AXIN AXINI SEVMƏZ
Enerji qaynaqlarının daşınması məsələsində Qərblə Rusiya arasında qarşıdurma davam edir
Müəllif: Nurlanə QULİYEVA Bakı
Qərbdə "Nabucco" layihəsinin dəstəklənməsi uğrunda kampaniyanın davam etdirilməsinə baxmayaraq, onun gerçəkləşdirilməsi şansı gündən-günə aşağı düşür; bu da Avropa bazarlarına qaz daşınması üzrə alternativ marşrutları önə çıxarır. Nəticədə Qərblə Rusiya arasında enerji qaynaqlarının daşınması məsələsində üstünlük mübarizəsi gərginləşir. "Nabucco"nun mümkün iflası dolayısı ilə Rusiya variantlarının qələbəsidir; bu da demək olar ki, Rusiyanın qaz təzyiqinin altından çıxmağa cəhd edən Avropaya heç cür əl vermir. Eyni zamanda Azərbaycanın tranzit mövqelərinə də təsir göstərir ki, bu da ölkə üçün maliyyə baxımından əlverişli deyil. Bir çox analitiklər belə nəticəyə gəlirlər ki, dünyanın gələcək qaz xəritəsi bizim, həmçinin, qonşu regionda mürəkkəb siyasi və iqtisadi problemlərin nə dərəcədə uğurla həll edilməsindən çox asılıdır.
Şimal və Cənub
Bu gün Qərb analitikləri tərəddüd etmədən "Nabucco"nun iflasında Rusiyanı günahlandırırlar. Energetika məsələləri və MDB ölkələri üzrə Avropa eksperti Aleksandr Rar bu fikirdədir ki, layihənin tamamilə dalana dirənməsi Rusiyanın bir sıra Balkan ölkələrini çox bacarıqla "Cənubi axını" layihəsinə qoşulmağa razı salması nəticəsində baş verdi. "Türkiyə və Rusiya arasında "Cənub axını" layihəsi ilə bağlı çox uğurlu danışıqlar aparılır; Ukrayna rəhbərliyində də dəyişikliklər olub və bu göstərir ki, o da Rusiya şirkətlərini öz ölkəsinə cəlb etməkdə maraqlıdır", - deyə Rar "1news" informasiya agentliyinə bildirib.
Yada salaq ki, "Cənub axını" qaz kəmərinin marşrutuna sərmayəöncəsi mərhələdə bir neçə variantda baxılır. O özündə Rusiyanın və bir sıra Avropa ölkələrinin quru hissəsini, həmçinin, Qara dənizdən və qazın İtaliyanın cənub hissəsinə nəqlini nəzərdə tutan variantda Adriatik dənizindən keçən sualtı qaz kəmərlərini birləşdirir. "Cənub axını"nın dəniz hissəsinin məhsuldarılığı ildə 63 mlrd kub.m təşkil edəcək. Layihənin quru hissəsinin gerçəkləşdirilməsi ilə bağlı Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan və Sloveniya ilə hökumətlərarası sazişlər bağlanılıb.
Avstriya ilə də müvafiq sənədin imzalanması planlaşdırılır. Layihənin rəsmi saytında qeyd edilir ki, "Cənub axını" layihəsinin əsas məqsədi Avropanın təbii qaza olan əlavə tələbatının ödənilməsidir. Eyni zamanda, bu sözlər də əlavə edilir: "Bununla belə, Rusiya marşrutu Cənubi Qafqaz ölkələrindən və Türkiyədən keçən "Nabucco" kimi qaz kəmərlərinin gerçəkləşdirilməsinin əleyhinə deyil. Axı Avropanın əlavə qaz həcmlərinə proqnozlaşdırılan tələbatı, eyni zamanda, bir neçə layihəni gerçəkləşdirməyə imkan verir. Amma əlbəttə ki, bunun üçün uyğun resurs bazası olmalıdır".
