28 Noyabr 2024

Cümə axşamı, 11:53

QADININ ON BİR VERGİSİ

8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində dünyanın bütün qadınlarına həsr edilir

Müəllif:

01.03.2010

Kişilərin üstünlüyünün xeyrinə ən geniş yayılmış "dəlil", adətən, belə səslənir: qadınlar indiyə kimi tarixdə bəşəriyyətin taleyinə təsir göstərən heç bir yaddaqalan iş görməyiblər.  Əlbəttə, bu gün tarix, mədəniyyət, arxeologiya, etnoqrafiya, sosial psixologiya, folklorşünaslıq sahəsindəki elmi nailiyyətlər asanlıqla bu "dəlil"lərin əsassız olduğunu ortaya çıxarır. İnsan cəmiyyətinin formalaşması tarixinə kiçik ekskursiya etməklə görərik ki, əbədi yaradılış  hadisəsinin iştirakçısı olan əcdadlarımız, kişilər və qadınlar həyatın böyük sirlərinə inanıblar - bu, təkamül sirridir: bir əşyanın başqasına çevrilməsinin, əşyaların böyümələrinin, ölmələrinin və yenidən doğulmalarının sirri. Böyük ehtimalla onların gözləri önündə baş verən bu cür dəyişmələrdən biri qadınlarla baş verəndir. 

Bəşəriyyətin erkən çağlarında qadının mərkəzi mövqe tutması heç kimdə şübhə doğura bilməzdi. Yalnız qadın həyat vermək və dəstəkləmək bacarığına malik idi, qadınsız yeni insanın təbii yolla dünyaya gəlməsini təsəvvür etmək mümkün deyildi. Qədim alimlərin qadının və təbiətin ümumiliyinə diqqət yetirməsinə heç də mövhumat və fantaziya səbəb olmayıb - axı hər ikisinin ulu ana rolu oynaması bioloji faktdır. Erkən kollektivlərdə ətraf mühitin prosesləri və hadisələri barədə əməli fəaliyyətin gedişində əldə edilən biliklərin yığılmasında və qorunmasında qadının rolu danılmazdır. Yerin başqa qədim sakinləri kimi, qədim Azərbaycanın da ibtidai insanları qadınları ilahiləşdirirdilər. 

 

Analıq 

Bunu qeyd etmək lazımdır ki, insanların təsvir edildiyi ilk incəsənət əsərləri analara həsr edilib. Bu əsərlər bizim eradan on min illər əvvəl yaradılıb və arxeoloqlar onları "Venera heykəlləri" adlandırırlar. Hamiləliyin son aylarında olan yetkin qadın fiqurları bizim Azərbaycan arxeoloqları tərəfindən də çox sayda aşkar edilib. Bu sırada arxeoloqlar tərəfindən Qobustanın, Qarğalar təpəsinin mezolit, neolit və eneolit yaşayış məskənlərində tapılmış ilahə fiqurlarını; ölüləri embrion formasında basdırmaqla, əvvəlcədən qırmızı oxra ilə boya-yaraq onun ana qanı boyanmış torpağın qoynuna qayıdacağını rəmzləşdirən dəfn adətlərini;  Azərbaycanın bir çox yerlərində hələ göbəyi kəsilməmiş körpəsi ilə təsvir edilmiş doğan qadınların qaya-üstü təsvirlərini göstərmək olar. Bu şəkillərə Abşeronun Türkan kəndi yaxınlığında yerləşən bir sıra kurqanlarda, Qobustanda Böyükdaş dağının yuxarı terraslarında, İsmayıllı rayonunun Molla İsaqlı kəndində, Şirvanın Ağsu rayonunun dağlıq hissəsində yerləşən Nuran kəndində rast gəlinir. Bu cür arxeoloji, tarixi və antropoloji dəlillərin zənginliyi ulu atalarımızın qadının gücü ilə torpağın gücü arasında da sıx əlaqə olduğunu anladıqlarına əmin olmağa imkan verir. Qadını torpaqla, torpağı isə ilahi qüvvə ilə eyniləşdirən əcdadlarımız bütün əsaslarla ehtimal edirdilər ki, Yaradan qadın cinsindən olub. Amma hələ ki bu ehtimalı mütəxəssislərin öhdəsinə buraxaq, nə dərəcədə tarixidir, qoy elm araşdırsın. Hələliksə, bizim fikrimizcə, insanlığın iki yarısı arasında "müharibə" alovunu söndürməyə çalışmaq lazımdır. Bu gün bir cinsin o birisi üzərində üstünlüyündən yox, onların birgə harmonik mövcudluğundan danışmaq gərəkdir. 

