətsiz ilk gecə talanlarla yadda qalıb. Aprelin 8-də bu hal yenidən təkrarlanıb. Şəhərdə bütün qurumlar fəaliyyətini dayandırıb. Talanlar yavaş-yavaş mərkəzdən əyalətlərə doğru keçməyə başlayıb. Talanın qarşısını almaq üçün tələbələr, biznesmenlər və vaxtilə Əfqanıstanda qulluq etmiş veteranlardan ibarət drujinalar yaradılıb.
Artıq Müvəqqəti Hökumətin tərəfinə keçmiş milis və ordu da küçələrdə asayişin bərpasına başlayıb, yeni daxili işlər naziri isə talançılara atəş açılmasına icazə verib.
Bakiyev çaşqınlıq içərisində
Qırğızıstanın Müvəqqəti Hökuməti ilk anlarda Kurmanbek Bakiyevin səlahiyyətlərindən könüllü şəkildə imtina edəcəyini gözləsə də, bu, baş verməyib. Bakiyev belə asanlıqla təslim olmayacağını bəyan edib. Cəlilabad viliayətinin doğma Teyit kəndində məskunlaşmış Bakiyev özünü günahkar saymadığını deməklə yanaşı, müxalifətə xəbərdarlıq da edib: ona toxunmağa çalışsalar, Qırğızıstan qana bələnəcək. O, bu bəyanatı atasının evinin qarşısında, 2 min həmyerlisi, qohumları, həmçinin, barələrində axtarış elan olunmuş 3 qardaşının qarşısında verib. Qeyd edək ki, barələrində axtarış elan edilmiş şəxslər arasında prezidentin Dövlət Mühafizə Xidmətinə rəhbərlik etmiş qardaşı Janış Bakiyev də var. Təsdiqlənməmiş məlumatlara görə, hüquq-mühafizə orqanlarına mitinqçilərə atəş açılması göstərişini məhz o verib.
Xarici KİV-ə müsahibəsində prezident bildirib ki, məhkəməsiz cəzalandırıla biləcəyi, həmçinin, yaxınlarına divan tutulacağından narahat olduğu üçün hələ ki Bişkekə qayıtmağı düşünmür. Bakiyev baş vermiş çevrilişə görə, "xarici qüvvələri" günahlandırsa da, konkret ölkə adı çəkməyib.
Paytaxtı tərk etməsindən 1 həftə keçməmiş Bakiyev doğma Cəlilabadda tərəfdarlarını (təxminən, 3 min nəfər) bir araya toplayaraq, mitinq keçirib. Onların qarşısına da mühafizəçilərin əhatəsində çıxan Bakiyev tərəfdarlarına müxalifət təmsilçilərinin olduğu vilayət administrasiyasına qarşı heç bir addımın atılmamasını tapşırıb. "Bu bizə lazım deyil", - deyən Bakiyev müxalifətlə danışıqlara hazır olduğunu açıqlayıb.
Kurmanbek Bakiyev Qırğızıstan paytaxtının cənuba - Cəlilabad və ya Oşa köçürülməsinin istisna olmadığını da deyib. Çünki o, Qırğızıstanda şimalla cənub arasında vətəndaş müharibəsinin yaşanacağından narahatlığın böyük olduğunu bilir.
Ölkənin cənubundan olan eks-pertlərin fikrincə, Bakiyevi hakimiyyətdən kənarlaşdırmaq üçün bəlkə də Qırğızıstanın tərəfdaşı olan ölkələrin vasitəçiliyinə ehtiyac var. Analitiklərin fikrincə, bu missiyanı MDB, KTMT və ya ŞƏT həyata keçirə bilər.
Qırğızıstan müşahidəçiləri hesab edir ki, Bakiyev ölkənin cənubunda təcrid vəziyyətində nə qədər çox qalarsa, cənubda yaşayan əhali arasında onunla həmrəy olanların sayı o qədər artacaq. Bu isə Müvəqqəti Hökumət üçün prezidentin vəzifədən kənarlaşdırılması, qohumlarının məsuliyyətə cəlb olunması işini daha da çətinləşdirəcək.
Bakiyev məskunlaşdığı kənddə mitinq keçirən zaman Müvəqqəti Hökumət onun prezident toxunulmazlığının ləğvinə qərar verib. Paytaxtdan qaçmış prezidentə ultimatum da göndərilib: ya o, Bişkekə dönəcək, ya da həbs olunacaq. Qeyd edək ki, onun həbs ehtimalı kifayət qədər yüksəkdir. Müvəqqəti Hökumət Bakiyevi əhalini vətəndaş müharibəsinə çağıracağı təqdirdə də həbs edəcək.
