6 Dekabr 2025

Şənbə, 01:42

TƏHLÜKƏDƏN KƏNAR

Enerji layihələrinin təhlükəsizliyinə təsir göstərə biləcək bütün faktor və təzahürlər Milli Təhlükəsizlik Orqanlarının diqqət mərkəzindədir

Müəllif:

15.03.2010

Bu gün Azərbaycan enerji təhlükəsizliyi sahəsində dünyada aparıcı ölkələr arasında mühüm mövqeyə malikdir. Rəsmi Bakının həyata keçirdiyi enerji siyasəti, onu Dünya Birliyinin Cənubi Qafqazdakı əsas tərəfdaşına çevirib. Bu mənada Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft, qaz kəmərlərinin inşası və istismarı bu əməkdaşlığa xüsusi önəm verib. Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycanın deyil, bütövlükdə bölgənin və Avroatlantika məkanının enerji təhlükəsizliyində mühüm rol oynamaqla, ölkənin siyasi mövqelərini gücləndirib. "Əsrin müqaviləsi" çərçivəsində həyata keçirilən layihələr strateji təhlükəsizliyin təminatçısına çevrilib. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından əldə olunan qaz hesabına ölkənin "mavi yanacaq"a olan tələbatı ödənilib.

Azərbaycan qazı Türkiyə və Gürcüstana ixrac olunurdu, bu ilin əvvəlindən isə Rusiyaya da qaz ixracına başlanılıb. Müqaviləyə əsasən, ildə ən azı 500 milyon kubmetr qazın ötürülməsi nəzərdə tutulub. Analoji saziş İranla da imzalanıb. 

Qeyd edək ki, ölkənin enerji təhlükəsizliyinin əsasında 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu neft strategiyası durur. "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan beynəlxalq neft şirkətlərinin enerji sektoruna uzunmüddətli investisiya qoyuluşunu təmin edib və ən əsası, dövlətin  bu gün yürütdüyü müstəqil xarici siyasəti üçün zəmin yaradıb. "Azərbaycan öz enerji strategiyasının hə-yata keçirilməsinə enerji təhlükəsizliyi məsələlərinin Avropa bazarı üçün bu dərəcədə vacib olmasından bir çox illər əvvəl başlamışdır. 1994-cü ildə biz əsas neft şirkətlərini Xəzərin Azərbaycan sektoruna gəlməyə və sərmayə qoymağa dəvət etdik. Bunu etməklə, biz Xəzər dənizini və onun resurslarını beynəlxalq əməkdaşlıq üçün açdıq və bütün vəzifələrimizi yerinə yetirdik", - deyən Prezident İlham Əliyev, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti hazırda uğurla davam etdirir: "Biz qəti şəkildə inanırıq ki, yalnız və yalnız istehlakçı və hasilatçıların ümumi maraqları fayda gətirə bilər. Enerjidaşıyıcıları - neft və qaz toqquşma, yaxud hər hansı digər problemin yox, əməkdaşlıq və dostluğun vasitələri olmalıdır. Bizim timsalımızda Azərbaycan Avropa İttifaqının dostudur. Ölkəmiz özünün Avropaya inteqrasiya siyasətinə sadiqdir, artıq mövcud infrastruktura və böyük neft-qaz yataqlarına malikdir. Ölkəmiz açıq ürəklə yaxından işləməyə hazırdır".

Dövlət başçısı enerji təhlükəsizliyi məsələsinə strateji baxımdan dəqiq qiymət verərək, 14 fevral 2005-ci ildə "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə", 11 fevral 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə", 27 fevral 2006-cı ildə "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının (2004-2008-ci illər)" Dövlət Proqramlarına və digər bu kimi fundamental sənədlərə imza atıb. Məhz bu proqramların icrası nəticəsində Azərbaycanın enerji təhlükəsizliyinin davamlılığı və iqtisadiyyatın balanslı inkişafı təmin edilib. 

Azərbaycanın enerji sektorundakı layihələrinin uğurlu fəaliyyəti onların təhlükəsizliyinin təmin edilməsi ilə sıx bağlıdır. Belə ki, enerjidaşıyıcılarına artan tələbatın fonunda yeni yataqların əsasən Xəzər dənizi akvatoriyasında yerləşməsi dünyanın bütün siyasi güc mərkəzlərinin, inkişaf etmiş dövlətlərınin maraqlarını bu bölgəyə yönəldib. Bu amilin regionun geosiyasi vəziyyətinə və dünya neft bazarının konyukturasına təsiretmə imkanlarının genişlənməsi və bölgənin siyasi-iqtisadi güc mərkəzlərindən birinə çevrilməsi perspektivi müxtəlif dövlətlərin və dairələrin Xəzər ətrafında coğrafi-siyasi maraqlarının artmasına, o cümlədən, düşmən və rəqib ölkələrin xüsusi xidmət orqanlarının aktivləşməsinə səbəb olub. Hətta qeyri-sağlam rəqabət aparan bəzi iri korporasiyaların bir-birinə qarşı olan ziddiyyətləri və Xəzəri güclü enerji mənbəyi kimi görmək istəməyən bəzi neft ölkələrinin maraqları da təhlükəsizlik baxımından müəyyən problemlər yaradır. Neft strategiyası beynəlxalq antiterror koalisiyasının üzvü olan dövlətlərlə əməkdaşlıq şəraitində həyata keçirildiyindən, strateji partnyorlarımızı hədəf seçmiş beynəlxalq terrorçular tərəfindən də neft sektoruna aid obyektlərdə terror-təxribat aksiyalarının törədilməsi təhdidinin mümkünlüyü həmişə nəzərə alınmalıdır. 

