14 Mart 2025

Cümə, 10:41

MUSİQİ BİLİCİLƏRİNİN PADŞAHI

Marağayinin orta əsrlərin Şərq klassik musiqisinə aid elmi əsərləri indi də öz əhəmiyyətini itirməyib

Müəllif:

15.02.2010

Azərbaycan xalqının həyatında musiqi hələ çox qədim zamanlardan  xüsusi yer tutub. Elə buna görə də orta əsrlərdə məhz Azərbaycanda bütün Şərq musiqi nəzəriyyəsinin Səfiəddin Urməvi və Əbdülqadir Marağayi kimi  korifeyləri meydana gəlib. XIII - XV əsrlərdə Yaxın və Orta Şərq  ölkələrində musiqi nəzəriyyəsinin inkişafı  onların adları ilə sıx əlaqədardır.

Cənubi Azərbaycanı özlərinin hökmranlıq elədikləri geniş ərazilərin mərkəzi etmiş  monqol Hulaki hökmdarlarının imperiyası XIV əsrin ortalarında dağıldıqdan sonra, Azərbaycanın şimalındakı Şirvan torpaqlarında Şirvanşahlar sülaləsi öz müstəqilliyini bərpa etmişdi. Ölkənin qalan hissələrində türk Cəlairlər sülaləsi möhkəmlənmişdi. Həmin dövrdə  sənətkarlıq inkişaf etmiş, Azərbaycanın tijarət əlaqələri genişlənməyə başlamışdı. Gəncə, Şamaxı, Bərdə, Təbriz, Ərdəbil kimi şəhərlərlə yanaşı,  Marağa da Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə çevrildi. Şərq aləminin böyük musiqiçisi, şairi, xəttatı Əbdülqadir bin Qeybi Marağayi 1353-cü ildə Marağa şəhərində doğulub. Əbdülqadir Marağayi yüksək istedada malik musiqiçi, müğənni, bir çox musiqi alətlərinin mahir ifaçısı idi. Marağayinin yazdığı əsərlər  musiqi nəzəriyyəsinin inkişafına güclü təsir göstərib. Dünyanın şərqşünas alimləri  Marağayini musiqi haqqında orta əsr elminin sonuncu  klassiki  adlandırmışlar.

Marağayi həyatının birinci yarısında vətəni Azərbaycanda  ifaçılıq  və musiqi yaradıcılığı fəaliyyəti ilə məşğul idi. Oğlunun böyük istedadını və  virtuoz çalğıçılıq məharətini  müşahidə edən  atası - məşhur musiqiçi Mövlanə Qeybi  onun lazımi səviyyədə təhsil alması  üçün əlindən gələni əsirgəməmişdi. Əbdülqadir  özünün "Maqasid əl-Alxan" kitabında bu barədə belə yazıb: "Atam Qeybi bir çox elmlərin, o cümlədən musiqinin mahir bilicisi idi". Əbdülqadir dörd yaşında ikən Quranı əzbər oxuya bilirdi. On yaşı olanda qrammatikanı, ritorikanı, stilistikanı öyrənmişdi. Əbdülqadiri atası ilə birlikdə alimlərin və şeyxlərin toplaşdığı məjlislərə dəvət edirdilər. Onun məlahətli və büllur kimi saf səsi, mürəkkəb musiqi əsərlərini məharətlə oxuya bilməsi məjlis iştirakçılarını heyran qoyurdu.  Marağayi həm də poetik əsərlər yaza bilirdi, mahir xəttat kimi ad çıxarmışdı. Marağayidə musiqiçi, xəttat rəssam və şairlik istedadı çox güjlü idi. O, fars, Azərbaycan və ərəb dillərində dərin məzmunlu şeirlər yazırdı. Marağayi Azərbaycan dilində yazdığı şeirlərində  tuyuq deyilən  mürəkkəb türkdilli poeziya formasından məharətlə istifadə edirdi (tuyuq formasında eyni cür səslənən, lakin müxtəlif məna verən sözlər qafiyələndirilirdi). Marağayi belə şeirləri "Segah", "Üşşaq", "Nəva" muğamlarında ifa etməyi  məsləhət görürdü. 

