5 Dekabr 2025

Cümə, 23:59

AMERİKA DOLLARININ "PARILTISI və YOXSULLUĞU"

Dünya rezerv valyutası kimi Amerika dolları etibarını itirir

Müəllif:

01.04.2010

Hər şərdə bir xeyir var. Məhz İkinci Dünya müharibəsindən sonra siyasi, iqtisadi və hərbi sahələrdə  ABŞ-ın supergüc kimi rolu möhkəmlənib. Hazırda bu ölkə dünya ümumi daxili məhsulunun (ÜDM)  20-22%-ə yaxınını istehsal edir, dünya bazar kapitallaşmasının 55%-nə malikdir, dünya üzrə elmtutarlı ixracatın 20%-i və dünya taxıl ixracatının yarısı bu ölkəyə məxsusdur. Dünya iqtisadiyyatında danılmaz liderliyi ABŞ-ın beynəlxalq siyasətdə aparıcı rolunu da təmin edir. ABŞ iqtisadiyyatında baş verən hadisələr, ABŞ iqtisadiyyatının inkişafının prioritetləri və proqnozları dünya iqtisadiyyatına və beynəlxalq münasibətlərə təsir göstərir.  Təəssüf ki, 2008-ci ildə ABŞ-da başlamış maliyyə böhranı bu ölkənin sərhədlərindən kənara çıxaraq, dünya böhranına çevrilib. Biz çağdaş maliyyə böhranının amillərindən biri olan Amerika dollarına diqqətimizi yönəltmək istərdik.

Dolların ABŞ-ın milli valyutasına çevrilməsi üçün, təxminən, yarım əsr tələb olundu. Onun dünyanın "bir nömrəli" valyutası mövqeyinə gəlməsi üçün isə daha bir əsr keçdi.  

Birinci Dünya müharibəsinə qədər dünya valyutası rolu Britaniya funt-sterlinqinə məxsus idi. İkinci Dünya müharibəsinin başlanğıcına qədər dünyanın aparcı valyutası adına iddiaçılar sırasında fransız frankı, Amerika dolları, Britaniya funtu vardı; 1930-cu illərin əvvəllərində isə bu yarışa alman markası da qoşulmuşdu. Amma sonra hər şey dəyişdi. Əvvəlcə İkinci Dünya müharibəsi markanı çökdürdü. Böyük Britaniya və Fransa isə, müharibədə qələbə çalmalarına baxmayaraq, ağır vəziyyətdə idilər. Onların iqtisadiyyatları dağılmışdı, iri müstəmləkə əraziləri isə müstəqillik uğrunda çoxsaylı müharibələrə başlamaqla hədələyirdilər. ABŞ yeganə supergüc idi ki, müharibədən çıxanda əvvəlkindən daha güclü idi. Dünyanın ən iri kreditoru olan Amerika iqtisadiyyatı dünya iqtisadiyyatının yarısını təşkil edirdi. Dünya ölkələrinin dövlət banklarının seyflərində qorunan qızılın dörddəüçü ABŞ-ın payına düşürdü. Bunun nəticəsində dollar əsas beynəlxalq valyuta kimi qızılı əvəz etməyə başladı, dünya ticarətində və sərmayələrdə birinci dərəcəli rola yiyələndi. Bunun əsası  1944-cü ildə Bretton-Vuds şəhərində - dünyanın 44 ölkəsinin qatıldığı konfransda qoyuldu və dünya dövlətləri orada dolların müharibədənsonrakı monetar sistemin əsasında durması barədə razılaşdılar. ABŞ bir troya unsiyası (31,1 q) qızıl qarşılığında  dolların $35-ə bərabər müəyyən edilmiş məzənnəsini tətbiq edəcəyinə söz verdi. Bütün ölkələr öz valyutalarının dollar qarşılığında sabit məzənnəsinin təmin edilməsi barədə öhdəlik götürdülər. Dollar valyuta paritetlərinin bazası, beynəlxalq hesablaşmalarda, valyuta intetvensiyalarında və rezerv aktivlərində üstünlük qazanmış vasitəyə çevrildi. Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) yaradıldı; bu beynəlxalq valyuta maliyyə qurumlarının vəzifəsi yeni sistemin üzvü olan ölkələrin maliyyə münasibətlərinin tənzimlənməsidir. Bretton-Vuds sistemi ölkə üçün kağız pul vasitələrinin yolverilən həcminə məhdudiyyət qoyurdu, dövlət ya öz valyutası ilə keçinməli idi və ya da devalvasiya tətbiq etməli idi. Amerikanı həddindən çox pul kəsmək həvəsindən  isə dolların qızıla tam konvertə edilə bilməsi saxlayırdı. 

