14 Mart 2025

Cümə, 10:38

YARIMÇIQ QALMIŞ NƏĞMƏ

Azərbaycanın böyük vətənpərvəri, qeyri-adi müğənni rəşid behbudovun ölümündən 20 il keçir

Müəllif:

15.02.2010

(Davamı. Əvvəli ötən sayımızda)

 

Xüsusilə də Məsmə  - vəzifə sahibinin öz gözəlliyinə əmin olan qızı; qətiyyətli idi, bu da heç vaxt onun diqqətdən kənarda qalmasına imkan vermirdi, həm də geyimi dəbə uyğun olmaqla yanaşı, həm də elə cazibədar olardı ki, hamının fikri onun yanında qalardı. O, əmin idi ki, bu dünyaşöhrətli müğənni qızların içindən onu seçəcək, hətta onun arvadı olmaq üçün nişanını üçüncü dəfə qaytarmağa hazır idi. Ceyran onun kurs rəfiqəsi idi və Məsmənin bütün bu həyəcanına hörmətlə, bir az da laqeyd yanaşırdı. Kursun ən gözəli sayılsa da, başını bu şöhrətli insanın ətrafındakı qalmaqala o qədər də qatmırdı. O, ümumiyyətlə, həmin vaxtlar sevgi və ərə getmək barədə düşünmürdü. 

Sadəcə, dərsini oxuyurdu -  çalışqan idi və səy göstərirdi, mehriban beynəlmiləl ailənin ən kiçik qızı kimi belə öyrənmişdi. Hələ yaşı 18-ə çatmamışdı, ucaboylu və çox arıq idi.  Tibb İnstitutuna daxil olduqdan sonra, anası onu şəhərdə çox məşhur olan dərzi İvanovun yanına aparmışdı və qızına ilk "böyük adam" paltosu sifariş vermişdi. Dərzi bu incə qıza maraqla baxmışdı və anlamışdı ki, bu arıq qızın paltosunun sinə hissəsini bir az qabarıq vermək lazımdır. Ceyran utandığından cavab verə bilməmişdi, anası isə tezcə razılaşmışdı, artıq payızda qızı təzə dəbə uyğun palto geyinirdi. 

Dərzinin səylərindən sonra o, artıq elə də "artıq" görünmürdü, üzərində həm yaşıdlarının, həm də ona gəlin axtaran qadınların baxışlarını hiss edirdi; baxırdılar ki, görəsən, bu qızdan onların oğulları üçün ömür-gün yoldaşı çıxarmı? Bax, elə bu həyətdə anası yaşda bir qadın Ceyranı mehriban və dost baxışları ilə süzürdü. Amma heç gör, gənc qız bu baxışların mənasını anlayırdımı? Əlbəttə, yox. Küçələrdə soyuq tüğyan edirdi və qız angina tutmuşdu. İki həftə ərzində Məsmə mühazirələrə bu həyətdən tək getməi olmuşdu. 

Ceyran sağalandan sonra onlar Məsmə ilə birgə yenidən Artistlər evinin həyətindən keçirdilər. Gördü ki, Behbudov yuxarıdan onları görən kimi əllərini göyə qaldırıb, sanki nəyə görəsə Allaha şükür edir. Məsmə, əlbəttə, bunu öz hesabına yazdı və bildirdi ki, artıq qəti qərar verməyə hazırdır. Sabahı gün qızlar trolleybusa gecikərək, söhbət edə-edə həmişəki yolları ilə yavaş-yavaş gedirdilər. Skamyada oturan həmin mehriban baxışlı qadının ayağa qalxaraq, Ceyrana yaxınlaşması qızı heyrətə saldı. Özünü bəstəkar Fikrət Əmirovun anası kimi təqdim edən bu xanım, əlində uşaq tutmuş gənc bir gəlinin dayandığı eyvanı göstərdi: "Qızım, əlində uşaq tutmuş qadını görürsən? Bax, o mənim gəlinimdir. Bizim evdə səni pis heç nə gözləmir. Biz, sadəcə, səninlə tanış olmaq istəyirik, ona görə səni evə çay içməyə çağırırıq. Xahiş edirəm, mənimlə birgə evə qalx, etiraz edib, ürəyimi qırma". 