Məhz sonuncu bənd Rusiyanın əlindəki əsas "fişka"dır, Moskvanın uğurlu qaz siyasəti Avropa əhlinin əsas "ümidi" olan layihənin bütün resurs imkanlarını sıfıra endirib. A. Rarın sözlərinə görə, "türkmənlər öz qazlarını, demək olar ki, bütünlüklə ya Rusiyaya, ya da Çinə satırlar ki, "Nabucco" kəməri üçün yalnız Azərbaycan qazı qalır. Azərbaycan hazırda birbaşa Rusiyaya və İrana böyük qaz həcmləri satır. Buna görə də "Nabucco" üçün indi, sadəcə, qaz yoxdur. Rar əlavə edib ki: " Qərbdə "Nabucco"nu İraq qazı ilə doldura biləcəklərinə ümid edirlər. Amma orada da durum sabit deyil, yəni Avropa bazarına yetərincə qaz həcmlərinin daxil olub-olmayacağı sual altındadır. Amma bu, "Nabucco" üçün yeganə şansdır, başqa şans artıq yoxdur".
Rusiyanın qaz siyasətini doğrudan da alqışlamağa dəyər; sadəcə, təmiz ticari qarmaqlarla "Nabucco"nun bir çox potensial tərəfdaşlarını öz tərəfinə çəkməklə yanaşı, Moskva həm də artıq qeyri-sabit Ukrayna ilə əlaqəsi olmayan sabit nəqletmə variantları təklif edir. Yeri gəlmişkən, Kiyev yeni seçilmiş prezidenti Yanukoviçin vasitəsilə durumu düzəltməyə çalışıb və "Qazprom"a Ukraynanı da "Cənub axını" marşrutuna qoşmağı təklif edib. Amma göründüyü kimi, Rusiya şirkəti indən belə risk etməməyi və Kiyevlə tərəfdaşlıq əlaqələrinə getməməyi qərara alıb.
Yada salaq ki, "Cənub axını" ilə yanaşı, Rusiyanın Avropaya istiqamətlənmiş başqa bir iddialı layihəsi - "Şimal axını" da var. Bu magistral qaz kəməri Baltik dənizindən keçərək Rusiyanın Vıborq sahillərini Almaniyanın Baltik dənizi sahillərində yerləşən Qrayfsvald bölgəsini birləşdirəcək. Uzunluğu 1,2 min km olan qaz kəmərinin 2010-cu ildə işə salınması nəzərdə tutulur və ilkin mərhələdə ötürmə gücü ildə 27,5 mlrd kub.m olan birinci xəttin tikilməsi planlaşdırılır. Sonrakı mərhələdə ikinci xəttin tikilməsi ilə ötürmə gücünün ildə 55 mlrd kub.m-ə çatdırılması düşünülür.
Yeri gəlmişkən, bu iki layihə Rusiyaya, lazım gəldikdə, Avropaya ixrac edilən qaz həcmlərini artırmağa və Orta Asiya qazının tranziti ilə daha geniş məşğul olmağa imkan yaradacaq. Rusiya, Qazaxıstan və Türkmənistan arasında gerçəkləşdirilən Xəzəryanı qaz kəməri layihəsi də bu məqsədi daşıyır. Xəzəryanı qaz kəmərinin tikintisi ilə bağlı ilkin sazişə görə, Qazaxıstandan nəql ediləcək qaz həcmi ildə 10 mlrd kub.m-ə qədər çatacaq. Amma daha sonra Türkmənistan tərəfi ildə 20 mlrd kubmetr qaza qədər artıq həcm nəql edə bilər.
