AMERİKA DİPLOMATİYASININ ERMƏNİ MOTİVLƏRİ
Müəllif: Redaksiya
Əgər adi bir məktəb olimpiadasının qalibindən bir dövlətin təcavüzdən əziyyət çəkən başqa bir ölkənin etibarını necə qazanması barədə soruşularsa və seçim üçün iki variantda - "a) təcavüzkarın geri oturdulması yolu ilə" və ya "b) təcavüzkarın dəstəklənməsi yolu" ilə cavabları varsa, onda seçilmiş cavab birmənalı olacaq: "a) təcavüzkarın geri oturdulması yolu ilə".
Elementar məntiqdir. Amma təəssüf ki, bir sıra dövlətlərin xarici siyasəti sağlam məntiqdən çox-çox uzaqdır.
Diqqət yetirin, Ermənistan yeganə dövlətdir ki, İrandan başqa bütün qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edir. Azərbaycanın 20% ərazisini işğal edən bu ölkə indi də Gürcüstana qarşı hücuma başlayır və Cavaxetiyada yeni separatizm ocağı hazırlayır. Hətta ABŞ bu ölkənin Ankara ilə dialoqunu qurmağa çalışan məqamda belə, İrəvan Türkiyəyə qarşı da ərazi iddialarından əl çəkmir. Elementar məntiqə görə, Vaşinqton Qafqazda mövqelərini gücləndirmək üçün Yerevanı sakitləşdirməli, bununla da regionda doğrudan da real təsirə malik olan ölkələrin etibarını qazanmalıdır. Amma Obama administrasiyası başqa yolla gedir. Türkiyə, Azərbaycan və Gürcüstan kimi tərəfdaşlarını itirmək risqi olsa da belə, ABŞ İrəvanın iştahını bir az da artırmağa üstünlük verir. Soruşmaq olar ki, nəyin naminə? Əgər Linkoln bilsəydi ki, ABŞ-ın siyasi rəhbərliyi erməni lobbisinin verdiyi tulapayından bu qədər asılı vəziyyətə düşüb, qəbirdə rahat yata bilməzdi.
Yeri gəlmişkən, Barak Obama da erməni sponsorların yedəyində getdiyinə görə alnı dağılmış Mixail Qorbaçovun əhvalatından dərs götürməlidir.
ABŞ prezidentinin can verməkdə olan Ermənistana nəfəs ötürmək üçün sərf etdiyi canfəşanlığa sadəcə heyrət etmək olar. KİV-in reportajlarından belə təəssürat doğur ki, hətta Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə keçirilən sammit belə bu qlobal təhlükədən çox Ermənistan - Türkiyə sərhədlərinin açılmasına həsr edilibmiş.
Sanki Ağ ev artıq Rusiya və Avropa ilə bütün fikir ayrılıqlarını aradan qaldırıb, İranla, KXDR-lə, Fələstin - İsrail istiqamətində, İraqda bütün problemlərini həll edib, öz iqtisadiyyatını dərin böhrandan çıxarıb, indi də onun tək qayğısı dalana dirənmiş Ermənistan - Türkiyə yaxınlaşması prosesini irəlilətməkdir.
Amma, əslində, bəlkə də bu məsələ son zamanlar, demək olar ki, bütün cəbhələrdə məğlubiyyətlə üzləşən Obama administrasiyasının yapışmaq istədiyi son saman çöpüdür. Gərək avansa verilmiş Nobel mükafatının qarşılığında nəsə bir iş görsün. Azərbaycan Parlamentinin üzvü Qüdrət Həsənquliyev APA agentliyinə bildirib ki, NATO Parlament Assambleyasının nümayəndə heyətinin üzvlərindən biri bu yaxınlarda Bakıda olarkən qeyri-rəsmi söhbətlərdə Obamanın Ermənistan - Türkiyə məsələsinə yüksək diqqətinin səbəblərini açıqlayıb. Sən demə, ABŞ prezidenti ilə Konqresin Nümyəndələr Palatasının sədri, ifrat ermənipərəst mövqeyi ilə tanınan Nensi Pelosi arasında müəyyən anlaşma var: B.Obama söz verib ki, Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasına nail olacaq, N.Pelosi isə bunun əvəzində başıbəlalı səhiyyə islahatlarında ona dəstək verəcək.
Amerika siyasətinin qəribəlikləri olmasa idi, buna, əlbəttə ki, inanmamaq olardı. Bəllidir ki, Cənubi Qafqaz regionunda mövcud olan üç ölkədən ikisi geosiyasi mərkəzlərin nüfuz dairəsindədir: Ermənistan Rusiyanın və Gürcüstan ABŞ-ın təsiri altındadır. Rəhbərliyi müstəqil siyasət yürüdən yeganə ölkə Azərbaycandır. Özü də bunu qeyd etmək lazımdır ki, Azərbaycanın Rusiyaya meylli olmayan mövqeyi Moskvanı narahat etmir. Məntiq belədir ki, bizim yanımızda deyilsə də, əleyhimizə də deyil. Belə görünür ki, Vaşinqton bolşevik siyasəti ilə yaraqlanıb: "Kim bizim yanımızda deyilsə, deməli əleyhimizədir".
