İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏT
Beynəlxalq toplum tərəfindən 18 il əvvəl baş vermiş hadisələrin bütün gerçəkliklərinin öyrənilməsi Erməni ekspansionizminin bələdçiləri üçün qara günlər vəd edir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Həmin soyuq fevral günü əbədi olaraq Azərbaycan tarixinə qara hərflərlə yazıldı. O günün xatirəsi insanlarda işgəncəyə məruz qalmış soydaşlarımız haqqında ölçüyəsığmaz kədər duyğuları oyadır. Xocalının ağrısı qəlbimizdən heç zaman silinməyəcək!
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinini dəstəyi ilə Qarabağın Xocalı şəhərini yer üzündən sildilər. Nə uşaqlara, nə qadınlara, nə də yaşlı insanlara rəhm etdilər.
Rəsmi məlumatlara görə, 613 adam öldürülüb (onların 106-ı qadın və 83-ü uşaqdır), 1275-dən çox insan əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər isə şikəst edilib və əlildir. Bu faciə bütün Qarabağ münaqişəsi ərzində ermənilərin ən dəhşətli cinayəti oldu; Dağlıq Qarabağ və ətrafında Azərbaycan torpaqlarının genişmiqyaslı işğalının əsasını qoydu. Bir neçə yüz məzlum Xocalı sakininin həyatı bahasına ermənilər Xocalı aeroportunu və Əsgəranla Xankəndini birləşdirən dəhlizi nəzarətə götürdülər.
Erməni məkri burada da özünü göstərdi və Xocalının məhvi İranın vasitəçiliyilə sülh danışıqları aparılan zaman həyata keçirildi. Fevralın 25-də İran xarici işlər naziri Əli Əkbər Vilayəti Bakıda Azərbaycan rəhbərliyi ilə görüşlərdə idi və 27-də o, Qarabağa uçmalı, daha sonra isə Ermənistana baş çəkməliydi. Münaqişə tərəfləri danışıqların yeni mərhələsinə başlamaq üçün, hətta fevralın 27-dən martın 1-nə kimi atəşi dayandrmaq barədə razılığa gəlmişdilər. Ancaq Bakının sayıqlığının zəiflədiyini düşünən erməni tərəfi üçgünlük atəşkəs öncəsi Dağlıq Qarabağın hələ işğal edilməmiş azərbaycanlı yaşayış məntəqələrinin birində mülki əhalinin namərdcəsinə məhv edilməsini həyata keçirdilər.
Doğrudur, Azərbaycanın ovaxtkı hakimiyyət orqanları da, göründüyü kimi, tam bacarıqsızlıq göstərdi, xalqımıza qəsd edən bu cəlladların planlarına şərait yaratdılar. Onlar nəinki Xocalının müdafiəsini təşkil etməmişdilər və onun sakinlərini vaxtında təhlükəsiz yerlərə çıxarmamışdılar, həm də faciədən sonra da bu barədə susmağa üstünlük verdilər. Ancaq öz əfəlliyini qəbul edən və buna görə də Azərbaycanın gələcək taleyini müəyyən etməyə haqqı çatmayan hakimiyyətin istəyinə baxmayaraq, xalq Xocalı gerçəklərindən xəbər tutdu. Buna görə də hadisə yerindən birbaşa reportajları ilə erməni "özünümüdafiə dəstələri"nin və Rusiyanın 366-cı motoatıcı alayının gerçək üzünü dünyaya tanıtmış telejurnalist Çingiz Mustafayevin xatirəsi yaddaşımızda əbədi yaşayacaq və onunla çiyin-çiynə çalışmış xarici jurnalistlərə də böyük ehtiram nümayiş etdiririk. Qətlə yetirilmiş xocalılıların meyitləri səpilmiş çölün mənzərəsi yalnız Azərbaycan insanını deyil, bütün dünya sakinlərini sarsıtmışdı.
"Ermənilər Xocalı məntəqəsinə hücum etdilər. Bütün dünya işgəncə verilmiş cəsədlərin şahidi oldu", - deyə fransız jurnalı "Crual L'Eveneman" bildirmişdi. Nüfuzlu Paris qəzeti "Le Mond" Xocalı sakinlərinin faciəsindən bəhs edərək yazmışdı: "Xarici jurnalistlər öldürülənlər arasında qadınları və dərisi soyularaq bədənlərinə mismarlar çalınmış üç uşağın meyidini görmüşdülər. Bu, "Azərbaycan təbliğatı" deyil, fakt və gerçəklikdir!".
Londonun "Sunday Times" qəzeti isə dəhşətlə vurğulayırdı: "Erməni əsgərləri yüzlərlə ailəni məhv etdilər". Britaniyanın "Funt man news" teleşirkəti isə bu nəticəyə gəlmişdi: "Xocalıdakı cinayətə dünya ictimaiyyətinin gözü qarşısında heç cür bəraət qazandırmaq olmaz".
