SİYASİ PARADOKS
Ukrayna Rusiya ilə Qərb arasında əsl neytral dövlət ola bilməyəcək. Amma onun başqa yolu da yoxdur…
Müəllif: Eldar PAŞAYEV Bakı
Ukraynanın yeni prezidenti, Regionlar Partiyasının lideri Viktor Yanukoviç fevralın 25-də and içərək, səlahiyyətlərinin icrasına başladı. Seçkidə onun rəqibi olmuş və 45,47% səs qazanmış (Yanukoviçə isə seçicilərin 48,95%-i səs verib) Baş nazir Yuliya Timoşenko Yanukoviçin qələbəsini tanımadı və əvvəlcə, hətta Ali Məhkəməyə müraciət də etdi. Lakin fevralın 20-də o, iddiasını geri götürdü. Timoşenko bu qərarını ədalətin bərpasının onsuz da mümkün olmaması ilə izah edib. Məhkəmənin qarşısında "Yuliya, isterikaya son qoy, xalqın seçiminə hörmət elə" şüarı ilə mitinq keçirən Yanukoviçin tərəfdarları isə baş nazirin bu qərarından razı qalıblar.
Bununla yanaşı, Timoşenko yenə də seçkinin ədalətli keçdiyini düşünmədiyini, mübarizəni davam etdirəcəyini söyləyib/.
"Narıncı" hadisələrin təkrarlanması birmənalı şəkildə istina olunursa, üstəlik, Yanukoviçin qələbəsi bütün Qərb ölkələri tərəfindən tanınıbsa, onda xanım Yuliyanın bir yolu qalır - müxalifətçilik.
Əksər müşahidəçilər hesab edir ki, emosiyalarına hakim ola bilməyən Timoşenko seçkilərdən sonra olduqca səhv mövqe tutub. Halbuki o, bütün səyini baş nazir postunda qalmağa yönəltməli idi. "The Independent" yazır: "Təəssüf ki, Timoşenko demokratiya olan yerdə məsuliyyətli müxalifətə rəhbərliyin də nəcib və vacib iş olduğunu başa düşmür". Üstəlik, prezidentlə necə savaşmağın lazım olduğunu, çətin ki, kimsə Timoşenkodan yaxşı bilsin.
Hələliksə, Ali Radada yeni koalisiya formalaşanadək Timoşenko baş nazir postunda qalacaq. Amma o da məlumdur ki, Yuliya Timoşenkonun Bloku (153 deputat), "Bizim Ukrayna - Xalq Özünümüdafiə" Bloku (BUXÖ, 71) və Litvinin Blokundan (20) ibarət koalisiyanın ömrünü başa vurmasına çox az vaxt, bəlkə də, bir neçə gün qalıb (yeri gəlmişkən, bu blok heç vaxt effektli işləməyib). Sözügedən koalisiya öz ömrünü, yəqin ki, jurnalımızın bu nömrəsi işıq üzü görənədək başa vura bilər.
Qeyd edək ki, hazırda Ukrayna parlamentində 5 fraksiya var - Regionlar Partiyası (172 deputat), Yuliya Timoşenkonun Bloku (153), BUXÖ (71), Kommunist Partiyası (27), Litvinin Bloku (20). Ali Radadakı 7 deputat isə heç bir fraksiyanın üzvü deyil. Hətta bu kampaniyadan YTB-ni çıxarsaq belə, yenə də onlar son dərəcə qarışıq təsir bağışlayır. Amma güman ki, məhz bu fraksiyalar bu və ya digər konfiqurasiyada yeni koalisiyanı formalaşdırmalıdır. Yeri gəlmişkən, Ukrayna mətbuatı artıq yeni yaranacaq koalisiyaya ad da düşünüb - "Sabitlik və islahatlar koalisiyası". Yanukoviçin sözlərinə görə, yeni koalisiyanın imzalayacağı razılaşma qeyri-siyasi olacaq. Yeni prezidentin öz koalisiyasını və müvafiq olaraq yeni hökuməti formalaşdıra bilməyəcəyi təqdirdə isə o, yəqin ki, Ali Radanı buraxacaq və növbədənkənar parlament seçkisi elan edəcək.
Amma digər tərəfdən, Timoşenkonun istefası hazırda Yanukoviçə o qədər də lazım deyil. Axı Timoşenkonun hələ bir müddət vəzifədə qalacağı təqdirdə, qeyri-populyar qərarlara görə məsuliyyətin, heç olmasa, bir hissəsini onun rəhbərlik etdiyi hökumətin üzərinə qoymaq olar. Belə qərarları isə seçki dalğasının yatmasından sonra Ukraynadakı vəziyyətə məsul olan istənilən siyasətçi verməli olacaq. Məsələ ondadır ki, Yanukoviç seçkidən qalib ayrılsa da, ona həsəd aparılacaq vəziyyətdə deyil. Onun sükanı arxasına keçdiyi ölkədə bütün sahələrdə saysız-hesabsız problemlər var - milli təhlükəsizlikdən tutmuş, mədəniyyətə qədər.
