24 Noyabr 2024

Bazar, 19:10

ZİYANIN YARISI…

Azərbaycan manatı, qlobal iqtisadi proseslərin təzyiqinə davam gətirməsi üçün mövqelərindən geri çəkildi

Müəllif:

24.02.2015

Yaxşı hadisələrə dərhal vərdiş edir və həmişə belə olacağını düşünürsən. Uzun müddət davam edən sabitlikdən sonra istənilən dəyişiklik son dərəcə ehtiyatla və mənfi qarşılanır. Bu, yalnız ayrıca fərdlərə yox, ümumilikdə, cəmiyyətə aiddir.

Beləliklə, ötən həftənin bazar ertəsi Azərbaycan manatında devalvasiya başlayıb. Əvvəlcə ölkənin Mərkəzi Bankı milli valyutanın məzənnəsinin formalaşdırılmasında bivalyuta səbətinə keçildiyini bəyan edib. Daha sonra valyutadəyişmə məntəqələrinin qarşısında ajiotaj başlayıb. Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri devalvasiyanın yumşaq olacağına dair vəd versə də, sonda bir gündə manatın məzənnəsinin 34% enməsi "soyuq duş" effekti verdi. Bəzi KİV artıq fevralın 20-ni "qara şənbə" adlandırır. Bəs AMB-nin addımı, həqiqətənmi, gözlənilməz idi və ondan daha nələr gözləmək olar?

 

Təlaşa səbəb yoxdur!

Manatın devalvasiyası gözlənilən addım idi. Bu fikirlə, yəqin ki, bütün iqtisadçı ekspertlər razıdır. AMB yalnız bu ilin əvvəlindən milli valyutanın kursunun sabit saxlanılmasına, təxminən, 2 milyard dollar xərcləmişdi. Bu pullar Azərbaycanın bütün valyuta ehtiyatlarının tərkib hissəsi olan Mərkəzi Bankın valyuta ehtiyatlarından götürülür. Bu vəsaiti riskə atmaq yolverilməzdir. O, ölkənin iqtisadi sabitliyinin qarantıdır. Ehtiyatların azalması istər ölkənin, istərsə də iqtisadiyyatın ayrı-ayrı subyektlərinin kredit reytinqlərinə, onun investisiyalar üçün cəlbediciliyinə və s. öz təsirini göstərə bilər.

Bu yaxınlaradək manatın məzənnəsinin dəstəklənməsi, hətta sərfəli idi - neftin qiyməti yüksək olduğundan, ehtiyatın həcmi sürətlə artırdı və Azərbaycan valyutası regionun ən sabit valyutalarından biri adını qazanmışdı. Dünya bazarlarında neftin qiymətinin sürətlə aşağı düşməsi isə Azərbaycanın, demək olar ki, bütün qonşularında milli valyutaların devalvasiyasına səbəb olmuşdu. Bu, artıq valyuta bazarındakı əvvəlki sabitliyin qorunub-saxlanmasını mümkünsüz edirdi.

Yaranmış yeni qlobal vəziyyətdə manatın kursunda dəyişikliyin vacib olduğunu, ilk olaraq, prezident İlham Əliyev yanvarın 27-də 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ilk ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında dilə gətirib. Dövlət başçısı manatın avroya nisbətən həddindən artıq möhkəmləndiyinə diqqət çəkib, bunun Avropa ilə xarici ticarət dövriyyəsinə mənfi təsir göstərdiyini deyib və 1 manatın 1 avroya bərabər olmasını daha məqsədəuyğun adlandırıb. Bunadək isə 1 avro 0,89 manata bərabər idi. Bundan sonra AZN/EUR nisbətində Avropa valyutasının tədricən bahalaşması müşahidə olunub.

