24 Noyabr 2024

Bazar, 19:06

BÖHRAN ƏLEYHİNƏ PAKET

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İKT sektorunda maliyyələşdirilmənin optimallaşdırılması üçün çevik yanaşma təklif edir

Müəllif:

24.02.2015

Ümumilikdə, sahənin sürətli inkişafına baxmayaraq, yerli IT bazarının subyektləri hələ də özbaşlarına ciddi investisiya resursları generasiya etmək iqtidarında deyil. Odur ki, son onillikdə xüsusilə şəbəkə infrastrukturunun inkişafı layihələri ilə bağlı, demək olar ki, bütün uzunmüddətli təşəbbüslərin kapitallaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilib. Dünyada neftin ikiqat ucuzlaşması və dövlət büdcəsi gəlirlərinin nəzərəçarpacaq dərəcədə azaldığı bir şəraitdə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) IT sənayesinin inkişafına yanaşmada korrektələr edilməsini, məsələn, sahənin maliyyələşmə mənbələrinin şaxələndirilməsini lazım bilir.

 

Qənaət rejimi

"Dövlət vəsaitinə qənaət olunması zərurəti beynəlxalq maliyyə institutları, xarici banklar tərəfindən yerli İKT sektoruna kreditlərin ayrılması işinin genişləndirilməsini aktuallaşdırıb", - deyə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: "Daha bir vacib məsələ birbaşa xarici investisiyaların və nou-haunun vacib innovasiya layihələrinin reallaşdırılmasına, elmi araşdırmaların aparılmasına cəlbinin stimullaşdırılmasıdır". Nazirin sözlərinə görə, bu il RYTN öz fondları hesabına yalnız bir neçə o qədər də bahalı olmayan vacib layihələri maliyyələşdirə biləcək. Söhbət kiçik innovasiya müəssisələrinə dəstək layihələrindən gedir.

Bundan başqa, nazirliyin əsas prioritetləri arasında yerli İKT məhsulları və xidmətlərinin satış bazarının genişləndirilməsi də var. "9 milyondan artıq əhalisi olan Azərbaycanda bazar kifayət qədər tutumlu deyil. Bununla əlaqədar olaraq, bizim IT -məhsullarımızın ixracı və yeni azad ticarət modeli əsasında tədqiqatlara dair regionun bir sıra dövlətlərilə danışıqlara başlamışıq", - deyə Əli Abbasov qeyd edib.

Bəs RYTN-in strateji vacib, kapitaltutumlu layihələrin qarışıq maliyyələşdirilməsi ilə bağlı yeni yanaşması ilk olaraq harada tətbiq ediləcək? Bu, ilk növbədə, anonsu hələ bir neçə il əvvəl edilmiş Fiber to Home layihəsinə aiddir. Qeyd edək ki, onun dəyəri, təxminən, 500 milyon avro qiymətləndirilir. Layihə şaxələndirilmiş optik infrastrukturun yaradılmasını və ATS-lərin müasirləşdirilməsini nəzərdə tutur. Bu, ölkə əhalisinin 85%-nin, o cümlədən uzaq regionlarda yaşayan əhalinin sürəti 10-100 Mbit/s olan genişzolaqlı İnternetlə təmin olunmasına imkan verməlidir.

Əvvəlcə bu vacib layihənin mərhələli şəkildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən maliyyələşdiriləcəyi güman edilirdi. Xərclənəcək vəsaitin bir hissəsinin isə təkrar investisiya hesabına təmin olunması nəzərdə tutulurdu. Lakin dünyadakı mənfi konyuktura nəzərə alınaraq, ARDNF-in bu layihənin maliyyələşdirilməsində iştirakı 2016-cı ildən sonraya təxirə salınıb. "Bununla yanaşı, Fiber to Home layihəsi alternativ maliyyə mənbələri hesabına reallaşdırıla bilər. Söhbət bir sıra xarici banklardan, beynəlxalq maliyyə təşkilatlarından gedir. Onların bəziləri artıq ölkəmizə güzəştli şərtlərlə kredit ayırmağa razılıq verib", - deyə Ə.Abbasov qeyd edib: "Layihənin mərhələli şəkildə reallaşdırılması və 3-5 il ərzində investisiyaların xərcini ödəməsi Fiber to Home infrastrukturunun dövlətdən maliyyə resursları almadan reallaşdırılacağını istisna etmir".

 

İcarəyə verilən peyk

Maraqlıdır ki, perspektivli İKT layihələrinin reallaşdırılmasında xarici kapitalın artırılması konsepsiyası dinamik inkişafda olan kosmik seqmentə də uğurla tətbiq edilə bilər. Söhbət iki yeni Azərbaycan peykinin fəzaya buraxılması layihələrindən gedir - "Azerspace-2" telekommunikasiya peyki və ikinci aşağıorbitli optik peyk.

Milli peyk operatoru olan "Azerkosmos" ASC ilə Intelsat beynəlxalq peyk rabitəsi şirkəti 2017-ci ildə orbitə Azərbaycanın ikinci telekommunikasiya peykinin buraxılmasına dair razılaşma əldə ediblər. Lakin kommunikasiya gücünün 20%-nin Azərbaycanın tələbatlarının ödənilməsi üçün istifadə olunduğu birinci peykdən fərqli olaraq, "Azerspace-2"nin resurslarının, demək olar ki, tam şəkildə xarici bazarlara icarəyə verilməsi planlaşdırılır. Bu, layihənin yüksək rentabelliyini təmin etməlidir. Onun reallaşdırılmasına xərclənən investisiyanın 5-6 ilə çıxarılacağı bildirilir.

