24 Noyabr 2024

Bazar, 17:51

YAĞIŞDAN ÇIXIB, YAĞMURA DÜŞDÜK?!

Azərbaycandakı demoqrafik durum daha diqqətli yanaşma tələb edir

Müəllif:

01.04.2010

Azərbaycanda hazırda yaranmış demoqrafik durum, yəqin ki, qanunvericilərin çoxdan gözlənilən diqqətini çəkməli idi. Parlamentdə müzakirə edilən "Reproduktiv əhali haqqında" qanunun müzakirələri getdikcə daha geniş sahələri əhatə edir. KİV-də daha çox müzakirələr çərçivəsində toxunulan qadının minimum nikah yaşının qaldırılması, ultrasəs müayinəsi vasitəsilə gələcək uşağın cinsiyyətinin müəyyən edilməsi, erkən nikahlar kimi məsələlərə diqqət yetirilir. Bir sözlə, demoqrafiya problemlərinə maraq güclənir. Bu isə sevindirməyə bilməz, çünki bu sahədə vəziyyətimiz elə də ürəkaçan deyil. 

Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında qeyd edilib ki, əmək resurslarının çatışmazlığı bizim təhlükəsizliyimizə əsas hədələrdən biridir. BMT-nin proqnozlarına görə, artıq 2035-ci ildə bizim ölkə əhalinin azalması problemi ilə üzləşə bilər. Başqa sözlə, durum kritikdir. Buna görə də millət vəkillərinin demoqrafiya ilə ciddi məşğul olmaq istəyini yalnız alqışlamaq olar. Bundan başqa, bu problemlə "bu gün" məşğul olmaq da gecdir, hətta "dünən" də gec idi, "srağagün" məşğul olmaq lazım idi. Amma iki önəmli məqam ruhdan salır: bunlardan biri təklif edilən ideyaların diskretliyi, o birisi isə onların yetərincə işlənmiş olmamasıdır. 

Məsələn, qızlar üçün aşağı nikah həddinin 18 yaşa qədər qaldırıması ideyasını guya gənc qadınların ailələrdə zorakılığa uğraması ilə izah edirlər. Amma etiraf edirəm ki, bu, bir az qızın zorla ərə aparılması hissini oyadır/. Yəni ərə getmək istəyirsənsə, buyur, karate üzrə "qara kəmər" qazan, onda 100 faiz zorakılıq olmayacaq! Başqa tərəfdən bir sıra deputatlar iddia edirlər ki, boşanmaların əsas səbəbi erkən nikahlardır. Amma belədirmi? Ötən il bağlanmış 96 min nikahın 5 mini 18 yaşdan kiçiklərin payına düşür, bu da 5%-ə yaxın deməkdir. Ona görə də erkən nikahlar boşanmalarda əsas səbəb deyil. Hə, erkən nikahlar nisbətən kövrəkdir, amma yaş həddini qaldırmaqla ailəni möhkəmləndirmək mümkündürmü?  Amma bunu niyə biz psixoloji dəstək xidməti vasitəsilə etmirik? Axı nikah yaşının qaldırıması ailə mühitində və ətrafda zorakı insanın vərdişlərinə heç bir təsir göstərməyəcək. 

Çoxdan oxumuşdum ki, ABŞ-da maşın yığımı zamanı zədələnməsin deyə, qalın qabıqlı pomidorlar yetişdirmək qərarına gəliblərmiş. Aqronomlar əlləşiblər və məqsədə çatıblar. Sonra istəyiblər ki, pomidorların hamısı eyni vaxtda yetişsin, belə olanda becərmək asanlaşır. Bu problemi də həll etdikdən sonra başqa problem yaranıb: pomidorlar eyni ölçüdə olmalıdırlar ki, hər bir qutuda eyni sayda olsunlar. Bu problemi də həll ediblər, amma bir "əmma" çıxıb. Pomidorların dadı itib.  Bu göstərir ki, sağlam düşüncə və istək heç də həmişə gözlənilən nəticəni vermir. 

Gəlin gerçəkliklə razılaşaq: xalqın taleyindən söhbət gedən zaman spontan və ya qeyri-şüuri davranmaq olmaz, sistemli, vəziyyətdən xəbərdar və onun inkişafından proqnozlarla yanaşmaq lazım gəlir. Bax, bu məsələdə "ağ ləkələr" var, özü də çoxdur. 