Analitiklərin fikrincə, Xəzəryanı qaz kəmərinin tikintisi Rusiya üçün həddindən önəmlidir. Çünki onun öz qaz yataqları ilə, məsələn, Qərbi Sibir yataqları ilə bağlı layihələri hələ gerçəkləşdirilməyib. "Qazprom" isə hazırda Avropaya qaz nəqli ilə bağlı anlaşmalarını poza bilməz. Bundan başqa, Mərkəzi Asiya ölkələri dəfələrlə öz qazötürmə marşrutlarını diversifikasiya etmək niyyəti nümayiş etdiriblər. Onların Xəzərin dibi ilə çəkilərək, ölkələrini "Nabucco"ya birləşdirəcək Transxəzər qaz kəməri la-yihəsinə dəstək verməsi bunun sübutudur. Ancaq Xəzərin statusunun həll edilməməsi üzündən Transxəzər qaz kəmərinin çəkilməsi, demək olar ki, mümkün deyil. Bu özü də regionda siyasi və iqtisadi intriqaların başqa bir çuğlaşmasıdır.
Show go on
Amma bununla belə, "Nabucco"dan keçmiş zamandakı kimi danışmaq hələ ki tezdir. "Cənubi axın" layihəsinin nisbətən ucuz və asan başa gələn olmasına baxmayraq, dünyada daha çox "Nabucco"ya meyil edirlər. Belə ki, yaxınlarda Beynəlxalq Energetika Agentliyinin (IEA) baş direktoru Nabuo Tanaka jurnalistlərə bildirib ki, "Nabucco" layihəsi "Avropa Birliyini qazla təchiz etmək baxımından "Cənubi axın" layihəsindən daha effektiv vasitədir, çünki qaz təchizatçılarının sayını artırır". Onun sözlərinə görə, qaz kəmərlərinin çəkilməsində önəmli məsələlərdən biri də sərmayələrin effektivliyidir. ""Cənub axını" Ukraynadan yan keçəcək və təbii ki, enerji təhlükəsizliyi artacaq. Amma istər "Cənub axını", istərsə də digər boru kəməri ilə də olsa regiona eyni Rusiya qazı veriləcək. Yeni qaz kəməri tikməkdənsə, Ukrayna ilə problemləri səmərəli həll etmək daha doğru olardı", - deyə IEA başçısı vurğulayıb. Bir çox ekspertlərin fikrincə, məsələnin kəskinliyi ondadır ki, "Cənub axını" və "Nabucco" boru kəmərlərinin qoşa fəaliyyəti qeyri-mümkündür; belə olan halda onların ikisinin də fəaliyyəti rentabelsiz sayıla bilər.
Yeri gəlmişkən, "Cənub axını"nın daha bir başağrısı Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan və Orta Asiya qazının Rumıniya, Gürcüstan, Ukrayna və Moldovadan keçməklə Şərqi Avropaya nəqlini nəzərdə tutan "Ağ axın" (White Stream) layihəsidir. "Ağ axın"ın marşrutu həm "Cənub axını", həm də artıq fəaliyyətdə olan və Qara dəniz altından Türkiyə ilə Rusiya Federasiyasını birləşdirən "Mavi axın" layihəsinin marşrutu ilə kəsişəcək. Maraqlıdır ki, "White Stream"in qazı haçalaşaraq Krıma da yönəldiləcək. Bu, görünür, Krımın Rusiya qazı ilə təchizatını ləğv edəcək. Hazırda isə bu region öz təchizatının 70%-ni Rusiya qazı hesabına gerçəkləşdirir.
Bu layihə geniş kontekstdə isə "Cənub axını"nın rəqabət qabiliyyətini aşağı salacaq və birbaşa onun yolunu tutacaq. Bunu nəzərə alan AB-nin energetika komissarı Andris Piebalqs bildirib ki, əgər "Şimal axını" layihəsi yaxın illərdə gerçəkləşdirilə bilərsə, "Cənub axını"nın gələcəyi dumanlı görünər. Avropa komissarının sözlərinə görə, Brüssel həmişə "Cənub axını" layihəsinə təmkinlə yanaşıb, "Şimal axını" layihəsi daha real görünür.