Daha sonra AMB 2015-ci il fevralın 16-dan manatın məzənnəsinin müəyyənləşdirilməsində bivalyuta (dollar və avro) səbətinə keçidlə bağlı qərar qəbul edib. Bir gün sonra AMB-nin rəhbəri Elman Rüstəmov dövlət televiziyasının efirindən verdiyi açıqlamada bu halın indiyədək bir dəfə yaşandığını xatırladıb: "2008-2011-ci illərdə dünyada böhranın yaşanması ilə əlaqədar, Azərbaycanın məzənnə siyasəti dollar və avronun daxil olduğu bivalyuta səbəti mexanizmi ilə aparılıb. Bu bizə daha çevik məzənnə siyasəti aparmaq imkanı verib. Lakin o zaman neftin qiyməti çox yüksək səviyyədə olduğu üçün, Azərbaycanın ödəmə balansının yüksək profisitliyi şəraitində balansdan irəli gələn manatın məzənnəsinin möhkəmlənməsinə böyük bir təzyiq var idi. Bu amillər manatın məzənnəsinin güclənməsinə imkan verirdi. Biz valyuta səbətində avrodan imtina etməsəydik, bu gün daha güclü manatla qarşı-qarşıya qalardıq".

Beləliklə, AMB-nin qərarı doğru qərardır. Amma bununla bağlı əhaliyə dəqiq izah və proqnoz verilməyib. Nəticədə, insanlar manatla olan hesablarını dollar hesabına çevirmək, əllərindəki vəsaitləri dəyişmək üçün valyutadəyişmə məntəqələrinə, banklara sanki hücuma keçib. AMB İdarə Heyətinin rəhbəri yalnız bir gün sonra AzTV-nin efirinə çıxaraq devalvasiyanın yumşaq olacağını vəd edib: "Biz bütün banklara tövsiyə etmişik ki, manatla olan hesablarını digər valyutaya keçirmək istəyən insanlara yardım göstərsinlər. Bu gün ölkədə bank əmanətlərinin həcmi 7 milyard manatdan artıqdır. Onun yarısı manatla, yarısı isə xarici valyuta ilədir".

"Manatın xroniki və uzunmüddətli zəifləməsi üçün fundamental səbəblər, əsaslar yoxdur. Narahatlığa əsas yoxdur. Manatı heç bir dramatik devalvasiya gözləmir. Bizim valyuta ehtiyatlarımız, təxminən, ÜDM-in 70%-nə bərabərdir və dövriyyədə olan manatın həcmindən 2,5 dəfə artıqdır. Odur ki, Azərbaycanı belə vəziyyət gözləmir. Amma biz dünyada cərəyan edən proseslərə də reaksiya verməliyik", - deyə E.Rüstəmov qeyd edib.

Amma ajiotaj bu sözlərdən sonra da azalmayıb. Bununla yanaşı, əhali psixoloji baxımdan bir qədər sakitləşib və valyuta bazarındakı tədrici dəyişikliklərə köklənib. Bundan başqa, AMB banklara istirahət günlərində də (fevralın 21-22-də) işləməyi tapşırıb. Məqsəd hər bir insanın valyutasını dəyişmək imkanı qazanmasına nail olmaq idi. Bu isə bəzi ekspertlərdə şənbə günü səhər valyutanın məzənnəsində kəskin dəyişikliyin baş verə biləcəyilə bağlı fikirlər yaratmışdı.

Beləliklə, fevralın 21-i səhər sanki aydın səmada şimşək çaxdı - AMB banklara yeni məzənnəni elan etdi: 1 dollar=1,05 manat, 1 avro=1,1950 manat.

 

Qaçılmaz inflyasiya

Bəs nə baş verdi və bütün bunlar nə ilə nəticələnəcək? Bu gün ekspertlərin bir çox versiyası var. Məqalənin çapa hazırlandığı ana AMB-dən məsələ ilə bağlı bir açıqlama var idi: manatın dollara nisbətdə ucuzlaşdırılması qərarı milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimulların yaradılması, onun rəqabət qabiliyyətinin artırılması məqsədi ilə, Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyuta bazarında baş verən proseslər nəzərə alınmaqla qəbul edilib.