İkinci peyk proqramının dəyəri 157 milyon avro qiymətləndirilir. Bu vəsaitin yalnız 15%-i Azərbaycan hökuməti tərəfindən ödəniləcək. Yerdə qalan məbləğ beynəlxalq kredit təşkilatlarından götürüləcək. Müqayisə üçün qeyd edək ki, Azərbaycanın ilk rabitə peyki tam şəkildə dövlətin hesabına maliyyələşdirilib.

Ölkənin bir-iki ildən sonra orbitə buraxmaq istədiyi aşağı orbitli optik ikinci peyk layihəsi də kommersiya baxımından maksimal səmərəliliyə hesablanıb. Bu layihə çərçivəsində "Azerkosmos" bu və ya digər məkanların radar və optik çəkilişlərinin aparılması ilə bağlı xarici sifarişlərə bel bağlayır.

RYTN Azərbaycanın IT sektorunun Xəzəryanı regiona ixrac potensialını da artırmağı düşünür. Bu niyyətin həyata keçirilməsi üçün artıq kifayət qədər uğurlu ixrac təcrübəsi mövcuddur. Artıq illərdir ki, ölkənin proqram təminatı bazarının liderləri olan SINAM, R.I.S.K., AZEL, ULTRA, Caspel, SayberNet kimi şirkətlərin proqramları, inteqrasiya sxemləri və digər məhsulları Mərkəzi Asiya ölkələrində, Əfqanıstanda, Cənubi Qafqazda istifadə olunur. Onların bir sıra məhsulları Belarusa, Latviyaya, Estoniyaya, Tailanda, Braziliyaya, Dominikan Respublikasına ixrac olunur. Mingəçevirdə fəaliyyət göstərən KUR zavodu, Sumqayıt Texnoparkı (STP) da yüksək ixrac potensialına malikdir. Onlar bir sıra ölkələrə kompyuterlər, monitorlar, informasiya və ödəmə terminalları, müşahidə kameraları, avtomatlaşdırılmış feys-nəzarət sistemləri, mühafizə, yanğından mühafizə sistemləri və digər qəliz elektron məhsullar ixrac edirlər.

 

Mobil telefonların idxalına məhdudiyyət

İxrac imkanlarının genişləndirilməsi və yerli IT sənayesində rentabelliyin təmin edilməsi ilə məşğul olan RYTN İKT bazarının yerli istehlakçılarını da unutmur. Misal kimi, qurumun mobil rabitə operatorları arasında danışıq tariflərinin aşağı salınmasına yönəlmiş səylərini göstərmək olar.

"Azərbaycanın mobil rabitə bazarına "Azerfon" şirkətinin daxil olması ilə operatorlar arasında asimmetrik rabitə üsulundan istifadə edilməyə başlanılıb. İndi biz bu üsulun yüngülləşdirilməsi, vahid tarifə keçilməsi imkanlarını nəzərdən keçiririk", - deyə Əli Abbasov bildirib. Bu tarif bir operatorun digər operatora öz şəbəkəsindən kənar danışığın 1 dəqiqəsinə görə ödədiyi məbləği müəyyən edir. Nazirlik bu yaxınlarda operatorları operatorlararası rabitəyə görə tariflərin unifikasiyasına dair məlumatlandırıb və bu tarif 0,05 manatdan 0,2 manata salınıb.

Bu günlərdə nazirlik əhalinin geniş bir təbəqəsini maraqlandıran daha bir vacib məsələyə aydınlıq gətirib. Söhbət Azərbaycanda kifayət qədər dinamik inkişaf edən ticarət istiqaməti - e-commerse-nin fiskal tənzimlənməsi aspektindən gedir. "Son zamanlar bazarda ortaya arzuolunmaz faktlar çıxıb. Onlar, əsasən, mobil telefonların qaçaqmalçılığı ilə bağlıdır", - deyə Ə.Abbasov qeyd edib: "Müvafiq strukturlarla birlikdə mobil telefonların ölkəyə gətirilməsinə xüsusi rejimin tətbiqi ilə bağlı plan hazırlanıb. Bu plan vergidən yayınmanı istisna edir. Digər qacetlər və istehlak malları ilə bağlı elektron ticarətə gəlincə, bu sahədə heç bir məhdudiyyət nəzərdə tutulmayıb".

Beləliklə, hazırkı böhran dövründə RYTN IT sənayesini optimallaşdırmağa, xarici investorların bu sahədə iştirakını təmin etməyə, sahənin ixrac potensialını genişləndirməyə çalışır. Vətəndaşların istər ölkə daxilində, istərsə də ondan kənarda İKT məhsullarından istifadəsinin təmini üçün maksimum liberal rejimin formalaşdırılması, eyni zamanda, mobil rabitə və genişzolaqlı İnternetin qiymətində mərhələli şəkildə ucuzlaşmanın aparılması nəzərdə tutulub.


MƏSLƏHƏT GÖR:

743