24 Noyabr 2024

Bazar, 18:24

ARI BİZƏ NƏ DEYİR

Arı balı xalq təbabətinin önəmli müalicə vasitəsidir; bəs aldanmamaq üçün onu kimdən almaq lazımdır?

Müəllif:

01.03.2010

"Dağlarda, ağaclarda, insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hörür"

Quran - "Arı" surəsi 

Çağdaş dünya yeni texnologiyalarla, tibbi ixtiralarla doludur. Gen mühəndisliyi və nanotexnologiyalar həddindən irəli getsələr də, biz hələ də öz sağlamlığımıza nəzarət etməyi və uzun illər sağlam yaşamağı öyrənməmişik. Biz içirik, düzgün qidalanmırıq, idmanla məşğul olmuruq, rejimlə yatmırıq, özümüzü təkmilləşdirmə və ruhi inkişafla təmin etmirik. Biz unutmuşuq ki, təbiət övladlarıyıq və çox vaxt bizim bədənimizin nasazlıqlarının aradan götürülməsi üçün uşaqlıqdan bildiyimiz və bilmədiyimiz sadə şeylər yetərlidir. Amma onların köməyinə tez-tezmi müraciət edirik? Belə geniş yayılmış unikal xalq əlaclarından biri də baldır.  Bu unikal substansiya haqqında Azərbaycanın peşəkar arıçılarından biri deyib ki, "Bal ölümdən başqa hər şeyi müalicə edə bilir". Amma bizim çoxumuz baldan gündəlik rasionda istifadə etmirik. Ancaq etsəydik, heç nəyə mane olmazdı. 

Hələ ki balla rəqabət apara biləcək qida kəşf edilməyib. Mürəkkəb tərkibli bu ərzaq maddəsinin geniş potensialı var. Əgər sağlam qida rejiminə keçmək, idmanla gündəlik məşğul olmaq, yaxşı yatmaq və pis vərdişlərdən uzaq durmaqla yanaşı, gündə 50 - 100  qram bal da qəbul etsək, hər birimiz həyatda həzz almaqla yaşaya bilərik.  Bal yaxısı qoyun, bal yeyin, bal için, bal vannası qəbul edin, dondurmaya bal qatın, südü və isti çayı balla için, gəncləşdirmə içkisini - su, bal, limon qatışığını qəbul edin və sağlam həyatınız təmin edilmiş olacaq. Nə qədər yaşamağımız və necə yaşamağımız, əslində, bizim özümüzdən çox asılıdır, ona görə də qərarı biz verməliyik. İnsanın sağlam həyat tərzi elə insan həyatının mənasıdır; bal isə insan və onun uzunömürlü olması üçün yaradılmış təbiət möcüzəsidir. Bal hələ ki təbiətdə yeganə ərzaq məhsuludur ki, insanın ömrünü uzun illər uzadır/. Amma burda söhbət yalnız təbii məhsuldan gedir və onu da saxta baldan seçmək çox çətindir. Buna görə də bal alarkan yalnız inanılmış, bazarda yaxşı ad çıxarmış satıcılara müraciət eləmək lazımdır.     

 

İxrac üçün deyil 

Lətif Qinyətoğlu ikinci nəsil arıçılardandır və öz işini çox sevir. O, öz "Qinyət Oğulları" arıçılıq təsərrüfatını atasına məxsus 10 pətəyin əsasında yaradıb. İndi təsərrüfatı 3 arıxanadan ibarətdir, ikisi Şəkidə və biri Zaqatalada yerləşir. Hər arıxanada 200 arı pətəyi var. Bir pətəkdən ən azı 16 kiloqram, ən çoxu isə 20 kiloqram bal götürür. Moskva Dövlət Universitetinin məzunu, ixtisasca kimyaçı olan Lətif Qinyətoğlu dolaşıq yenidənqurma və SSRİ-nin dağılması illərində peşəsi üzrə maaşla özünü və ailəsini dolandıra bilməyəcəyi qənaətinə gəldikdən sonra arıçılıqla məşğul olmağa qərar verib. 