Ceyran bu yad evə heç getmək istəmirdi, ancaq qadın təkid etdiyindən, ona "yox" deyə bilmədi. İstər-istəməz qadının ardınca mənzilə qalxdı və açıq qapıdan masanın üstündə süfrə açıldığını gördü. Özünü pis hiss elədi: birdən kiminsə ad günü olar, o da əliboş gəlib. Dürdanə xanım, yəni Fikrət Əmirovun anası, qızın ailəsi ilə maraqlandı və öyrənəndə ki, bu, Balabəyin qızıdır, əllərini bir-birinə vurdu. Sən demə, Ceyran xanımın atası, Dürdanə xanımın qardaşının yaxın dostu imiş. Qadının bu məsələyə necə sevindiyini bir görmək lazım idi! Məsələ ilə bağlı düz-əməlli danışmağa macal tapmamış qapılar açıldı və Rəşid Behbudov sürətlə otağa daxil oldu. Görkəminə söz ola bilməzdi: saçları par-par yanırdı, açıqrəngli paltosunu çiyninə atmışdı, ayaqqabısı ən son modaya uyğun idi! Öz paltosunu soyunan Ceyran nə baş verdiyindən heç nə anlamadı. Rəşid öz qəşəng paltosunu çiynindən döşəməyə atdı və Dürdanə xanımın əlindən tutaraq, otaqboyu fırladı. Sevincindən gülən Rəşid ona bu cür hədiyyəyə görə çox xoşbəxt olduğunu və sevindiyini deyirdi. 

Məlum oldu ki, dekabrın 14-ü Rəşid Behbudovun ad günüdür. Sonra o, öz gənc xanımına danışırmış ki, onu kurs yoldaşlarının arasında görəndə ürəyində niyyət tutubmuş ki, əgər onlar Rəşidin ad günündə görüşsələr, deməli, bu onun taleyidir. Deməli, xoşbəxt olacaqlar. Dürdanə xanım, əlbəttə, bundan xəbərsiz imiş. Sadəcə, Rəşidin bu qıza baxışlarını tutubmuş, ona sürpriz eləmək istəyirmiş. Süfrəni də Rəşidin adına açıbmış, çünki onun burada qohumları yox imiş. Rəşid oğlu Fikrətlə yaxın dost idi, buna görə də bir ana kimi onun da qayğısına qalırmış. Sonra Ceyran xanımla artıq evli olandan sonra Rəşid həmişə zarafatla deyirmiş ki, dərzi sənətinin möcüzələri ilə ilk dəfə onda tanış olub, sən demə, üst geyimin köməyi ilə optik aldanma xariqələri yaratmaq mümkün imiş. İvanovun tikdiyi paltoda qızın görkəmi daha cazibədar imiş! Amma bu xumar gözlərin və xurmayı saçların sehrini isə heç nə ilə gizlətmək olmurdu.        

Ceyran, heyranın ollam!

Ceyran, qurbanın ollam!

Bu xalq mahnısının sadəlövh sözləri onun bütün həyatıboyu nəvazişlə "körpəm" adlandırdığı gənc xanımına hisslərinin bütün dərinliyini əks etdirirdi. O, doğrudan da körpə idi: təmiz, sadəlövh, etibar edən... Amma məhz o, Rəşidə xoşbəxtlik, isti ocaq duyğuları bəxş edirdi, bu isə onun başladığı bütün işlərə məna verirdi. O, fotoaparat almışdı ki, xanımının şəklini çəksin və çox vaxt Ceyrana obyektiv qarşısında bu və ya başqa şəkildə durmağı təklif edib, fotosessiyalar təşkil edirdi. Məsələn, evdə olan çiçəkləri sevimli xanımının ayaqlarına düzüb, ya da onun uzun saçlarına qəribə formalar verib; yaxud şəhərin fonunda dayandırıb şəklini çəkirdi. Bir sözlə, Rəşid hər sahədə istedadlı idi. Müğənni olmasaydı,  əsl fotorəssam olardı. Ümumiyyətlə, ondan həm yaxşı rejissor, həm yaxşı aktyor, həm də indi dəbdə olan sayağı deyilsə, yaxşı dizayner çıxardı. 

Onun bir çox istedadları sonradan, Heydər Əliyevin sərəncamı ilə Mahnı Teatrı açmaq üçün bina aldıqdan sonra ortaya çıxacaqdı. Orada o, yalnız solist və bədii rəhbər yox, həm də rejissor, bədii tərtibat və kostyumların müəllifi idi! Rəşid mütərəqqi baxışlı insan idi, teatr texnikası yenilikləri ilə çox maraqlanırdı. Buna görə də Avropa teatrları işıq effektləri və çex Yozef Svobodanın latern magik ekranlarını istifadə etməyə başlayan kimi, Bakı Mahnı Teatrında da bu ekranlar peyda oldu və onun tamaşalarına bir dəbdəbə verdilər, tamaşaçının bədii və estetik təsir imkanlarını genişləndirdilər. 