Az müddət sonra  Əbdülqadirin musiqini dərinlərinədək bilən  bir şəxs kimi şöhrəti başqa şəhərlərə də yayıldı. O, Təbrizə türk sülaləsinin sultanı Üveys Cəlairin sarayında məşhur musiqiçilərin və şairlərin, hətta şair və musiqiçi kimi tanınan sultanın  özünün də iştirak etdiyi  məclislərə dəvət almışdı.   Sultan Üveys Cəlair gənc musiqiçinin şərəfinə verdiyi Fərmanda onu əsrin bənzərsiz musiqiçisi adlandırmışdı.

1377-ci ildə Marağayi "Alxani Siqana" ("Otuz mahnı") əsərində saray məclislərinin birində başına gələn əhvalatdan bəhs etmişdi. Sultan Üveys Cəlairin vəfatından sonra taxta çıxmış oğlu Sultan Hüseyn saray məclislərinin birində Əbdülqadir Marağaiyə  Ramazan ayının  30 gününün hər birinə  ayrıca musiqi əsəri yazmağı təklif etmişdi. Marağayi bu təklifə razılıq vermişdi. Azərbaycanın tanınmış musiqiçisi  Rizvanşah Təbrizi  buna heç cür inanmadığını söyləmiş  və  bu işin baş tutacağı təqdirdə  gənc musiqiçiyə 100 min  qızıl dinar  verəcəyini bildirmişdi.  Həmin məclislərin digər iştirakçıları -  saray musiqiçiləri, şairləri və əyanları da Əbdülqadir Marağayi ilə mübahisə etməyə başlamışdılar ki, o, Ramazan ayının hər bir günündə  oxunmalı olan 30 nuba yaza bilməz (nubanın hərfi mənası sıra, növbə, ardıcıllıq deməkdir. Nuba ərəb musiqisində vokal-instrumental kompozisiyaya deyilir. Doqquzuncu əsrdə müəyyən musiqiçinin, yaxud müğənninin  xəlifənin hüzurunda xüsusi ardıcıllıqla oxuduğu mahnılar  nuba adlanırdı). Əl-Marağayi özünün qeyri-adi musiqiçilik istedadı sayəsində sübuta yetirdi ki, hər bir nubanın ma-yasını musiqi ladları (məqamları) və ritmləri (usulatları)  təşkil etdiyinə görə, həmin sayda nuba yazmaq mümkündür. Nubaların ərəb və fars dillərində sözlərini həmin məclislərin görkəmli şairləri, o cümlədən, Sultan Hüseyn yazmışdılar. Sultan Hüseyn onun sözlərinə musiqini Hüseyni ahəngində yazmağı xahiş etmişdi. Əbdülqadir Marağayi çox qısa bir müddətdə 30 mahnı yaza bilmişdi.  Mübahisədə qalib çıxan musiqiçi Marağayi 100 min qızıl dinarla mükafatlandırılmışdı. Zamanının hörmətli şəxsi sayılan Hacı Rizvanşah ibn Zəki ət- Təbrizi  gənc Əbdülqadirin böyük istedadına vurğunluğunu nümayiş etdirərək, ona 100 min qızıl dinar, üstəlik, öz qızını da ərə vermişdi.

Əbdülqadir Marağayi həyatının mənasını musiqi incəsənətinin mahiyyətinin dəqiqliklə aşkarlanmasında, musiqi əsərlərinin inkişaf və quruluş qanunlarını dərindən öyrənməkdə görürdü. O, Şərqin məşhur alimlərinin - Fərabinin, ibn Sinanın, Səfiəddin Urmavinin, Qütbəddin Şirazinin, Əbu Əlinin və başqalarının musiqi nəzəriyyəsinə dair əsərlərini dərindən və hərtərəfli tədqiq etməkdən yorulmurdu. Bütün bunların nəticəsində Marağayi  o vaxta kimi  məlum olmayan yeni ritm silsilələrinə  söykənən əsərlər yaratmışdı. Həmin ritm silsilələri üsul  adlanırdı. 20 üsuldan sonralar  7-si bir neçə əsr müddətində populyarlığını saxlamışdı. Abbasilər dövründən İslam musiqisinin əsas janrı  nuba idi. Hazırda nuba həm ərəb Qərbində (Əlcəzairdə, Liviyada, Tunisdə, Mərakeşdə) klassik musiqinin aparıcı janrı olaraq qalmaqdadır. Ərəblərdə, ümumiyyətlə, doqquzdan-onbeşədək nuba mövcuddur. Hər bir nuba 5-8 hissədən ibarətdir.

