5 Dekabr 2025

Cümə, 23:10

XAŞ-XAŞ ASAN BECƏRİLİR…

Yaxud Əfqan kəndlilərinin üzləşdiyi problemlərin terrora nə aidiyyəti var?

Müəllif:

01.03.2010

Əfqanıstanda vəziyyət yenidən dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Marja şəhərində koalisiya qüvvələri ilə Əfqanıstan ordusunun şərti adı "Müştərək" olan xüsusi əməliyyatları davam edir. Bu, ABŞ prezidenti Barak Obamanın Əfqanıstana əlavə hərbi kontingentin yerləşdirilməsi qərarından sonra "Taliban" hərəkatına qarşı ilk hücum əməliyyatıdır. 

Bundan başqa, əfqan əsgərləri ilk dəfədir, beynəlxalq hərbçilərlə çiyin-çiynə döyüşür.

"Müştərək" Əfqanıstan hökumətinin bölgələrə nəzarəti ələ almaq istiqamətindəki genişmiqyaslı əməliyyatının ilk hissəsidir. Gilmənd əyalətinin qubernatoru Məhəmməd Qulab Manqal bildirib ki, hökumət öz saatını gözləyir - əməliyyatlardan sonra, polis və təhlükəsizlik qüvvələri də daxil olmaqla, mülki xidmətin yaradılmasına başlanılacaq. Əfqanıstanın BMT-dəki səfiri Zahir Tanin BBC-yə müsahibəsində deyib ki, keçirilən əməliyyat müqavimətçilərlə yeni mübarizə strategiyası əsasında aparılır. Ona ABŞ və NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı, amerikalı general Stenli Makkristal başçılıq edir. "Yeni təfəkkür" bu rayonda "Taliban"ın darmadağın edilməsinə köklənib. Bu strategiyanın 3 əsas istiqaməti var: dinc sakinlərin müdafiəsini necə təmin etmək, "Taliban" yaraqlıları tərəfindən qətllərdən necə qurtulmaq və yerli özünüidarəetmənin bərpasına necə köklənmək. Dairələrin rəhbərləri, həmçinin, 1900 nəfərdən ibarət polis əməliyyatların bitməsindən sonra Marjda öz işlərinə başlayacaqları anı gözləyirlər", - deyə Tanin bildirib.

Əvvəllər NATO komandanlığı təkbaşına fəaliyyətə üstünlük verirdi, çünki Əfqanıstan hərbçilərinə o qədər də etibar etmirdi. "Müştərək" əməliyyatı isə bu tendensiyaya son qoymalıdır. Artıq "Taliban"la mübarizədə əsas iş, tədricən, yerli ordunun üzərinə düşməlidir. Axı 2011-ci ildə əcnəbi hərbçilərin Əfqanıstandan çıxarılmasına başlanılacaq. Bununla yanaşı, Barak Obamanın planına əsasən, ordunun Əfqanıstandan çıxarılmasınadək burada "taliblər"in əsas yuvaları məhv edilməli, yaraqlılardan təmizlənmiş ərazilər isə yerli ordu və polisin nəzarətinə verilməlidir.

Əməliyyatlar zamanı raketin səhv ünvanlandırılması bir qrup dinc sakinin ölümünə səbəb olub və bu, gözlənildiyi kimi, dünya KİV-in əsas diqqət ayırdığı məqama çevrilib. Belə insidentlərdən biri 11, ikincisi 5 dinc əfqanın həyatına son qoyub. "Biz qarşı-qarşıya duran hər iki tərəfə - həm beynəlxalq qüvvələrlə Əfqanıstan ordusuna, həm də "Taliban"a müraciət edirik: dinc sakinlərin müdafiəsini təşkil edin. Əsas vəzifə məhz bu olmalıdır", - deyə Əfqanıstanın müstəqil hüquq müdafiəsi təşkilatının rəhbəri Nadir Nadiri bildirib. Həm hərbçilər, həm də dinc sakinlər üçün ikinci təhlükə minalanmış ərazilərdir. Yaraqlılar geri çəkilən zaman əraziləri minalayır. Amma əlbəttə ki, amerikalı minaaxtaranlar da öz işləri ilə məşğuldurlar.

Hələlik "Müştərək" əməliyyatın uğuru və ya uğursuzluğu haqda danışmaq, əlbəttə ki, çətindir. Bu çətinlik həm də başqa bir məqamla bağlıdır: ekspertlər bildirir ki, talibançıları Marja şəhərindən çıxarmaq olar, çətini onların ətrafdakı dağlıq ərazilərdən "təmizlənməsi"dir.

Ən vacib məqam isə odur ki, bu əməliyyat dünyanın tiryək istehsal olunan ən böyük regionlarından birinin "Taliban"ın nəzarətindən azad edilməsinə yönəlib. Əksər mənbələrin, həmçinin, Lenta.ru saytının xəbər verdiyi kimi, müxtəlif hesablamalara görə, dünyada istehsal olunan tiryəkin, təxminən, 2/3-si məhz Gilməndin payına düşür. 

