CƏZASIZ CİNAYƏT
Dünya ictimaiyyətinin erməni terroruna etinasızlığı faktlarına daha biri əlavə olundu
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Bu ilin fevralında Kanada həbsxanasında saxlanılan erməni terrorçuları Qevork Miroşyanla Xavik Nobaryan azadlığa buraxılıblar. Qeyd edək ki, 25 il əvvəl həbs olunmuş bu terrorçular, Türkiyə səfirliyi qarşısında partlayış törətməkdə günahlı bilinərək, ömürlük azadlıqdan məhrum edilmişdilər. Digər "həmkarları" kimi, bu terrorçular da öz əməllərini dünya ictimaiyyətinin diqqətini "erməni soyqırımı"na cəlb etmək istəyi ilə "arqumentləşdirmişdilər".
Əvvəla, hamımıza yaxşı məlum olan "məqsəd vasitəyə bəraət qazandırmır" kəlamını xatırlatmağa ehtiyac yoxdur, ələlxüsus da, məqsəd uydurma "haqsızlığa" görə qisas almaqdırsa.
Digər tərəfdən, hər kəsə bəllidir ki, erməni terror təşkilatlarının indiyədək törətdikləri terror aktlarının bir çoxunun, ümumiyyətlə, qondarma soyqırımla heç bir əlaqəsi olmayıb.
Q.Miroşyanla X.Nobaryan Kanadada ömürlük həbsə layiq görüldüyü vaxt, Ottava hələ "erməni soyqırımı"nı tanımamışdı. İndi belə çıxır ki, Kanada qondarma "soyqırım"ı parlament (2002 və 2004-cü illərdə) və hökumət (2006-cı ildə) səviyyələrində tanıdıqdan sonra, "haqq səsinə" qulaq asaraq, "ədalət mücahidləri"ni azad etmək qərarına gəlib. Bu formulu erməni terrorçularının qeydinə qalmaqda olan digər ölkələrə də aid etmək olar. Gəlin bütün bu məqamlara ayrı-ayrılıqda toxunaq.
Əvvəlcə, erməni terrorizminin "erməni soyqırımı"nın nəticəsi olması haqda spekulyasiyaların əsassız olduğunu sübut edən bəzi faktlara diqqət yetirək. Buna əmin olmaq üçün ingilis tarixçisi Uolter Lakerin "Terror əsri" kitabına müraciət etmək kifayətdir: "Erməni inqilabçıları (Osmanlı İmperiyasında) 1880-1890-cı illərdə güman edirdilər ki, onların türklərə hücumu sərt müqavimətlə üzləşəcək və bu, öz növbəsində, erməni əhalisinin radikallaşmasına, Qərb dövlətlərinin isə prosesə müdaxiləsinə səbəb olacaq. Və Birinci Dünya mübarizəsi zamanı Türkiyənin şərqində yaşayan erməni xalqının başına gələn müsibətlərin əsasını, əslində, 1914-cü ilədək olan dövrdə erməni terrorçuları qoyublar".
İngilis aliminin araşdırmaları sübut edir ki, erməni terroru Osmanlı İmperiyası rəhbərliyinin erməni əhaliyə qarşı sərt davranışının nəticəsi yox, bu münasibətin birbaşa səbəbidir.
Erməni terroru ilkin mərhələsində bu işə dəstək verməkdən imtina etmiş bir çox məşhur erməniyə qarşı da yönəlmişdi. 1903-cü ilin dekabrında Moskvada erməni kilsəsinin girişində bankir Camqarov qətlə yetirilib. O, "daşnaksütun" partiyasına (erməni terrorunun əsas ilhamvericisi) 30 min rubl keçirəcəyi haqda vədinə əməl etməmişdi. 1907-ci ilin iyulunda Nyu-Yorkda xalça alveri ilə məşğul olan Tavşancyanın öldürülməsinin səbəbi isə onun Türkiyənin erməni əhalisinin yaşadığı regionlarında hakimiyyətin devrilməsinə 10 min dollar ödəməkdən imtina etməsi idi. Bu qətl ABŞ-da erməni terrorunun "büdcəsinə" ödənişlərdən imtina etmiş bir neçə digər erməninin də öldürülməsində günahlandırılan Arzuyan ("Qnçak" partiyasının yerli şöbəsinin rəhbəri) tərəfindən təşkil olunmuşdu.
