5 Dekabr 2025

Cümə, 23:10

"GÜRZ"

Türkiyədə hökumətlə hərbi rəhbərlik arasında yaşanan qalmaqal ölkədə sabitliyə ciddi zərbə vurub

Müəllif:

01.03.2010

Türkiyədə hökumətlə hərbçilər arasında münasibətlər kəskin şəkildə pisləşib. Hər şey yanvarın 20-də "Taraf" qəzetində sensasiyalı məqalənin dərci ilə başlayıb. Qəzetin yazdığına görə, 2003-cü ildə bəzi hərbçilər guya "Gürz" şərti adı altında qiyam hazırlayıbmışlar. "Gürz" ölkədə gərginliyin yaradılmasını, İstanbulun 2 məscidində Cümə namazı zamanı partlayışın törədilməsini, Türkiyə-Yunanıstan münasibətlərində gərginliyin yaradılmasını (bunun üçün təşkilatçılar guya Egey dənizi üzərində Türkiyə təyyarəsini vuraraq, bunun Yunanıstan HHQ tərəfindən edilməsinə dair məlumat yayacaqlarmış), fövqəladə vəziyyətin elan olunmasını, kütləvi həbsləri, bütün dövlət qurumlarının ələ keçirilməsini, hökumətin devrilməsini və müvəqqəti hökumətin qurulmasını, həmçinin, dövlət qurumları, banklar, gömrük xidməti və digər rəhbər şəxslərin dəyişdirilməsini nəzərdə tuturmuş. Guya bu postlara ordu nümayəndələri və mülki şəxslər arasında onlara yaxın adamlar təyin ediləcəkmiş.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı artıq məlumatları təkzib edib və Rəcəb Tayyib Ərdoğan hökumətinin devrilməsi planının mövcudluğu haqda deyilənləri uydurma adlandırıb.

"Ağlı başında olan istənilən vicdanlı şəxs belə iddialarla çıxış edə bilməz", - deyə hərbi qurumun bəyanatında bildirilir. 

Qeyd edək ki, bu bəyanatın səsləndirildiyi vaxt artıq 10 hərbçi "informasiya sızdırdığı" üçün həbs edilmişdi.

"Taraf" isə "Gürz" planı haqda yeni "faktlar"ın dərcini davam etdirir, iddia edir ki, hərbçilər çevrilişə qarşı çıxan, təxminən, 200 min insanı həbs etmək  haqda düşünürmüşlər. Guya həbs edilməsi planlaşdırılan şəxslər arasında jurnalistlər də var.

Bundan başqa, "Taraf" iddia edir ki, 5 min səhifədən artıq olan sənədin altında Birinci səhra ordusunun sabiq komandanı, ordu generalı Çətin Doğanın imzası var.

İstefada olan generalın özü isə qəzetin yazdıqlarını "cəfəngiyat" və "saxtakarlıq" adlandırıb. Onun sözlərinə görə, qəzet virtual təlim və seminar planını əsas götürüb və onu təhrif edərək, çevriliş planı kimi təqdim edib.

Analoji bəyanatla hərbi qurum da çıxış edib. Mətbuat üçün açıqlamada bildirilir ki, qəzetin təhrif etdiyi seminar planı Baş Qərargahın 2003-2006-cı illərdəki təlim proqramına aiddir və o, qərargahı İstanbulda yerləşən Birinci səhra ordusunun məsuliyyət daşıdığı  zonaya daxil ehtimal xarici təhlükənin aradan qaldırılmasını nəzərdə tutan tədris tapşırıqlarının həllinə yönəlib.  

Amma qəzetin məqalələrində ictimaiyyətin diqqətini bir məqam çəkib: Baş Qərargahın "virtual" adlandırdığı planın adı, nədənsə, heç də "virtual" deyil. Yüzlərlə şəxsi kart, 5 min səhifə olsun, lakin bir dənə də uydurma ad olmasın? Sənəddə bütün "virtual" düşmənlərin, həmçinin, hakim Ədalət və İnkişaf Partiyasının adı da həqiqi adlardır.

Qəzetin yazdığına görə, qiyamçılar həbs olunacaq baş nazir katibliyi, Maliyyə və Xarici İşlər nazirlikləri, gömrük xidməti və s.-da çalışan dövlət məmurlarından ibarət 150 nəfərlik siyahı hazırlayıblarmış. Üstəlik, onların hər biri ayrı-ayrı qruplara bölünüb: "radikal islamçılar", "süleymançılar"a sadiq olanlar", "nurçular", "hicablı həyat yoldaşı",  "dini məktəb məzunları" və s.

Baş Qərargahın olanlara sərt və mənfi reaksiyasına baxmayaraq, hökumət Türkiyə tarixində ən genişmiqyaslı "təmizləmə"yə qərar verib və bu həm istefada olan, həm də hazırda xidmət çəkən hərbçilər arasında aparılıb.

Fevralın 22-də 50-dən artıq zabitin həbsi ilə nəticələnən əməliyyat keçirilib. Buna cavab olaraq, bütün növ qoşunların komandanları Ankarada təcili toplantıda bir araya gəlib. Mətbuatda yer almış məlumata görə, müzakirələrin sonunda Türkiyə Ordusunun rəhbərliyində total şəkildə istefalara qərar verilib.

Bu dəfə hökumət geri çəkilməli olub. Prezident Abdullah Gülün təşəbbüsü ilə Baş nazir Rəcəb Tayyib Ərdoğan və Baş Qərargah rəisi İlkər Başbuğun iştirakı ilə keçirilmiş üçtərəfli görüşdən dərhal sonra, Silahlı Qüvvələrin 3 sabiq komandanı azad edilib. Onların arasında Hərbi Hava Qüvvələri və Türkiyə Aviasiyasının sabiq komandanları Özden Örneklə İbrahim Fırtına da var. 

Buna baxmayaraq, fevralın 26-da həbslər davam etdirilib və daha 18 zabit saxlanılıb. 

Görünən odur ki, bu da hələ son deyil.

Bir fakt da diqqətdən kənarda qalmayıb: son aylar ərzində Türkiyə Ordusunun 8 yüksək rütbəli nümayəndəsi intihar edib.

Bütün bunlarla yanaşı, bir qrup müşahidəçi belə düşünür ki, "Taraf" qəzetində yer almış məlumatlar hakim partiyanın və şəxsən Baş nazir Rəcəb Tayyib Ərdoğanın xeyrinə işləyib. Amma eyni zamanda onlar, hadisələrin bundansonrakı gedişinin Baş Qərargahdan asılı olduğunu da düşünür. Əgər hərbi elita sakitliyini qoruyub- saxlamağı bacarsa və növbəti qiyama qərar verməsə, sonda böyük siyasi təsirə malik Türkiyə Ordusunun mövqeləri sarsılmayacaq.

Hökumətin taleyi isə tam əksinə ola bilər. 2012-ci ildə Türkiyədə parlament seçkisi keçiriləcək və bu seçkiyə qədər vaxt azaldıqca, Ərdoğan reytinqini itirməkdədir. Son sorğular göstərir ki, onu dəstəkləyən əhalinin sayı xeyli azalaraq o həddə çatıb ki, növbəti seçkidən sonra Ədalət və İnkişaf Partiyasının hökuməti təkbaşına formalaşdırması mümkün olmayacaq.

Hər halda, "Gürz", ilk növbədə, Türkiyənin daxili siyasi sabitliyinə ciddi zərbə vurub. İnanmaq istərdik ki, bu zərbənin dalğası Ankaranın  xarici siyasətdəki mövqelərinə təsir göstərməyəcək.


MƏSLƏHƏT GÖR:

531