STANDART İSLAHATLAR VƏ YA STANDARTLARDA İSLAHATLAR
Azərbaycanın avtomobil bazarı kəmiyyətdən keyfiyyətə keçid aldı
Müəllif: Nurlanə QULİYEVA Bakı
Bu il iyulun 1-dən Azərbaycanda avtomobillərlə bağlı tətbiq ediləcək ekoloji standartlar bütün yerli avtomobil bazarının qiymət seqmentində, həmçinin, onun kəmiyyət və keyfiyyət göstəricilərində özünü göstərəcək. Ümumiyyətlə, əminliklə demək olar ki, bu bazarda islahatların aparılmasının vaxtı çoxdan çatıb. Ölkənin avtomobil vasitələrinə ehtiyacı o qədər ödənib ki, gətirilən və ya burada istehsal edilən avtomobillərin keyfiyyəti üzərində sərt nəzarət heç də bəşəri fəlakətlə nəticələnməyəcək. Həmçinin, islahatlar mərhələli aparılacaq və bazar buna alışmağa macal tapacaq.
Bəyanat və qərar
Avtonəqliyyat vasitələrinə qarşı ekoloji tələblərin sərtləşdirilməsinin vacibliyi məsələsi hələ Prezident İlham Əliyevin sədrliyi ilə ekoloji məsələlərə həsr edilmiş iclasda qaldırılmışdı. Onda öz çıxışında dövlət başçısı bildirmişdi ki, ona verilən məlumata görə, havanın çirklənməsinin 70%-i avtomobil nəqliyatının payına düşür. "Sanıram ki, nəzərdə tutulan tədbirlər nəticəsində biz bu sahədə də Avropa ölkələrinə çatacağıq", - deyə İlham Əliyev vurğulamışdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, hazırda Bakı şəhərində 549 511 avtomobil qeydiyyata alınıb və onların 80%-i "avro-3" və "avro-4" standarlarına cavab vermir. Bu avtomobillər havaya yol veriləndən çox zəhərli maddələr buraxırlar. "Ölkəyə Avropa standartlarına cavab verməyən avtonəqliyyat vasitələrinin gətirilməsinin qarşısının alınması, 10 -15 il qabaq istehsal edilmiş, ekoloji standartlara uyğun gəlməyən, istismar müddəti bitmiş avtomobillərin yavaş-yavaş istismardan çıxarılması, həmçinin, Avropa standartlarına cavab verən yeni yanacaq istehsalı həcminin artırılması Bakı şəhərinin ekoloji durumunun yaxşılaşmasına səbəb olacaq", - deyə H.Abutalıbov bildirib.
Ümumiyyətlə, hələ iclasa xeyli qalmış Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin başçısı Ramiz Həsənov bildirmişdi ki, 2010-cu il iyulun 1-dən ölkəyə Avropa standartlarına cavab verməyən avtomobillərin gətirilməsinə qadağa qoyulacaq. "Avropa ölkələrində artıq "avro-5" standartı tətbiq edilir. Azərbaycanda isə biz "avro-2" standartından başlayacağıq", - deyə Həsənov bildirmişdi. Onun sözlərinə görə, bu istiqamətdə milli standartların tətbiqi üzrə işlər ARDNŞ-lə birgə aparılır, çünki "yerli yanacaq Avropa standartlarına uyğun olmalıdır".
ARDNŞ isə öz növbəsində dərhal açıqlama verdi ki, buraxılan dizel yanacağının keyfiyyətini "avro-4" standartına uyğunlaşdırmaq niyyətindədir. Şirkətin emal üzrə vitse-prezidenti Davud Məmmədov bildirib ki, 2010-cu ilin aprel ayına kimi Azərbaycanda buraxılan dizel yanacağının keyfiyyəti "avro-3" standartına çatdırılacaq, ilin sonunda isə artıq "avro-4" standartına keçiləcək. Bu, Azərbaycanın neft şirkətinin neftayırma zavodlarının mövcud imkanları çərçivəsində dizel yanacağının keyfiyyətinin çatdırıla biləcək maksimum mümkün səviyyəsidir. Avtomobil benzininə gəldikdə isə yaxın 2-3 ilə onun keyfiyyəti "avro-3" standartına çatdırılacaq, özü də buna sərmayə şirkətin özünün hesabına yatırılacaq. D.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanın avtonəqliyyat vasitələrinin 55%-i benzin və 45%-i dizel yanacağı istifadə edir.
