BORCLU BORCLUNUN SAĞLIĞIN İSTƏR
Problemli kreditlər - problemdir, yoxsa banklar üçün biznes?
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI İlahə MƏMMƏDLİ Bakı
Kredit portfelinin keyfiyyətindən və kredit risklərinin idarə edilməsində tətbiq edilən üsullardan asılı olmayaraq, bütün banklar bu və ya başqa şəkildə kreditlərin qaytarılmaması problemi ilə üzləşir. Dünya maliyyə böhranı fonunda dünyanın bütün banklarında problemli kreditlərin payı təbii şəkildə artıb və Azərbaycan bankları da bu məsələdə istisna deyil. Böhranın Azərbaycan iqtisadiyyatına təsiri minimal olsa da, bütün dünya üzrə azalma göstəricilərinin qeydə alınması və bizim ölkənin artım göstəricilərinin də nisbətən zəifləməsi psixoloji baxımdan insanlara təsir göstərir və nəhayət, onlar da öz xərclərini azaltmağa başlayırlar. Bu da çox vaxt onların kredit ödənişlərini vaxtında və səliqəli yerinə yetirməsinə təsir göstərir. Bank portfellərində problemli kreditlərin həcminin artması da bununla bağlıdır.
Başlıcası vaxtında təhlildir
Qeyd edək ki, problemli kredit dedikdə bir və ya bir neçə ödənişin vaxtında edilmədiyi, təminatının bazar dəyərinin yetərincə aşağı düşdüyü və ya bankın borcun ödəniləcəyinə şübhəsinin yaranmasına səbəb olan durumun meydana gəldiyi kreditlər başa düşülür. Yuxarıda de-yildiyi kimi, hər bir bankın çantasında problemli kreditlər mövcuddur və verilmiş ümumi borc məbləğində bu kreditlərin yol verilən səviyyəsinin müəyyən edilməsi əsas məsələdir. Xarici banklar üçün verilmiş ümumi borc məbləğində hesabdan silinmiş borcların yol verilən xüsusi çəkisi 0,25-0,75%; vaxtı ötmüş (90 gündən artıq gecikdirilmiş) borcların yol verilən xüsusi çəkisi 0,5-3%-dir. Əgər son göstərici 7%-ə çatırsa, onda bankın vəziyyəti böhranlı sayılır.
Mərkəzi Bankın (AMB) məlumatına görə, Azərbaycanda ötən ilin mart ayından bu yana keçən müddətdə ölkə banklarının məcmu kredit çantasında vaxtı keçmiş kreditlərin payı 3,8%-i ötmür. Ötən ilin sonuna vaxtı keçmiş borcların və ssudaların məbləği 303,5 mln manata çatıb (bu, kredit çantasının 3,6%-dir), halbuki 2009-cu ilin yanvar ayında bu göstərici 159,8 mln manat olub. Özü də 2009-cu il ərzində Azərbaycan bankları iqtisadiyyatın kreditləşdirilməsini 17,4% artıraraq 8407,5 mln manata çatdırıblar. Yəni durumu təhlükəli saymaq olmaz, amma bir çox ekspertlər hesab edirlər ki, ölkənin bank bazarının bu seqmenti üzərində nəzarəti gücləndirmək gərəkdir.
Bununla yanaşı, MB-nin özü də bəyan edir ki, problemli aktivlərin, o cümlədən, problemli kreditlərin səviyyəsinin azaldılması istiqamətində fəaliyyətini aktivləşdirmək niyyətindədir. MB İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, "Mərkəzi Bank artıq problemli aktvlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin keçirilməsinə başlayıb və qabaqlayıcı tədbirlər kreditləşmənin, aktivlərin artım tepmlərinin dayandırılmasına, risklərin idarəetmə sistemlərinin təkmilləşdirilməsinə yönəlib".
Bununla bağlı olaraq kredit risklərinin qiymətləndirilməsi üzrə qabaqcıl üsullardan biri daxili skorinqdir. Azərbaycan Peşə Riskləri Assosiasiyasının (ARPA) sədri Rüfət Mahmudovun sözlərinə görə, bu gün bank sektorunda vahid skorinq standartının olmaması üzündən banklar problemlərlə üz-üzə gəlirlər. Və buna görə də vahid modelin, standartın yaradılması üçün bankların hamısının səylərinin birləşdirilməsi müm-kündür. Qeyd edək ki, skorinq potensial müştərinin və ya artıq kredit götürmüş borclunun ödəniş qabiliyyəti ehtimalını qiymətləndirməyə imkan verir. Bu qiymətləndirmə üsulu şirkətlə müştəri arasında qarşılıqlı münasibətlərin müxtəlif mərhələlərində tətbiq edilə bilər; yəni ərizə verən zaman da, müştərinin davranışının qiymətləndirilməsi zamanı və kreditin qaytarılması zamanı bu mümkündür. Skorinq bu və ya başqa şəkildə başqa ölkələrin kredit qurumları tərəfindən artıq tətbiq edilib. Və artıq bu gün onlar üçün bankın kredit siyasətinin dəyişdirilməsi zamanı skorinq modellərinin yönümünün dəyişdirilməsi problemi var.