Ətrafdakıların şübhə ilə yanaşmasına baxmayaraq, Qinyətoğlu 1995-ci ildə Şəkiyə-doğma evinə qayıdaraq arıçılıqla məşğul olmaq qərarına gəldi. Həmin müddətdən 15 il keçib, amma demək olar ki, hər bir günü sınaq olan intensiv əmək illəri nəticəsiz qalmayıb.   Hazırda "Qinyət Oğulları" qaratikan balı, cökə balı və dağ balı kimi yüksək keyfiyyətli məhsullar, həmçinin,  vərəmum, arı südü və çiçək tozcuğu istehsal edir. Artıq arıçılıq onun 13 yaşlı oğlu üçün də həyat fəlsəfəsinə və tərzinə çevrilib. Bal istehsalı sahəsində biliklərinə görə oğlu indi, hətta peşəkar arıçıya da, özü də balverən arıların seleksiyası sahəsində dərs verə bilər. 

"Arıçılıq incə işdir və bu məsələdə yalnız ataların və ulu babaların ənənələrinə, biliklərinə əsaslanmaq lazım gəldiyini deyə bilmərəm. Arıçılığın vətəni Avropadır və qeyd etmək istəyirəm ki, avropalılar və amerikalılar bu məsələdə elmi yanaşma, yeni texnologiyalar, balverən arıların savadlı seleksiyası hesabına çox irəli gediblər. Bütün bu bilikləri mən ədəbiyyatın, özü də ingiliscə olan ədəbiyyatın hesabına əldə etmişəm. Həmin ədəbiyyat Azərbaycan fermerlərinə ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAID-ın layihələrindən biri çərçivəsində verilmişdi. USAID (1997-2007-ci illərd\ə) mənim təsərrüfatıma yeddi xarici mütəxəssis - ABŞ-ın aparıcı arıçı alimini göndərmişdi və onlar mənə çox şey öyrətdilər. Bununla yanaşı, 2001-ci ildə  Virciniya ştatının arıçılar assosiasiyasının dəvəti ilə ABŞ-da təcrübədə olmuşam və orada arıçı kimi çox şey öyrənmişəm. Amerikalılar, hətta məni arıçı kimi işləməyə dəvət də etmişdilər, amma istəmədim, çünki Azərbaycansız, Şəkisiz və həyatımın mənası saydığım işim olmadan yaşayışımı təsəvvür edə bilmirəm".

Arıçılıq və bal istehsalı sahəsində dərin bilikləri hesabına Lətif Qinyətoğlu öz təsərrüfatında unikal şəfaverici xüsusiyyətlərə malik qaratikan balı istehsal edir. Bu bal növü ona görə dəyərlidir ki, onun başlıca mənbəyi dağətəyi yerlərdə mayın sonlarında - iyunun əvvəllərində çiçəkləyən qaratikan ağacının çiçəkləridir. İlin həmin vaxtlarında isə Azərbaycanın çox yerində arıçılıq təsərrüfatlarında olan ailələrdəki arı sayı qaratikan çiçəklərinin nektarını götürməyə imkan vermir, yəni işçi qüvvəsi çatışmır. Ancaq "Qinyət Oğulları" şirkəti tərəfindən arılar üzərində aparılan seleksiya işləri vaxtında, yəni yalnız Azərbaycanda və Gürcüstanda bitən bu unikal ağacın çiçəklədiyi dövrdə bəhrə  verir. Bunun da nəticəsi kimi Qinyətoğlu təmiz qaratikan balı əldə edir.  

"Şişirtmədən deyə bilərəm ki, qaratikan balı Azərbaycanı dünyada tanıdacaq baldır. Onun incə iyi və dadı var. Ürək, böyrək, əsəb sistemi, qrip, angina və yuxusuzluq xəstəliklərində uğurla işlədilir. Bu, bütün xəstəlikləri müalicə etməyə imkan verən dərmandır və qaratikan ağaclarının çiçəkləməsinə gecikmək olmaz. Bunu etmək çox çətindir, amma biz bacarırıq. Arıçılıqda incə məqamlar çoxdur. Bu, geniş elmdir. Qıt məhsul adlandıra bildiyimiz arı südünü əldə etmək də çətindir. 2009-cu ildə Azərbaycanın arıçılıq təsərrüfatları tərəfindən 17 kiloqramdan çox arı südü istehsal edilib ki, bunun  8 kiloqramı "Qinyət Oğulları"nın payına düşür. 