Nikah yaşının qaldırılmasının tərəfdarları Azərbaycanın qoşulduğu və 18 yaşına qədər insanların yeniyetmə sayıldığı beynəlxalq konvensiyalara istinad edirlər. Amma mən düşünmürəm ki, bu bənd məcburi icra edilməlidir. Xatırladıram ki, Sovet Ailə Məcəlləsinə görə, nikah yaşını azaltmaq olardı, amma bu, 2 ildən çox ola bilməz.  Nəzərə alsaq ki, həddi-buluğa çatmaq  o zaman  18 yaşda sayılırdı,  deməli, 16 yaşa qədər nikah bağlamaq imkanı istisna edilmirdi. Və bu norma ayrı-ayrı respubliklarda müxtəlif cür gerçəkləşdirilirdi. Məsələn, RFSR, Belarus, Moldova, Litva, Tacikistan və Estoniyada həddin azaldılmasına 2 il icazə verilirdi, Ukrayna, Azərbaycan, Türkmənistan və Özbəkistanda bir il azaltmaq olardı, Gürcüstanda, ümumiyyətlə, azaltma nəzərdə tutulmurdu, Qazaxıstan, Latviya, Qırğızıstan və Ermənistanda isə yalnız bir il qadınlar üçün azaltmağa icazə var idi. 

İndi bütün dünyada bu gün formalaşmış durumu qiymətləndirək, o heç də konvensiyanın tərəfdarlarının ehtimal etdiyi kimi, birşəkilli və standart deyil. Yunanıstanda nikaha girməyin minimal həddi qadınlar üçün 14 yaş və kişilər üçün 18 yaş nəzərdə tutulur. Böyük Britaniyada bu, uyğun olaraq 16 və 16, Macarıstanda 14 (14), Venesuela, İrlandiya, Uruqvay, Boliviya və Kolumbiyada 12 (14),  İtaliya, Portuqaliya və Meksikada 14 (16), Yaponiyada 16 (18) yaş səviyyəsindədir. Ona görə də narahat olmağa dəyməz, biz heç də "ağ qarğa" deyilik. Yəni indi biz Avropa normaları ilə yaşamalıyıq?! Gəlin bir an təsəvvür edək ki, bizdə də Hollandiyadakı kimi fahişəlik, Böyük Britaniyadakı kimi eynicinsli nikahlar leqallaşıb, İsveçrədəki kimi minarələrə qadağan qoyulub. Hər şeyi təkrar etməliyik?! 

İstəyirəm, məni düzgün başa düşsünlər: erkən nikahların tərəfdarı deyiləm, sadəcə, nikah həddinin qaldırımasına qarşıyam. Diqqət yetirin, beynəlxalq qurumlar 15 yaşı intim həyat üçün normal sayırlar. YUNİSEF-in, BMT Əhali Fondunun və başqalarının  müxtəlif ölkələrdə, o cümlədən, Azərbaycanda gerçəkləşdirdiyi və pulsuz qoruyucu vasitələrin paylandığı seksual maariflənmə proqramlarını 15 yaşdan başlayırlar. İndi hansı davranış sxemi formalaşa bilər? Erkən seks - erkən hamiləlik - erkən nikah - doğumun artımı. Beynəlxalq qurumlar tərəfindən gerçəkləşdirilən siyasət nəyə gətirə bilər? Erkən seks - gecikmiş nikah - gecikmiş uşaq - doğumun aşağı düşməsi. Yəni kənardan fəal yardımlarla biz onsuz da sadə olmayan demoqrafik durumu çətinləşdiririk. Niyə? 

