YEREVAN TƏZYİQ ALTINDA
Bəlkə də ATƏT-in Minsk Qrupu aprelin sonlarında danışıqları tam başqa situasiyada aparmalı olacaq
Müəllif: NURANİ Bakı
Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik fəallıq getdikcə artır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Parisdə Fransa Prezidenti Nikolya Sarkozi ilə ilə keçirdiyi görüşdə də bu problem əsas müzakirə mövzularından biri olub. KİV-in məlumatına görə, Ərdoğanın ölkəsinin ABŞ-dakı səfiri Namiq Tan vasitəsilə Birləşmiş Ştatlar Prezidenti Barak Obamaya göndərdiyi məktubda da Dağlıq Qarabağ münaqişəsindən danışılırdı. Nəhayət, hələ Vaşinqtonda keçirilən nüvə sammitindən əvvəl məlumatlı mənbələr bildirirdi ki, Ərdoğan sammitdən əvvəl Obama ilə görüşündə də Qarabağ problemini qaldıracaq.
Əsas hadisələr isə regionun özündə baş verdi
Hələ martın ortalarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Madrid prinsiplərinin yenilənmiş variantını açıqlayıb: "Sənədə əsasən, ilk növbədə, Ermənistan işğal altındakı 5 rayonu və Laçının 13 kəndini boşaltmalıdır. Bundan sonra bütün sərhədlər və kommunikasiyaların açılması, donor konfransının keçirilməsi, ərazilərin və kommunikasiyaların bərpası, proqramların reallaşdırılması nəzərdə tutulub. Həmin torpaqlara qayıdacaq məcburi köçkünlərin təhlükəsizliyinin təmini baxımdan bu məsələ beynəlxalq müşahidəçilərin iştirakı ilə həllini tapmalı və bundan sonra Ermənistan qüvvələri Laçın və Kəlbəcər rayonlarını boşaltmalı, bütün yollar açılmalıdır. Azərbaycanlı icmanın Qarabağa qayıdışından sonra isə son mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi prosesinə başlanılmalıdır".
Nazir onu da bildirib ki, "Qarabağ Azərbaycan torpağıdır və bu üzdən hansısa ərazinin Bakının inzibati nəzarətindən çıxması düzgün olmazdı". "Şübhəsiz, biz bütün məsələlərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalı olduğunu bildiririk. Müqəddəratı təyinetmə prinsipinə gəlincə, bu, beynəlxalq hüququn bir hissəsidir. Amma bu o demək deyil ki, hansısa ölkənin ərazi bütövlüyü pozulmalıdır", - deyə E.Məmmədyarov bildirib. "Qoy Ermənistan bu variantı qəbul edib-etmədiyini açıqlasın ki, biz işimizi bilək. Biz XİN-də müxtəlif variantları müzakirə edir, bu il danışıqları necə və hansı yolla aparmaq haqda düşünürük".
Daha sonra regionda əsl "diplomatik həyəcan" yaşanıb. Əvvəlcə Yerevanda NATO-nun "Rouz Rot" seminarı keçirilib. ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyeyə inansaq, "Novosti-Armeniya" agentliyi onun bu tədbirdə səsləndirdiyi fikirləri təhrif edib. Bunun ardınca isə həmsədrlərin rəsmi bəyanatı yayılıb: "ATƏT-in Minsk qrupunun həmsədrləri, səfirlər Yuri Merzlyakov, Bernar Fasye və Robert Bradke martın 26-29-da Yerevanda və Dağlıq Qarabağda olub. Martın 27-də onlar danışıqların hazırk? durumu ilə bağlı de-fakto rəhbərliklə danışıqlar aparıb. Martın 28-də Yerevanda prezident Serj Sarqsyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşlər keçirilib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baza prinsiplərinə ermənilərin şərhləri müzakirə edilib. Həmsədrlər Ermənistanda bir sıra digər görüşlər də keçirib. Həm bu, həm də Parisdə keçirilmiş görüşlər nəticəsində həmsədrlər tərəflərin Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında sülh yolu ilə həlli variantına sadiq olduqlarını məmnunluqla qeyd edir".