Ekspertlərin sözlərinə görə, əksər hallarda problemli kreditlər qəflətən yaranmır. Gerçəklikdə borclunun maliyyə durumunun pisləşməsinin və borcların qaytarılmaması ehtimalının olmasını nümayiş etdirən çox siqnallar müşahidə edilir. Bunların sırasında bank işçiləri ilə əlaqələrin kəsilməsini, maliyyə hesabatlarının təqdimatının izah edilməyən ləngidilməsini, müştərinin hesablarındakı qalıqların kəskin dəyişməsini və s.-i göstərmək olar. Buna görə də beynəlxalq auditor şirkəti "PriceWaterhouseCoopers" (PWC) Azərbaycan banklarına öz tədiyə balanslarına vaxtıkeçmiş kreditlərin müfəssəl təhlilini aparmağı tövsiyə edir.
"PriceWaterhouseCoopers" təmsilçisi Vüqar Əliyevin sözlərinə görə, AMB tərəfindən beynəlxalq maliyyə hesabatının tətbiq edilməsi ilə bu hesabatlarda problemli kreditlər barədə daha geniş məlumat verilməsinə ehtiyac yaranıb. "Bu kreditlərin müfəssəl analizi onun qaytarılma ehtimalını vaxtında ortaya çıxarmağa imkan verir", - deyə Əliyev vurğulayır. Onun fikrincə, bu, banka lazım gəldikdə problemli aktivi vaxtında satmağa imkan yaradır. "Aktiv balansda nə qədər uzun qalarsa, onun satış qiyməti də bir o qədər aşağı düşər, buna görə də banklar hər bir vaxtıötmüş kredit üzrə hesabatı vaxtında aparmalıdır" ,- deyə o vurğulayır.
Onun sözərinə görə, əgər kreditin vaxtı 60 gün və ya daha az müddətə keçibsə, onu dəyərinin 55% qiymətinə satmaq mümkündür; əgər 150 gün keçibsə, onda qiymət 23%-dən aşağı olacaq. "Bankın vaxtında reaksiya verməsi üçün kredit əməliyyatları üzrə lazımi elektron bazası yaradılmalıdır", - deyə Əliyev vurğulayır.
...və doğru idarəetmə
İndi də problemli kreditlərin satışına keçək. Kreditlər üzrə itkilərdən qurtulmaq mümkün olmadığına görə, hərdən onlara bank biznesi aparılmasının dəyəri kimi də baxırlar. Amma bu heç də o demək deyil ki, bank bu cür itkilərlə barışmalıdır; axı belə olan halda banka dəyən zərər qaytarılmamış kreditin dəyərindən çox olar. Vaxtıötmüş kreditlərin miqdarının çox olması əmanətçilərin və səhmdarların banka etibarını azaldır, ödəniş qabiliyyəti və likvidliklə bağlı problem yaradır, bankın nüfuzunu aşağı salır. Bundan başqa, bank kreditin geri qaytarılması tələbləri ilə bağlı əlavə xərclər çəkməlidir; həmçinin, bankın aktivlərinin bir qismi qeyri-produktiv şəkildə dondurulur. Bu cür itkilər öz ölçüsünə görə qaytarılmamış borclardan dəyən zərəri qat-qat üstələyir.
Buna əsaslanaraq demək olar ki, uğurlu bank menecmentinin başlıca göstəricilərindən biri problemli kreditlərin idarəedilməsi üzrə effektiv siyasətin seçilməsidir. Beynəlxalq Maliyyə Korporasiyasının maliyyə bölməsində böhrana cavab üzrə layihənin rəhbəri Qart Bedfordun Azərbaycanın dünya maliyyə böhranının təsirinə ən az düşməsini və problemli aktivlərin səviyyəsini yetərincə aşağı səviyyədə saxlanmasını bildirməsinə baxmayaraq, Azərbaycan banklarının problemli aktivlərin idarəedilməsi sahəsində qabaqcıl təcrübəni öyrənməsinə heç nə mane olmur, çünki bu sahədə problemlər hələ ki müşahidə edilir.
Onun sözlərinə görə, bu gün problemli aktivləri balansdan silməyin üç əsas yolu var. Bunlar özəl yerləşdirmə, hərrac və məhdud hərrac üsullarıdır. "Sekyuritizasiyanın Azərbaycanda yetərincə yeni anlayış olduğu nəzərə alınarsa, problemli aktivlərin qiymətli kağızlar vasitəsilə yerləşdirilməsi hələ tətbiq edilmir, amma uzunmüddətli perspektivdə bu, bankların likvidliyinin idarəedilməsinin artırılmasında effektivliyi artıra bilər", - deyə o vurğulayır.