Bunun fonunda, əlbəttə ki, hamı Yanukoviç və onun komandasının atacağı xarici siyasi addımları xüsusi maraqla gözləyir. Görəsən, bu addımlar Rusiyaya, yoxsa Qərbə doğru atılacaq?
Hər halda, Yanukoviçin ilk xarici səfəri əvvəlcədən planlaşdırıldığı kimi, Moskvaya deyil, Brüsselə təyin edilib. Üstəlik bu, inauqurasiyadan cəmi 3 gün sonraya nəzərdə tutulub. Rusiya prezidenti Dmitri Medvedev isə "başqa işləri olduğu üçün" Yanukoviçin inauqurasiyasına getməyib. Bəzi müşahidəçilər bunu dərhal Kreml tərəfindən Kiyevə verilən ciddi mesaj kimi qiymətləndirib. Amma Medvedev seçkidən sonra Yanukoviçi, sadəcə, "qazandığı uğura" yox, "əsaslı, tam, hüquqi cəhətdən qanuniləşdirilmiş və beynəlxalq səviyyədə tanınmış qələbə" münasibətilə təbrik edib. Martın ilk ongünlüyündə Ukrayna prezidentinin Moskvaya da səfər edəcəyi məlumdur.
Əksər analitiklər, ekspertlər, siyasətçilər və politoloqlar Ukraynanı iki hissəyə - Qərb və Şərqə, rusdilli və ukraynadillilərə, NATO və Avropa İttifaqına inteqrasiya tərəfdarları ilə Rusiya ilə yaxınlaşmanı vacib sayanlara bölündüyü haqda danışmağı sevir. Və əgər qərbpərəst ukraynalı seçicilərin namizədi Yuliya Timoşenko idisə, Viktor Yanukoviçi hər kəs birmənalı olaraq, rusiyapərəst siyasətçi adlandırırdı.
Amma əslində, hər şey bu qədər də sadə deyil. Timoşenko baş nazir qismində göstərmişdi ki, Kreml ilə kifayət qədər səmərəli danışıqlar aparmağa hazırdır. Yanukoviç isə Qərb KİV-ə müsahibəsində bildirib ki, o "Kremlin əlaltısı deyil". Bu mənada Ukraynada hər şeyin dəqiq və parlaq rənglərə bo-yandığı "narıncı" inqilab dövrü başa çatıb. Gələcək siyasi qərarlar da belə olmalıdır - kəskin hərəkət etmədən və həqiqi kompromislərə əsaslanan.
İlk növbədə, ölkənin mümkün parçalanması haqda fikirləri birdəfəlik unutmaq lazımdır. Birincisi, müstəqillik həm Qərbi, həm də Şərqi Ukrayna sakinləri üçün vacibdir. Kimin nə deməsindən asılı olmayaraq, onlar arasında konkret xətt müəyyənləşdirmək mümkün deyil. Hansısa nöqtədəsə rusiyapərəst Ukraynanın bitdiyi və burdan o tərəfə qərbpərəst Ukraynanın başladığını müəyyənləşdirmək, əlbəttə ki, qeyri-mümkündür. Amma daha qorxulu və təhlükəli olanı mümkün vətəndaş müharibəsi və ya hətta Rusiya ordusunun Ukraynaya yeridilməsinin mümkünlüyü haqda söhbətlərdir. Bu o qədər perspektivsiz və səfeh ssenaridir ki, ona hətta ciddi yanaşmağa belə dəyməz.
Doğrudur, V. Yanukoviç seçkiqabağı çıxışlarında Moskva ilə münasibətləri normallaşdırmağa çalışacağına, Krımda Rusiyanın Qara dəniz Donanmasının fəaliyyət müddətini uzadacağına, rus dilinə rəsmi status verəcəyinə, Ukrayna və Rusiya iqtisadiyyatları arasında daha sıx əməkdaşlıq yaradacağına və s. söz verib. Bundan başqa, Moskva ilə Kiyev, nəhayət, enerji münasibətlərini tənzimləməlidir ki, burada da əsas məqam Rusiya qazının qiyməti və əlbəttə ki, Kremlin güzəştlər müqabilində Ukraynadan nə alacağı ilə bağlıdır.