İkinci Dünya müharibəsindən sonra dağılmış Avropaya Amerika pulları axmağa başladı. Avropa ölkələrinin müharibə nəticəsində zəifləmiş iqtisadiyyatları ABŞ-ın valyuta ekspansiyasına qarşı duruş gətirə bilmədilər. Nəticədə, mərkəzi bankların qızıl valyuta rezervlərinin tərkibində dollar getdikcə daha çox yer tutmağa başladı, çünki onda hesab edilirdi ki, ABŞ valyutasını həmişə müəyyən edilmiş qiymətə qızılla dəyişmək mümkündür. 

1960-cı illərin ortalarına ABŞ-ın kreditorlarının əllərində olan dollar həcmi federal rezerv sisteminin qızıl ehtiyatını ötməyə başladı. Bir sıra hesablamalara görə, ölkədə o qədər kağız dollar kəsilmişdi ki, qızıl ehtiyatı yalnız ümumi kütlənin 22%-ni ödəyirdi.  Eyni zamanda, Fransa prezidenti Şarl de Qoll dövlət siyasətini dəyişərək, dollara bağlanmaq əvəzinə, ABŞ-ın qızıl ehtiyatına üz tutdu. Başqa ölkələrin də bu addıma üz tutacağını görən ABŞ prezidenti R. Nikson, 1971-ci ildə "qızıl pəncərə"ni bağlayaraq, xaricilərə dollarlarını qızıla dəyişməyi qadağan etdi. 

Amma qızıla imtina məqamında dollar Yer əhalisinin böyük hissəsinin etibarını qazanmışdı. Dolların artıq maddi əsaslandırılmamış imtiyazlı statusu saxlanıldı. 1976-cı ildə  BVF üzvü olan ölkələr arasında bağlanmış Yamayka sazişinə əsasən, yeni dünya valyuta sisteminin formalaşmasının əsas prinsipləri haqqında razılaşma əldə edildi. Həmin andan valyuta məzənnəsi tələb və təklif münasibətləri ilə, yəni bazar yolu ilə müəyyən edilir. 

 Məzmun etibarilə bu sistem əvvəlki sistemə baxanda sabit deyil. Çünki artıq  Amerika dollarını qızılla konvert etmək olmaz, deməli, pul kütləsinin artımına nəzəri məhdudiyyətlər qalmayıb və ABŞ bundan yetərincə yararlanıb.

Dollar üçün ciddi tarixi hadisə kimi, 1985-ci ildə "böyük beşlik" ölkələri tərəfindən bağlanmış "Plaza Accord" sazişini göstərmək olar. Həmin dövrdə Amerika dolları müharibədənsonrakı dövr üçün Avropa valyutalarına və yapon ieninə qarşı rekord səviyyədə idi. Amerika ixracatçıları beynəlxalq bazarlarda öz məhsullarının yüksək qiymətləri üzündən əlverişsiz vəziyyətdə idilər. Ticarət disbalansının düzəldilməsi üçün dolların devalvasiyası yolunu seçdilər və bu, faiz dərəcələrinin uyğun dəyişdirilməsi üsulu ilə yerinə yetirildi. İki il ərzində dollar alman markası, funt və yapon ieni qarşılığında 50% ucuzlaşdı. Nəticədə, həmin vaxt ərzində Amerika ixracatı 22,2% artdı. 