İstənilən halda, Ermənistan - Türkiyə danışıqlarının ABŞ prezidenti Barak Obamanın birbaşa vasitəçiliyi ilə keçən daha bir raundu da baş tutmadı. Barak Obamanın Rəcəb Tayyib Ərdoğanı Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsinə Azərbaycan topaqlarının erməni işğalından azad edilməsini şərt kimi qoymaqdan daşındırmaq istəyi də uğursuz oldu.
Hadisələrin gedişi göstərir ki, Obamanın bu təşəbbüsü gerçəkdən də Ermənistan - Azərbaycan münaqişəsininin həll edilməsində irəlilmə olmadan baş tutmayacaq.
"Bu gün Dağlıq Qarabağı kənarda qoyub bölgədə başqa məsələləri həll etmək nə dərəcədə düzgündür?! Tamamilə yanlışdır, tamamilə səhvdir və Azərbaycanın milli maraqlarına zidd olan mövqedir. Milli maraqlarımıza zidd olan mövqe nümayiş etdirənə biz hansı mövqeni nümayiş etdirə bilərik?! Əgər bizim maraqlarımız pozulursa, maraqlarımızı pozanın maraqlarını necə müdafiə edə bilərik, necə dəstəkləyə bilərik?! Ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, dünyada hər şey qarşılıqlıdır. Bunu biz icad etməmişik. Dünya birliyi bu əsasda fəaliyyət göstərir. Nə iqtisadi potensial, nə hərbi güc, nə əhali, nə ərazi ikitərəfli münasibətlərdə rol oynaya bilməz. Əgər belə olsa, onda BMT gərək öz fəaliyyətini dayandırsın", - deyə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də hökumətin iclasında bildirib.
Hadisələrin bu cür inkişaf edəcəyini Vaşinqtonda çoxdan, hələ "Azadlığın dəstəklənməsi" aktına ABŞ hökuməti tərəfindən hər il verilən maliyyə yardımlarını Azərbaycan üçün qadağan edən 907-ci düzəlişi qəbul edərkən nəzərə almalı idilər. Bu, elə məqamda edilmişdi ki, Azərbaycan yeni müstəqil dövlət kimi Ağ evin "qayğısını çəkdiyi" demokratiyanı inkişaf etdirmək üçün siyasi və maddi dəstəyə ehtiyac duyurdu.
Azrbaycanı bu dəstəkdən məhrum edib və əksinə Ermənistana hər cür yardım göstərməklə ABŞ faktiki olaraq Azərbaycan torpaqlarının işğalına tam haqq verdi - bu amil isə Vaşinqtonun özünün regionda planlarının gerçəkləşməsinə başlıca maneədir.
İndi, Türkiyənin "Hurriyet" qəzetinin yazdığına görə, Barak Obama administrasiyası Ermənistan - Türkiyə protokollarını həyata keçirmək üçün Ankaranın mövqeyində "Azərbaycan amilini minimuma endirməyin yollarını arayır".
Qəzet yazır ki, hazırda Vaşinqton kluarlarında ən çox müzakirə olunan məsələlərdən biri "Azərbaycanın neytrallaşdırılması" məsələsidir.
Təsadüfi deyil ki, "Washington Post" qəzeti də hesab edir ki, Ağ ev nüvə təhlükəsizliyi sammitində iştirak üçün Bakıya ona görə dəvətnamə göndərməyib ki, İlham Əliyev Ermənistan-Türkiyə dialoqunun qurulması məsəlsində Vaşinqtonun bütün səylərini sıfıra endirə bilər.
Bu məsələdə Azərbaycanın "neytrallaşdırılması"nın əsas yolu yenə də Azərbaycan torpaqlarının erməni işğalından azad olmasıdır. Amma təəssüf ki, münaqişənin nizamlanmasında vasitəçi olan ABŞ hətta Ermənistandan BMT Baş Assambleyasının Qarabağ üzrə qəbul etdiyi və altından Ağ evin özünün də qol çəkdiyi qətnamələrin yerinə yetirilməsini tələb edə bilmir və ya tələb etmək istəmir.
Əvəzində isə Ermənistana siyasi dəstək verilir və bu işğalçı dövləti çətin iqtisadi vəziyyətdən çıxarmaq üçün hər cür səy göstərilir. Onda sual yaranır: Obama administrasiyası hansı dövlətin milli maraqlarına xidmət edir - ABŞ-ın, yoxsa Ermənistanın?
MƏSLƏHƏT GÖR:

582