O həm işinə, həm təbliğ etdiyi sənətinə, həm peşəsinə, həm ailəsinə, həm dostlarına, həm də himnini bəlkə də konsert verdiyi  100-dən çox ölkədə bütün həyatıboyu oxuduğu torpağına, ölkəsinə qarşı müdrik və şövqlü idi.  Kiçik Azərbaycan Respublikasından olan sovet artisti Vətəninin şöhrətini artırırdı, onun sərhədlərini coğrafi anlamın sərhədlərinə qədər - Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ) qədər irəlilədə bilmişdi. Halbuki 25 il SSRİ Ali Sovetinin deputatı ola-ola onun sağlamlıq ocaqlarına giriş üçün güzəştli yollayış hüququnun olduğunu bilməmişdi. 

Buna görə də öz yay məzuniyyətlərini, əgər işdən macal tapırdısa, öz evinin eyvanında keçirirdi; yayın istisini qaynar çayla öldürməyə çalışırdı. Onun torpaq sahəsi də var idi, amma orada, hətta yay evi şəklində belə, normal ev tikə bilməmişdi. Amma dostları ilə orada olmağı çox sevirmiş, kabab çəkib qonaqlıq verirmiş. Ünsiyyətin ənənəvi Bakı variantıdır, yəni yemək xatirinə yox, dostları görmək və eşitmək xatirinə qonaqlıqlar təşkil olunardı. İndi bu adətlər keçmişdə qalır. Dünya daha praqmatik olur. Amma təəssüf... 

 

Üçüncü nəğmə - Rəşidə

Köhnə bir şəklində Rəşid Behbudov qucağında uşaq, qohumlarının əhatəsindədir. Yanında gözəl arvadı durub. Fotoqraf onları birbaşa doğum evinin pilləkənləri üzərində həkk edib. O xoşbəxtdir! Bax, həyatın mənası budur! Yalnız dünya ilə düzənli çuğlaşma insana bu qədər güc və tükənməz enerji verə bilər. Yalnız öz vicdanı ilə razılıq tam və dinc xoşbəxtlik duyğusu gətirə bilir. 

O, qızını onunla kövrək ekzotik bir çiçək kimi davranaraq böyütdü. Ata nüfuzunu hiss etdirmədən onunla  yaxın ürək dostu olmağı bacardı; bu məktəbli qız atasına bütün sirlərini, hətta uşaqlıq həvəslərini belə etibar edə bildi. Atası isə çox düşüncəli və ciddi şəkildə onunla bağlı yaranmış hər bir vəziyyəti ən önəmli iş kimi çözməyə üstünlük verdi. 

Rəşid müəllim, ümumiyyətlə, dinləməyi bacarırdı. Buna görə də onun yanına həm yad adamlar, həm seçicilər, həm də teatrının artistləri, həm də dostları gəlirdilər. Bitkilər, quşlar, heyvanlar və uşaqlar onu sevirdilər. Evində uzun müddət Kenar adlı tutuquşu saxlamışdı. Onun heyranedici civiltiləri evin havasını canlandırır, təbiətlə çuğlaşma duyğusu aşılayırdı. Deyirlər, quşlarda baş beyni yoxdur. Onlar düşünə bilmirlər. Bəlkə də elmi baxımdan bu belədir. Amma heç də hər şey təhlil edilmir. Kenar uzun müddət Behbudovların evində yaşayıb, onun sarı lələkləri ağarıb, saçın ağarmasına bənzəyib. Kenar ilə evin yiyəsi arasında hansısa ali bağlılıq yaranıb. Quş yiyəsinə, yiyəsi ona bağlandığından da çox bağlı olub. Rəşid müəllim evdə oxumağa adət etmişdi. Elə oxumağa başlayan kimi Kenar bunu tuturmuş və öz zənguləsinə başlayırmış. 