Ancaq dünyanın heç bir iqtisadiyyatı həmişə sabit ola bilməz. İndi dollar eniş yaşayır, qabaqlar isə artım müşahidə edilirdi - 1990-cı illərdə dollar dünyanın 34 əsas valyutası qarşılığında 28% bahalaşmışdı; 1995-ci ilin may ayından 2002-ci ilin fevral ayına kimi isə dolların alıcılıq qabiliyyəti 50% artıb. 

ABŞ iqtisadiyyatı üçünsə dolların ucuzlaşması əlverişlidir. Bu, Amerika şirkətlərinin rəqabət qabiliyyətinin qaldırılmasına imkan verir. Amerika firmalarının çoxu hələ dolların enişinin başlanmasından qabaq təşkilati islahatlar aparmağa başlamışdılar. Ümumi iqtisadi azalma, korporativ qalmaqallar, terror hücumları və dünya fond bazarlarındakı çöküşlər Amerika iş adamlarını daha effektiv biznes idarəçiliyinə alışdırıb. 

Amma dolların mövqelərinin yumşaldılması Amerika iqtisadiyyatına mənfi təsir də göstərir. Uzun müddət ABŞ-da inflyasiya, demək olar ki, sıfır səviyyəsində idi. Əgər 1800-cü ildə siz banka bir dollar pul qoymuşdunuzsa, yüz ildən sonra da yığılmış məbləğə eyni miqdarda məhsul ala bilərdiniz. Amma 1913-cü ildə hər şey dəyişdi və dollar, uzun, amma inamlı devalvasiya yoluna qədəm qoydu. ABŞ hökumətinin  rəsmi məlumatlarına görə, 1913-cü ildə $100 qiyməti olan məhsulu almaq üçün indi $2 min tələb edilir. Dolların ucuzlaşmasının əsas səbəbi ABŞ-da pul kütləsinin daim artmasındadır. Hər gün ümumi məbləği $635 mln olan müxtəlif nominallı 35 milyon ədəd əsginas çap edilir. Hər il çap edilən əsginasların 95%-ə qədəri köhnəlmiş pulların dəyişdirilməsi üçün istifadə olunur. ABŞ-da çap edilən pulların üçdəbirindən yarısına qədəri ölkə sərhədlərindən kənara gedir. O qədər çox kağız pul yaranıb ki, yalnız dolların rezerv valyutası kimi nüfuzu, həmçinin, ABŞ-ın ticarət tərəfdaşlarının dözümlülüyü Amerikanın milli valyutasının tam iflasının qarşısını alıb. Amma təəssüf ki, bu dəstək də etibarlı deyil. Bir zamanlar dünya əməliyyatlarının 86%-i ABŞ dolları ilə aparılırdı. Ölkələrə Amerika valyutası ilə yetərincə likvid məbləğlər lazım gəlirdi ki, bu da dolların xeyrinə böyük müsbət amil idi. 