1908-ci ildə Qahirədə yenidən qurulmuş "Qnçak" partiyasının əsas simalarından olan yazıçı və inqilabçı Arpiar Arpiaryan öldürülüb. Onun "günahı"? isə öz soydaşlarının cinayət əməlləri haqda açıq danışması idi.
1920-ci ildə İstanbulda (Konstantinopol) erməni terrorçularının Türkiyə hökumətinə köməklik göstərməkdə günahlandırdığı M.Arutyunyan, V.Yesayan və A.Aramyants da qətlə yetiriliblər.
Ötən əsrin əvvəllərində Qafqazda törədilmiş terror aktlarının əksəriyyətinin təşkilatçısı "daşnaksütun" idi. Əvvəllər bu təşkilatın əsas səyləri erməniləri türklərin tabeliyindən "azad etməyə" yönəlmişdi. Onlar həmin vaxt Rusiyanın mərkəzi hökuməti tərəfindən də dəstəklənirdi - axı Moskvanın xarici siyasəti Türkiyəyə qarşı yönəlmişdi. Lakin 1903-cü ilin iyununda Rusiyada erməni kilsəsi mülkiyyətinin müsadirə edilməsi ilə bağlı qanunun qəbulu, erməni millətçilərinin maliyyə bazasına ciddi zərbə oldu. Və bundan sonra terrorçular aqressiv antirusiya mövqeyinə keçdilər. "Qnçak" partiyasının qərarı ilə silsilə sui-qəsdlərdən birincisi 1903-cü ilin oktyabrında Rusiyanın Qafqaz ordusunun komandanı knyaz Qolitsına qarşı həyata keçirildi. Ermənilər hesab edirdilər ki, kilsənin mülkiyyətinin müsadirəsi siyasətinə görə məsuliyyəti məhz bu şəxs daşıyır. Qolitsın isə öz növbəsində hücuma məruz qalacağını gözlədiyi üçün zirehli geyimdə gəzirdi. Odur ki, sui-qəsd zamanı o, sağ qaldı.
1907-ci ildə daşnakların IV növbədənkənar qurultayında P.Stolıpin başda olmaqla, Rusiya İmperiyası məmurlarına qarşı terrora keçmək barədə qərar çıxarıldı. Artıq həmin ilin iyulunda Aleksandropolda general Maksud-Alixanov Avarski qətlə yetirildi. Onunla yanaşı, general-leytenant Qlebovun xanımı və faytonçu da öldürüldü. Tarixçi Cerar Libaridyanın (Kembricdəki Zoryan İnstitutunun direktoru) araşdırmalarına görə, 1903-1906-cı illərdə erməni terrorçuları 105 qətl törədiblər. Dünya ictimaiyyəti, ilk növbədə isə çar Rusiyasının mərkəzi hakimiyyətinin erməni terrorçularının cinayətlərinə olduqca "sakit" reaksiyası, həmçinin, fövqəldövlətlərin geosiyasi maraqları, terrorçuların fəallığının daha da artmasına imkan yaradırdı. Çünki istənilən halda, cəzasızlıq yeni terror aktlarına yol açırdı.
1919-cu ilin oktyabrında "daşnaksütun"un IX qurultayında "erməni soyqırımı"nın təşkilatçıları sayılan əsas şəxslərin qətlinə fərman oxundu. Bundan sonra törədilmiş silsilə terror aktlarına "Nemezis" əməliyyatı adı verildi. Müzakirə edilmiş 650 nəfərdən ibarət siyahıdan 41-nin qətli haqda qarər çıxarıldı. Əməliyyatın keçirilməsinə məsul isə Ermənistan Respublikasının ABŞ-dakı nümayəndəsi Armen Qaro təyin olundu.
Beləliklə, Ermənistanı demokratiyanın beşiyində təmsil edən rəsmi şəxs həm də terror aksiyalarının təşkilinə rəhbərlik etdi.
1921-ci ilin iyununda Almaniyada erməni terrorçu Soqomon Teyleryan üzərində məhkəmə prosesi keçirilib: o, Berlində Osmanlı İmperiyasının daxili işlər naziri Tələt paşanı qətlə yetirmişdi. Lakin məhkəməni birgünlük oyuna çevirən andlılar, erməni terrorçuya bəraət verdilər.