Bir dəfə onun kiçik bədənini sudolu nəlbəkinin yanında halsız tapıblar. Hamı dilxor olubmuş! Rəşid müəllim quşun cəsədini ovcuna götürüb və dimdiyinə üfürüb, sonra pipetlə Kenarın ağzına damcı-damcı su tökməyə başlayb. Quş tərpənib və onun dirilməsi hamını çox sevindirib. Belə hallar çox olub və buna görə də balaca Rəşidə uzun müddət fikirləşirmiş ki, atası sehrbazdır və hər şey etməyə qadirdir! Rəşid müəllim qızını o qədər qoruyub, himayə etmişdi ki, ətrafdakı dünyanın təkmil və gözəl olması hissini yaratmışdı ki, atası dünyadan gedəndə, qız çaşqınlıq içində idi. Dünyanın rəngləri yoxa çıxmışdı, işığı sönmüş, hər şeyin üstünü geridönməz itkinin boz pərdəsi örtmüşdü. Babasının adı verilmiş kiçik oğlan onun əllərinin istisini yaddaşına həkk etməyə yenicə macal tapmışdı ki, onu itirdi.  Hər şey dəhşətli dərəcədə ədalətsiz və qorxunc görünürdü. Rəşidəyə elə gəlirdi ki, atası ilə birgə onun nağıllır dünyasını, həmçinin, həmişə və hər yerdə mövcud olan ədaləti itirib. O, uzun müddət anlaya bilmirdi ki, atasız necə yaşamaq olar? Onun mahnıları olmadan?.. Onun mehriban gülüşü və ilıq baxışı olmadan?.. 

O, bir daha zala daxil olmayacaq və bu yaxınlarda olduğu kimi mikrofon arxasına keçməyəcək. Uzaq ölkələrə növbəti qastroldan sonra qayıdaraq, xeyirxah sehrbaz kimi öz işçiləri və artistləri üçün bir daha hədiyyələr paylamayacaq. İnsanların uzunmüddətli məşqlərdən sonra yorulduqlarını və evə elə də tez çatmayacaqlarnı nəzərə alıb, bir daha öz kabinetində süfrə açmayacaq.  Rəşidə hələ də bununla barışa bilmir. Yalnız atasının dünyanın bütün səhnələrindən anası ilə birgə onu gözləyən bu ecazkar qızına ünvanladığı mahnısı həmişəlik xatirində qalıb: 

Yat, körpəm, şirin-şirin, 

Yat, qorxma, yanındayam!

Sabah çarpayın üstə, 

Qızıl Günəş boylanar!

Dinlə  uzaqdan: lay-lay

Deyir quşlar və çaylar, 

Pıçıldaşır ulduzlar,

Deyirlər sənə lay-lay, lay-lay. 

Disqə yazılmış və yalnız Rəşidənin əri Kamil Şahverdiyevin hesabına salamat qalmış səs ruhu oxşayır və təskinlik verir. Qızıl səsdir. Onun qəlbinin, ölçüsüz sevgisinin təkrarsız səsidir.  Onun hər bir mahnısı kiçik dramatik tamaşadır - kiminsə həyatı, xasiyyəti, taleyidir/.  O, unikal və universal artist idi. Operada oxuyurdu, filmə çəkilirdi, həyatını isə yeni yaranan estrada müğənnisi janrına verirdi. Amma gerçək yaradıcı kimi yeni zirvələr və üfüqlər istəyirdi, buna görə də bu teatrı yaratdı, orada mahnını sintetik incəsənət səviyyəsinə qaldırdı, işdə göstərdi ki, estrada ifaçısının imkanları yalnız onun öz tənbəlliyi ilə məhdudlaşdırıla bilər. Buna görə də onun teatrında ustadın özü tərəfindən müxtəlif ölkələrdən gətirilmiş orijinal alətlərin olduğu böyük musiqi ansamblı, xoreoqrafiya məktəbinin eyniboylu məzunları cəlb edilmiş  kordebalet yaradılmışdı//.

Bu, İttifaqda belə janrdan olan ilk teatr idi və çox sayda tanınmış müğənnilər, o cümlədən Alla Puqaçova Behbudovun imkanlarına həsəd aparırdı; o isə bu imkanlara Heydər Əliyevin anlayışı və dəstəyi sayəsində nail olmuşdu. Rəşidə atasının işini davam etdirməyi çox istəyirdi, bədii rəhbər olmağı arzulayırdı. Özünü təsdiq etmək naminə yox, atasının başladığı işləri qorumaq və davam etdirmək xatirinə istəyirdi. Bu onun qızlıq borcudur. Gücü, ideyaları, istəyi var. Bəlkə də bu, qanunauyğunluqdar. Belə nümunələrdən biz çox sayda bilirik.  