Beləliklə, AMB-nin bu addımının yaratdığı narahatlıqları nəzərə alaraq, əvvəlcə qərarın mənfi tərəflərinə nəzər salaq. İstənilən devalvasiya istehlak qiymətlərinin artmasına səbəb olur və bu, şübhəsiz, prosesin ən mənfi və hissedilən tərəfidir. Şənbə gününun ikinci yarısından etibarən, Bakıda ticarət məntəqələrinin, təxminən, yarısı bağlanıb, mağaza sahibləri malların yenidən qiymətləndirilməsinə başlayıblar. Halbuki, elə həmin gün İqtisadiyyat və Sənaye Nazirliyi əsassız qiymət artımı ilə bağlı monitorinqlər keçirəcəklərini bəyan edib. Lakin bu, qiymət artımına mane olmayıb - heç bir iqtisadi əsas olmadan qiymətlər artmağa başlayıb. Məsələ ondadır ki, devalvasiyanın ilk günlərində mallar anbarlardan əvvəlki qiymətlərlə buraxılsa da, pərakəndə satış nöqtələrində bahalaşma başlayıb. Devalvasiya şoku yaşamış qonşu Rusiyaya nəzər salsaq görərik ki, orada inflyasiya rublun tənəzzülündən yalnız bir neçə ay sonra başlayıb. Bu, topdansatışla məşğul olan ticarətçilərin yeni məhsulları satışa buraxmasından sonra qeydə alınıb. Başqa sözlə, bu gün Azərbaycanda istehlak məhsullarının qiymətindəki kəskin artım tamamilə əsassızdır və bu, "işbazlar"ın məzənnənin oynamasından istifadə etmək cəhdindən başqa bir şey deyil. Bununla yanaşı, əksər ekspertlər sonradan valyuta kursunun dəyişməsi ilə qiymətlərində də dəyişiklik olacağına şübhə ilə yanaşırlar. Halbuki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "işbazlar"a qarşı qanunvericilik çərçivəsində tədbirlərin görüləcəyini bəyan edib. "Azərbaycan Mərkəzi Bankı tərəfindən manatın devalvasiyasının həyata keçirilməsi inflyasiyanın ikirəqəmli həddə yüksəlməsi ilə nəticələnəcək", - deyə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib.

Digər tərəfdən, artıq manatın devalvasiyasının bank, sığorta, turizm və digər biznes sahələrinə mənfi təsiri ilə bağlı ekspert qiymətləndirmələri ortadadır.

2014-cü il dekabrın 31-nə Azərbaycan banklarının xarici öhdəlikləri 6 milyard 342 milyon dollar təşkil edirdi. Bu öhdəliyin ödənilməsi üçün, təxminən, 4,986 milyard manat tələb olunurdusa, yüksək məzənnənin qorunub-saxlanacağı təqdirdə bu məbləğ artacaq və bu, təbii ki, sərfəli deyildi. Çünki banklara daxili kreditlər manatla verilir.

Bununla yanaşı, Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin müdiri Mahir Abdullayev hesab edir ki, manatın devalvasiyası sığorta şirkətlərinə zərər vura bilər. "Şirkətlərin dəymiş zərərin ödənilməsinə ayıracaqları məbləğ artacaq. Çünki məsələn, avtomobillərin, onların ehtiyat hissələrinin qiymətində bahalanma olacaq. Çünki onlar əsasən idxal olunur", - deyə M.Abdullayev qeyd edib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov isə bildirir ki, könüllü sığorta seqmentində xidməthaqqı zərərə nisbətdə müəyyən olunur, bu üzdən də avtomobillərin, onların təmirinin, daşınmaz əmlakın, dərmanın bahalaşması sığorta xidmətlərinin də bahalaşması ilə nəticələnəcək. O.Bayramov hesab edir ki, icbari sığorta seqmentində, əsasən, təsbit edilmiş qiymətlər olduğundan, xərclərin artımı bu sığorta növü ilə məşğul olanların üzləşəcəyi zərəri də artıracaq. Bu gün icbari sığorta növlərində zərərlilik 75% qismində qiymətləndirilir.

"Mərkəzi Bankın manatın kəskin devalvasiyası ilə bağlı qərarı turizm şirkətlərinə ciddi zərbə olacaq, hətta onların bəzilərinin müflisləşməsi ilə nəticələnəcək". Bu isə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovun fikridir. Onun sözlərinə görə, artıq populyar marşrutlar üzrə turların qiyməti, orta hesabla, 30-40% bahalaşıb. "Turizm şirkətləri aviadaşımaları həyata keçirən şirkətlərlə və otellərlə birmənalı olaraq dollarla hesablaşır. Milli valyutanın dəyərini kəskin şəkildə itirməsi bəzi turizm şirkətlərinin artıq satılmış turlara görə olan borclarını ödəyə bilməməsinə şərait yaradıb. Onlar ya turları geri qaytarmalı, ya da müştəridən əlavə ödəniş tələb etməlidirlər", - deyə N.Bağırov bildirib.