Yeri gəlmişkən, ARDNŞ Qaradağ rayonunda neft emalı, neft-kimya kompleksi yaratdıqdan sonra, buraxılan yanacağın keyfiyyəti "avro-5" standartına və daha yüksək səviyyəyə qədər qaldırıla biləcək (hazırda neft məhsulları istehsalı Azərbaycanın iki neftayırma müəssisəsində həyata keçirilir və onların toplam istehsal gücü ildə 20 mln tondur).
Bütün bu sadalananlar sonucda Azərbaycan Nazirlər Kabinetinin ölkədə dövriyyəyə buraxılan (idxal və istehsal edilən) avtomobil nəqliyyatı tərəfindən atmosferə zəhərli maddələr tullantısı üzrə tələbləri Avropa standartlarına gətirmək barədə qərar verməsinə səbəb oldu. Qərarla bağlı olaraq 2010-cu il iyulun 1-dən dövriyyəyə buraxılan avtomobillərə havaya atılan zərərli maddələr üzrə "avro-2" ekoloji standartı tətbiq ediləcək. Sənədə uyğun olaraq, respublikanın uyğun qurumları Nazirlər Kabinetinə mərhələli şəkildə "avro-3" və daha yüksək standartlara keçmək üzrə təkliflər təqdim etməlidirlər. Onlar, həmçinin, 2010-cu ilin birinci yarısı ərzində raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycana idxalı və gömrük rəsmiləşdirilməsi qaydaları barədə layihə hazırlamalı və Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Qiymətlər artır
Azərbaycanın özündə istehsal edilmiş avtonəqliyyat vasitələrinə gəldikdə isə onlarla bağlı hər şey sanki qaydasındadır. İstənilən halda yerli müəssisələrin rəhbərləri iddia edirlər ki, onların məhsulları atmosferə zəhərli tullantıları atılması üzrə "avro-2" ekoloji standartına tam uyğun gəlir. Gəncə Avtomobil Zavodu direktorunun sözlərinə görə, "Hazırda müəssisədə yığılan "Belarus" traktorları və MAZ avtomobilləri "avro-2" normalarına tam uyğun gəlir, amma buna baxmayaraq zavoda "avro-3" standartlarına keçid üzrə işlər görülür". Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev isə bildirir ki, müəssisədə buraxılan "Lifan" markalı avtomobillərə "avro-3" normalarına uyğun gələn mühərriklər qoyulur.
Qeyd edək ki, 2009-cu ildə Azərbaycana 63,4 mindən çox minik avtomobili idxal edilib ki, bu, 2008-ci ilin göstəricisindən 28,8% azdır. Ölkənin Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə idxal edilən minik avtomobillərinin toplam dəyəri $455,9 mln.-a yaxın təşkil edib ki, bu da 2008-ci il göstəricisindən 29,8% azdır.
Bununla yanaşı, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, bu il Nazirlər Kabinetinin qərarı fonunda göstəricilərin azalması daha da artacaq. "Axı ekoloji tələblərin sərtləşdirilməsi ilə yanaşı, həm də avtomobil idxalına gömrük rüsumlarının artırılması da gözlənilir. Bu da uyğun olaraq bizim ölkəyə nəqliyyat vasitələrinin gətirilməsinə, həm də respublika daxilində qiymətlərin artmasına səbəb olacaq. Həmçinin, dünya iqtisadi böhranının davam etməsini və onun ölkə əhalisinin alıcılıq qabiliyyətinə təsirini nəzərə almaq lazımdır", - deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, əgər bazarda qiymətlərin 1% artması təkliflərin həcminin 1,5-1,6% azalması ilə nəticələnirsə, ehtimal edilən qiymət artımı, son açıqlamalar və qərarlar nəzərə alınarsa, orta hesabla, 13-14% olacaq və araşdırmalara görə, bu, təkliflərin real həcmini 20% azaldacaq. Özü də qiymət təlatümləri yalnız təkrar avtomobil bazarına aid olmayacaq, həm də çoxlarının ehtimal etdiyi kimi ilkin bazara da toxunacaq. "Əgər gömrük rüsumları artarsa, bu, gətirilən avtmobillərin qiymətində müvafiq şəkildə əks olunacaq", - deyə N.İbrahimov vurğulayıb.