Rezerv valyutası kimi dolların statusu artıq elə də sarsılmaz deyil. 2005-ci ildə dollar aktivləri ilə rezerv faizi 76% idi,  2007-ci ildə isə həmin göstərici 65%-ə düşdü. Bu, Amerika dollarının dünya rezervlərində rolunun getdikcə azalması deməkdir. Bu həm özəl bölməyə, həm də monetar qurumlara və mərkəzi banklara da aiddir. Keçən il Rusiya, İsveç, BƏƏ, Qətər və Suriyanın mərkəzi bankları öz valyutalarının bir hissəsini başqa valyutalara keçirmək barədə niyyət bildirmişdilər. Çin və başqa Asiya ölkələri yalnız dollara bağlanmaqdan imtinanın mümkünlüyünü müzakirə edirlər. Son illər ərzində Çinin, Yaponiyanın. Tayvanın, Cənubi Koreyanın və Honkonqun mərkəzi bankları dolları dəstəkləmək və Amerika istehlakçısı tərəfindən asiyamənşəli məhsulların alınmasını stimullaşdırmaq üçün ABŞ dövlət istiqrazlarının alınmasına yüz milyardlarla vəsait sərf ediblər. Son illərin meyli göstərir ki, Asiya ölkələri Amerika bazarından yavaş-yavaş çıxırlar. Çində və Asiyanın başqa ölkələrində alıcılıq qabiliyyəti, həmçinin, Avropada Asiya mallarına tələbat artır. Asiya-Amerika ticarəti azalmağa doğru gedirsə, deməli, Asiya ölkələrinin dolları dəstəkləməsinə və onu rezerv valyutası kimi saxlamasına ehtiyac qalmır. 

Amerikanın Asiya ölkələrindən olan kreditorları öz xarici valyuta rezervlərinin böyük bölümünü Amerika dollarında saxlamağın elə də təhlükəli olmadığı nəticəsinə gəlirlər. Amma məsələ dolların devalyasiyasının nə dərəcədə dəqiq və nəzərəçarpacaq olmasından və Asiya banklarının dollardan imtina etməsi ilə bağlı deyil. 

Böhranöncəsi ABŞ-ın ÜDM-i $14 trilyona, ümumi borcu isə $50 trilyona yaxın idi. ABŞ artıq borcları ödəmək ideyasından imtina edib, borcları təkrar maliyyələşdirmək, yenidən borclanmaq, deməli, faizləri ödəmək barədə öhdəlik götürməli olardı. Federal rezerv sisteminin bu yaxınlarda 5%-ə çatan uçot dərəcəsinə görə, bütün borca xidmət üzrə məcmu xərclər $2,5 trilyona, yəni ABŞ ÜDM-nin beşdəbir hissəsinə bərabər idi. Belə xərclərə heç bir iqtisadiyyat dözə bilməz. Deməli, ABŞ borcu artırmağa məcbur olur. Onun artım templəri ildə 10%-ə yaxındır ki, bu da  Amerika iqtisadiyyatının artım templərindən 2,5 dəfə böyükdür. İqtisadçıların hesablamalarına görə, son iki ildə ölkənin xarici borcu gündə $3,83 mlrd artır. Əgər borc məbləği bütün Amerika əhalisi başına bölünsə, onun hər bir vətəndaşının $39 minə yaxın borclu olduğu ortaya çıxar. 

Burada ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın məşhur sözlərini yada salmaq yerinə düşər: "Hökumət problemləri həll etmir, onları maliyyələşdirir".

Borclanmalar ABŞ-da hələ 20 il qabaq kəskin artmağa başladı. Onda Amerikanın "Durst Organization" şirkəti Nyu-Yorkun mərkəzində vətəndaşların görməsi üçün elektron milli borc sayğacı asmışdı. Keçən il yeni rəqəm tərtibatlı  sayğac quraşdırmağa ehtiyac yarandı, çünki köhnə sayğac 12 rəqəmli idi. 

 Aydındır ki, hazırkı dünya böhranı ABŞ administrasiyasının maliyyə və pul-kredit siyasəti sahəsindəki yanlış addımları ilə müqayisədə daha tutarlı səbəblərə malikdir. Bu səbəblər istehsal və istehlak həcmlərindəki və strukturlarındakı kəmiyyət və keyfiyyət uyğunsuzluqları ilə bağlıdır. Əgər dünya ÜDM-də ABŞ-ın payı 20-22%-dirsə, dünya istehlakında  bu ölkənin payı 40%-dir. ABŞ-da yüksək istehlak səviyyəsi XX yüzüllikdə məqsədyönlü şəkildə, kapitalizmin sosializmdən üstün olmasını nümayiş etdirmək niyyəti ilə təmin edilib. Hazırda isə ABŞ borcla yaşayır və bunun kreditorları ciblərində Amerika dolları olanlardır. Tanınmış serb publisisti, beynəlxalq münasibətlər üzrə mütəxəssis D.Kalaiç çox doğru qeyd edir: "Dollar üzərində boş ödəniş vədi daşıyan kağız parçasından başqa bir şey deyil. Ancaq bu kağızların istehsalçıları və borc alverçiləri indi də bu böyük yalana baş əyməli olan bəşəriyyətin var-dövlətindən, xidmətindən və əməyindən pulsuz yararlanırlar".