Əfqanıstanda narkotik ticarəti məsələsi artıq xeyli vaxtdır, çoxsaylı şərhlər və spekulyasiyalar mövzusuna çevrilib. Rusiya KİV təkrar-təkrar bildirir ki, Əfqanıstana xarici hərbi qüvvələrin gəlməsi ilə burada tiryək istehsalı xeyli artıb. 

Fakt faktlığında qalır - narkotik ticarəti "Taliban"ın fəaliyyətinin maliyyələşdirilməsində əsas yerlərdən birini tutur. İndiyədək xaşxaş plantasiyalarının, həmçinin, heroin istehsalı ilə məşğul olan laboratoriyaların məhv edilməsi istiqamətində koalisiya qüvvələri tərəfindən keçirilmiş mütəmadi reydlər situasiyanı kökündən dəyişə bilməyib.

Onu da qeyd edək ki, narkotik istifadəçiləri də Əfqanıstanda kifayət qədərdir. Gilmənddə işləyən britaniyalı məmurların hesabatında bildirilir ki, 2009-cu ilin əvvəlinə olan məlumatlar yerli polisin, təxminən, 60%-nin narkotik qəbul etdiyini göstərib. Əyalətin qubernatoru Qulab Manqal BBC-yə müsahibəsində etiraf edib ki, yerli polislər arasında narkomaniya "nəhəng problem"ə çevrilib. Bu, ölkədəki korrupsiyanın miqyası ilə də birbaşa bağlıdır. Korrupsiyanın səviyyəsinə görə isə Əfqanıstan çoxdan dünyada "lider"lər sırasındadır.

Beləliklə, tiryəyin kütləvi istehsal olunduğu rayonlarda genişmiqyaslı əməliyyatların keçirilməsi, "Taliban"ı iqtisadi baxımdan ciddi şəkildə zəiflədə bilər. Qeyd edək ki, BMT-nin Narkotiklər üzrə Komitəsinin (UNODC) 2007-ci ilə olan məlumatında bu ərazilərdəki tiryək plantasiyalarının sahəsinin 103 min hektar olduğu göstərilir.

Amma digər tərəfdən, koalisiya qüvvələrinin bu əraziləri tərk etməsindən sonra yerli əhalini yenidən "pula almaq" çətin olmayacaq və beləliklə də, hər şey yenidən başlayacaq.

Bu bədbinliyi anlamaq olar. Əfqanıstan, şərti formada desək, "heroin axını"nın başlanğıcıdır. Burada narkotik biznesi, məsələn, ABŞ-ın sahil mühafizəçilərinin marixuana və kokainlə yüklənmiş sürətli və manevrli katerləri ələ keçirdiyi Florida sahillərində olduğu kimi görünmür.. Əfqanıstandakı narkobiznes daha çox yoxsul kəndlilərin əkib-becərməklə məşğul olduğu tiryək sahələridir. Xaşxaşın yarpaqları töküldükdən sonra, kəndlilər onun yaşıl qozalarını doğrayır və şirəni (o, dərhal qara mayeyə çevrilir) toplayır. Sonradan laboratoriyalarda hazırlanan heroin də məhz bundan alınır.

Mütəxəssislər bildirir ki, tarlaların məhvi texniki baxımdan, əlbəttə ki, çətin deyil. Çətin olanı sonrakı mərhələdə - narkobizneslə mübarizənin birbaşa iqtisadiyyat, daha doğrusu, kənd təsərrüfatı ilə əlaqələndiyi zaman meydana çıxır. Mütəxəssislər xatırladırlar ki, Əfqanıstan, sadəcə, yoxsul ölkə deyil. Hindistandan və ya əksər Afrika ölkələrindən fərqli olaraq, burada ildə bir neçə dəfə məhsul götürməyə imkan verən münbit torpaqlar, demək olar ki, yoxdur. Burada su çatışmazlığı da son dərəcə ciddi səviyyədədir. Müasir aqrotexnikalardan isə danışmaq belə artıqdır. Tiryək plantasiyaları isə elə də əziyyət və qayğı tələb etmir. O, az qala, quru qayaların üzərində də bitir, suvarılma və gübrələnməyə ehtiyac olmur. Üstəlik, bu "mal"a tələbat hər zaman var.

Aydındır ki, kəndlilərin qazancını narkotik alverçilərinin gəliri ilə müqayisə etmək mümkün deyil. Lakin onların tiryək əkməkdən imtina edərək, məşğul ola bləcəkləri başqa iş, sadəcə, yoxdur. 

Əfqanıstanda narkotik biznesinin kökünün kəsilməsinə edilmiş çoxsaylı cəhdlərin uğursuz alınması, həm də əsasən bu faktorla bağlıdır.



MƏSLƏHƏT GÖR:

560