Elə həmin ilin oktyabrında Britaniyanın Hərbi Tribunalı Misak Torlakyanın cinayət işinə baxıb. O, Azərbaycan Demokratik Respublikasının (ADR) sabiq daxili işlər naziri Behbud xan Cavanşiri öldürmüşdü. Məhkəmədə 2 erməni və 1 yunan həkimin terrorçunun psixi problemlərinin olması haqda ifadəsi əsas götürülərək, Torlakyan azadlığa buraxılıb və sonradan Yunanıstana göndərilib.
1973-cü ilin yanvarında Amerikanın Santa-Barbara şəhərində 78 yaşlı Qurgen Yanikyan Türkiyənin Los-Ancelesdəki baş konsulu M.Baydar və konsul B.Demiri qətlə yetirib. Məhkəmənin terrorçu barəsində ömürlük həbs cəzası çıxarmasına və Ankaranın sərt etirazlarına baxmayaraq, 1984-cü ildə Yanikyan "səhhətindəki problemlərlə" əlaqədar, azadlığa buraxılıb.
O özü isə əməllərini dünya ictimaiyyətinin diqqətini "erməni soyqırımı"na cəlb etmək cəhdi ilə "əsaslandırıb".
Tarixi faktlar göstərir ki, bu cür "arqumentlər"dən istifadə edən erməni terrorunun ideoloqlarının sayı-hesabı yoxdur. Və onların fəaliyyəti heç də erməni xalqının maraqlarına uyğun deyil.
Yenə faktlara müraciət edək. Yazıçı Zori Balayanın millətlərarası ədavətin qızışmasında iştirakı, Xocalıda öldürülmüş azərbaycanlıların şikəst edilmiş cəsədlərinə baxmaqdan necə zövq alması haqda bəyanatı hər kəsə yaxşı bəllidir. Amma sən demə, o elə öz xalqına qarşı da bu cür vəhşi instinkt keçirir.
Ötən əsrin 80-ci illərinin sonlarında Moskvada ən yüksək instansiyalarda ağlı başında olan insanlar Balayana xəb?rdarlıq etmişdilər ki, "Siz nə edirsiniz? Bakıda çoxlu sayda erməni yaşayır, sizsə öz addımlarınızla hər iki xalqı zəhərləyirsiniz". Balayanın cavabı isə belə olub: "Qoy onlar barədə başqaları düşünsün. Onlar ki Ermənistan vətəndaşları deyillər".
Bu məqamda bir məsələni də diqqətdən qaçırmaq olmaz: o, Ermənistan vətəndaşları deyərkən, heç də bu ölkədə yaşayan bütün millətlərin nümayəndələrini nəzərdə tutmurdu. Söhbət yalnız ermənilərdən gedirdi.
Amma İnterpol Z. Balayanı axtarışda olan şəxslərin siyahısından çıxarıb və bunu məsələnin siyasi xarakterli olması ilə izah edib. Rusiya da eyni cür addım ataraq, Balayanın öz ərazisində axtarışını dayandırıb. Bundan başqa, hazırda erməni "ziyalıları"nın nümayəndəsi olan bu şəxs Rusiyada keflə yaşayır, yetirmələrinə terror ideologiyası aşılayır, onların lazımi anda Rusiyanın kürəyinə zərbə vurmağa hazır olmalarına çalışır.
1977-ci ilin yanvar və noyabr aylarında Moskvada törədilmiş silsilə terror aktları 6 nəfərin ölümünə, 37 nəfərin yaralanmasına səbəb olmuşdu. SSRİ DTK-sı tərəfindən keçirilən əməliyyat nəticəsində bu terror aktının icraçıları olan A.Stepanyan, Z.Baqdasaryan və S.Zatikyan həbs edildilər. Həmin vaxt Ermənistan Kommunist Partiyası MK-nin birinci katibi vəzifəsini tutan K.Dəmirçyan və Ermənistan DTK-nin rəhbəri M. Yüzbaşyan bu terrorçuların həbsi və istintaqın gedişinə mane olmaq üçün əllərindən gələni edərək, onların günahsız olduqlarını sübuta yetirməyə çalışırdılar. Həmin ermənilərin günahı tam sübuta yetiriləndən sonra isə sovet Ermənistanının rəhbərliyi bu faktı geniş ictimaiyyətdən çox qəribə formulla gizlətdi. "Səbəb" çox maraqlıdır: "Uzunəsrlik rus-erməni dostluğuna xələl gətirməmək və erməni xalqını rusların gözündə etibardan salmamaq üçün".
