İKİBAŞLI "DOMOKL QILINCI"
ABŞ konqresinin xarici əlaqələr komitəsi "Erməni soyqırımı" haqda qətnamənin qəbulu ilə kimə daha çox zərər vurdu?
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi martın 5-də qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni minimal səs üstünlüyü ilə (23 lehinə, 22 əleyhinə) qəbul etdi. Özü də bu səs çoxluğu da adi prosedur qaydalarının pozulması ilə - müzakirələrin bir saatdan da artıq uzadılmasılə əldə olundu.
Çünki 1915-ci il hadisələrini "soyqırım" kimi qəbul etməyə razılaşan konqresmenlərin çoxu, eyni zamanda, ABŞ Konqresinin hakim rolunda çıxış etməsinə ehtiyac olmadığını bildirirdi. Onlar, xüsusilə, Türkiyə ilə münasibətləri risk qarşısında qoymağı lazım bilmirdilər.
"Tarixin həmin dövrü insanların iztirabı, vəhşilik və faciələriylə yadda qalıb. Buna şübhə yoxdur. Amma biz XXI əsrdə yaşayırıq və bugünkü reallıqlardan çıxış etmək lazımdır. Biz Türkiyədəki hərbi bazamızı itirmək risqi ilə qarşılaşırıq. Bu baza isə həm Yaxın Şərqin, həm də ABŞ və İsrailin təhlükəsizliyi üçün son dərəcə önəmlidir", - deyə konqresmen Den Berton bildirib.
Amma ayıq başla düşünən siyasətçilərin səsini eşidən olmadı. Xarici əlaqələr komitəsində aparılan müzakirələr və səsverməni televiziya vasitəsilə izləyənlərin çoxu, həmçinin, bilavasitə iclas zalında olan türkiyəli parlamentarilər baş verənləri "cəfəng komediya" adlandırdılar. Axı qətnaməni dəstəkləyən konqresmenlərin əksəriyyəti, nəinki 100 il əvvəl baş vermiş faciəvi hadisələrdən xəbərsizdi, onlar hətta xəritədə nə Osmanlı İmperiyasının sərhədlərini, nə də həmin hadisələrin harada baş verdiyini göstərmək iqtidarında belə deyildilər. Bu proseslərlə manipulyasiya edən xarici əlaqələr komitəsinin rəhbəri Hovard Berman isə toplantının sonunda bildirib ki, "İndi Türkiyə üçün erməni soyqırımı faktını etiraf etmək vaxtı gəlib". Amma əminəm ki, o, yalnız Türkiyə ilə bağlı deyil, komitənin qəbul etdiyi sənədin gələcək taleyi ilə də bağlı yanlış fikirdədir.
Ağ ev bəyan edib ki, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qətnaməyə "hə" deməsinə baxmayaraq, növbəti mərhələlərdə qanun layihəsi dəstəklənməyəcək. "Biz hesab etmirik ki, ABŞ Konqresi bu qətnamə ilə bağlı tədbirlər görəcək və ya görməlidir. Bu fikrimizi prosesə cəlb olunmuş bütün tərəflərin nəzərinə çatdırmışıq", - deyə ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib. Onun sözlərinə görə, Barak Obama administrasiyası qətnamənin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə mənfi təsir göstərə biləcəyindən narahatdır.
Bu qətnaməni sanki Damokl qılıncı kimi Türkiyənin başı üzərindən asıblar və məqsəd Ankaranı ABŞ və İsrail üçün son dərəcə vacib məsələlərdə (İraq, Əfqanıstan, İran) daha üzüyola etməkdir. Sənəddən Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində də Ankaraya təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Bundan başqa, erməni icmasının maliyyəsi və səsindən yararlanan konqresmenlər yeni "avans" qazanıblar və demək, bu ilin payızında keçiriləcək seçkidə yenidən həmin qüvvələrin dəstəyinə bel bağlaya bilərlər.
Amma sözügedən təşəbbüsün nəticələri bununla bitmir. Hətta Nümayəndələr Palatasının komitəsi səviyyəsində belə qondarma soyqırımla bağlı qətnamənin qəbulu Türkiyə və Azərbaycanda həm hökumət səviyyəsində, həm də ictimaiyyət arasında böyük narazılığa səbəb olub. Türkiyə Prezidenti Abdullah Gül elə səsvermə başa çatdıqdan dərhal sonra deyib: "Mən bu qərarı ağıllı qərar saymıram və onu təəssüflə qarşılayıram. Onun türk xalqına heç bir aidiyyəti yoxdur. Qətnamə siyasi maraqlara əsasən qəbul olunub və tarixə münasibətdə ədalətsizlikdir. Bu qərar Cənubi Qafqazda sabitliyə, xalqlar arasında dostluq münasibətlərinin yaradılması cəhdlərinə mənfi təsir göstərəcək".