Sonda isə vasitəçilər Bakıya gəlmədən regionu tərk edib. Amma onların qayıdacaqları vədi də verilib: Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiyalı həmsədr Yuri Merzlyakovun adından bildirib ki, vasitəçilər artıq aprelin sonlarında yenidən regiona gələcək. Bu zaman onların "portfel"ində nəyin olacağı isə hələ ki, cavabını gözləyən sual olaraq qalır. Hətta Məmmədyarovun Madrid prinsiplərinin detallarını açıqlamasından sonra belə, həmsədrlər susqunluğu davam etdirir.
Ermənistan da bu prinsipləri qəbul edib-etmədiyinə dair dəqiq mövqe ortaya qoymur. Yerevan rəsmi səviyyədə Madrid prinsiplərini hələ 2 il əvvəl danışıqların əsası kimi qəbul etdiyini bildirir. Lakin KİV-də fərqli informasiyalar dolaşır: Madrid prinsiplərinin 4 maddəsi Ermənistan tərəfindən qəbul edilmir. Düşünmək olar ki, qoşunların işğal altındakı torpaqlardan çıxarılması, azərbaycanlı köçkünlərin oraya qayıtması, Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməsi də bu maddələr sırasındadır.
Bu arada isə - hələ həmsədrlərin regiona səfərindən əvvəl - Ermənistan prezidenti Serj Sarqsyan qəflətən Azərbaycana danışıqlar dövründə güc tətbiq etməmək haqda razılaşmanın imzalanmasını təklif edib. Bakı bu istəyə rəsmi reaksiya verməsə də, qeyri-rəsmi cavab məlumdur: danışıqlar masası üzərində real təkliflər var və əgər Ermənistan bəyan etdiyi kimi, onları qəbul edirsə, qoy bunu açıqlasın. Yerevan isə bunun əvəzinə yad torpaqları işğal etməsi azmış kimi, hələ təhlükəsizlik zəmanəti də istəyir.
Həmsədrlərin regiona səfərindən sonra isə Ermənistanın xarici işlər naziri E.Nalbandyan əvvəlcə Qarabağın statusunun müəyyənləşdirilməsini, daha sonra digər məsələlərin həllini təklif edib. Bu isə o deməkdir ki, Ermənistan işğal olunmuş torpaqları "statusun müqabilində" alver predmetinə çevirməyi düşünür.
Bütün bu "təşəbbüslər" bir məqamı açıq-aydın göstərir: Ermənistan danışıqlar prosesini Madrid prinsiplərindən kənarlaşdırmağa çalışır. Yerevan bu prinsipləri qəbul etməyə hazır deyil. Lakin kifayət qədər böyük "siyasi risk" onların rədd edilməsinə də imkan vermir. Vasitəçilərin regionu tələm-tələsik tərk etməsi də buna daha bir sübutdur. Diplomatlar gələcək addımlarını müəyyənləşdirmək üçün pauzaya ehtiyac duyublar.
Açığı, bu, Ermənistanın münaqişənin həllinə dair beynəlxalq təşəbbüslərə mane olduğu ilk hal deyil. Sadəcə, bu dəfə qəhrəmanlar köhnə mahnını yeni dekorasiyada və "tamaşaçıların" tamamilə fərqli əhvalı fonunda oxuyur. Dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə diqqəti son dərəcə artıb. Bu, xüsusilə Rusiya ilə Gürcüstan arasında yaşanmış "5 günlük müharibə"dən sonra hiss olunur. Həmin müharibə "dondurulmuş münaqişələr"in necə asanlıqla fəal hərbi əməliyyatlarla əvəz oluna bildiyini göstərib və bu halda neft-qaz kommunikasiyalarının təhlükə ilə üzləşdiyi də məlumdur.
