6 Dekabr 2025

Şənbə, 00:03

ƏMƏYƏ GÖRƏ HAQQ

Azərbaycandakı sabit iqtisadi durum hesabına yerli şirkətlər əməkhaqqına görə xariciləri üstələməyə artıq nail olublar

Müəllif:

01.03.2010

Əməkhaqqı barədə sual verməmək, demək olar ki, bütün dünyada əsas etiket qaydalarından biri sayılır. Amma ondan danışmalı olanda da, istənilən halda, mənfi notlardan qaçmaq mümkün olmur. Bu mövzu işçi ilə işəgötürən arasında fikir ayrılıqlarının əsas nöqtəsidir. Birincilər, bir qayda olaraq, öz əməkləri üçün daha çox maaş almaq istəyirlər, ikincilər isə əmindirlər ki, onların ayırdığı əməkhaqqı fondu həddindən böyükdür. Bu əbədi mübahisəni həll etmək mürəkkəb işdir. Axı iqtisadiyyatda əməkhaqqı anlayışı tamamilə subyektiv məsələdir, bu, əsasən dünyada, işdə, bütövlükdə ölkədə və müəssisədə, təşkilatda gedən iqtisadi proseslərdən, həmçinin, konkret olaraq işəgötürənin baxışlarından asılıdır. 

 

Nisbilik nəzəriyyəsi 

Bu yaxınlarda Azərbaycan KİV-lərinin birində iki-üç fəaliyyət sahəsi üzrə əməkhaqlarının xırda  icmalı verilmişdi və bunlar açıqca göstərirdi ki, bizim ölkədə əməkhaqqı bazarı hələ tam tənzimlənməyib. Əsasən bu, iqtisadiyyatın eyni sahəsinin müxtəlif subyektlərində eyni mövqelər üzrə əməkhaqları məbləğləri arasında böyük fərqlərin olması ilə izah edilir. Bazar iqtisadiyyatı şəraitində münasibətlərin tənzimlənməsi imkanı varmı, yoxsa bu, kapitalizm şəraitində normal sayılır?

Ondan başlayaq ki, əmək bazarının və onun işləmə mexanizminin qiymətləndirilməsi məsələsində iqtisadçılar arasında fikir birliyi yoxdur. Klassik siyasi iqtisad elminə görə, yalnız bir istehsal resursunun satıldığı əmək bazarı da bütün bazarlar kimi  qiymət tarazlığı əsasında fəaliyyət göstərir. Bazarın əsas tənzimləyicisi işçi qüvvəsinin qiymətidir. Bu təlimin tərəfdarlarının fikrincə, əməkhaqqının vasitəsilə işçi qüvvəsinə tələb və təklif tənzimlənir, tarazlıq təmin edilir. İşçi qüvvəsinin qiyməti bazarın tələbatına çevik reaksiya verir, tələb və təklifdən asılı olaraq artır və azalır. 

Qeyd edək ki, bütün iqtisadiyyat üçün əmək bazarı mövcud deyil. O, peşələr, sahələr, ərazilər üzrə bölünür. Müxtəlif peşələrin və ixtisasların işçiləri müxtəlif əməkhaqları alırlar. Bu, iş yerindən də asılıdır. Təhlükəli, xoşagəlməz, cəlbedici olmayan əmək növləri də var. Əmək bazarında tarazlıq şərtləri müəyyən dərəcədə dövlət müdaxiləsi ilə  müəyyən edilir, onun işi isə həmkarlar təşkilatları və sahibkarlar birlikləri ilə bağlıdır. Əmək təkliflərinə işsizliyə görə müavinətlərin olması, əməkhaqqı üçün minimum dərəcələrin müəyən edilməsi də təsir göstərir. 