Artıq Müvəqqəti Hökumətin qarşıdakı 2-3 ayda yeni konstitusiyanın qəbulu üçün referendum keçirməyə hazırlaşdığı məlumdur. Məqsəd ölkənin parlament respublikasına çevrilməsidir. Bundan başqa, Beknazarovun sözlərinə görə, artıq Qırğızıstanın Konstitusiya Məhkəməsinin fəaliyyəti də dayandırılıb. "Son zamanlar Konstitusiya Məhkəməsi konstitusiyanın tələblərini kobud şəkildə pozub və Kurmanbek Bakiyevin hakimiyyətini gücləndirməyə xidmət edən qərarlar qəbul edib", - deyə o bildirib.
Ölkədə baş verənlərə vaxtilə Bakiyev tərəfindən devrilmiş Əskər Akayev də münasibət bildirib. Moskvada verdiyi bəyanatda o deyib ki, Bakiyev mitinqçilərə atəş açılmasına əmr verməklə, özünə qarşı hökm çıxarıb: "Dünyanın heç bir ölkəsi onu qəbul etməyəcək. Onun taleyi çox pis gətirdi". Bakiyev cənubdakı kriminal qüvvələrə arxalanır və bəlkə də hələ son sözünü deməyib.
Dünya Bakiyevi müdafiə etmədi
Həqiqətən də, Bakiyevi nə Rusiya, nə də ABŞ müdafiə etdi. Vaşinqton Bişkekdəki diplomatik missiyası vasitəsi ilə verdiyi açıqlamada göstərdi ki, "devrilmiş prezident"ə sığınacaq verməyi düşünmür, çünki Qırğızıstanda baş verən son hadisələr "qırğız xalqının daxili işidir".
ABŞ Hərbi Qüvvələrinin mərkəzi komandanlığı isə Qırğızıstandakı "Manas" hərbi bazasından Əfqanıstana daşımalarda müvəqqəti olaraq istifadə edilməməsi haqda qərar qəbul edib. O, hələ ki Əfqanıstana əlavə hərbçilərin aparılmasında başqa marşrutlardan yararlanır. Amma bu baza yüklərin daşınması və təyyarələrin yanacaqla təminatı üçün əvvəlkitək istifadə olunacaq.
Amerikanın "New York Times" qəzetinin dərc etdiyi məqalədə Qırğızıstanda baş verənlərin səbəbi kimi rəqib klanlar və biznes qrupların mübarizəsi göstərilib. Qəzet hesab edir ki, həmin qruplar ABŞ-ın "Manas" aviabazasının yanacaqla təminində monopoliyanı əldə etmək üçün ciddi mübarizə aparır: "2005-ci ildə kütlə hakimiyyəti devirən zaman ABŞ pis vəziyyətdə qalmışdı: etirazçı kütlənin səsləndirdiyi fikirlər arasında hakim ailənin Pentaqonla müqavilə hesabına varlanması fikri də var idi. İndi də vəziyyət son dərəcə oxşardır. Keçid hökumətinin rəhbərliyi ölkə prezidenti Kurmanbek Bakiyevin oğlu Maksimi Amerikanın Qırğızıstandakı aviabazasına yanacaq satmaqla, ayda 8 milyon dollar qazanmaqda, monopoliyada və güzəştli şərtlərlə vergi ödəməkdə günahlandırır".
Maraqlıdır, Rusiya da K.Bakiyevin devrilməsindən xüsusi təəssüf keçirmir və Qırğızıstanın yeni hökuməti ilə işləməyə hazırlaşır. Hər halda, son dönəmlərdə Moskvanın Bişkeklə bağlı xeyli narazılığı var idi. Üstəlik, Qırğızıstanda baş verənləri heç də "narıncı inqilab" saymaq olmaz.
Ötən ilin iyununda Kurmanbek Bakiyev ABŞ-ın "Manas"dakı aviabazasını ölkədə saxlamağa qərar verib. Kremlin isə bu bazanın ləğvinə çoxdan çalışdığı bəllidir. Bundan başqa, son zamanlar Qırğızıstanda rusdilli saytlara hücumlar başlanmışdı, onların fəaliyyəti ya məhdudlaşdırılır, ya da ümumiyyətlə, qadağan olunurdu.
Rusiyanın Baş naziri Vladimir Putin Moskvanın Qırğızıstanda baş verən son hadisələrə aidiyyətinin olmadığını açıq şəkildə bəyan edib. O, K.Bakiyevi tənqid etməyi də unutmayıb: "Bakiyev hakimiyyətə gələn zaman prezidentlikdən uzaqlaşdırılmış Əskər Akayevi yüksək postları ailə üzvlərinə verməkdə, Qırğızıstan iqtisadiyyatına onun qohumlarının nəzarət etməsində günahlandırırdı. Mənə belə gəlir ki, cənab Bakiyev də eyni addımları atırdı".
Rusiya Xarici İşlər Nazirliyindəki yüksəkrütbəli məmur isə "Kommersant" qəzetinə açıqlamasında bildirib ki, Qırğızıstanda baş verənləri Kreml üçün tam gözlənilməz hadisə saymaq olmaz: "Hər şey onsuz da buna doğru gedirdi. Gözlənilməz olanı yalnız hadisələrin cərəyan etdiyi sürətdir".