 

Ocağın qoruyucusu 

Çağdaş evlərin vestibülünə girərkən heç kimin ağlına belə gəlmir ki, bu ilahə Anahitə - qədim Atropatenanın qutsal giriş və ev ocağı ilahəsinin şərəfinə həsr edilmiş xüsusi girişdir. Tanrıların insanlara bəxş etdiyi qutsal od bu ilahənin məbədində saxlanılırdı. Odun qoruyucusu olan kahin qadın onu bütün şəhər üçün qoruyurdu. Bu cür od-ocaq hər bir evdə olurdu və evin xanımı, yəni ailənin kahinəsi onu qoruyurdu. 

Hələ zərdüştiliyi qəbul etməzdən çox öncələr ailə ocağı kultu Azərbaycanın qədim sakinlərinin ruhani həyatında böyük rol oynayıb. Bunun parlaq sübutu isə ibtidai insanın qədim məskəni olan Azıx mağarasında müxtəlif vaxtlara təsadüf edən beş ocağın tapılmasıdır. Qədim insanın mağaradan tapılmış maddi-mədəniyyət qalıqları içində xüsusi yer hündürlüyü 1,8 metr olan və stalaktitdən düzəldilmiş qadın heykəlinə məxsusdur. Bu, yorğana bürünmüş qadındır. Bəlkə də ev oğacığının qoruyucusu olan qadınları himayə edən, bəlkə də soyuqdan qoruyan ilahədir. Bu mağara məskənində iki qədim kult -  od kultu və qadın kultu özünü daha qabarıq göstərir. Od kultu birbaşa qadın kultu ilə bağlı olub. Məhz qadın odun qoruyucusu olub, qadın gecə-gündüz onu sönməyə qoymayıb, soydaşları üçün onun üzərində yemək bişirib, ayin içkiləri hazırlayarkən dualarla oda müraciət edib. Qadınlar bununla da məişətlə ailənin, soyun, ulusun, inancın varlığını birləşdiriblər. Düşünürəm ki, analar və qadınlar indi də ailə üçün yemək hazırlayırlar, evdə istiliyi qoruyur, rahatlıq yaradır, məişəti və həyati varlığı birləşdirirlər. Bununla yanaşı, onlar həm də elmlə məşğul olur, əməyin və ictimai həyatın müxtəlif sahələrində çalışır, demokratik dövlət quruculuğunun fəalına çevrilirlər. Amma qadın nə işlə məşğul olur-olsun, ilk öncə, öz evinin qurucusu olmalıdır, elə də sadə olmayan bu işə günbəgün, anbaan nələrisə əlavə etməlidir. 

Hisslər və ürək yanğısı ilə yanaşı bu işdə ona, necə deyərlər, hələ heç kim tərəfindən araşdırılmayan və hətta heç kim tərəfindən söylənilməyən mövcud  qadın mədəniyyəti şübhəsiz yardım edir. Bu mədəniyyət müxtəlif konkret biliklərin, həyatın doğurduğu və təxirəsalınmaz suallara cavabların toplusudur. Burada həm uşağın həkimlərin belə öhdəsindən gələ bilmədiyi öskürəyinin necə sağaldılması, həm qonaqları necə qarşılamaq, həm də baldızı qızını öz əri ilə və ya öz qızını rəfiqəsi ilə  necə barışdırmaq, qonşu qadının dərdini necə dağıtmaq barədə biliklər yer alır/. Yalnız qadın bu cür çoxsaylı suallara dəqiq cavab verə bilər, çünki o, xüsusi mədəniyyətin təmsilçisidir. Onun başlıca cəhətlərini Tanrı vergisi də adlandırmaq olar. 