Azərbaycanda ən çox istifadə edilən üsul - fərdi yerləşdirmə üsuludur ki, bu da sürətlidir, ancaq heç də həmişə effektiv deyil. Çünki banklar heç də həmişə aktivləri yetərincə yüksək olan qiymətlərə sata bilmirlər. "Həmçinin, ölkədə hələ ki problemli aktivlərin alqı-satqısı üzrə bu cür xidmətlər göstərən şirkətlər yoxdur",- deyə Bedford bildirib.
Dünya praktikasında bu cür problemlərin həlli üçün kollektor agentlikləri yaradılır. Bunlar vaxtıkeçmiş borcların geri qaytarılması ilə peşəkar səviyyədə məşğul olan müstəqil təşkilatlardır. Kreditorla saziş bağlayan bu cür təşkilatlar borclu haqqında, o cümlədən, onun maddi vəziyyəti, yerləşmə məkanı haqqında rəsmi qaynaqlardan məlumat toplamağa, həmçinin, borclu ilə telefonla danışmaq, elektron poçtla yazışmaq, eləcə də şəxsən görüşmək hüququna malikdir. Kollektor kreditorun maraqları naminə borcun ödənilməsi və yenidən strukturlaşdırılması sxemi üzrə sxemlər və sazişlər işləyib gerçəkləşdirə bilər.
Belə agentliklərin yaradılması bu gün Azərbaycanda da aktuallıq kəsb edir. Qeyd edək ki, Rusiya, Qazaxıstan və Ukrayna bazarlarında ümidsiz borcların həlli məsələsi ilə hələ 2007-2008-ci illərdən kollektor agentlikləri məşğul olur. Özü də bu təşkilatlar yalnız bankların deyil, həmçinin, sığorta şirkətlərinin, kredit ittifaqlarının, bələdiyyə təsərrüfatlarının, orta və kiçik biznes müəssisələrinin borclarının yığılması ilə məşğul olurlar, bankların iri məbləğdə borc çantalarının alınması üçün maliyyə imkanlarına malikdirlər.
Risk bank işi deyil
Ümumiyyətlə, demək olar ki, bütün beynəlxalq maliyyə institutları və analitik agentliklər problemli aktivlərin artımından qaçmaq baxımından iqtisadiyyatın kreditləşdirilməsi məsələsinə çox ehtiyatlı yanaşmağı tövsiyə edirlər. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Omesin sözlərinə görə, "Keçən il Azərbaycanda yüksək iqtisadi artım müşahidə edilib və uyğun olaraq iqtisadiyyatın kreditləşdirilməsi həcmlərində artım var. İndi yüksək artım templərini saxlamaq çətindir. Çünki Azərbaycanda yüksək kreditləşdirmə templərini saxlamaq ehtiyatsızlıq olardı". Onun sözlərinə görə, kreditləşdirmə həcminin artması zamanı kreditlərin qapadılmasında problemlər yarana bilər və buna görə də il ərzində təmkinli kreditləşdirmə meyli qorunacaq.
Qeyd edək ki, 2010-cu ilin yanvar ayında Azərbaycanın bankları kreditləşdirmə həcmini 0,3% artırıblar, 2009-cu ilin uyğun dövrünə baxanda isə artım 17,1% olub. 1 fevral vəziyyətinə banklara 8431,2 mln manat kredit verilib. AMB bəyan edir ki, ölkənin bank sektorunda bankların kredit çantalarının durumunun pisləşməsi ilə bağlı vəziyyəti nəzarətdə saxlayır. AMB İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, "Bankların kredit çantalarının pisləşməsi dünya maliyyə böhranı fonunda gözlənilən idi, çünki biznes fəaliyyətində, xüsusilə də ticarət sahəsində müəyyən çətinliklər var. Ancaq banklarda aparılan stress - testləri göstərir ki, durum nəzarət altında qalacaq və 2010-cu ildə də biz bank sektorunun sabitliyini qoruyacağıq". Onun fikrincə, bu, ölkənin bank sektorunun kapitallaşmasının və likvidliyinin yetərincə yüksək səviyyəsi ilə təsdiq edilir.
Yada salaq ki, ötən il ölkənin bank bölməsi AMB-nin böhran əleyhinə tədbirləri çərçivəsində birbaşa və dolayı formada $2 mlrd.-a yaxın likvidliklə təmin edilib. Bu, bank bölməsinə normal rejimdə fəaliyyət göstərməyə imkan yaratdı. Ancaq dünya böhranının təsirləri uzanacağı durumda AMB-nin bazardakı vəziyyəti nə qədər sabit saxlaya biləcəyi ritorik sualdır. Buna görə də istənilən bankın gələcəyini müəyyən edən başlıca amil savadlı risk menecmenti və problemli aktivlərin minimallaşdırılmasıdır.
MƏSLƏHƏT GÖR:

639