Bəzi deputatlar iddia edirlər ki, erkən doğuşlar qadın orqanizmi üçün təhlükəlidir. Mübahisə etməyəcəyəm. Amma xatırladıram ki, Fransa qadınlar üçün minimum nikah yaşını 2005-ci ildə 18 yaşa qaldırdı. Həmin vaxta qədər fransız qızları 15 yaşda ərə gedə bilirdilər; bu normanı 1804-cü ildə Napoleon müəyyən etmişdi. Belə çıxır ki, 200 il ərzində gənc fransız qızları sağlam ailə qurmaq imkanında olmayıblar? Amma uşaq doğurdular. Bəs yaş normasının dəyişdirilməsi nə ilə bağlıdır? Bu, miqrantların erkən nikahları və yüksək doğum göstəriciləri ilə bağlıdır ki, Fransanın demoqrafik və etnik mədəniyyətini dəyişir. Ekspertlər iddia edirlər ki, fransız mədəniyyətinin əsasları üçün təhlükə yaranıb. Başqa sözlə, yaş həddinin qaldırılması çox uzağa aparan nəticələrə gətirə bilər. Bunu bizim deputatlar bilirmi?  

Yəni mənfi hallarla mübarizə üçün başqa üsullar yoxdurmu? Bizdə 2000-2008-ci illərdə  15-17 yaşlı analar dünyaya 22,6 min uşaq gətirib. Başqa sözlə, 22,6 min məktəbli hələ 17 yaşı çatmamış ərə gedib (böyük ehtimalla onları zorla veriblər). Yəni qanunun kütləvi pozulmasından gedir. Belə ailədə uşaq tam hüquqsuz böyüyür, onu uşaq bağçasına vermək, poliklinikadan həkim çağırmaq, peyvənd etmək olmaz. Bu hal normaldırmı? Bu kəbinlərin mollalar tərəfindən kəsildiyi bildirilir, amma qeyd etmək lazımdır ki, mollanın nikah şəhadətnaməsi olmadan kəbin kəsməsi qadağandır. Bu qanunsuz kəbinlərlə bağlı neçə cinayət işi qaldırılıb? Qanunu pozanlara qarşı hansı tədbirlər görülüb? Mən bu sualların cavabını bilmirəm. Bəs onda niyə düşünürsünüz ki, yeni qanuna köhnəyə baxanda daha çox hörmət edəcəklər, axı elə yanımızdaca köhnəni ucdantutma pozurlar? 

Azərbaycanda da bütün dünyada olduğu kimi, çoxdan seksual inqilab baş verib və 18 yaş artıq çoxları üçün intim həyatın başlanğıcı sayılmır. Fizioloji baxımdan insan orqanizmi tez yetişir, sosial baxımdan isə gec. Ayağa qalxmaq və ailə qurmaq üçün çox illər və güc lazımdır, ona görə gənclər gec uşaq sahibi olurlar və onları daha az doğurlar. Bəs onda bizə nə təklif edirlər? Bir tərəfdən nikaha girmək yaşını qaldırmaqla perspektivdə demoqrafik durumun pisləşməsi, o biri tərəfdən ultrasəs müayinəsinin nəticələri açmağı qadağan etməklə vəziyyətin yaxşılaşması təklif edilir. Əlbəttə, deputatlar xoş məram göstərirlər, amma bizsə təklif edilən yolun hara apardığını bilirik.

Əslində, lazım olan yerlərdə qayda yaratmaq gərəkdir. Əlbəttə, son illərdə çağdaş avadanlıq quraşdırılmış yeni xəstəxanalar və doğum evləri tikilib, unikal əməliyyatlar aparılır, bir sözlə, çox işlər görülüb və görüləcək. Amma doğuşların 36%-i də xəstəxanalardan kənarda gerçəkləşdirilir. Bu, demoqrafik durumu yaxşılaşdırır? Gələcək ana əvvəlcə bir özəl klinikada müayinə edilir və sonradan digər klinikaya müraciət etdikdə ondan əvvəl verdiyi bütün analizləri onların laboratoriyasında yenidən təkrarlamağı tələb edirlər. Bəs bu nədir, soyğunçuluq deyil? Həkimlərin inadla xəstələri konkret aptekə və ya diaqnostika mərkəzinə göndərməsi nədir? Bu əlbirlikdir! Özü də belə faktlar yetərincədir. 