 Əmək haqqının konkret dərəcələrinin müəyyən edilməsi əmək bazarının konkret strukturundan asılıdır. Rəqabət bazarlarında əməkhaqqı dərəcələrinin və məşğulluq səviyyəsinin tarazlığı əmək tələb və təkliflərinin münasibətilə müəyyən edilir. İşəgötürən işçilərə elə əməkhaqqı təklif etməlidir ki, onlar bütün başqa imkanlardan imtina etsinlər. Əgər belə təklif yoxdursa, onda işçilər məcburən işəgötürənin təklifi ilə razılaşmalı olurlar. Rəqabətli bazarda isə sahibkarlar onlara daha çox xoş gələn əməkhaqqı səviyyəsini müəyyən edə bilmirlər. Sahibkarların sayı çox olan  zaman onlar öz aralarında razılaşmaya gedə bilmirlər, onların istənilən işçi kateqoriyasına tələbatı əməkhaqqının elə səviyyəyə qədər artmasına səbəb olur ki, bundansonrakı dövrdə  bazarda təklif edilən bütün işçi qüvvəsi qəbul ediləcək. İşçilər də  həmişə daha yüksək dərəcələr əldə etməyə can atırlar, amma rəqabət şəraitində onlar istədikləri şərtləri əldə edə bilmirlər. 

 

Tarixi ədalətsizlik 

"Əməkhaqqı" anlayışının nəzəri mühiti belədir. Azərbaycanda göstərilən prinsiplər çox işləmir,  bunun da obyektiv və subyektiv səbəbləri var. İlk növbədə qeyd edək ki,  bizdə əməkhaqqı bütövlükdə iki kateqoriyaya - büdcə və kommersiya əməkhaqqı kateqoriyalarına bölünür. Birinci kateqoriya tamamilə dövlət büdcəsi hesabına maliyyələşir və hazırda 75 manata bərabər olan minimum əməkhaqqına əsaslanır. Başqa sözlə, hökumət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı səviyyəsi hər bir büdcə sahəsi işçisi üçün ştat cədvəlinə uyğun olaraq, onun kateqoriyasına, ixtisas səviyyəsinə uyğun olan əmsala vurulur. 

Sirr deyil ki, məhz "büdcə" maaşları bizdə nisbətən aşağı kimi qəbul edilir. Maraqlıdır ki, büdcə maaşları, adətən, maddi mənada konkret məhsul istehsal etməyən, amma bununla yanaşı istənilən cəmiyyətin normal fəaliyyəti üçün çox önəmli olan peşələrin sahiblərinə verilir. Bu sıraya həkimlər, məmurlar, elmi işçilər, hüquq-mühafizə orqanlarının təmsilçiləri, incəsənət adamları daxildir və bu gün onların çox azı yüksək maaşları ilə qürurlana bilərlər. O da var ki, bu, tarixi formalaşmış ənənədir. Klassiklərin əsərlərində də bir qayda olaraq, müəllimlər, şairlər, elm adamları, polislər əhalinin yoxsul təbəqəsinə aid ediliblər. Sovet dövrünün populyar rus filmlərindən olan "Həmişə təmizlikdə"nin qəhrəmanlarından olan poliklinika həkimi, cərrah Lukaşin və orta məktəb müəllimi Nadyanın dialoqunda da bu məqama yer verilib: 

- Bizim çox vacib peşələrimiz var, Nadya!

- Əmək haqqına baxanda, belə deməzsən.

Başqa sözlə, cəmiyyətdə bu peşə sahiblərinə göstərilən hörmət və ehtirama baxmayaraq, tarixən onların əməyinin qiyməti yüksək olmayıb, bunun da səbəbi, bayaq dediyimiz kimi, onların əməyi nəticəsində ticarət münasibətlərinin obyekti olan məhsul istehsal edilməməsi ilə bağlıdır. Təəssüf ki, bu meyil bu gün də davam edir, halbuki dünyanın inkişaf etmiş ölkələrində təhsili, səhiyyəni, elmi kommersiyalaşdırmaq hesabına bu problemi qismən həll etmək mümkün olub. Azərbaycanda bu prosesə başlanılsa da, hələ ki kütləvi hal almayıb. Yəni ölkənin bir sıra ali məktəblərinin pullu təhsilə keçməsindən sonra müəllimlərin maaşlarına əlavələr edilməyə başlanılıb.  Həmçinin, yalnız təhsilin kommersiya prinsiplərinə əsaslanan orta və ali məktəblər yaranıb və təbii ki, həmin tədris müəssisələrində əməkhaqqı səviyyəsi xeyli yüksəkdir, amma əmək kollektivinə tələblər də yüksəkdir. 