Ermənistanla Türkiyə arasında "yol xəritəsi" və Sürix protokollarının imzalanmasından sonra regionda baş verənlər isə bir daha reallığı üzə çıxarıb: Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması digər sahələrdə də irəliləyişlərə imkan verməyəcək.
İstənilən halda, məhz ATƏT-in Minsk qrupunun həmsədrləri regionu tərk etdikdən sonra gözlənilmədən S.Sarqsyanın Vaşinqtonda keçiriləcək nüvə sammitinə dəvət olunduğu üzə çıxıb. Bu, Ermənistastanın siyasi isteblişmenti, xüsusilə müxalifət dairələri tərəfindən birmənalı qarşılanıb: Ermənistan prezidentindən israrla Madrid prinsiplərini qəbul etməsi istəniləcək.
"Hazırda Ermənistan - Türkiyə münasibətlərindən danışmaq yersizdir. Çünki bu münasibətlər birmənalı olaraq Dağlıq Qarabağ münaqişəsi və bu məsələdəki irəliləyişdən asılıdır", - deyə Yerevanda keçirilən mitinqdə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bildirib. Onun sözlərinə görə, "ATƏT-in Minsk qrupu həmsədrləri danışıqlar prosesində "irəlləyiş" dedikdə, erməni tərəfinin 5 rayonu boşaltmasını nəzərdə tutur".
Ter-Petrosyan hesab edir ki, bunun əvəzində Ermənistan bəzi yolların və Türkiyə ilə sərhədlərin açılması istisna olmaqla, sadəcə vədlər alır.
L.Ter-Petrosyanın fikrincə, Minsk Qrupunun həmsədrləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ciddi fikir ayrılıqları var. O, bu fikir ayrılıqlarının nədən ibarət olduğunu növbəti çıxışlarında açıqlayacağını bildirib. Bununla yanaşı, sabiq prezident vasitəçilərin bir məsələdə yekdil olduğunu bildirib: Ermənistan torpaqları Azərbaycana qaytarmalıdır. Sabiq prezidentin fikrincə, bu məsələdə Bakı ilə Ankaranın maraqlı olması və dəstəyi Yerevanın vəziyyətini daha da ağırlaşıdır.
Ter-Petrosyanın sözlərinə görə, hazırda hər şey erməni tərəfinin mövqeyindən asılıdır: ya Ermənistan prezidenti Madrid sənədini imzalamalı, ya da bundan imtina etməlidir: "Birinci halda hakimiyyət xalqın, ikinci halda isə beynəlxalq ictimaiyyətin narazılığı ilə qarşılaşacaq".
"Hər iki halda Serj Sarqsyan hakimiyyəti itirəcək. Madrid sənədinin imzalanacağı təqdirdə onu xalq, əks təqdirdə isə Sarqsyanla bağlı kifayət qədər kompromata malik olan xarici qüvvələr devirəcək", - deyə L.Ter-Petrosyan bildirib. O, bu kompromatlar kimi seçkinin saxtalaşdırılmasını, 2008-ci il martın 1-də baş vermiş hadisələri və s. göstərib: "Düşünürəm ki, o, birinci variantı seçəcək və istəsə də, istəməsə də, 5 rayonu Azərbaycana qaytaracaq. Axı, bu halda Sarqisyan beynəlxalq ictimaiyyətdən toxunulmazlıq zəmanəti, hətta Nobel mükafatı və siyasi sığınacaq alacağına əmindir".
Əlbəttə ki, Levon Ter-Petrosyanın dediklərinə inanmaq da, inanmamaq da olar. Amma bir məsələ dəqiqdir: yaxın zamanlarda Ermənistan prezidenti son dərəcə ciddi təzyiqlərlə üzləşəcək. Artıq aprelin sonlarında Minsk qrupunun apardığı danışıqlar ola bilsin ki, tamamilə fərqli situasiyada davam etdirilsin.
MƏSLƏHƏT GÖR:




565