Yəqin, məhz çoxəsrlik "dostluq" erməni terrorunu Moskvada belə addımlar atmağa sövq etmişdi.
Həbs edilmiş 3 şəxs barəsində güllələnmə qərarı çıxarılan zaman isə Sovet İttifaqının başda akademik A.Saxarov olmaqla, bir çox hüquq müdafiəçisi əməlli-başlı isteriya qaldıraraq, SSRİ-nin ozamankı rəhbəri L.Brejnevə məktubla müraciət etdilər. Məktubda onlar erməni terrorçularının günahsız olduqlarını sübuta yetirməyə çalışırdılar. Amma məhkəmənin ədalətli qərarı icra edildi.
Bu, erməni terrorunun layiq olduğu cəzanı aldığı çox nadir hallardan biridir.
Erməni terrorçularının Fransadakı əməlləri və yerli hökumətin onlara qarşı atdığı cavab addımları da xüsusilə diqqətəlayiqdir. 1981-ci ilin dekabrında Türkiyənin Parisdəki konsulluğunu ələ keçirmək üçün "Van" adlı əməliyyat həyata keçirilib. Əməliyyatı məşhur M. Melkonyan planlaşdırıb və təşkil edib. Hadisə zamanı konsul K.İnal və təhlükəsizlik xidmətinin əməkdaşı D.Özen ağır yaralanıblar və sonuncu aldığı yaradan xəstəxanada dünyasını dəyişib. 4 erməni terrorçu 56 nəfəri girov götürüb və 15 saat ərzində konsulluğu nəzarətdə saxlayıb. Maraqlısı odur ki, girovlar arasında olan bəzi fransızların erməni terrorçulara yazığı gəlib və bu girovlar onlara kömək edib! Terrorçuların "Türkiyədə həbsdə olan erməni, həmçinin bir neçə türk və kürd siyasi məhbusların azad edilməsi" tələbi rədd ediləndən sonra konsulluğa hücum etmiş şəxslər "siyasi dustaq" statusu tələb etdilər və yerli hökumətə təslim oldular.
Bəs baş verənlərə görə Fransa ədalət məhkəməsi nə etdi? Terrorçulardan 3-ü 1986-cı ildə azadlığa buraxıldı, sonradan onlardan 2-si Ermənistana köçdü. Yeri gəlmişkən, 2001-ci ildə Ermənistanda "Van" əməliyyatının 20 illiyi qeyd edildi.
Beləliklə, Fransa hökuməti terrorçularla razılaşma əldə etdi. Şifahi razılaşmalardan biri Türkiyə konsulluğuna hücum edən şəxslərə yüngül cəza verilməsi, bunun əvəzində ASALA-nın Fransa ərazisində fəaliyyətini dayandırması ilə bağlıdır. Ən maraqlısı isə odur ki, Fransa hətta ASALA-nın liderlərindən olan Monte Melkonyanı da həbsdən azad edib.
Amma 1981-ci il oktyabrın 25-də ASALA Parisdə 15 partlayış törədib. Odur ki, Parisin sazişçilik siyasəti ona baha başa gəlib.
Həm də təkcə ona yox/.
1983-cü il iyulun ortalarında ASALA Parisin Orli aeroportunda daha bir terror aktı törədib və nəticədə 8 nəfər həlak olub, 55 insan yaralanıb. Ölənlər arasında yalnız iki nəfər 2 türk idi, qalanları başqa millətlərin nümayəndələri olub - 4 fransız, 1 isveçli və 1 amerikalı. Fransa Femidası bu dəfə də özünü yaxşı tərəfdən göstərə bilməyib: terror təşkilatçılarından yalnız biri (Varocan Qarabedyan) 1985-ci ildə həbs olunub və barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Amma 2001-ci ildə o da naməlum səbəblərdən... azadlığa buraxılıb. Ermənistan bu terrorçunu böyük ehtiramla qarşılayıb. Erməni hüquq müdafiəçilərinin məzəmməti isə yerli "ziyalılar"ın (S.Kaputikyan, Q.Emin, P.Zeytuntsyan, Z.Balayan və s.) Karapetyanın müdafiəsi ilə bağlı birgə xoru içərisində itib-batıb.