Praktik olaraq, oxşar durum  səhiyyə və elm sahəsində də formalaşıb, yəni əməkhaqları bazarında rəqabət əlamətləri yaranıb. Bir tərəfdən bu, müsbət amildir, çünki bu sahənin təmsilçilərinin səviyyələrini yüksəldərək kommersiya sahəsinə keçməsini stimullaşdırır. Başqa tərəfdən isə tam büdcə təşkilatlarında  getdikcə aşağısəviyyəli mütəxəssislərin toplanmasına səbəb ola bilər. Bu isə əsasən, pulsuz xidmətdən yararlanan böyük əhali kütləsinin narazılığına səbəb ola bilər. 

  Qeyd etmək lazımdır ki, dövlət öz növbəsində bu sahədəki durumu tənzimləməyə çalışır və hər il büdcə sektorunda çalışanların əməkhaqlarını qaldırır.  Bu, həm minimum əməkhaqqının artırılması, həm də dövlət başçısının ayrı-ayrı sahələr üzrə birbaşa verdiyi sərəncamlarla gerçəkləşdirilir. Bunun hesabına son 5 ildə müəllimlərin, həkimlərin, polis işçilərinin, məmurların əməkhaqqı dəfələrlə artıb. 

 

İkili reallıq 

Bununla yanaşı, Əmək Hüquqlarının Müdafiəsi Liqasının başçısı Sahib Məmmədovun sözlərinə görə, Azərbaycanın əməkhaqları bazarında rəqabətdən danışmaq hələ tezdir. Çünki ölkənin əmək bazarında təklif tələbdən xeyli çoxdur. "Yalnız yüksəkixtisaslı mütəxəssislər səviyyəsində rəqabət gedə bilər. Ona görə də eyni profilli müəssisələrdə eyni vəzifələr üçün təklif edilən əməkhaqlarında böyük fərqlərdən danışmağa ehtiyac qamır", - deyə o vurğulayır. 

Onda əməkhaqları bazarının icmalı üzrə analitik materiallardakı müxtəliflik haradan qaynaqlanır?  Ekspertin fikrincə, hazırda Azərbaycanda əməkhaqqı bazarının real və obyektiv araşdırmasını aparmaq mümkün deyil. Əsas səbəb kommersiya müəssisələrinin çoxunda vergi və sosial ödənişlərdən yayınmaq üçün tətbiq edilən ikili mühasibatın olması ilə bağlıdır.  Buna "konvert" sistemi də deyirlər, çünki bir sıra müəssisələrdə işçilərə cüzi rəsmi maaşlarla yanaşı, "real" maaşların olduğu konvert verilir. 

Ədalətlə demək olar ki, son bir neçə ildə ölkədə bu cür praktikadan uzaqlaşma hiss edilir, bu, xüsusilə də öz imicinə laqeyd olmayan təşkilat və müəssisələrə xasdır. Məsələ bundadır ki, yüksək-ixtisaslı mütəxəssislər də "ağ" maaşlar verilən müəssisələrə can atırlar, çünki belə maaşlar olmadan bank kreditləri, ipoteka almaq, pensiya təminatı, dekret ödənişləri, sığorta və sivilizasiyalı dünyanın "rahatlıqları" mümkün olmur. Ola bilər ki, bu da Azərbaycanın əmək haqqı bazarında rəqabət "artım"ları deməkdir. 

Yeri gəlmişkən, bir məqamı da qeyd etmək yerinə düşərdi: yük-səkixtisaslı işə yüksək maaşlar almaq praktikasını Azərbaycanda  ilk dəfə 10-15 il qabaq xarici neft şirkətləri tətbiq etsə də, bu gün xarici şirkətlərlə onların yerli analoqlarının təklif etdikləri maaşlar arasında elə də böyük fərq olduğunu demək mümkün deyil. Əksinə, indi bizim bir sıra şirkətlərdə kompensasiya zərfləri xarici şirkətlərin filial və nümayəndəliklərindəkindən xeyli cəlbedicidir. Bu meyil böhran şəraitində daha da gərginləşib. Azərbaycan şirkətləri ölkədəki sabit iqtisadi durum hesabına öz işçilərinin maaş səviyyəsini saxlaya biliblər, amma xaricilər maaşları azaltmağa məcbur oldular. Başqa sözlə, bu gün Azərbaycanda əməkhaqları bazarını təkmil saymaq olmaz, ancaq hazırkı  durum müəyyən yaxşılaşmaya ümid  verir ki, zaman keçdikcə bu bazarda obyektiv analiz aparılacaq və bu da rəqabəti, bazardakı ədaləti gücləndirəcək. 


MƏSLƏHƏT GÖR:

533