Marağayi bir çox yeni musiqi əsərləri və musiqi traktatlarının müəllifidir. Onun "Kandz əl-əlxan" ("Melodiyalar xəzinəsi")  traktatında melodiyalar Urməvinin hərf-rəqəm sistemi ilə yazılıb. Hərflər səsin yüksəkliyini, rəqəmlər isə uzunluğunu, məqamın adını və ölçüsünü göstərir, melodiyanın ritmini və tonların uyğunluğunu müəyyənləşdirirdi. İngilis musiqişünası C. Fermer bu traktatı təhlil edərək  yazmışdır ki, Marağayinin bəstələdiyi bəzi melodiyalar türk xalqlarında indiyədək "Giyar" adı ilə mövcuddur. Marağayi 1405-ci ildə yazmağa başladığı və 1413-cü ildə sona çatdırdığı "Came əl-Əlxan" ("Melodiyaların məcmusu")  nəzəri əsərindən sonra, "Məqasid əl-Əlxan" ("Melodiyaların təyinatı"), "Lahiye"( "Musiqi"),   "Favənd-i aşara" ("On fayda") musiqi traktatlarını da ərsəyə gətirmişdi. O, musiqi nəzəriyyəsinə dair əsərlərində  bir musiqişünas və tədqiqatçı kimi zəngin təcrübəsini  yekunlaşdırmışdı. Marağayi öz sələflərinin - Fərabinin və Urməvinin musiqi nəzəriyyəsi ənənələrini davam etdirərək,  musiqi elmini  daha da zənginləşdirmişdi. Özünün musiqi nəzəriyyəsində ilk dəfə olaraq muğam  termini ətraflı  izahını tapmışdır. Getdikcə mürəkkəbləşən, daim inkişafda olan musiqi incəsənəti 14-cü əsrin əvvəllərində yeni muğam yenilikləri - 12 muğamdan törənən 24 şöbə ilə  zənginləşdirilmişdi. Əbdülqadir Marağayi  bütün 24 şöbə sistemini müfəssəl  tədqiq etmişdi. 

Marağayinin traktatları öyrənilən materialın coğrafi arealının  genişliyi ilə də  diqqəti çəkir. O, bu və ya digər xalqın incəsənətinin məxsusi əlamətlərini aşkara çıxara bilib. 

Marağayinin traktatlarının faktik materialı həmin tarixi dövrdə Azərbaycan musiqi mədəniyyətinin nümunəvi mənzərəsini də yaratmağa imkan vermişdi. 

Marağayinin elmi əsərlərində aşıq injəsənətinin - türkdilli xalqların mədəniyyətini təmsil edən ozanların, baxşilərin, baksilərin injəsənətinin   tarixinə dair qiymətli məlumatlar  vardır. Həmin mövzu musiqi alətlərinin və musiqi canrlarının materialında  açıqlanır. Marağayi  aşıqların əsas çalğı alətini - "Rum qopuzu", "Ozan qopuzu", "Şıdırığı"  adları ilə təqdim  edirdi. Beləliklə, müasir sazın quruluşunun məşhur  "Kitabi-Dədə-Qorqud"da xatırlanan qopuzun quruluşu ilə eyniləşdirilməsi  hipotezi  Marağayinin əsərlərində özünün əlavə elmi əsasını tapıb.

Marağayi türk  xanəndələrinin ifa etdikləri 9 əsas musiqi  məqamını diqqətə çatdırır. Onlardan birincisi "Böyük məqam" adlanır. Güman ki, bu, "Rast" məqamına işarədir. Ərəblər "Rast" məqamına "Umm-əl_- məqam", yəni "Bütün məqamların anası" deyirlər. Marağayi spesifik türk məqamlarından savayı, "Üşşaq", "Nəva", "Busəlik", "Bayatı-Novruz"  və s. bu kimi digər məqamların da adlarını çəkir.

Ümumiyyətlə, Marağayinin əsərlərində muğam nəzəriyyəsinə və professional musiqinin bütün formalarına və canrlarına  böyük yer verilib.