ABŞ-dakı iqtisadi duruma ölkə büdcəsinin, təxminən, üçdəbirinə bərabər olan hərbi xərclər də zərərli təsir göstərir; bu xərclər dünyanın qalan ölkələrinin məcmu hərbi xərclərindən çoxdur. ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatlara məcmu xərcləri hazırda $1,5 trln.-u keçir. Əlbəttə ki, ABŞ iqtisadiyyatındakı qarışıqlıq Amerika maliyyə elitasını öz opponentlərini və "zati-aliləri dollar"ın dünya ağalığının düşmənlərini informasiya-psixoloji işlənmədən keçirməyə məcbur edir. XXI yüzillikdə dünyanın aparıcı dövlətləri arasında dünya maliyyə sisteminin informasiya mühitində dominantlıq uğrunda geostrateji informasiya-psixologiya mübarizəsi başlayır. İctimai fikrin formalaşmasında KİV-lər aparıcı rol oynamağa başlayır. Dünyanın bütün kommunikatorlarının 70%-i  Amerikaya məxsusdur. Məhz buna görə də Amerika dövlət informasiya strukturlarının, həmçinin, bütün zamanların və xalqların əsas maliyyə "terminatoru" Corc Sorosun məlumat-psixologiya bölmələrinin başlıca təsir obyektləri  dünya  KİV-idir.

Yekunda  qeyd etmək istərdim ki, ABŞ valyutasının və onun beynəlxalq valyuta kimi tanınmasının bu cür uzun tarixə malik olmasına baxmayaraq, bu gün doğru olaraq bildirirlər ki, hazırda dolların yeganə dünya valyutası olduğu dövr, nə yazıq ki, sona çatıb.  Dünya maliyyə sistemi XXI yüzilliyə üç dünya valyutası - dollar, avro və ien ilə daxil olub ki, bu da uzunmüddətli perspektivdə dünya maliyyə bazarlarında ciddi dəyişikliklərə səbəb ola bilər. Niksonun prezidentliyi dövründə ABŞ-ın maliyyə naziri olmuş Con Konnalli öz vaxtında avropalılara bildirmişdi ki, dollar - "bizim valyuta, amma sizin probleminizdir". Məhz bu səbəb üzündən Fransa prezidenti Nikolə Sarkozi kədərli səslə bu yaxında bildirmişdi ki, "Dollar yad problem sayıla bilməz".

Dolların çöküşü bu valyutaya əsaslanan hər bir kəs üçün başağrısı yaradır. Dünya ölkələri böyük dollar aktivi ehtiyatları toplayıblar ki, bu gün onlar öz dəyərini itirməkdədir. ABŞ valyutası ilə vəsaitlərin yığılması çox bahalı işə çevrilib.  İnsanlar öz dəyərini və qiymətini saxlaya bilməyən valyutada əmanət qoymaq istəmir, şirkətlər isə qeyri-sabit olan və daim dəyişən pul vahidi ilə məhsul satmaq istəmirlər. Dünya dərs götürməlidir ki, ölkələrin qızıl-valyuta rezervləri qızıl və valyutalar səbəti əsasında diversifikasiya edilməlidir, uzunmüddətli məqsəd isə alternativ qlobal valyuta yaradılması ola bilər. 


MƏSLƏHƏT GÖR:

687