Qeyd etmək lazımdır ki, Ermənistanın xüsusi xidmət orqanları Eçmi?dzinin birbaşa iştirakı ilə, Karapetyanın azadlığa buraxılması tələbi ilə milyonadək imza toplamışdı. Onun iki cinayət ortağı isə "yumşaldıcı" (?!) məqamlarla əlaqədar, 15 və 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Maraqlıdır ki, elə həmin vaxt M.Melkonyan təkrarən həbs edildi. Amma bu dəfə də Fransa ədalət məhkəməsinin "humanistliyi" işə düşdü və terrorçu barəsində cəmi 6 il müddətinə həbs qərarı çıxarıldı. Və 3,5 ildən sonra o, azadlığa buraxıldı. Dağlıq Qarabağ münaqişəsinin ən qızğın vaxtında M.Melkonyanın azadlığa buraxılmasına dair qərar maraqlı görünmürmü? 1990-cı ildə M.Melkonyan artıq Qarabağ cəbhəsində peyda oldu. Onun rəhbərlik etdiyi qrup azərbaycanlı girovlara qarşı xüsusi qəddarlığı və vəhşiliyi ilə fərqlənib. 1993-cü ilin iyulunda Azərbaycan Ordusunun hissələri antiterror əməliyyatı zamanı Melkonyanı məhv ediblər. Onun təntənəli dəfn mərasimində isə, hətta o zaman prezident olan Levon Ter-Petrosyan şəxsən iştirak edib. Bundan başqa, ölkəsində milli qəhrəman elan olunmuş M.Melkonyanın 50 illiyi ilə əlaqədar Ermənistanda təmtəraqlı mərasim düzənlənib. Hazırda onun adına məktəb, küçə və muzey var. Ermənistanda fəaliyyət göstərən Melkonyan fonduna isə terrorçunun xanımı Seda Melkonyan rəhbərlik edir. Ermənistan müdafiə nazirliyinin diversiya mərkəzlərindən biri də terrorçunun adını daşıyır.
Qeyd edək ki, Melkonyan Ermənistan hökuməti tərəfindən Azərbaycanın dinc sakinlərinə divan tutmaq üçün göndərilmiş yeganə beynəlxalq terrorçu deyildi. Onların arasında Vazgen Sislyan, Davidyan, Gilbert Minasyan və digər məşhur terrorçular da olub. Erməni diasporunun köməyi ilə Ermənistan vasitəsilə cəbhə xəttinə İran, Livan, Fransa, ABŞ, Rusiya və Yunanıstandan olan terrorçular, silah-sursat və maliyyə axını olub. Bəzi terrorçular isə (A.Mkrtçyan, T.Petrosyan, A.Manqasaryan, T.Arutyunyan və digərləri) müxtəlif məhkəmələr tərəfindən güllələnməyə layiq görülsələr də, Ermənistanda sığınacaq tapıblar.
Ən maraqlısı isə Fransanın Klamar şəhərində (Paris yaxınlığında) Melkonyanın yaşadığı binada memorial abidəsinin ucaldılmasıdır. Bütün bunlar ölkəni və regionu (Avropa, Yaxın Şərq, Livan, Türkiyə, ABŞ, Fransa, Yunanıstan, İsveçrə, İspaniya, Avstriya, Böyük Britaniya, İtaliya, İran, Macarıstan) erməni terrorunun bürüməsi fonunda baş verirdi. Azərbaycan ərazilərinin işğalı isə hər kəsə bəllidir. Natamam məlumatlara görə, 1973-2002-ci illər aralığında erməni terror təşkilatları yalnız Qərbi Avropa ölkələrində 235 terror aktı, 70 qətl, 41 sui-qəsd törədib, nəticədə 534 nəfər yaralanıb.