Marağayi əksər musiqi traktatlarını  fars və Azərbaycan dillərində yazdığı şeirləri ilə tamamlayır.  O, Azərbaycan dilində yazdığı şeirlərin  birində öz həyatından bir epizodu da təsvir edib. Nə vaxtsa  ağır xəstəliyə düçar olmuş Marağayini zəmanəsinin ən yaxşı həkimləri  müalijə etməkdə çətinlik çəkirlər. Bunu bilən musiqiçi ud alətinin müşayiəti ilə oxumağa başlayır: "Ey həkimlər, siz məni müalijə edə bilmirsiniz. Ancaq bir şeyə təəccüblənməyin. Məni ancaq ud müalicə edə bilər. Mənim üçün ən yaxşı dərman musiqidir". Həmin vaxtlar ud simli alətlərin şahənşahı hesab olunurdu.

14-15-ci əsrlərdə İslam aləminin Şərq hissəsində çox sayda müxtəlif  musiqi alətləri mövcud idi. Musiqişünas Əbdülqadir Marağayi bu alətlərin hamısının müfəssəl təsvirini verib. Türk musiqiçisi və səyyahı Övliya Çələbinin verdiyi məlumat xüsusilə qiymətlidir. Döyüşkən osmanlı türkləri  rəqs melodiyaları və marşlar çalmağa üstünlük verirdilər. Onların, Avropada yanıçar (türkcə "yenicərilər") adlandırılan  gənc türklərin  hərbi orkestrlərində böyük ölçülü kərənay adlı nəfəs alətindən və təbillərdən savayı, ucadan səslənən zurnadan da istifadə olunurdu. Türklər avropalılar arasında  yeni musiqi ritmlərini və musiqi alətlərini  yayırdılar. Türklərin çubuqla çalınan böyük təbilləri Avropa orkestrlərində litavrların (böyük barabanların)  meydana gəlməsinə səbəb olmuşdu. 

Əbdülqadir Marağayi və Övliya Çələbi öz traktatlarında  dördsimli çahar tarın, altısimli şeştarın, üçsimli setarın adlarını çəkirlər. Bu alətlər bəlkə də  bizim müasir tarımızın sələfləri olmuşdu.  Marağayinin əsərlərində  kamança, ney-tənbur, rübab, rudhani və s. simli alətlərdən, ağ ney, qara ney, ney-balaban, zurna, burqu və s. bu kimi nəfəs  alətlərindən bəhs edilir. 

Marağayi Yaxın Şərq  və Orta Şərq ölkələrində musiqi elminin inkişafında böyük rol oynayıb. 

Yaxın və Orta Şərqin orta əsr alimləri öz dövrlərinin bir çox elmləri ilə  məşğul olurdular. Lakin Əbdülqadir Marağayi bütün istedadını və gücünü, əsasən, musiqiyə həsr edib. O, özünün elmi əsərlərinin üzünü bənzərsiz xəttat dəqiqliyi ilə köçürməyi zəruri hesab edirdi. Əbdülqadir Marağayi şeirlərini   özünün musiqi əsərlərinin  mətni olaraq yazırdı. Böyük musiqiçi Əbdülqadir Marağayinin  bütün həyatını həsr etdiyi musiqi incəsənətinə dair əsərləri  Şərq aləmində  musiqi haqqında elmin  yüksək zirvəsidir. Onun türk dilində yazdığı "Bizi unutma"  şeiri Azərbaycan ədəbi dilinin  ilk nümunələrindən biridir.