İstənilən halda, beynəlxalq toplumun yeni boru kəmərləri layihələrinin gerçəkləşdirilməsinə şansının azalması Azərbaycanın tranzit mövqelərini də xeyli aşağı salır. Bu da ki ölkə iqtisadiyyatı üçün əlverişli deyil. Hazırda Bakı öz qazını mövcud şəbəkə ilə satır, amma diversifikasiya heç zaman mane olmur və bu barədə dəfələrlə ölkə prezidenti İlham Əliyev bildirib.
Ona görə də, istənilən halda, Azərbaycan üçün alternativ marşrutlar lazımdır. Bu baxımdan hələ ki, qazın sıxılaraq xüsusi terminallarda satılması, onun dənizlə Azərbaycana gətirilməsi və buradan da Avropaya ixracı daha real görünür. Qeyd edək ki, Azərbaycanın Dövlət Xəzər Dəniz Gəmiçiliyi artıq qazın Türkmənistanda sıxılaraq bərə ilə Azərbaycana daşınması təcrübəsinə malikdir. Bunun üçün bərələrdə qaz daşınması üçün gərək olan özəl təhlükəsizlik sistemi quraşdırılıb. Ancaq onun bərələrlə daşınması boru kəmərlərini doldurmaq üçün lazım gələn həcmləri verə bilməz. Mütəxəssislərin hesablamalarına görə, Transxəzər qaz kəmərinin olmadığı bir şəraitdə, burada xüsusi qazdaşıyıcılarının işlədilməsinin rentabelli olması üçün marşrut üzrə ildə ən azı 30 milyard kubmetr qaz nəqli vacibdir.
Hazırda Xəzər qazının sıxılaraq Avropaya daşınması layihəsinə yalnız Xəzər limanlarının bazasında baxılmır. ARDNŞ təmsilçilərinin sözlərinə görə, hazırda Qara dənizin Gürcüstan sahillərində Azərbaycan qazının emalı üçün terminal tikintisi məsələsi də araşdırılır; ARDNŞ-in Kulevidə neft terminalı var. Sıxılmış qazın Qara dəniz sahillərindən gəmilərlə Rumıniyaya və ya Bolqarıstana daşınması, oradan da Avropanın daxili qaz kəməri şəbəkəsinə verilməsi nəzərdə tutulur. Layihəyə iki istiqamətdə baxılır - LNG və CNG istiqamətlərində. Birincisi, sıxılmış qaz zavodunun tikilməsini, ikincisi isə qazı sıxmaq üçün birbaşa gəmiyə verilməsini nəzərdə tutur. Bu layihə çərçivəsində 7-20 milyard kubmetr qazın daşınması planlaşdırılır.
Amma nəzərə almaq lazımdır ki, effektivliyinə görə, bu layihələr boru kəməri layihələrindən geri qalır, ona görə də boru kəmərləri uğrunda mübarizə davam edəcək. Amma ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns hesab etmir ki, Amerika və Rusiya arasında Mərkəzi Asiyanın enerji resursları uğrunda böyük oyun "başlayır". "Biz inanırıq ki, bir-birimizin əleyhinə deyil, bir yerdə çalışanda daha böyük uğur əldə edə bilərik", - deyə o, Bakıda vurğulayıb. "Energetika məsələlərində həmişə rəqabət olmasına baxmayaraq, enerji təhlükəsizliyinin boş ciblə oyun olduğuna ABŞ-da inanmırlar", - deyə Berns əlavə edib. Bu, rəsmi bəyanatdır. Əslində, Rusiya ilə Qərb arasında "sualtı" qaz kəməri mübarizəsinin nə ilə qurtaracağı tərəflərin təklif edəcəkləri imkanlardan çox asılıdır. İstənilən halda, qələbə iqtisadi faydanın olacaq.
MƏSLƏHƏT GÖR:

539