Amma yalnız Rəşidənin şəxsi yaddaşı və sayı-hesabı bilinməyən ailə fotoşəkilləri bu böyük müğənninin və əsasını Rəşid Behbudovun qoyduğunu düşünə bildiyimiz bu yeni janrın yaradıcılıq yolundakı hadislərin xronologiyasını özündə qoruyur.  Sayı bilinməyən fotoşəkillər - Qalina Ulanova, Mayya Plisetskaya, İqor Moiseyev, Nikolay Çerkasov, Ven Klaybern, Sergey Mixalkov, Rac Kapur, Cəvahirlər Nehru, İndira Qandi,  Svyatoslav Rixter, Çingiz Aytmatov, Məhəmməd Rza Pəhləvi,  hətta Ədis-Əbəbədə "Almas" mahnısının ifasına görə azərbaycanlı müğənniyə qiymətli hədiyyə və qızıl medal vermiş imperator Birinci Hayle Selassiye ilə yanaşı dayanmış azərbaycanlı müğənninin şöhrətinin və populyarlığının səssiz, amma anlaqlı şahidləridir. 

Bizim ovaxtkı müğənnilərdən hansısa başqa birinin belə dünya şöhrəti olubmu? Belə tamaşaçı sev-gisinə nail olublarmı? Lap elə doğma torpağımızı götürək. O, öz tamaşaçılarını ürəkdən sevirdi. Onlara bütün ürəyini və istedadını bəxş edirdi. Buna görə də öz teatrı ilə bütün respublikanı gəzirdi. Heydər Əliyevə öz konsertləri ilə ən kiçik dağ kəndinə belə gedəcəyinə söz vermişdi və buna əməl etmişdi. Dağlar bu şuşalını qorxutmurdu. Özü də artıq onun Çili dağlarında oxumaq təcrübəsi var idi, orada kəsici hava sifətinə oksigen maskası qoydurmağa məcbur etmişdi, bu da olmuşdu! Yəni doğma dağlarındanmı qorxacaqdı? Öz xalqının oğlu idi - onun şöhrəti və şanı idi, həmişə öz elində idi, orada lazım idi, orada onu gözləyirdilər. Öz xalqına inamla və sədaqətlə xidmət etdi. Nə qaldı? 

 

Kəsilmiş nəğmə

1989-cu il hadisələrini hər kəs xatırlayır. Rəşid Behbudov Qorbaçovla böyük qalmaqaldan sonra ciddi və əməlli-başlı xəstələndi. O, bir deputat kimi Bakıya tankların yeridilməsinin, ərazilərin yenidən bölünməsinin əleyhinə idi, qan tökülməsinə gətirən tələskən qərarların əleyhinə idi. Onu dinləmədilər. Lap yaxınlarda tam müayindən keçmiş bu sağlam adam Moskvadan dönən kimi birdən ciddi xəstələndi. Amma teatrın əsaslı təmirindən sonra yeni proqram hazırladığından məşqləri tərk eləmədi. 

Zalda mikrofon arxasında oturaraq səhnəyə qalxa bilmirdi, çünki çox yüksək temperatur altında özünü yaxşı hiss etmirdi. Buna görə də "Unutdun beni, zalim" türk mahnısını zaldakı rejissor yerindən oxudu. Heç vaxt belə yanıqlı oxumamışdı. Bu, onun həyatının son məşqi idi. Bu mahnı üzərində bir daha işləməyə hazırlaşırdı, çünki ifası özünə nakamil görünürdü. 

Moskvaya getməli idi. Artıq Kreml xəstəxanasına. Yüksək səviyyəli mütəxəssislərin yanına. Amma  o mütəxəssislər də onun həyatını qoruya bilmədilər. Ağxalatlı insanlar daşqəlblilik möcüzələri göstərdilər və bu əfsanəvi insan dünyasını dəyişdi. O, sabaha yaxın - saat 4:10-da keçindi. Xanımına isə dedilər ki, durumu sabitdir və ümumiyyətlə, vəziyyəti pis deyil. Səhər saat 8-də işə yeni başlayan komanda soyuq çaşqınlıqla qadına bildirdi ki, o, artıq 4 saata yaxındır  dünyadan köçüb. Onda niyə qadınını palataya buraxmayıblar? Suallar və onların doğurduğu ağrılar çoxdur. Cavab isə yox. 

XX yüzilliyin bu əfsanə insanı öz son nəğməsini sona kimi oxuya bilmədi. Onu laqeydliklə və kobudluqla kəsdilər. 

 

Nə qaldı?

Adı verilmiş küçə, musiqi məktəbi, gəmi, bir də ağrı, qohumlarının göz yaşları və övladı saydığı teatr, onun həyatı idi. Amma artıq orada onun səsi ucalmır...



MƏSLƏHƏT GÖR:

581