Erməni terroru ilə SSRİ və Rusiyada aparılmış mübarizəyə də diqqət yetirək. Baxmayaraq ki, 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrə 3 erməni yaraqlısının (E.Qriqoryan, J.Əzizbekyan və A.Oqanova) bilavasitə aidiyyətinin olduğu sübuta yetirilib, SSRİ Baş Prokurorluğu istintaq materiallarını məxfiləşdirərək, bu hadisələrin əsl təşkilatçıları və icraçılarının cəzalanmasının qarşısını alıb. Məhz bu üzdən Sumqayıt qırğınının əsas təşkilatçısı olmuş E.Qriqoryan cəmi 12 il müddətinə azadlıqdan məhrum edilib və bir müddət sonra erməni himayədarlarının da köməyi ilə azadlığa çıxıb.
1991-ci il aprelin əvvəllərində erməni terrorçular, barəsində ölüm hökmü çıxardıqları DQMV-nin sabiq hərbi komendantı Safanovun əvəzinə, səhvən, SSRİ Daxili İşlər Nazirliyinin polkovnik-leytenantı V.Blaxotini qətlə yetiriblər. Amma SSRİ-nin son dərəcə sərt qanunlarına baxmayaraq, Rostov vilayət məhkəməsi terrorçuları cəzalandırmağa özündə cəsarət tapa bilməyib. Axı ölkənin başında erməni maraqlarının qatı müdafiəçisi Mixail Qorbaçov dururdu. Nəticədə, 2 terrorçu hərəyə 15 və 12, biri isə cəmi 4 il həbs cəzası aldı, daha 1 terrorçu azadlığa buraxıldı.
Qeyd etmək lazımdır ki, bu qərar artıq müstəqil Rusiya Federasiyasında çıxarılıb.
1993-cü ilin payızında Tbilisi-Bakı qatarına partlayıcı qurğu quraşdırmaq istəyərkən, Rusiyanın Zaqafqaziya Hərbi Dairəsinin əks-kəşfiyyatının əməkdaşı Soso Aroyan həbs edilib. 1994-cü ilin mayında keçirilən operativ tədbirlər nəticəsində Rusiya FTX əməkdaşları Moskvada terror təşkilatçılarından ibarət qrupu zərərsizləşdiriblər. Qrupa Ermənistan Dövlət Təhlükəsizlik İdarəsinin düşmən ölkələrin ərazisində kəşfiyyat-diversiya əməliyyatları şöbəsinin rəhbəri Caan Ohanesyan başçılıq edirmiş. Qrupun ikinci şəxsi isə onun tabeliyində olan polkovnik-leytenant Aşot Qoloyan idi. Həbs edilmiş daha bir şəxs - mayor Boris Simonyan Rusiya təhlükəsizlik strukturunun terrorla mübarizə idarəsində işləyirdi.
Rusiya Hərbi Prokurorluğu onların Azərbaycanda törədilmiş qatar partlayışına aidiyyəti olduğunu sübuta yetirən faktları toplaya bildi. Bundan başqa, qrupun biri Rusiya ərazisində olmaqla, daha 2 partlayış törətdikləri sübuta yetirildi. Amma ən maraqlısı və ya tragikomediya olanı bu epopeyanın sonudur. Rusiya ədalət mühakiməsi saxlanılan şəxslərin əməllərinin həqiqətən də 213,3 maddəsinə (terror) düşdüyünü etiraf edib. Lakin onları məhz bu maddə ilə mühakimə etmək mümkün deyil: "Hadisələr baş verən zaman Rusiya Cinayət Məcəlləsində terror maddəsi olmayıb. Həmin vaxt 68-ci maddə (diversiya) olub, lakin o da məhkəmə vaxtınadək məcəllədən çıxarılıb. Odur ki, bu şəxsləri qeyd olunan maddə ilə mühakimə etmək mümkün deyil".