Beləliklə, başqa arıçılıq təsərrüfatları bu məhsulun yalnız 9 kiloqramını istehsal edə biliblər. İndi onun nə səviyyədə qiymətli olduğunu təsəvvür edə bilərsiniz. "Qinyət Oğulları"nın uğurunun sirri avadanlığa və elmi yanaşmaya pul əsirgəməməsindədir. 2006-cı ildə mən Çinin Kənd Təsərrüfatı Akademiyası yanında  "Apiculture" institutnun professoru Li Ciankenin "Qinyət Oğulları"na iş səfərinin xərcini çəkdim. Mənə arı südü əldə etməyi o öyrətdi və bunun üçün Çindən uyğun avadanlıq da gətirdi. Gələcəkdə biz "Qinyət Oğulları"nı Azərbaycanda arı südü istehsalının bayraqdarına çevirmək istəyirik. Öz işinin peşəkarı olmaq və təkmilləşmək üçün pul əsirgəməmək çox vacibdir",- deyə arıçı bildirir. 

Azərbaycan arıçılığının potensialını qiymətləndirən  Lətif Qinyətoğlu qeyd edir ki, bizim ölkədə bu sahədə peşəkar mütəxəssislər çatmır. "Arıçılar daim öz peşə səviyyələrini artırmalıdırlar. Dövlət də bunun üçün müvafiq şərait yaratmalıdır; məsələn, yeni başlayan arıçılar üçün məktəblər açılmalıdır. Hazırda Azərbaycan Beynəlxalq Mədən Şirkəti yeni başlayan arıçılar üçün kursların aparılmasını maliyyələşdirir və mən proqramın əlaqələndiricisiyəm. Fikrimcə, Azərbaycanda yeganə seleksiyaçı arıçı Balakən rayonunun Katex kənd sakini Həsən Dalayevdir; o, başqa arıçılara satmaq üçün damazlıq ana arılar yetişdirir. Bir ana arının qiyməti 20 manatdır. Bu insan Azərbaycana böyük fayda verir. Mən, məsələn, ana arıları yalnız öz təsərrüfatım üçün yetişdirirəm. Amma fikrimcə, hər bir arıçı öz pətəkliyinin işini dolğun qurmaq üçün bu prosesi öyrənib bilməlidir. Azərbaycanın "bal sənayesi"nin" gələcəyi bütövlükdə bundan asılıdır", -  deyə mütəxəssis vurğulayır.            

"Qinyət Oğulları"nın balını Bakının əksər iri mağazalarından almaq olar, bu işin əlverişliliyi ondadır ki, artıq balı qonşuların və ya başqa tanışların məsləhətinə inanıb üçüncü şəxsdən almağa ehtiyac qalmır. Yəni bununla "rəfiqəm balı bir yaxşı tanışından alır, deyir ki, təmiz baldır" söhbətlərindən yaxa qurtarmaq mümkündür. Bu cür rəfiqə məsləhətlərinin nə dərəcədə doğru olması da bəlli deyil. Amma "Qinyət Oğulları"nın balının keyfiyyətinə etibar etmək olar, çünki o, təkcə çoxsaylı dövlət idarələrinin laboratoriyalarının deyil, həm də zamanın sınağına dözüb. Yerli ekspertizaya şübhə ilə yanaşanlar üçün bu bala yüksək qiymət vermiş Avropa mütəxəssislərinin fikirlərini sadalamaq yetərlidir; məsələn, "Qinyət Oğulları"nın məhsulunu yoxlamış alman mütəxəssisləri dəfələrlə Lətif Qinyətoğluna məhsulunu Almaniyaya ixrac etməyi təklif etmişdilər. Amma arıçı imtina etmişdi. "Niyə?"si isə aydındır. Çünki elə olan halda onun pətəkliklərindən əldə edilən bütün məhsul Almaniyaya göndərilməli idi. Halbuki Azərbaycanda bu qiymətli məhsul, demək olar ki, çatışmır. Məhsulu ixrac etmək, sadəcə, Azərbaycan istehlakçısının təbii bal  tapmaq imkanlarını bir az da azaldacaq. Bu gün Lətif Qinyatoğlu üçün öz balını Azərbaycanda və azərbaycanlılar üçün istehsal etmək daha önəmlidir. 