Məlum olduğu kimi, Əbdülqadir Marağayi iki sülalənin - Cəlairlər və Teymurilər sülalələrinin hakimiyyəti dövründə yaşayıb-yaradıb. Marağayi öz vətəni Azərbaycanda ifaçılıq və musiqi yaradıcılığı ilə məşğul olub. O, gənclik illərində Təbrizdə fəaliyyət göstərərkən  Cəlairlər sülaləsinin hökmdarı Şeyx Üveysin diqqətini cəlb etmiş  və onun böyük hörmətini qazanmışdı. Üveysdən sonrakı Sultan Hüseynin  hökmdarlığı dövründə Marağayi sarayda yaşayıb - yaradıb. Məxəzlərdən məlumdur ki, digər Cəlair hökmdarı Sultan Əhməd də Marağayiyə böyük hörmət bəsləmiş, Təbrizdən Bağdada köçən zaman Əbdülqadiri də özü ilə aparmışdı. Sultan Əhmədin böyük hörmət əlaməti olaraq  Marağayinin yaradıjılığı haqqında əsər yazdığı da məlumdur. Saray musiqiçilərinin vəziyyətləri bir o qədər də möhkəm deyildi. Onların taleyi hökmdarların dəyişməsindən və yerli-yersiz şıltaqlıqlarından  asılı idi. Bəxtin dönüklüyü Marağayidən də yan keçməmişdi. Əmir Teymurun viranqoyuju müharibələri xalqlara böyük bəlalar gətirmişdi. 1392-ci ildə  Əmir Teymur Bağdadı zəbt edəndən sonra, elm və mədəniyyət xadimlərini Səmərqəndə göndərmişdi. Onlardan biri də Əbdülqadir Marağayi idi. Azərbaycan musiqiçisi Məvarənnəhrdə (Amudərya və Sırdərya çayları arasındakı ərazidə, daha doğrusu, Əmir Teymurun çox sevdiyi Səmərqənd şəhərində) böyük şöhrət sahibi kimi tanınırdı. Əmir Teymur 1397-ci ildə verdiyi fərmanda Marağayini "Bütün musiqi bilicilərinin padşahı" adlandırmışdı. Lakin vətən həsrəti ustad musiqiçiyə rahatlıq vermirdi. Nəhayət ki, o, vətəni  Azərbaycana qayıda bildi.  Həmin vaxt Teymur öz oğlu Miranşahı Azərbaycanın hökmdarı təyin etmişdi. Miranşah 1397-ci ildə ov  zamanı  atdan yıxılarkən  başından ağır yara alandan sonra xasiyyətində qəribəliklər özünü göstərməyə başlamışdı. O, şairlərə, hətta heç bir səbəb olmadan da divan tuturdu. Buna görə də onun sarayında  dözülməz şərait yaranmışdı. Əmir Teymur bundan xəbər tutan kimi  qoşunlarını İranın və Azərbaycanın üstünə yeritmişdi.  Teymurləng oğlu Miranşahın həyatında baş vermiş ciddi dəyişikliklərin səbəbini onun yaxın adamlarının törətdikləri fitnə-fəsadlarda gördüyündən, həmin adamları Təbrizə çatan kimi qətlə yetirmək tapşırığı vermişdi. Yaxınlaşmaqda olan təhlükəni hiss edən Əbdülqadir Marağayi  Sultan Əhmədin hökmranlıq etdiyi Bağdada  getməyi lazım bilmişdi. Ona Bağdadda da rahat yaşamaq  müyəssər olmamışdı. 1400-cü ildə Şam (Dəməşq) şəhərini alan Əmir Teymur  İraqa doğru irəliləməyə başlamışdı. O, Bağdada girəndən sonra  Marağayini tutmaq və qətlə yetirmək əmri vermişdi. Əmir Teymura elə gəlirdi ki, oğlu Miranşahın pis günə düşməsinin səbəbkarlarından biri də Əbdülqadir Marağayidir.

Əbdülqadir Marağayini ölümün pəncəsindən  Teymurun sarayında qəzəbli əmirin qarşısında bənzərsiz səsi ilə Quran surəsini oxuması qurtarmışdı. Tarixin ən qəddar hökmdarlarından sayılan Əmir Teymur Əbdülqadirin yüksək sənəti qarşısında  davam gətirməyərək ustad musiqiçini əfv etmiş və  onun yenidən saray musiqiçisi olmasına qərar vermişdi. Səmərqəndə göndərilən Marağayi  bir müddət Teymurun nəvəsi Sultan Xəlilin sarayında yaşamışdı. Sonralar Herat şəhərinə köçən Marağayi  ömrünün sonuna qədər yerli hökmdar Şahruxun sarayında yazıb-yaratmışdı. 1434-cü ildə Herat şəhərinin özündə və ətraflarında baş verən vəba xəstəliyinə yoluxan böyük musiqiçi və müğənni, Əmir Teymurun "musiqi bilicilərinin padşahı" adlandırdığı    Əbdülqadir Marağayi  həyatı ilə vidalaşmışdı. 

Marağayinin  orta əsrlərin Şərq klassik  musiqisinə aid elmi əsərləri indi də öz əhəmiyyətini itirməyib. Qədirbilən Azərbaycan xalqı  bütün əsrlərin musiqi aləmində tayı-bərabəri olmayan qüdrətli sənət sahibi Əbdülqadir Marağayinin xatirəsini əziz tutur və onunla həmişə fəxr edir. 


MƏSLƏHƏT GÖR:

606