5 Dekabr 2025

Cümə, 23:59

VETERANLAR TƏSLİM OLMUR

Ağır Atletikanın canlı əfsanəsi vasili Alekseyev Bakının qitə birinciliyinə ev sahibliyi etmək şansları və bir sıra digər mətləblərdən danışdı

Müəllif:

01.04.2010

Veteran ağır atletlərin 4-cü açıq Azərbaycan çempionatı bir sıra məşhur idmançıları ölkəmizə topladı. Veteran Ağır Atletlər İctimai Birliyinin dəvəti ilə Avropa Ağır Atletika Ustalar Komitəsinin sədri Bill Barton, ikiqat Olimpiya, səkkizqat dünya  və Avropa çempionu, 80 dünya rekordunun müəllifi Vasili Alekseyev, dünya, Avropa və Olimpiya çempionu, eləcə də 19 dünya rekordunun sahibi Leonid Taranenko, Olimpiya və beşqat dünya çempionu, 15 dünya rekordunun müəllifi Məhəmməd Nəsiri, dünya çempionu Mir Rəsul Rəisi fəxri qonaq qismində Bakıya təşrif buyurdu.

Səfər zamanı qonaqlar çempionatda iştirakla yanaşı, müxtəlif səviyyələrdə görüşlər keçirərək, Azərbaycanda inkişafda olan idman infrastrukturu ilə tanış oldu, gələcəkdə veteranlar arasında Avropa çempionatının Bakıda keçirilməsi perspektivini müzakirə etdi. Qeyd edək ki, qitə birinciliyinin keçiriləcəyi şəhər mayda Avstriyada konqres zamanı müəyyənləşəcək.  Bakının Avropa çempionatına ev sahibliyi etməsi və bir çox digər maraqlı məsələlərlə bağlı ikiqat Olimpiya, dəfələrlə dünya və Avropa çempionu Vasili Alekseyevlə söhbətləşdik. İlk olaraq, Vasili İvanoviç Bakı barədə təəssüratlarını bizimlə bölüşdü. 

- Zəngin karyerama baxmayaraq indiyə qədər Bakıda olmamışdım. Ona görə demək olar ki, dəvət ürəyimdən oldu. Paytaxtınız çox gözəldir. Avropanın aparıcı şəhərləri ilə müqayisə oluna bilər. Böyük  zövqlə hazırlanan parklar və kompleksləri çox bəyəndim. Azərbaycanda idmana olan maraq məni sevindirdi. 

- Azərbaycanda hansı idman növlərinin sevildiyini bilirsinizmi?

- Sizdə güləş və boksu çox sevirlər. Hər Olimpiya Oyunlarında bu idman növündə medalınız olur. Bundan əlavə, ağır atletika və cüdoya da böyük rəğbətin olduğunu bilirəm. Ümumiyyətlə, dövlət tərəfindən idmana olan qayğını yüksək qiymətləndirirəm. Məhz bunun sayəsində idman inkişaf edir. Gənclər dövlətin idmanın inkişafında maraqlı olduğunu görərək, asudə vaxtlarını bu sahəyə həsr edir.

- Amma ağır atletikada hələ də Olimpiya medalımız yoxdur. Sizcə, problem nədədir?..

- Bütün uğurları birdən əldə etmək mümkün deyil. Digər tərəfdən ağır atletika çox mürəkkəb idman növüdür. Bəzən məşqdə əldə etdiyin nəticəni yarış zamanı təkrarlaya bilmirsən. Bəzən bəxt səndən üz döndərir. Sovet dövründə 2-3 azərbaycanlı gənc rəhbərliyim altında hazırlaşıb. O vaxt mən SSRİ-nin komandasında məşqçilər korpusunda yer almışdım. İdmançılarınızın əzmkar olduğuna bələdəm. İnşallah, London Olimpiadasında ağır atletikada da medal əldə edərsiniz.

- Ölkəmiz veteranların ağır atletika üzrə Avropa çempionatına ev sahibliyi etmək niyyətindədir. Bakının şanslarını nejə qiymətləndirirsiniz?

- Çox yüksək. İlk dəfə deyil ki, paytaxtınız mötəbər yarış keçirmək istəyir. Son illər Azərbaycanda dünya və Avropa çempionatlarını təşkili adət alıb. Hələ mən lisenziya xarakterli turnirləri demirəm. Hesab edirəm, Bakı Avropa çempionatını yüksək səviyyədə keçirə bilər.

- Tərcümeyi-halınızdan kifayət qədər medalınızın olduğunu öyrəndim. 2 dəfə Olimpiya çempionu və 80 dünya rekordunun müəllifi - bir idmançı ömrü üçün kifayət edmirmi?

- Mənə elə gəlir, oxuduğunuz tərcümeyi-halımda bütün nailiyyətlərim yazılmayıb. 1999-cu ildə Yunanıstanda 20-ci əsrin ən yaxşı idmançısı seçilmişəm. 2000-ci ildə "Rusiya əfsanəsi" kimi orden almışam. Müxtəlif beynəlxalq turnirlər və qran-prilərin qalibiyəm. Üst-üstə 280-dən yuxarı medalım var. Evimə gəlsəniz, şoka düşərsiniz. İnanmıram, müasir dövrdə kiminsə bu qədər medalı olsun.

- Onda demək olar ki, Vasili Alekseyev idmanda öz sözünü çoxdan deyib?

- Əlbəttə. Artıq gənclərin zamanıdır. İdmana "əlvida" deyəndə mənim üçün çox çətin oldu. Hiss edirdim, hələ də medal qazana bilərəm. Amma böyük uğurlara rəğmən getmək vaxtının olduğunu başa düşməlisən. Yolu gənclərə verməliydim. Bir idmançı üçün 80 dünya rekordu az deyil. Çoxları üçün əlçatmaz nəticədir. Təəssüf ki, övladlarım idmançı olmadı. 



MƏSLƏHƏT GÖR:

700