Bütün bunlara baxmayaraq, bəzi analitiklər Moskvanın əməllərində Qırğızıstanda yeni inqilaba dəstək işartıları hiss edir. Qərb KİV yazır ki, Bakiyevin devrilməsindən dərhal sonra Putinin Otumbayevaya zəng vurması və hərtərəfli yardım vəd etməsi onun Bişkekin xarici siyasətində dəyişikliyə imkan verməmək niyyətindən irəli gəlir.
Amerikanın Heritage Foundation təşkilatının eksperti Ariel Koen isə "The Wall Street Journal"da nəşr edilmiş məqaləsində Otunbayevanın Müvəqqəti Hökumətə rəhbərliyə başladıqdan dərhal sonra xüsusi elçisini Kremlə göndərməsinə, Moskvaya "yardım"a görə nümayişkaranə şəkildə minnətdarlıq etməsinə diqqət çəkir: "Rusiya "rəngli inqilablar"a antipatiya ilə yanaşsa da, bu, "Qızılgül (roza - red.)inqilabı"nı dəstəkləyib", - deyə Koen bildirir.
Onun fikrincə, Obama administrasiyası Qırğızıstanda baş vermiş çevrilişə lazımi operativliklə reaksiya göstərə bilməyib. Rusiya isə əksinə, "cüdoçuya xas sürət və məharətlə" hərəkət edib və bu üzdən qarşıdakı dövrdə ABŞ-ın "Manas" bazası ilə bağlı problemləri yarana bilər.
Amerikalı ekspert bildirir ki, son illər Rusiya Corc Buşun Avrasiyada əldə etdiklərini bir-bir geri alır. "Avqust müharibəsindən sonra Gürcüstanın NATO-ya üzvlük şansı praktik olaraq qalmayıb. Yanukoviçin prezident seçilməsi ilə isə qərbpərəst Ukrayna neytral ölkəyə çevrilib. İndi gündəmdə olan ABŞ-ın Orta Asiyadakı mövcudluğudur", - deyə Koen bildirir.
Onun fikrincə, bu vəziyyətdə ABŞ, ilk növbədə, Bakiyevdən kənar durmalıdır. Bunun üçün Obama administrasiyası, məsələn, Müvəqqəti Hökumətə devrilmiş prezident üzərində məhkəmənin qurulması işində yardım təklif edə, Otumbayevaya isə Vaşinqtona səfər etmək imkanı yarada bilər: "Dövlət Departamenti Qırğızıstana yardım proqramının səxavətli olacağını göstərməlidir".
Bu istiqamətdə ABŞ-ın uzunmüddətli vəzifəsinə gəlincə, analitik hesab edir ki, Vaşinqton "Manas"dakı bazanın mövcudluğunu qorumalıdır: "Hətta Moskva buna qarşı çıxsa və daha çox öz nəzarətində olan təchizat marşrutu təklif etsə belə, Vaşinqton "Manas"ın qorunmasına çalışmalıdır".
Avropanın baş verənlərlə bağlı mövqeyinə gəlincə, Avropa İttifaqı da Bakiyevin rəqiblərinə ilk dəstək verənlər sırasında olub. Aİ-nin Qırğızıstandakı xüsusi nümayəndəsi Pyer Morel bildirib ki, Aİ ölkəyə konstitusiya islahatları məsələsində yardım göstərməyə hazırdır.
Hazırkı çətin durumda hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Bəzi ekspertlər, hətta ciddi fəsadlar verəcək vətəndaş müharibəsinin yaşana biləcəyini də istisna etmir. "Dünyanın ərazisində həm Rusiya, həm də ABŞ-a məxsus hərbi baza olan yeganə dövlət yenidən qanlı vətəndaş toqquşmaları ərəfəsindədir", - deyə "Time" jurnalı yazır.
Beynəlxalq Böhran Qrupunun direktoru və "Time"nin Moskva bürosunun keçmiş rəhbəri Pol Kuinn-Cac isə hesab edir ki, Qırğızıstanda vətəndaş müharibəsinin başvermə ehtimalı çox aşağıdır: "Bəlkə də Bakiyev hədə-qorxu gəlir. Amma Kurmanbek Bakiyev həqiqətən problem yaratmaq istəsə, onun əsas silahı xalqın hissləri yox (onun bu resursu çox məhduddur), haradasa gizlətdiyi son dərəcə böyük həcmdəki pullar olacaq".
Kuinn-Cac hesab edir ki, bu gün Qırğızıstanda sabitliyə əsas təhlükələrdən biri Müvəqqəti Hökumətin tərkibindəki parçalanmadır. O, Müvəqqəti Hökumətdə xarizmatik lider çatışmazlığının olduğunu da düşünür. Ekspert ümid edir ki, müxalifətin sıralarında "qırğılar" peyda olmayacaq və yeni hakimiyyət Bakiyevlə müharibəyə getməyəcək.
İstənilən halda, Qırğızıstanda sabitliyin bərpası haqda danışmaq hələlik çox tezdir.
MƏSLƏHƏT GÖR:





510