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan öz növbəsində bildirib ki, qətnamənin qəbulu ilə həm Türkiyə-ABŞ əlaqələrinə, həm də türklərlə ermənilər arasında, az qala, bir əsrdir davam edən düşmənçiliyin aradan qaldırılması cəhdlərinə zərbə dəyib.
Azərbaycan Prezidenti İlham Əliyev də həmkarı Abdullah Gül ilə telefon danışığında Bakının bu məsələdə Ankara ilə tam həmrəy olduğunu bildirib. Milli Məclisdə isə baş verənlərlə bağlı etiraz bəyanatları səsləndirilib.
Türkiyə Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qərarına, sadəcə, etiraz bəyanatları səsləndirməklə kifayətlənməyib. Qətnamənin qəbulundan dərhal sonra Türkiyənin ABŞ-da fəaliyyətə təzəcə başlamış səfiri Namik Tan "məsləhətləşmə üçün" Ankaraya çağırılıb. "Biz Amerika tərəfindən qondarma soyqırım qətnaməsinin qəbulu ilə əlaqədar lazımi cavab gözləyirik. Bu cavabı almadan səfirimiz Vaşinqtona qayıtmayacaq. Təbii ki, bizə qarşı atılmış addımlar layiqli cavabını alacaq", - deyə Türkiyə rəsmiləri bildiriblər.
Üstəlik, Türkiyənin ticarət naziri Zəfər Çağlayanın ABŞ-a martın 19-na təyin olunmuş səfəri də təxirə salınıb.
Müşahidəçilər və analitiklər hesab edir ki, baş verənlər Türkiyədə son zamanlar onsuz da kifayət qədər yüksəlmiş antiamerika əhvalını daha da artıra bilər. Ötən ilin sonunda keçirilmiş sosioloji sorğu göstərib ki, respondentlərin 37,5%-i Türkiyənin xarici rəqibi kimi ABŞ-ı görür. 10,9% respondent Ermənistanın, 10,6% İsrailin, 6,1% Yunanstanın, 5,1% isə Fransanın adını çəkib.
Paradoksal səslənsə də, fakt ondan ibarətdir ki, Ermənistan istisna olmaqla, bu ölkələrin hamısı Türkiyənin müttəfiqləridir.
Türkiyənin "Vətən" qəzeti "Yankilər - Go home!" başlıqlı məqalə dərc edib. Məqalədə icmalçı Cungər Menqi amerikalılara birbaşa xəbərdarlıq edir: "Qoy ABŞ unutmasın ki, onların hərbi bazası Ermənistanda yox, İncirlikdədir, İslam Dünyası və Yaxın Şərqdəki maraqları isə Türkiyə ilə bağlıdır. Bütün bunların Vaşinqton üçün fərqi yoxdursa, onda Latın Amerikası və Yaxın Şərqdə olduğu kimi, minlərlə türkün də nümayişlərdə "Yankilər - Go home!" şüarı səsləndirəcəyi gün uzaqda deyil".
Baş verənlərin fonunda Ermənistan - Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllinin, ən azı, aprelin sonunadək dondurulacağına şübhə yoxdur. Çünki nə qədər ki radikal ermənilərin Türkiyə və Azərbaycana həm ABŞ, həm də digər ölkələrdə "erməni soyqırımı" vasitəsilə təzyiqlərə ümidi var, onlar Qarabağla bağlı qəsbkar iddialarından geri çəkilməyəcəklər.
Yüz il əvvəl baş vermiş şübhəli məsələni gündəmə gətirmək və onu ABŞ-ın qanunverici orqanında "keçirmək" cəhdi ilə, ermənilər Türkiyəyə ərazi və maddi iddialar irəli sürmək üçün baza yaratmağa çalışır. Eyni zamanda, ermənilər bununla Qarabağın işğalı zamanı dinc azərbaycanlılara qarşı həyata keçirdikləri cinayətləri də ört-basdır etməyə cəhd göstərirlər. Yalnız 1992-ci ildə Xocalıda 600-dən artıq dinc sakinin amansızcasına qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırım həyata keçirdiyini gündəmə gətirməyə imkan verir. Ermənilərə "qurbanlıq" imici yaratmaq həm də ona görə lazımdır ki, onlar bununla, təxminən, 1 milyonadək azərbaycanlıya qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətini ört-basdır etsinlər.
Ermənilərin arzuları və addımları aydındır. ABŞ isə son vaxtlar həddindən artıq sərbəst görünən Ankaraya "soyqırım" vasitəsilə narazılığını çatdırmağa çalışır.