Biz nədənsə unuduruq ki, son 50 ildə bizim ölkə yavaş-yavaş Avropa tipli demoqrafik davranışa keçib: ailə sayı, doğum göstəricisi, uşaq sayı azalır... Proses elə dərin gedib ki, onun yönünü dəyişməyi, özü də belə tez dəyişməyi ehtimal etmək doğru deyil. Demoqrafiya məsələsi çətin və incə məsələdir. Demoqrafik göstəricilərlə təsir tədbirləri arasında heç də həmişə birbaşa bağlılıq olmur. Məsələn, gəlirlərin artması və rahatlığın yüksəlməsi heç də həmişə doğumun artımına gətirmir. Doğumun stimullaşdırılması tədbirləri yalnız uşaqlara tələb potensialının olduğu yerlərlə effekt verir. 

Nə vaxtsa Rumıniyada 2 və 3 uşaq sahibi olmaq istəyən valideynlərə güzəştlər təklif edirdilər və nəticədə, qaraçılar arasında doğum artdı. Avropanın başqa ölkələrində də doğumun artımına yönəldilmiş vəsaitlər də əsasən gəlmə əhalinin arasında doğum göstəricisini artırdı ki, bu da gözlənilməz nəticələr verə bilər. Məsələn, 20 il müddətə berlinlilərin 50%-dən çoxunu müsəlmanlar təşkil edəcək. Səhv etmirəmsə, Rusiyada ailə üzrə gözlənilən uşaq sayı 1,95, arzu edilən say isə 2,05 təşkil edir. Yəni fərq mikroskopikdir, yəni orada demək olar ki, istədikləri qədər də uşaq doğulur. Başqa sözlə, demoqrafik potensial dibə qədər tükədilib və qorxuram ki, heç bir "analıq kapitalı" ilə fertillik əmsalını 2,3-dən yuxarı qaldırmaq mümkün olmasın. Bu isə artıq artım yox, əhali azalmasının olmamasıdır. 

Görəsən, bizdə vəziyyət nə səviyyədə ciddidir? Dövlət Statistika Komitəsinin rəqəmlərinə baxdıqda, sanki narahatlıq üçün əsas yoxdur. Son illərdə fertillik əmsalı qadınbaşına 2,3 uşaq səviyyəsindədir ki, bu da əhali artımını təmin etməlidir. Amma bu mənzərə Moskva demoqraflarının XX yüzilliyin 60-cı illərindən bu yana Azərbaycanda doğum əyrisinin durmadan üzüaşağı getdiyini göstərən məlumatları ilə üst-üstə düşmür. 1990-cı illərin sonlarında bu əmsal 2,0-dən aşağı düşmüşdü, amma dayanmamışdı. 2003-cü ildə doğum əmsalı qadınbaşına 1,7 uşaq səviyyəsinə düşmüşdü. 

Səbəb sadədir - biz yavaş-yavaş, amma dönmədən azuşaqlı Avropa demoqrafik yanaşma tipinə keçmişik. Burada söhbət meyildən gedir, deməli əhali artımının zəifləməsini artıq yaxın perspektivdə gözləməliyik. Bunu Dövlət Statistika Komitəsi də təsdiqləyir. 2008-ci ilin əhali piramidasına baxanda görmək olur ki, bizdə 10-14 yaş arasında olan qadınların sayı, 20-29 yaş arasında olanlardan azdır. Yəni daha fəal doğma qabiliyyətinə malik qrup olan 20-29 yaşlı anaların yerini daha az  sayda qadın tutacaq. Və nəsillərin əvəzlənməsi, elə əhalinin də təkrar istehsalı baş tutmayacaq. 

Zaman dəyişib və onunla bircə demoqrafik davranışlar da dəyişib. Bütün sivilizasiyalı dünyada olduğu kimi, bizim ölkədə də seksual inqilab baş verib, amma cəmiyyət sanki bunu görmür. Həyat yoldaşının xəyanətini daha o qədər də əxlaqsız bir şey saymırlar, vətəndaş nikahı adalandırılan nikahsız  və kəbinsiz birgəyaşamanı qınayanlar azalıb və hətta seksual azlıqlar da "qızışıblar". Artıq bir neçə uşağı olan ailə dəstək yox, təəssüf doqğurur və 3-4 uşağı olan qadın çoxuşaqlı ana sayılır. Nikahdankənar uşaqların sayı artır: əgər 1970-ci ildə onlar 3,1% təşkil edirdilərsə, 2004-cü ildə 20%-ə qədər artım var. Və burada şəhər, kənd yanaşmaları arasında fərq elə də böyük deyil: 4%-dir. Son 20 ildə 24-29 yaş arasında olan qadınlar arasında doğum göstəricisi 2,1-dən 1,7-yə, 25-29 yaş arasında olan qrupda isə 1,9-dən 1,1-ə düşüb. Bu, əhalinin təkrar istehsal üçün lazım olandan xeyli aşağıdır və uşaqdoğma yükünün demək olar ki, hamısı bu qrupların boynuna düşür. 