Bir az sonra isə Rusiyanın hüquq müdafiəsi mərkəzi "Memorial" vurğulamışdı ki, Xocalıya hücum zamanı erməni silahlı birləşmələrinin bu şəhərin sakinlərinə qarşı hərəkətlərində Cenevrə konvensiyasının, ümum-dünya insan haqları deklarasiyasının, hərbi münaqişələr və fövqəladə hallar zamanı qadın və uşaqların müdafiəsi haqqında deklarasiyanın kobud pozulması qeydə alınıb. "Azad dəhliz və ətraf ərazilərdə yaşayan dinc sakinlərin kütləvi qırğını heç bir səbəblə əsaslandırıla bilməz", - deyə mərkəzin məruzəsində bildirilir.
Bununla belə, Xocalı faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət yalnız Azərbaycanda verildi. 24 fevral 1994-cü il tarixdə Milli Məclis "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Orada hadisənin səbəbləri və günahkarları haqqında müfəssəl məlumat verilib. Ancaq Ermənistanın Azərbaycan xalqına qarşı cinayəti dünya birliyi tərəfindən lazımi ittiham qiymətini almayıb. Planetin sakinlərinin çoxu hələ də Xocalıda erməni başkəsənləri tərəfindən törədilmiş cinayətdən xəbərsizdir. Və getdikcə dünyanın müxtəlif ölkələrindən Xocalı soyqırımının XX yüzillikdə insanlığın yaşadığı ən dəhşətli faciələrdən biri kimi tanınmasının tələbi ilə ucalan səslər artır.
Belə ki, faciənin 18-ci illiyində Almaniya parlamentinin dövlət katibi, AŞ PA-nın monitorinq komissiyasının keçmiş sədri və Almaniya - Azərbaycan Əlaqələri Cəmiyyətinin sədri Eduard Lintner Bundestaqa "Xocalı şəhərində Azərbaycan əhalisinin kütləvi qırğını və qətli, 1992-93-cü illərdə Ermənistan - Azərbaycan müharibəsi nəticəsində qaçqın düşmüş bir milyon adamın taleyi" başlıqlı müraciət göndərib. Müraciətdə məqsəd 1992-ci ildə erməni təcavüzü zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırım haqqında və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin davam etdirilən işğalı barədə faktları alman və Avropa cəmiyyətinin diqqətinə çatdırmaqdır. Sənədin müəllifi Bundestaqı tərərddüd etmədən Xocalıda erməni tərəfindən bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət işlənməsi faktını tanımağa çağırıb.
Ancaq şəksiz ki, son zamanlar Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması baxımından ən önəmli məsələ bu ilin yanvar ayında Uqandanın paytaxtı Kampala şəhərində İslam Konfransı Təşkilatının (İKT) Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamədə bu faciənin "insanlığa qarşı cinayət" və "erməni silahlı qüvvələri tərəfindən dinc Azərbaycan əhalisinə qarşı həyata keçirilmiş soyqırım" adlandırılması olub. Qətnamə İKT-nin Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsçüsü olduğu "Xocalıya ədalət" (Justice for Khodjaly) kampaniyası çərçivəsində irəli sürülüb.
Kampalada qəbul edilmiş qətnamə, şəksiz ki, 18 il qabaq erməni təcavüzkarları tərəfindən gerçəkləşdirilmiş faciənin beynəlxalq səviyyədə tanınması işində önəmli addımdır. Bu, Xocalı faciəsini "bəşəriyyətə qarşı cinayət" kimi tanıyan ilk beynəlxalq sənəddir. Özü də bu sənədin önəmi onunla bağlıdır ki, onu qəbul etmiş İKT Parlament Assambleyası dünya parlamentlərinin dörddəbirini birləşdirir və ən iri parlamentlərarası qurumdur. Bu cür qətnamənin qəbul edilməsi Qarabağ münaqişəsi haqqında və dinc Xocalı sakinlərinə qarşı törədilmiş cinayətin Yerevanın həqiqi niyyətinin təzahürü olduğu barədə bütün gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində rəsmi Bakının siyasətinin və eləcə də Azərbaycan diasporunun səylərinin yalnız bir hissəsidir. Bu istiqamətdə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə yanaşı, "Xocalıya ədalət" kampaniyası da böyük rol oynayır. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı faciəsinin 18 illiyi münasibətilə çoxsaylı aksiyalar keçirilib.
Belə ki, Strasburqda Avropa Parlamentləri Assosiasiyasının binasında Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyi tərəfindən Azərbaycan diasporasının iştirakı ilə Xocalı qurbanlarının xatirəsini anım mərasimi keçirilib. Strasburqun "Radio Bienvenue Strasbourg FM 91.9" radiostansiyasında Xocalı faciəsinə həsr edilmiş xüsusi radioveriliş efirə verilib. Bundan başqa, Strasburqda azərbaycanlılar MAIL aksiyası keçiriblər. Aksiya çərçivəsində fransız, ingilis və türk dillərində Xocalı soyqırımından bəhs edən minlərlə elektron məktub paylanıb. Bu məktublar hər şeydən öncə beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına və Avropa Birliyinə, həmçinin, Fransa, Belçika, İsveçrə, Kanada, İsveç, ABŞ, İsrail, Avstraliya parlamentlərinə və dövlət strukturlarına, müxtəlif dünya KİV-lərinə göndərilib.