 

İstənilən həbdən yaxşıdır 

90-cı illərin əvvəllərindən başlayaraq, Azərbaycanda arıçılıq fəaliyyətinin ən qiymətli məhsullarından olan arı südü və çiçək tozu alınması ilə Azərbaycanın yerli "Biooil Ltd" əczaçılıq şirkəti məşğul olur. "Biooil"in arıçıları heç də öz fəaliyyətləri nəticəsində böyük həcmdə bal məhsulu istehsal etmək niyyətində deyillər. Onların Lənkəran rayonunda yerləşən və 150 arı pətəyindən ibarət arıxanası qiymətli arı südü və çiçək tozunun alınması üçün yetərlidir.  Şirkətin arıçılıq fəaliyyətinin əsasında, necə deyərlər, elmi yanaşma durur. 

"Arı südü unikal orqanik dərmandır. O, hüceyrə metabolizmini və regenerativ prosesləri fəallaşdırır, yorğunluğun və stressin qarşısını almağa yardım edir. Çiçək tozları isə orqanizmin dözümünü artırır, immun sistemini gücləndirir və həzmetməni yaxşılaşdırır", - deyə şirkətin rəhbəri, alim Həsən Kazımov vurğulayır. 

Arı südü açıq-sarı rənglidir, turş qoxusu və özünəməxsus dadı var. Onun qiymətliliyi unikal tərkibi ilə bağlıdır. Tərkibində 20%-ə qədər zülal, 10%-dən  17%-ə kimi  karbohidrat, 5,5% yağ və 1%-dən çox mineral duzlar var. Maraqlıdır ki, arı südünün zülalı insan qanının plazmasına uyğundur ki, bu da onun qana tam sorulmasını təmin edir. Onun tərkibində 22 əvəzolunmaz amin turşusu var ki, onların sırasında arginin, qistidin, valin, lizin, metionin, serin, fenilalanin, triptofan kimi amin turşuları insan orqanizminin normal həyat fəaliyyəti üçün çox önəmlidir. Bundan başqa, onun tərkibinə vitaminlər, həmçinin, makro və mikroelementlər də daxildir. 

"Qədim zamanlardan insanlar maraqlanırlar ki, niyə işçi arılar kimi eyni yumurtadan çıxan ana arı işçi arılardan, demək olar ki, iki dəfə uzun və ağırdır? İşçi arılar yumurta qoyulandan 21 gün sonra doğulduğu halda, niyə onlar 15-16 gün sonra doğulurlar? İşçi  arının ömrü 30-35 gün olduğu halda, niyə ana arılar 5 ilə qədər yaşayırlar? Bu sirr alimlər tərəfindən çox-çox illər sonra, işçi arı və ana arı sürfələrinin qidasının tərkibi öyrənildikdən sonra açılıb. Bəlli olub ki, ana arı sürfələri bütün inkişaf dövründə, ana arılar isə intensiv yumurtalama dövründə  arı südü ilə qidalanırlar, işçi arı sürfələri isə onu yalnız həyatlarının ilk 3 günündə alırlar, bundan sonra isə balla çiçək tozunun qarışığı ilə qidalanırlar".

Arı südü gənc işçi arıların udlaq və  üst çənə vəzləri tərəfindən istehsal edilir. Bu, ən nadir təbii məhsullardandır. Qədimlərdən onu "kral jelesi" adlandırırlar. Əldə etməyin çətin olması və  saxlamağın qeyri-mümkünlüyü uzun müddət arı südünü həddindən baha etmişdi. Ondan yalnız əsilzadələr istifadə edə bilirdilər. Onu ferment mübadiləsini və toxumaların nəfəsalmasını fəallaşdıran, demək olar ki, bütün orqan və sistemlərin işini normallaşdıran tonuslayıcı kimi  istifadə edirlər; həm də  virus əleyhinə və antiseptik xüsusiyyətləri var ki, bu da xüsusilə cərrahiyyə əməliyyatı öncəsi və sonrası, həmçinin, uzunmüddətli xəstəliklərdən sonrakı reabilitasiya prosedurları zamanı  istifadəsinə imkan yaradır. 

Arı südü eritrositlərin, hemoqlobinin miqdarını, plazmada fosfolipidlərin qatılığını  artırmaqla qanın normallaşmasına səbəb olur. Həmçinin, xolesterinin səviyyəsini azaltmaqla, baş- beyin funksiyasının normallaşmasına səbəb olur və  ürək-damar sistemində sklerotik dəyişikliklərin qarşısını alır. Daxili sekresiya vəzlərinə tənzimləyici təsir göstərməklə, potensiyanı stimullaşdarır, prostat vəzini müalicə etməklə xəstəliklərin qarşısını alır, uşaq əmizdirən analarda laktasiya dövrünü uzadır. Asetilxolinin, yəni qan damarlarına tonuslayıcı təsir göstərən maddənin konsentrasiyasının çox olması arı südünün arterial təzyiq sıçrayışlarında  yüngülləşdirici təsir göstərməsinə imkan yaradır. 