Bütün bunlarla yanaşı, Rusiya-Ukrayna münasibətlərinin asanlıqla qaydaya düşəcəyini də düşünmək lazım edyil. Nüfuzlu "The Times" qəzeti yazır ki, "Kreml üçün "narıncı kabus"un başa çatdığı, Rusiyanın bu ölkədə öz maraqlarını bərpa etdiyi haqda düşüncələr, sadəcə, ilk baxışdan gəlinən qənaətdir". Qəzet Putinin Ukrayna hökumətinin başçısına əvvəlkitək əsəbi münasibət bəslədiyini düşünür: "Lakin "onun xaos gördüyü yerdə, başqaları siyasi qüvvələr arasındakı balansa əsaslanan demokratiya görür" və Rusiya-Ukrayna əməkdaşlığı möhkəmləndikcə, Moskva və Kiyevdə siyasi azadlıqlar arasındakı fərq daha aydın görünür.
Aydındır ki, Yanukoviçin inauqurasiyasından sonra, Moskva ilə Kiyev arasında nümayişkaranə şəkildə yaxınlaşama gözləmək düzgün olmaz. Amma onlar bir-birlərindən ayrıla da bilməyəcək və artıq Qərb də bunu tam dəqiqliyi ilə anlayır. Rusiya ilə Ukrayna arasında o qədər ümumi məqamlar var ki, bu qədər ümumiliyi dünyanın heç bir digər iki xalqı arasında tapmaq olmaz - bir-birinə çox oxşar dil, bənzər mentalitet, əsrlərdən bəri gələn ümumi mədəniyyət və tarix.
Bütün bunlar əhəmiyyətli məsələlərdir. Kiyevin siyasəti daha kamil, balanslaşdırılmış və ölçülüb-biçilmiş olarsa, bu yalnız onun özünün yox, həm də Moskvanın xeyrinə olacaq.
Avropaya gəlincə, o da Kiyevə yaxınlaşmasında dəyişiklik etmək məcburiyyətində qalacaq. Burada mütləq yeni dialoq variantı tapılmalıdır. Bu məqamı daha dəqiq formada ABŞ-ın Ukraynadakı sabiq səfiri Stiven Payfer "Azadlıq" radiosuna müsahibəsində dilə gətirib: "Bir çox siyasi qüvvələr - "Bizim Ukrayna", YTB və hətta Regionlar Partiyasının bir hissəsi Ukraynanın NATO ilə yox, Avropa İttifaqı ilə yaxınlaşmasını istəyir". Payfer əmindir ki, "Ukrayna son illərdə bu istiqamətdə xeyli uzağa gedə bilib".
Amma bir məqam da aydındır - Qərbdə Ukraynadan beziblər. Həm ABŞ, həm də Avropada belə fikir yaranıb ki, Kiyev siyasətçiləri, sadəcə, problemlərini kiminsə boynuna qoymağa çalışır. Bu, xüsusilə Rusiya ilə yaşanan qaz problemində özünü daha açıq şəkildə göstərdi. Bəziləri iddia edə bilər ki, elə Moskvanın çalışdığı da bu idi. Amma bu, başqa söhbətin mövzusudur.
Şübhə yoxdur ki, Şərqi Ukraynada yaşayan, rus dilində danışan və prezident seçkisində Yanukoviçə səs vermiş ukraynalılar belə, Avropaya inteqrasiyaya qarşı çıxmayacaq. Yeri gəlmişkən, Yanukoviç seçicilərin bəyənmədiyi addımları atarkən, bunu, məhz Brüsselə çatmaq üçün bəzi dəyişikliklərin vacibliyi ilə də əlaqələndirə bilər. Çünki Aİ-yə qəbulla bağlı danışıqların uzun illər davam etməsi mümkündür.
İstənilən halda, aydındır ki, Ukrayna Rusiya ilə Qərb arasında əsl neytral dövlət ola bilməyəcək. Ən azı yaxın gələcək üçün. Amma onun başqa yolu yoxdur. Siyasi parodoks, bax, bundadır.
Özündə güc toplayaraq əsl sabit dövlətə çevrilmək üçün Ukrayna, ilk növbədə, prezident, baş nazir və parlament rəhbərinin səlahiyyətlərini müəyyənləşdirməlidir. Nəhayət, o, iqtisadiyyatla da məşğul olmalıdır. Ölkənin siyasi həyatındakı gərginliyə gəlincə, bu hələ bir müddət belə davam edəcək - gələcək bələdiyyə və hətta parlament seçkisində də Yuliya Timoşenkonun nəyə qadir olduğunu göstərməsi üçün bütün şansları var. Şübhəsiz, Yuşşenko və Tigipkonun tərəfdarları da siyasi səhnədə öz yerlərini müəyyənləşdirməyə və möhkəmlənməyə çalışacaqlar. Vacib olanı hakimiyyətlə müxalifət arasında lazımi balansa nail olmaqdır.
MƏSLƏHƏT GÖR:



491