Xocalı soyqırımının anım günlərində Avropanın müxtəlif şəhərlərində mitinq və yürüşlər keçirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri, həmçinin, Amerika Birləşmiş Ştatlarında, Kanadada, Yeni Zelandiyada, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə, Rusiyada və Ukraynada da baş tutub.
Parisin mərkəzində yürüş Fransa Azərbaycanlıları Birliyi və "İrəli" gənclər birliyinin dəstəyi ilə Fransa-Azərbaycan Gənclik Assosiasiyası tərəfindən təşkil edilib. Londonda İngiltərə parlamentinin binası qarşısında üzərinə Xocalı faciəsinin qurbanlarının adı yazılmış 613 helium şarı havaya buraxılıb. 26 fevralda Temza çayında göyərtəsinin üzərinə "Xocalıya ədalət" sözləri yazılmış gəmi üzməyə başlayıb. Berlində Heydər Əliyev Fondunun sərgisinə daxil olan "Xocalı - uşaqların gözü ilə" rəsmlərinin nümayişi keçirilib.
Rəmzi mənada çox şey Xocalını Çexiyanın Lidise şəhəri ilə bağlayır; İkinci Dünya müharibəsi illərində bu şəhər alman faşistləri tərəfindən, demək olar ki, yerlə-yeksan edilmişdi. Hər iki faciənin uyğunluğu ilə bağlı olaraq hələ 2007-ci ilin fevral ayında Lidise şəhərinin xatirə kompleksində Xocalı soqırımının xatirəsinə həsr edilmiş mərasim keçirilmişdi. İndi isə Xocalı və Lidise şəhərlərinin icra hakimiyyətləri şəhərlərin qardaşlaşdırılması barədə protokol bağlayıblar. Bundan başqa, bu çex şəhərinin hakimiyyəti Lidisenin küçələrindən birinə Xocalı adının verilməsini qərara alıblar.
Azərbaycanın Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınmasına yönəlmiş səyləri Ermənistanda böyük narahatlıq doğurur. Artıq yüz ilə yaxındır, müxtəlif hiylələrlə və saxtalaşdırmalarla dünyanı uydurma "1915-ci il soyqırımı"na inandırmağa çalışanlar üçün öz cinayətləri, xüsusilə də bunlardan ən dəhşətlisi olan Xocalı qırğını barədə faktların açılması həddindən arzuolunmazdır. Beynəlxalq toplum tərəfindən 18 il əvvəl baş vermiş hadisələrin bütün gerçəkliklərinin getdikcə daha çox öyrənilməsi öz xalqının böyük zülmlər görməsi barədə uydurulmuş yalanların arxasında gizlənərək, qonşularına zülm etmək və onların ərazilərini işğal etmək planlarını çəkən erməni ekspansionizminin bələdçiləri üçün xoş heç nə vəd etmir.
Bununla yanaşı, aydın olur ki, Xocalı faciəsinin qurbanları üçün ən böyük abidə erməni işğalçıları tərəfindən tapdalanan Azərbaycan torpaqlarında ədalətin bərpa edilməsi olardı. Erməni işğalçıları tutduqları ərazilərdən rədd olmalı və azərbaycanlı qaçqınlar, o cümlədən, Xocalının sağ qalmış sakinləri doğma evlərinə qayıtmalıdırlar.
Unutmaq olmaz ki, 1992-ci ilin fevralında dişlərinə qədər silahlanmış və həm də xaricdən güclü hərbi qüvvə ilə dəstəklənən düşmən imid edirdi ki, irimiqyaslı müharibəyə heç hazır olmayan və daxili siyasi mübarizələr nəticəsində başını itirmiş Azərbaycan bu zərbəyə dözməyəcək, Xocalı qırğınının təşkilatçılarından rəhm istəyəcək və Qarabağın itkisi ilə razılaşacaq.
Ancaq Azərbaycan nəinki sürükləndiyi bu müharibədə duruş gətirdi, həmçinin, müəyyən zamandan sonra Cənubi Qafqazın ən güclü dövlətinə çevrildi. İşğal etdiyi torpaqlardan könüllü çıxmaq istəməyən Ermənistanın məğlubiyyəti qaçılmazdır. Azərbaycanın da səbrinin həddi var və gec-tez erməni işğalçıları qonşu xalqa, o cümlədən, Xocalı şəhərinin günahsız sakinlərinə qarşı törətdikləri bütün cinayətlərə görə cavab verməli olacaqlar.
MƏSLƏHƏT GÖR:




542