Beləliklə, erməni terrorçuları cəzalandırılsalar da, bu, terrorçuluğa görə olmur: D.Ohanesyan CM-nin 86-cı (nəqliyyat yollarına və vasitələrinə zərər vurma) və 218-ci maddələri ilə (qanunsuz olaraq silah-sursat saxlama) ittiham olundu. Nəticədə, ona cəmi 6 il həbs cəzası kəsildi. Simonyanla Qaloyan da CM-nin 218-ci maddəsi ilə ittiham olundular. Birincisi 2 il, ikincisi isə bir qədər az müddətə azadlıqdan məhrum edildi. Üstəlik, Qaloyan artıq barəsində çıxarılmış həbs müddətini çəkdiyi üçün elə məhkəmə zalından azadlığa buraxıldı.
Bu işdə bir məqamı da qeyd etmək vacibdir. İstintaq zamanı müəyyən edilib ki, bu qrup "Rusiyanın texnoloji və intellektual inkişafı" fondu tərəfindən maliyyələşdirilib. Qeyd edək ki, bu qrupa V.Petrosyan başçılıq edirdi. Hələ 1992-ci ilin ortalarında Rusiya Müdafiə Nazirliyi bu təşkilata guya hərbçilərə evlərin tikilməsi üçün kredit ayırmışdı (təxminən, 2 milyon dollar). Lakin çox tez bir zamanda bu pulların izi itdi. Sözügedən fondun maliyyələşdirdiyi erməni terrorçularının ifşasından sonra isə yəqin ki, bütün şübhələrə aydınlıq gəlib.
Erməni terrorunun adıçəkilən faktlarla yanaşı, "Sadval" milli hərəkatına, Abxaziyada gürcülərə qarşı həyata keçirilmiş etnik təmizləməyə, Cavaxetiyada sabitliyin pozulması cəhdlərinə bilavasitə aidiyyəti var. E.Şevardnadzeyə qarşı sui-qəsddə (Gürcüstan prezidenti olan zaman) də Cavaxetiya vətəndaşları olan ermənilərin izlərinə rast gəlinir.
2005-ci ilin mayında Tbilisidə ABŞ və Gürcüstan prezidentləri Corc Buşla Mixail Saakaşviliyə qarşı da süi-qəsdə cəhd olunub. Elə həmin ilin iyulunda terrorçunun şəxsiyyəti müəyyənləşdirilib və o, həbs olunub. Bu, həbs olunan zaman Gürcüstan DİN-in əks-kəşfiyyat departamentinin əməkdaşını öldürməyə macal tapmış Vladimir Arutyunyandır. Gürcüstan məhkəməsi bu erməni barəsində ömürlük həbs qərarı çıxarıb. İndi yalnız azadlığa çıxmaq haqda düşünən Arutyunyan tez-tez özünə müxtəlif xəsarətlər yetirir və hansısa Avropa ölkəsinin ədalət mühakiməsinə veriləcəyinə ümidini itirmir.
Bəli, yaxşı şeyə tez vərdiş edirlər! Erməni terrorçular üçün bu ölkələrin prinsipsiz məhkəmə qərarlarından yaxşı nə ola bilər? Bu, ASALA üçün əla hədiyyə olardı. Axı məhz bu prinsipsizliyin nəticəsidir ki, ASALA istər Fransa, istərsə də Almaniyada - ümumilikdə, Avropa məkanında özünü tam sərbəst və rahat hiss edir. Özü də, nədənsə, erməni terrorçularının qeydinə qalmağa o zaman başlanılır ki, fövqəldövlətlərin Cənubi Qafqazdakı intriqası kulminasiya nöqtəsinə çatır və hərbi əməliyyatlar ehtimalı yaranır. Çətin ki, erməni terrorçularının azad olunduğu, onlara ədalət mühakiməsindən yayınmaq imkanının verildiyi ölkələrin siyasi rəhbərliyi bu adi həqiqəti bilməmiş olsunlar. Hələ XX əsrin əvvəllərində ilk erməni gizli təşkilatlarının formalaşdırıldığı zaman Rusiya diplomatı F.Fayevski deyirdi: "Gizli erməni təşkilatlarının bünövrəsinin qoyulduğu vaxtdan başlayaraq, onların əsas silahı terror olub. O kəslər ki bu təşkilatların qərarları ilə razılaşmamaq, onları qınamaq, pisləmək və ya yerinə yetirməmək üçün özlərində cəsarət tapırlar, həmin şəxslər üçün bu terror əsas təhlükəyə çevrilir".
MƏSLƏHƏT GÖR:




650