 

Reallıq diqtə edir 

Amma digər tərəfdən, etiraf etmək lazımdır ki, devalvasiya olmasaydı, dövlət büdcə öhdəliklərinin yerinə yetirilməsində ciddi problemlərlə qarşılaşardı. Bunu dünya bazarlarında neftin kəskin ucuzlaşması qaçılmaz edirdi. Çünki ölkənin əsas ixrac məhsulu məhz neftdir və dövlət büdcəsinin 65%-i "qara qızıl"ın satışından gələn gəlirlər hesabına formalaşır. 

Məlum olduğu kimi, bu gəlir ölkəyə dollarla daxil olur.

İqtisadiyyat üzrə fəlsəfə doktoru Rasim Hüseynov "R+"a açıqlamasında bildirib ki, manatın yeni məzənnəsi Neft Fondundan dövlət büdcəsinə transferlərdə, təxminən, 3,3 milyard dollarlıq qənaətə imkan verəcək. Bu, əlbəttə ki, ciddi məbləğdir. Başqa sözlə, dövlət əhaliyə əməkhaqların, pensiyaların, sosial müavinətlərin ödənişi ilə bağlı öhdəliklərinə tam əməl etmək imkanı qazanacaq. Bu, hökumətə prioritet investisiya proqramlarının maliyyələşdirilməsinə və s. də imkan verəcək. Bununla əlaqədar olaraq, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, "bazar iqtisadiyyatı şəraitində pensiya sistemi fiskal siyasət alətlərinin təsirindən qorunmaq üçün öz müdafiə mexanizmlərinə malikdir" və hazırkı proseslər pensiya ödənişlərinin maliyyələşdirilməsinə təsir göstərməyəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə xüsusi bəyanatla çıxış edib. Qurum bildirir ki, əhalinin hazırkı çağırışlardan, xüsusilə milli valyutanın kursundakı dəyişiklik və gözlənilən inflyasiyadan sosial müdafiəsinin təşkili üçün lazımi tədbirlər görüləcək.

"Əksər ölkələrin valyuta bazarlarında ötən ilin payızından baş verənlərə etinasız yanaşmaq olmaz. Neftin ucuzlaşması ABŞ dollarını, demək olar ki, bütün milli valyutalara nisbətdə gücləndirir. Neft idxalçısı olan ölkələrdə daxili bazarın qorunması üçün milli valyuta zəifləyir. Burada məqsəd həm də ixracın stimullaşdırılmasıdır (məsələn, türk lirəsi 20% ucuzlaşıb). Neft ixracatçısı olan ölkələr üçün isə vəziyyət ikiqat çətindir: burada qeyri-neft sahəsində ixracı stimullaşdırmaqla yanaşı, neftin ucuzlaşdığı bir şəraitdə büdcə öhdəliklərinə də əməl olunmalıdır", - deyə R. Hüseynov qeyd edib.

Bununla yanaşı, R.Hüseynov onu da bildirib ki, bu informasiya artıq qarşıdan gələn köklü dəyişikliklərin konturlarını cızıb. Amma Prezident İlham Əliyevin manatın avroya nisbətdə son dərəcə möhkəmlənməsinə imkan verilməməsi, milli valyutanın vahid Avropa valyutası ilə bərabər səviyyədə saxlanılmasına dair tapşırıqları dolların məzənnəsinin 0,89-0,90 AZN civarında olacağını düşünməyə əsas verirdi. Yəni, bu halda manat indiki kimi 34% deyil, 15% ucuzlaşmış olacaqdı.

"Bununla yanaşı, dünyanın iki əsas valyutası arasında paritet elə də uzaq deyil. Azərbaycanın valyuta siyasəti də bu əsaslar üzərində qurulacaq", - deyə ekspert qeyd edib.

Hər halda, yaxın günlərdə bizi valyuta bazarı ilə bağlı maraqlı hadisələr gözləyir. Bu şəraitdə tövsiyə oluna biləcək yeganə şey təmkinli olmaq, o qədər də xoş olmayan yeniliklərə uyğunlaşmağa çalışmaqdır. Bir Azərbaycan məsəlində deyildiyi kimi, "pis günün ömrü az olar"...

 

P.S. Məqalə çapa fevralın 23-də hazırlanıb.


MƏSLƏHƏT GÖR:

618