"Azərbaycan Respublikası milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2007-ci il tarixli Sərəncamında qeyd edildiyi kimi, enerji ehtiyatlarının işlənilməsindən və tranzitindən əldə olunmuş gəlirlərin Azərbaycan Respublikası iqtisadiyyatının əsasını təşkil etdiyini nəzərə alaraq, siyasi vasitələrlə və ya infrastrukturuna fiziki zərər vurmaq yolu ilə sənayenin bu sahəsinin sıradan çıxarılmasına cəhdlər Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər sırasındadır. 

  Energetika sektorunun bugünkü problemlərini və zəruri iş istiqamətlərini dəqiq proqnozlaşdıran Ümummilli Lider Heydər Əliyev neft strategiyası üzrə layihələrin təhlükəsizliyi problemini Milli Təhlükəsizlik Nazirliyinin əsas vəzifələrindən biri kimi qiymətləndirirdi: "Azərbaycan öz iqtisadi imkanlarını genişləndirir. Ölkəmizə xarici investorlar gəlir. Azərbaycan neft sənayesinin inkişaf etdirilməsi üçün müqavilələr imzalayıb və onları hə-yata keçirir. Neft kəmərləri tikilir. Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün tədbirlər həyata keçirilir. Ancaq bunlar Azərbaycanın düşmənlərini çox narahat edir və bizim bu işlərimizi pozmaq üçün müxtəlif təxribat aksiyalarının keçirilməsi də mümkündür. Ona görə bizim iqtisadiyyat sahəsində apardığımız işlərin də mühafizə olunması Milli Təhlükəsizlik Nazirliyinin əsas vəzifələrindən biridir".

Bu direktiv göstərişi fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi rəhbər tutan Milli Təhlükəsizlik Nazirliyi ölkənin yanacaq-energetika kompleksinin təhlükəsizliyinə xüsusi diqqət yetirir. Ümummilli Liderin "İxrac neft və qaz kəmərlərinin təhlükəsizliyi üzrə Komissiyanın yaradılması haqqında" 15 aprel 2002-ci il tarixli fərmanı, "İxrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə Tədbirlər Planının təsdiq edilməsi barədə" 28 avqust 2002-ci il tarixli sərəncamı, habelə "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunları, Nazirlər Kabinetinin bir sıra xüsusi qərarları və digər hüquqi normativ sənədlərlə ölkənin enerji təhlikəsizliyi sahəsində Milli Təhlükəsizlik Nazirliyinin vəzifələri dəqiq təsbit olunub. 

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov transmilli enerji layihələrinə qarşı yönəlmiş təhdidlərlə mübarizənin Milli Təhlükəsizlik Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu xüsusilə qeyd edib: "İri regional layihələr, demək olar ki, hər zaman və hər yerdə bu işdə marağı olan siyasi qüvvələrin və ya transmilli kriminal qruplaşmaların müəyyən neqativ təsirlərinə məruz qalırlar. Bu problem yalnız aparıcı dünya dövlətlərinə deyil, bütün ölkələrə xasdır. Təbii ki, bizi istəməyən qüvvələr və rəqiblərimiz ixrac neft kəmərlərinin tikintisi, TRASEKA nəqliyyat dəhlizinin yaradılması və başqa bu kimi layihələri daim diqqət mərkəzində saxlayırlar. Fikrimcə, strateji infrastruktur obyektlərinə diversiya təhlükəsinin olmasını etiraf etmək sensasion və ya qorxulu bir şey deyil. Çünki problemin mövcudluğunun etiraf olunması, onun həlli yollarının axtarışı üçün bir təkan nöqtəsidir".

Enerji layihələrinin təhlükəsizliyinə təhdidlərin aşkarlanıb qarşısının alınması, risklərin müəyyənləşməsi və sistemləşdirilməsi, əməliyyat şəraitinin perspektiv inkışafı və onun proqnozlaşdırılması, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılan işlərin əsas istiqamətlərindəndir. Eyni zamanda, ölkəmizin yanacaq-energetika sektoruna aid layihələri transmilli xarakter daşıdığından, bu layihələrin əhatə olunduğu qonşu ölkələrin, habelə partnyor dövlətlərin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq münasibətləri hökm sürür.