 

Qadın mədəniyyəti 

Birincisi - ən önəmli və qiymətli olan qayğıdır, ətrafda olan hər kəsə qayğı, yaxınlarını sevmək və anlamaq, onlar üçün heç zaman sönməyən ocaq hərarətinin mənbəyi olmaq qabiliyyətidir. Mənim subyektiv fikrimcə, sevməyi, öz enejisini və istiliyini təmənnasız pay verməyi yalnız qadın bacarır. Yalnız qadın insan üçün ən əziz şey olan ömrünü yardıma, sevgiyə və himayəyə  ehti-yacı olan xəstəyə, əlilə bütünlüklə qurban verə bilər. 

İkincisi isə xanım olmaqdır. Evlilik insan münasibətlərində əsas rolun qadına verildiyi xüsusi sahədir. Nikahın ruhu, bir növ, qarşılıqlı hörmət, xeyirxahlıq, sevgi, qarşılıqlı anlaşma, əməkdaşlıq, qarşılıqlı güzəşt, bir sözlə, harmonik münasibətlər ruhudur. Qadın öz ərinin şəxsində onunla həyatını və qayğılarını bölüşən, onu əzizləyən və qoruyan, təkbaşına bacara bilmədiyi çətin ev işlərində ona yardımçı olan dostunu və tərəfdaşını görür. Ər isə öz qadınına ona ailədə və evdə rahatlıq və dinclik yaradan yoldaş və köməkçi kimi baxır. Burada da qadın xüsusi bacarıq göstərir - bizim qarışıq dünyanın gözlənilməzlikləri ilə mübarizədə ərinə yardım edir və evdə xoş mühit yaradır. 

Üçüncü də ki analıqdır və burda nəyisə anlatmağa heç bir ehtiyac yoxdur. Qadının təbii tələbi olan soyun davam etdirilməsi vərdişi anadangəlmə instinkt kimi qəbul edilir və sadə, izahsız fakt kimi görünür. Qadın öz uşağının atası ilə yetərincə sıx bağlıdır. İlk başdan simbioz xarakterli olan ana və uşaq əlaqəsi inkişafın bətn mərhələsindən başlayır və daha sonra getdikcə möhkəmlənir. Psixiatr Erix Fromm bildirir ki, uşaq atasının sevgisini, bir qayda olaraq, sözə baxmaq və qayğı yolu ilə qazanır. Ananın sevgisi isə təmənnasızdır, buna görə də yalnız xoş duyğular yaradır. Analıq, bir qayda olaraq, yalnız döllənmək və uşaq doğmaqla bitmir, onu yedizdirib böyütmək də lazımdır. 

Dördüncüsü evin yiyəsi, onun qurucusu və toplayıcısı olmaqdır. Bununla bağlı xalq arasında gəzən bir deyimi yada salmaq yerinə düşərdi: evi ev edən qadındır. 

Beşincisi, çörəkverən olmaqdır, ocaq başında durub yemək hazırlamaqdır. Etnoqrafların fikrincə, xalqlar bir-birindən daha çox yemək hazırlamaq və uşaq tərbiyə etmək adətlərinə görə fərqlənirlər. Yəni milli köklər, milli adətlər və ənənələr daha çox qadın əllərinin hesabına qorunur. 