Dermatoloqlar tərkibində arı südü olan maz və kremlərdən istifadə edərək seboreyanın, trofik xoraların və xroniki ekzemaların müalicəsində yaxşı və dayanıqlı nəticələr əldə edirlər.  Bundan başqa, bu unikal məhsul xərçəng hüceyrələrini dağıdır və güclü antioksidant təsiri göstərir ki, bu da onkoloji xəstəliklərin müalicəsi zamanı effektiv istifadəyə imkan verir, xərçəng xəstələrinin əhvalını yaxşılaşdırır. 

Hazırda həkimlər  arı südü və ya tərkibində arı südü olan dərman-vitamin preparatlarını müxtəlif yaşlı insanların, o cümlədən, uşaqların da immunitetini, bədənin müdafiə qüvvəsini artıran, onların soyuqdəymə və yoluxucu xəstəliklərə tutulma həssaslığını azaldan vasitə kimi istifadə etməyi məsləhət görürlər. Arı südü meteohəssas insanlara isə hava dəyişmələri və atmosfer təzyiqinin sıçrayışları zamanı yaranan diskomfort vəziyyəti yüngül keçirməyə imkan yaradır. 

Çiçək tozuna gəldikdə isə, onun tərkibində insan həyatı üçün önəmli olan zülallar, karbohidratlar, lipidlər, vitaminlər, mineral maddələr, fermentlər, hormonlar və s. var. Çiçək tozunda, həmçinin, onun bioloji fəallığını artıran asparagin turşusu, treonin, serin, qlütamin turşusu, prolin, alanin, tsistin, tirozin, antibiotiklər və s. var. "Biooil Ltd"nin arıçılıq təsərrüfatında ən çox çiçək tozu məhsulu aprel-iyun aylarında, yəni yaz dövründə yığılır. Çiçək tozları toz tutucusu vasitəsilə yığılır. 

 

Rentabelli təsərrüfat

Azərbaycan Arıçılar Birliyinə nəsillikcə arıçı olan Şamil Quliyev başçılıq edir. Bu təşkilat yığılmış problemlərlə bağlı yerli arıçıların maarifləndirilməsi ilə məşğuldur. "Bizim arıların tayı-bərabəri yoxdur. Biz təkcə bu genofondu qorumaqla kifayətlənmirik, həm də hər il damazlıq arılarn sağlamlaşdırılması üçün onu yeniləşdiririk. Bizim fəaliyyətimizin əsas istiqaməti insanlara sevinc gətirən və fəsadlarını yüngülləşdirən keyfiyyətli bal istehsalıdır",- deyə Şamil Quliyev bildirir. 

Astara rayonunun özəl arıçılıq təsərrüfatlarının rəhbərləri arı saxlamaqda yaxşı təcrübə qazanıblar. İcra hakimiyyətinin məlumatına görə, bu diyarda arıçılıqla 800-dən çox təsərrüfatda məşğul olurlar və onların 7060 arı ailəsi var. Bu da Astara arıxanalarından hər il 70,6  ton bal götürməyə imkan verir.

"2009-cu ildə bal yığımı əvvəlki illərə nisbətən bir qədər azalıb", - deyə damazlıq arıçılıq təsərrüfatının rəhbəri Əlikram Salayev bildirir: "Havaların pis keçməsi keçən il yığdığımız balı azaltdı. Uzunsürən yağışlar üzündən çəmən çiçəkləri xeyli gec açdılar. Bütün bunlar çiçək tozu yığımında özünü göstərdi. 2010-cu ilin yanvar ayında hava 17-19 dərəcəyə qədər qızdı, bu da arıların oyanmasına səbəb oldu. Sonra isə rayonda havalar kəskin pisləşdi, qar, yağış yağdı və şaxtalar düşdü. Belə şəraitdə arıçının əsas işi arıları soyuqdan qorumaqdır".    


MƏSLƏHƏT GÖR:

607