Yanacaq-energetika kompleksinin təhlükəsizliyinin təminatı sistemi kompleks və çoxsəviyyəli yanaşmalar üzərində qurulmalıdır. Hər hansı enerji şəbəkəsini təşkil edən seqmentlərin bütün səviyyələrində təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin hazırlanması zəruridir. İnfrastruktur obyetlərinə qarşı terrorçuluq aksiyalarının qabaqlanması üçün qəbul edilən preventiv tədbirlər planı üzrə variantlar işlənərkən ilk növbədə təhdidlərin, terrorçuluq  nəticəsində vurula biləcək ekoloji, sosial, iqtisadi ziyanın həcmi nəzərə alınmalıdır. Enerji obyektlərində qeyd olunan cəhətlər nəzərə alınmaqla proqram tədbirlər keçirilməli və onların ümumi məqsədi qəzaların əmələ gəlməsi riskinin endirilməsi üçün şəraitin yaradılması,  infrastrukturun terrora qarşı dayanıqlığının artırılması olmalıdır.

Qeyd edək ki, bizim təcrübədə terror və digər təhdidlərin gerçəkləşməsi ehtimalı enerji layihələrinin təşəbbüskarları və icraçıları tərəfindən işə başlamazdan əvvəl nəzərə alınıb. Neft-qaz infrastrukturunun təhlükəsizliyinin təmin olunması üzrə bütün zəruri tədbirlər Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən layihələri icra edən şirkətlərlə birlikdə həyata keçirilir. İxrac boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə yaradılmış idarələrarası komissiya tərəfindən zəruri normativ sənədlər və praktiki tədbirlər hazırlanaraq həyata keçirilir. Bu kompleks prosesdə Milli Təhlükəsizlik Nazirliyinin əsas vəzifələri mümkün təhdidləri vaxtında aşkarlayıb qarşısını almaq, zərurət yaranarsa təhdidlər barədə aidiyyəti strukturları qabaqcadan məlumatlandırmaq, neft-qaz infrastrukturunun təhlükəsizliyinin əməliyyat təminatını həyata keçirməkdir. 

Yanacaq-energetika kompleksi in-frastrukturlarının təhlükəsizliyinə qarşı mümkün təhdidlər ekoloji tarazlığa, sosial mühitə, sosial təyinatlı obyektlərə müəyyən təsir göstərə bilər. Bu baxımdan, enerji təhlükəsizliyi üzrə antiterror tədbirləri zamanı önəm verilən əsas istiqamətlərdən biri də mümkün terrorçuluq əməllərinin cəmiyyətə, dövlətə,  ətraf mühitə nə kimi fəsad yarada bilməsi, bu fəlakətlərin miqyası, aradan qaldırılması üçün qüvvə və vəsaitin təkmilləşməsi kimi məsələlərdir.

Avropa bazarlarında təbii qaza tələbatın artdığı və təklifin (həmçinin, nəqletmə imkanlarının) mürəkkəbləşdirildiyi bir şəraitdə "Şahdəniz" yatağından məhsulu hasil və nəql edən infrastrukturun təhlükəsizliyi üzrə tədbirlərin səmərəsini yüksəltmək son dərəcə vacibdir. 

Qeyd edək ki, neft strategiyası üzrə layihələrin təhlükəsizliyi barədə ölkədə lazımi hüquqi-normativ baza yaradılıb, bu işdə Milli Təhlükəsizlik Nazirliyinin rolu və vəzifələri birmənalı şəkildə göstərilib. Neft strategiyasının təhlükəsizliyi üzrə risklərin bu və ya digər şəkildə aidiyyatı olan bütün amil, fakt və təzahürlər, o cümlədən terror-təxribat üçün potensial təhdid mənbələri, texnogen qəzalar, ekoloji problemlər, ətraf və sosial mühitə təsir, fövqəladə vəziyyətlərə hazırlıq, hətta dünya neft bazarının konyukturası, layihələrimizin reallaşmasında maraqlı olmayan və süni problem yarada biləcək dairələr, təşkilat və şəxslər, bir sözlə, enerji layihələrinin təhlükəsizliyinə təsir göstərə biləcək bütün faktorlar milli təhlükəsizlik orqanlarının diqqət mərkəzindədir. 

Məlumdur ki, transmilli enerji və nəqliyyat layihələrini qorumaq, onların təhlükəsizliyini təmin etmək olduqca vacib məsələlərdəndir. Bu sahədə Milli Təhlükəsizlik Nazirliyi ardıcıl fəaliyyətini davam etdirir.


MƏSLƏHƏT GÖR:

546