Amma bütün baş verənlərdə İsrail və yəhudi lobbisinin rolunu da görməmək mümkün deyil. Əvvəllər onlar ənənəvi olaraq, Türkiyəni dəstəkləyirdi. Lakin Ankaranın İsrailin Qəzzadakı əməllərini kəskin pisləməsindən, həmçinin, Türkiyə ilə İran arasında yaxınlaşmadan sonra Ankara - Təl-Əviv münasibətləri pisləşib və bu, ABŞ Konqresindəki əhval-ruhiyyəyə birbaşa təsir göstərib. İsrailin "Haaretz" qəzetinin yazdığı kimi, qondarma soyqırım haqda qətnamə Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində yəhudi lobbisinin hesabına qəbul edilib. Buna kifayət qədər sübut var. Elə qətnamənin qəbul edildiyi komitənin sədri Hovard Bermanın ABŞ-ın yəhudi lobbisinin liderlərindən olduğunu xatırlatmaq kifayətdir.
Həm Bermanın, həm də digər yəhudi konqresmenlərin mövqeyi Türkiyənin nəzərindən qaçmayıb. "ABŞ-ın yəhudi lobbisi bu qətnaməyə dəstək verib", - deyə Ərdoğan bir müddət əvvəl Səudiyyə Ərəbistanına etdiyi səfər zamanı jurnalistlərə bildirib.
Bunun fonunda Amerika və Türkiyənin aparıcı KİV-ləri əminliklə bildirir ki, "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan 252 saylı qətnamənin ABŞ Konqresi tərəfindən qəbul edilməsi şansı çox azdır və o, güman ki, elə Xarici əlaqələr komitəsində ilişib-qalacaq. 2007-ci ildə də belə olub. Amma Türkiyə heç bir halda geri çəkilmək və arxayınlaşmaq fikrində deyil. Ankara qətnamənin Nümayəndələr Palatasından keçməsinin qarşısını almaq üçün aparıcı hərbi-texniki tərəfdaşlarının dəstəyini təşkil edib. Söhbət "Boeing", "Lockheed Martin" və "United Technologies"dən gedir.
"Sabah" qəzeti yazır ki, Türkiyənin ABŞ-a qarşı 1 siyasi, 2 iqtisadi, 3 hərbi və 4 strateji cavabı var. Qəzet hesab edir ki, Ankara müxtəlif istiqamətlərdə, həmçinin, hərbi sahədə Moskva ilə siyasi dialoqa başlayacaq. Bütün bu məsələlərin müzakirəsi üçün artıq Türkiyə xarici işlər nazirinin müavinləri Firudin Sinirlioğlu və Əhməd Ünal Çeviköz Rusiyadadırlar.
Bundan başqa, Ankara Vaşinqtona Əfqanıstanda da sürprizlər hazırlayır: Türkiyə bu ölkədəki hərbçilərinin sayını azalda bilər. ABŞ-ın İncirlikdəki hərbi bazasının taleyinə də yenidən baxılması mümkündür.
"Hazırkı geosiyasi situasiyada ABŞ-ın Türkiyəyə daha çox ehtiyacı var, nəinki Türkiyənin ABŞ-a", - deyə "Trend" agentliyinə müsahibəsində Ərdoğanın məsləhətçisi Qeybulla Ramazanoğlu bildirib. Xatırladaq ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bu vacib orqana sədrlik yayda Ankaraya keçəcək.
"Soyqırım" qətnaməsi, ola bilsin, ermənilərin yaralı şüuruna məlhəm olub. Amma bu onlara ciddi xeyir gətirməyəcək. Axı Türkiyə yalnız Sürix protokollarını dondurmaqla kifayətlənməyərək, məsələn, Yerevanla aviaəlaqəni kəsə, ermənilərə viza verilişini çətinləşdirə, pulköçürmələrini məhdudlaşdıra, ərazisində qeyri-qanuni yaşayan erməni qastarbayterləri geri göndərə bilər. Bütün bu imkanlar Ermənistana iki ölkə arasında rəsmi münasibətlər olmadan verilib.
Beləliklə, bütün söylənilənləri ümumiləşdirərək, belə qənaətə gəlmək olar ki, Türkiyəyə "hücum" iflasa uğrayıb. Az müstəqil dövlətlərə qarşı tətbiq olunan üsullar nəhəng regional fövqəldövlətlərə qarşı pis işləyir. Üstəlik, ABŞ-ın İslam Dünyasında batdığı bataqlıqdan Türkiyənin dəstəyi olmadan çıxması, praktik olaraq, mümkün deyil.
MƏSLƏHƏT GÖR:





526