Belə ki, "MBA Group"un araşdırmasına görə, əsasən, qiyməti $13-20 min arasında dəyişən avtomobillər bahalaşacaq ki, bunlar hazırda ən çox tələb olunanlardır. Bütün baş verənlər təbii şəkildə bank bazarının avtomobil kreditləşdirməsi kimi çox önəmli seqmentinə öz təsirini göstərəcək. Bildirmək gərəkdir ki, bu sahədəki durum bir neçə il qabaqkı vəziyyətdən xeyli fərqlənir. Belə ki, əgər 2006-2007-ci illərdə banklar avtomobil satışlarına həvəslə ssuda verirdilərsə, indi müştərilərə həddindən ehtiyatlı münasibət müşahidə edilir. "Məsələ bundadır ki, bu seqmentdə yetərincə çox sayda problemli kreditlər yaranıb - vətəndaşların çoxu öz maliyyə imkanlarını ətraflı hesablamadan avtomobili kreditə götürür və bir neçə aydan sonra borclarını ödəməkdən imtina edir. Nəticədə, bank zərərə düşür və etibarsız müştərilərin girovlarının təkrar satışı ilə bağlı problem yaranır. Bu, nəticədə həm kredit qurumlarının avtomobil satışlarına ssuda verilməsinə tələbləri sərtləşdirməyə, həm də faiz dərəcələrini aşağı salaraq, onları müştərilərin ödəniş qabiliyyətinin real səviyyəsinə yaxınlaşdırmağa məcbur elədi", - deyə N.İbrahimov izah edib.
Vaxtı çatmış qərar
Bununla belə, artıq bildirildiyi kimi, demək olar ki, bütün ekspertlər bu fikirdədirlər ki, Nazirlər Kabinetinin avtomobil idxalına ekoloji tələblərin sərtləşdirilməsi ilə bağlı qərarı vaxtında verilib. "Vaxtı çatmışdı, indi insanlar bütövlükdə ekoloji amillərə daha diqqətlə yanaşırlar", - deyə N.İbrahimov vurğulayır.
Millət vəkili, iqtisadi siyasət üzrə parlament komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, əgər 1992-ci ildə ölkədə cəmi 70-75 min avtomobil var idisə, indi onların sayı 1 milyona yaxındır. Avtomobil idxalının əsas problemi ölkəyə gətirilən avtomobillərin keyfiyyətinin, nəqliyyat sektoruna təsirinin, həmçinin, ekoloji durumun nəzərə alınmamasındadır. Bununla belə, Vahid Əhmədov hesab edir ki, Nazirlər Kabinetinin avtomobil bazarındakı qiymətlərə təsiri cüzi, həmçinin, periodik olacaq. Ölkəyə avtomobil idxalının dayanması da dərhal baş verməyəcək.
Bununla belə, artıq yanvar ayında sözügedən qərarın verilməsi ilə bağlı bir qədər gərginlik müşahidə edilir; bir sıra köhnə avtomobil yiyələri, hətta bazarı tərk ediblər. "Əmlak Bazarı İştirakçıları" İB-nin hesabatında bildirilir ki, ötən ilin dekabr ayına baxanda yanvarda bazarda təkliflərin kəskin artımı müşahidə edilir. Halbuki tələbat azalıb. Həmçinin, bazarda əqd bağlanmasının dinamikasında 2,7 faiz azalma baş verib.
Qeyd edək ki, Rusiya istehsallı avtomobillər istisna olmaqla, Azərbaycana avtomobil idxalı, əsasən, üç istiqamətdə gerçəkləşdirilir: birbaşa Almaniyadan, Gürcüstandan tranzitlə, həmçinin, BƏƏ-dən, yəni Dubaydan. Keyfiyyəti aşağı avtomobillər hər üç istiqamətdən daxil ola bilir. Ekspertlərin fikrincə, yeni standartların tətbiqi bazardan xırda bizneslə məşğul olan sahibkarların çıxması ilə nəticələnəcək.
İstənilən halda, yəqin ki, bu aydan başlayaraq, bazarda müəyyən meyillər müşahidə edilməyə başlanacaq. İyuldan isə aparılan islahatların real nəticələrini gözləmək olar. Əgər son nəticədə Azərbaycanın havası təmiz olacaqsa, onda bu, avtomobillərin qiymətinin istənilən qədər artımına dəyər.
MƏSLƏHƏT GÖR:

580