Demoqrafik durum getdikcə daha çox fəlakətli şəkil alır. Məsələ təkcə bugünkü göstəricilərin pis olması ilə bağlı deyil. İş ondadır ki, yeni davranış və meyillər demoqrafik proseslər üçün dağıdıcıdır. Və görünür, bu dəyişikliklər geri dönməzdir. Bu meyllərin arxasında böyük dərəcədə şəxsi azadlıq və köhnə davranış sterotiplərindən imtina durur. Amma biz hər şeylə yanaşı uşağı da unutmuşuq. Azərbaycanı ağuşuna almış Qərb mədəniyyəti dalğası qeyri-rəsmi nikah məcəlləsinin də milli xüsusiyyətlərini yuyub-apardı. Biz daha liberal və çox şeylərdə yeni prioritetlərə yönəlmiş olduq ki, bu da ailə-nikah davranışlarında özünü göstərir. Bu fonda milyona yaxın qaçqının olması və kişilərin güclü əmək miqrasiyasına məcburiyyəti sadəcə mənfi demoqrafik meyilləri sürətləndirir. 

Amma bizim demoqraflar nədənsə bu məsələdən açıq danışmağa imtina edirlər. Halbuki Rusiyada təkcə A.Q.Vişnevski mərkəzi minə yaxın (!) demoqrafik durum inkişafı modeli hazırlayıb. Axı niyə bizim özümüzün proqnozlarımız yoxdur, niyə həyati vacib məsələlərdə biz kənar adamların qiymətləndirməsinə əsaslanmalıyıq? Yeri gəlmişkən, BMT-dən başqa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də (!) demoqrafik ssenarilər hazırlayır. İndi kimə inanasan? Axı söhbət dövlətin həyat uğrunda mübarizəsindən gedir və bunların hamısını bilmək lazımdır, inanmaq yox, bilmək yəqin ki. 

 Faktik olaraq bu gün ölkənin taleyi demoqrafik problemlərdən asılıdır və onları həll etmək lazımdır. Bu baxımdan deputatların təşəbbüsü  çox önəmlidir. Əlbəttə, çox önəmli bir şərt də var. Qanunlar strategiya həyata keçirilən zaman effektiv olur, o isə öz növbəsində cari proseslərdən obyektiv məlumata əsaslanmalıdır. 

Biz durumun və əhalinin sayının necə dəyişəcəyini, doğumun aşağı düşməsini azaltmaq imkanının olub-olmasını yaxşı təsəvvür etmirik. Bu barədə etibarlı araşdırmalar yoxdur. (Düzdür, beynəlxalq qurumlar araşdırma aparırlar, amma əsasən bu, "növbətçi" şəkildə aparılır və açıqlanmır. Belə ki, 2001-ci ildə reproduktiv sağlamlıq barədə sorğu aparan ADRA onu apardığını inkar etmişdi - müəllif). Bax, buna görə durumu düzəltmək lazımdır. 

Bunun üçünsə, hər şeydən öncə,  araşdırma aparmaq və milli demoqrafik siyasət qurmaq lazımdır, onun əsasında isə yalnız maddi stimullar durmamalıdır. Analıq və atalıq, ailə dəyərləri bizim  cəmiyyətin bəyan edilən yox, gerçək prioritetlərinə çevrilməlidir. Gözlərimizin önündə azalan uşaqlara tələb potensialını hərəkətə gətirmək lazımdır. Başqa sözlə, demoqrafik durumu  nə qədər mümkünsə, o qədər  tezliklə düzəltmək lazımdır və bunu elmlə etmək gərəkdir. 


MƏSLƏHƏT GÖR:

586