Altıncısı isə öz görkəminin qayğısına qalmaq, gözəl olmaqdır. "İnsanın görkəmi ən yaxşı tövsiyə məktubudur", - deyə Roma imperatoru Mark Avreli hələ iki min il qabaq bildirmişdi. Ancaq bu sözlərdən çox-çox qabaqlara - buz dövrünə aid olan mağaralarda arxeoloqlar dodaq boyası kimi kosmetik komponentlər aşkarlayıblar. Bütövlükdə, gözəllik incəsənətinin,  makiyajın, təxminən, beş min yaşı var. Elə həmin uzaq illərdən cəmiyyətin həyatına xoş ətir, sifət boyası, çoxsaylı sürtkü reseptləri və  kosmetik prosedurlar daxil olub və oturuşub. Qadının bacardıqca gözəl görünmək istəyi də onun xüsusi qabiliyyəti sayılır.  

Yeddincisi əl qabiliyyətidir. Tikmək, hörmək, yamamaq, xalça toxumaq qadın yaradıcılığının tarixi stixiyasıdır. Qadınlar ənənəvi qadın tikmələrinin rəmzlərinin dilini açıblar. Azərbaycanda yaşayan xalqlarda bu rəmzlər çox qədimlərə gedir. Bu yazılar xalqların kökünün və köçünün sirlərini açır. 

Səkkizincisi, şəfa verməkdir, uşaqları və doğmaları otlarla, yeməklə, rejimlə və qayğı ilə sağaltmaqdır. Qədim kahinələr, bilici qadınlar bu sənəti çox gözəl bacarıblar. Qadının həkimliyə sevgisi peşə seçəndə də öznü göstərir. Statistikaya görə, sağlamlıq sahəsində işləyənlərin çoxu, yəni  68,9%-i qadınlardır. 

Doqquzuncusu, bağları qorumaq, keçmişin sirli qaynaqlarını dinləmək, ona açıq gözlə baxmaq vergisidir. 

Onuncusu isə tərbiyə etmək və bunu bacarıqla yönəltməkdir. Boş yerdən demirlər ki, yaxşı tərbiyə ən gözəl irsdir. Bu problemin öhdəsindən qadın çox uğurla gəlir. Yuxarıda qeyd edildiyi kimi, uşaqların tərbiyəsi də qadının təbii ehtiyacları sırasına daxildir və analığı səciyyələndirən xüsusiyyətlərdəndir.  

On birincisi, rəhbərlik və başçılıq etməkdir. Demokratikləşmə şəraitində qadının ictimai-siyasi həyatda fəallığının, dövlət səviyyəsində önəmli qərarların verilməsində onların iştirak səviyyəsinin artması üçün geniş imkanlar yaranır. Son zamanlarda sivilizasiyalı dünyada yalnız elm, tibb və pedaqogika sahəsində deyil, həm də kökdən kişi işi sayılan siyasətdə də böyük uğurlar qazanmış qadınların sayı artır.  İndi qadınların ailə ocağının qoruyucusu rolu getdikcə cəmiyyətin iqtisadi, siyasi və sosial həyatının hərəkətverici qüvvəsinə çevrilir. 

Heç də hər bir qadın, eyni zamanda, qadın mədəniyyətinin müəyyənləşdirilməsi baxımından sadalanan bu on bir qabiliyyətin daşıyıcısı ola bilmir. Amma belələri var və sevinclə bildirmək lazımdır ki, onların sayı az deyil. Bəlkə də, bu on bir qabiliyyət məsələsi şərtidir. Hər bir insan bu sıraya öz gördüyü bir qabiliyyəti də istənilən yerə əlavə edə bilər. Burada yetərincə müxtəliflik  müm-kündür. Qadın  mədəniyyəti qadına həyatın böyük yaradıcılığını gerçəkləşdirmək imkanı yaradır. Qadın toplumun və ailənin işlərinə dərin maraq göstərməsi, ölkədə və ondan kənarda baş verən hadisələrə ürək yandırması və həyəcan göstərməsi ilə seçilir. 


MƏSLƏHƏT GÖR:

577